Məhkəmə qərarları › İş №2-1(103)-142/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-142/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-142/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mansard sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1969/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, Abdulla Şaiq küçəsi, 214 saylı evin 96 saylı mənzilinin üstündə yerləşən mansard sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “xx.xx.2004-cü il tarixdə ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı ilə keçmiş Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş 30/20280 nömrəli arayışa əsasən üç otaqlı Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, Abdulla Şaiq küçəsi, 214 saylı evin 96 saylı mənzilini almış və onun mənzilə xüsusi mülkiyyət hüququ qeydə alınaraq xx.xx.2004-cü il tarixli ÖM seriyalı və 209285 nömrəli qeydiyyat vəsiqəsi veilmişdir. Həmin mənzilinin üstündə yerləşən mansard sahəsinə adına reyestrdən çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin müraciətinə qeyd olunan qurumdan imtina cavabı verilmişdir”(İşə əlavə olunmuş 12 mart 2021-ci il tarixli imtina məktubunda imtinann əsası kimi qeyd olunmuşdur ki, 9 mərtəbəli binanın damında əlavə inşa edilmiş mərtəbə istismara qəbul aktında öz əksini tapmamışdır). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9233/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeyd olunan 214 nömrəli 9 mərtəbəli binanın dam kimi nəzərdə tutulmuş sahədə əlavə mərtəbə inşa edilmişdir. 09 iyun 2006-cı il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktı”nda Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 214 nömrəli binanın 9 mərtəbəli olduğu göstərilmiş, binanın damında əlavə inşa edilmiş mərtəbə həmin aktda öz əksini tapmamışdır. Bundan əlavə, "xxxx" Mənzil-tikinti kooperativinin payçılarının xx.xx.1998-ci il tarixli ümumi iclasında 9 mərtəbəli, 7 girişli binanın 9-cu mərtəbəsindəki mənzillərin satılması problemini həll etmək məqsədilə 9-cu mərtəbədə mənzil götürmüş mənzil payçılarına həmin mənzillərin üstündə yerləşən maili dam örtüyünün pay haqqı ödənilməmək şərti ilə verilməsi qərara alınmış, lakin həmin əlavə sahənin iddiaçının mülkiyyətinə verilməsi barədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1969/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Birinci insatansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2006-ci il tarixli, 170 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Akt”ında kooperativ yaşayış binası 9 mərtəbəli, 7 girişli, 112 mənzilli - Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllədə 9 mərtəbəli yaşayış binası (7 girişli: Abdulla Şaiq küçəsi, 214 saylı ünvanda 3 girişli “A” blok, F.İbrahimbəyov küçəsi, 5 saylı ünvanda 2 girişli “B” blok, M.Sübhi küçəsi, 221 saylı ünvanda 2 girişli “V” blok) mövcud vəziyyətində istismara qəbul edilməsi olduğu göstərilir. Lakin buna baxmayaraq, binanın sakinlərinin çoxu 10-cu mərtəbədə yerləşən həmin qeyri-yaşayış sahələrinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” və keçmiş Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən “Qeydiyyat vəsiqəsi” almışlar. Birinci instansiya məhkəməsinin iddianın rədd edərkən mübahisəli mansard sahəsinin yerləşdiyi binanın təsdiqlənmiş layihəsində nəzərə alınmaması, tikinti obyektinin istismarına icazə sənədində mansard sahəsinin mövcudluğunun qeyd edilməməsi səbəbləri onun sahibliyində və istifadəsində olan mansard sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtinaya əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qərarında qeyd etdiyi “...inzibati orqanın məhkəmədənkənar olan inzibati praktikası məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyildir...” fikri ilə razılaşmır. Çünki, binanın digər sakinlərinə məhkəmə qərarları ilə mansarda qeyri-yaşayış sahəsi kimi verilən çıxarışlar kimi ona məxsus mansard sahəsinə də qeyri-yaşayış sahəsi kimi çıxarış verilməsini tələb etmişdir. Belə ki, o, iddiasında inzibati orqanın deyil, məhkəmə qərarlarına və məhkəmə praktikasına istinad etmişdir.” İş apellyasiya icraatında olarkən, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, “Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə 18/04g-50 nömrəli xx.xx.1998-ci il tarixli razılaşdırılmış layihəyə uyğun olaraq, ünvan 1 ünvan: ünvan 2 kooperativ yaşayış binasının – 214 saylı evin 6-cı girişinin sonuncu (mansarda) mərtəbəsində ümumi sahəsi 120 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi E.İsayev apellyasiya şikayətinə uyğun izahat verərək, cavabdeh tərəfindən ondan başqa digər sakinlərə həmin binada mansard sahələrinə qeyri-yaşayış sahəsi kimi çıxarışlar verilməsinə dair işə sübutlar əlavə olunuduğunu bildirərək, şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddianın təmin edilməsi barədə yeni qərarı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə iddianı qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə ünvan 1 ünvan: ünvan 2 kooperativ yaşayış binasının – 214 saylı evin 6-cı girişinin sonuncu (mansarda) mərtəbəsində ona məxsus olan mənzilinin üstündə mansardda yerləşən, ümumi sahəsi 120 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə mülkiyyət hüqununun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi bu nəticyə gələrkən qeyd etmişdir ki, “iddia mahiyyət üzrə əsassızdır. İşdə olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktı”nda yaşayış binasının 9 mərtəbəli olduğu qeyd edilməklə, dolayısı ilə 9-cu mərtəbənin üst hissəsində əlavə bir mərtəbənin inşa edildiyi göstərilməmişdir. Başqa sözlə, adıçəkilən istismara qəbul aktında sözügedən binanın 9-cu mərtəbənin üst hissəsində-10-cu mərtəbəsində hər hansı yaşayış mənzilinin və qeyri-yaşayış sahəsinin mövcudluğuna dair qeydlər edilməmişdir. Halbuki, sahənin yaşayış sahəsi kimi qəbul olunması yalnız həmin sahənin mənzil kimi istifadəsinə əsas olan sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verməsinə dair səlahiyyətli orqanın müvafiq sənədi təqdim etdiyi halda mümkündür. Hazırkı iş üzrə adıçəkilən binanın istismara qəbul edilməsi haqqında dövlət komissiyasının aktında iddia olunan əmlakın ümumiyyətlə olması, eləcə də mansard hissənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istismara qəbul olunması nəzərdə tutulmamışdır. Belə olan halda cavabdehin iddia olunan mansard hissədə yerləşən sahə üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi həmin binada mansard hissədə yerləşən mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarışlara münasibətdə qeyd edilməlidir ki, inzibati orqanın məhkəmədənkənar olan inzibati praktikası məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyildir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 12 və 13-cü maddələrinə əsasən yalnız qanuna əsaslanan hüquq və inzibati praktikaya münasibətdə bərabərlik və etimad hüququ qorunur.” Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmır. Mübahisəli yaşayış binasının tikildiyi və təhvil verildiyi vaxt qüvvədə olmuş (29 iyun 2012-ci il tarixdə qüvvəsini itirmiş) “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi nəzərədə tuturdu ki, təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız tərtibatçılarla və sənədləri təsdiq edilmiş müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 135 saylı qərarına əsasən təsdiq olunuş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbulu komissiyasının Aktından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllədə yerləşən 9 mərtəbəli yaşayış binasının, 7 girişli, A.Şaiq küçəsi, 214 saylı ünvanda 3 girişli “A” bloku, mövcud istismar vəziyyətdə rəsmiləşdirilərək istismara qəbul edilmişdir. İstismara icazə sənədinin (Aktının (i.v. 21-22)) 7-ci bəndindən görünür ki, sonradan üstü örtülən işlərin və məsul konstruksiyaların qəbul edilməsi barədə aktlar, eyni zamanda, həmin aktın 9-10-cu bəndlərində işçi layihəsinin tələblərinə uyğun bəzi dəyişikliklərlə yerinə yetirildiyi dövlət qəbul komissiyası tərəfindən nəzərə alınmışdır. Dövlət qəbulu komissiyasının tədqiq olunan Aktından göründüyü kimi, mübahisəli ünvanda yerləşən yaşıyış binası bütün konstruksiyları, yaşayış və qeyri-yaşayış sahələri ilə birlikdə, mövcud vəziyyətində istismara qəbul olunmuşdur. Belə olan halda cavabdeh orqanın iddia ərizəsinə etirazında həmin binanın damında əlavə inşa edilmiş mərtəbənin, o cümlədən, mansardın həmin aktda öz əksini tapmadığını mübahisələndirən dəlilləri tamamilə əsassızdır. Bundan əlavə, qüvvədə olan: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsi nəzərdə tutur ki, mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. İş materiallarına əlavə edilmiş, o cümlədən, hazırkı mərhələdə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən aşağıdakılar müəyyən olunur: - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 209285 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, A.Şaiq küçəsi, 214 saylı evin 58,6 yaşayış sahəsindən ibarət 3 otaqlı, 96 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 138 saylı reyestr kitabında 21133 səhifədə 30/23452 nömrəsi ilə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. - xx.xx.1998-ci il tarixli ADNA nəzdində "xxxx" MTK-nin payçıların ümumi iclasının 16 saylı protokolundan çıxarışa əsasən binanın 9-cu mərtəbəsindəki mənzillərin satılması problemini həll etmək məqsədiylə 9-cu mərtəbədə götürülmüş mənzil payçılara həmin mənzilin üstündə yerləşən maili dam örtüyü pay haqqı ödənilməmək şərti ilə verilməsi qərara alınmışdır. -Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 54 saylı 07 mart 2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimayi komissiyasının iclasının 3B saylı 04 mart 2005-ci il tarixli protokoluna əsasən komissiya tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi məsələsinə baxılmış və razılıq verilməsi barədə qərar alınmışdır. - "xxxx" MTK tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi 214 saylı evin 6-cı giriş 10-cu mərtəbəsində ümumi sahəsi 120 kv.m. olan 3 otaqlı mansardın pay dəyəri (əvəzsiz) vəsait ödənilmədən İddiaçı verilmişdir. Tədqiq olunan sənədlərlə müəyyən olunan hallardan göründüyü kimi, iddiaçı tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin və Mənzil Məcəlləsinin qeyd olunan tələblrinə uyğun olaraq pay haqqı tam ödənilməklə, ona məxsus mənzilin üstündə yerləşən mübahisəli qeyri-yaşayış sahəsi onun qanuni sahibliyinə verilmiş və hal-hazıra kimi istifadəsindədir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsi isə nəzərədə tutur ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş, cavabdeh və onun hüquq sələfi tərəfindən çıxarış və qeydiyyat vəsiqələrinə, habelə məhkəmə qərarlarına əsasən də müəyyən olunur ki, mübahisəli binanın 9-cu mərtəbsində yerləşən mənzil mülkiyyətçilərinə onlara məxsus mənzillərin üstündə yerləşən mansard sahəsinə də mülkiyyət hüquları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışlar və texniki pasportlar tərtib olunaraq verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsi isə nəzərədə tutur ki, 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmamış, əsassız olaraq iddiaçının tələbi rədd edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1969/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddiaçının hazırkı mərhələdə dəqiqləşdirilmiş iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 73, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1969/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı İsayeva Hicra Ziyanur qızına, ona məxsus “ünvan 1 ünvan: ünvan 2 kooperativ yaşayış binasının – 214 saylı evin 6-cı girişinin sonuncu (mansarda) mərtəbəsində ümumi sahəsi 120 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb reyestrdən çıxarış və texniki pasportun tərtib edilib verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar