Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-142/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı "xxxx" fərdi firmasının nümayəndəsi X3 və nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" fərdi firmasının cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı üçüncü şəxslər qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi, "xxxx" MMC və "xxxx" MMC cəlb edilməklə “sərəncamın ona aid edilən hissədə etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-34/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarından cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti və üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0.18 ha torpaq sahəsinin verilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısının 21 oktyabr 2016-ci il tarixli 426 nömrəli sərəncamı və həmin sərəncamdan irəli gələn Bakı şəhər icra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli 666 saylı və xx.xx.2019-cu il tarixli 249 nömrəli sərəncamların ləğv edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə təqdim edərək, “Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-ci il tarixli 426 saylı, xx.xx.2017-ci il tarixli 666 saylı, xx.xx.2019-cu il tarixli, 249 nömrəli sərəncamların İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77 –ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsi barədə”qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02 aprel 2021-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 nömrəli, 01 fevral 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat, iddiaçı "xxxx" MMC-nin cavabdeh X18, X8, İddiaçı, “X24 “MMC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyətinə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair Nizami rayon məhkəməsinin 2(007)-3408/2021 nömrəli iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1673/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 nömrəli, 1 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2-1(102)-1750/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1673/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1589/2023 nömrəli, 3 may 2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1589/2023 nömrəli, 3 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1949/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1589/2023 nömrəli, 3 may 2023-cü il tarixli qərardadının ləğv edilməsi, üçüncü şəxs "xxxx" MMC-nin iş üzrə icraatın dayandırılması barədə vəsatətinin rədd edilməsi,iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiаçı tələbini оnunlа əsаslаndırmışdır ki, 2019-cu ilin sonlarında təsadüf nəticəsində əldə etdiyi sənədlər vasitəsilə müəyyən etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 21 oktyabr 2016-ci il tarixli 426 nömrəli Sərəncamı ilə Bakı şəhəri Nizami rayonu, Babək prospekti 2270-77 ci məhəllədə yerləşən 0,18 ha torpaq sahəsi avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün "xxxx"MMC-nin ıstifadəsinə verilmiş və bununla da qanuni əsaslarla iddiaçıya məxsus olan Bakı şəhəri Nizami rayonu, Babək prospekti 2270-77 –ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə qanunsuz müdaxilə olunmuşdur. Ona görə ki, həmin sərəncamla "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin şərq hissəsinə müdaxilə edir. Bundan sonra "xxxx"MMC-nin istifadəsinə verilmiş torpaq sahəsi cavabdehin xx.xx.2017-ci il tarixli 666 saylı sərəncamı ilə "xxxx" MMC-nin, xx.xx.2019-cu il tarixli 249 nömrəli sərəncamı ilə isə "xxxx"MMC-nin adına rəsmiləşdirilmişdir. Bakı şəhəri Nizami rayonu, Babək prospekti 2270-77 ci məhəllədə yerləşən 0,18 ha torpaq sahəsində avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün "xxxx"MMC –yə bir neçə dövlət orqanları tərəfindən verilmiş müxtəlif icazə sənədləri, plan və ölçülərdən açıq aşkar bəlli olur ki, həmin tikintiyə icazə iddiaçının qanuni sahibliyində olan torpaq sahəsinə müdaxilə etməklə, mülkiyyət hüququnu kobud surətdə pozur. Əldə olunan rəsmi sənədlərlə müəyyən olunur ki, 2014-cü ildə Bakı şəhəri Nizami rayonu, Babək prospekti 2270-77 –ci məhəllədə yerləşöən 0,16 ha torpaq sahəsinə AR ƏMDK DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının mülkiyyət hüquqlarını qeydiyyata alınsa belə, 2016-ci ildə BŞİH başçısı tərəfindən mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi qanunsuz olaraq digər hüquqi şəxsin istifadəsinə verilmişdir. Üçüncü şəxs "xxxx" MMC iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, reyestr xidməti ilə X18 arasında bağlanılmış alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə MMC-nin istifadəsinə verilmiş 0,18 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçı adına verilən çıxarışın surətindən görünür ki, həmin torpaq sahəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid dövlətə məxsus torpaqlardır. Reyestr xidməti X18 adlı şəxsin təqdim etdiyi xx.xx.2013cü il tarixli arayış əsas götürülərək onunla alqı-satqı müqaviləsi bağlamışdır. Dövlət mülkiyyətində olan torpaq sahələrinin alqı-satqısı qanunvericilikdə nəzərdə tutulmamışdır. Üçüncü şəxs göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-34/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarı (hakim: M.Hacıbəyova) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti və üçüncü şəxs "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-34-2024 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilib iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş “Yerli İcra hakimiyyətləri haqqında” Əsasnaməyə və eləcə də “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən Dövlət mülkiyyətində olan və üzərinə hər hansı bir tikili və ya qurğu olmayan boş torpaq sahələrinin icarəyə verilməsi səlahiyyəti yerli icra hakimiyyəti orqanının (Bakı şəhəri ərazisində Bakı şəhər icra hakimiyyətinin ) səlahiyyətlərindədir. Məhz bu baxımdan Bakı şəhəri, Nizami rayonu, Babək pr-ti 2270-77-ci məhəllədə yerləşən 0.18 ha torpaq sahəsi boş olduğundan, yəni həmin torpaq sahəsinin kimisə istifadəsində, mülkiyyətində olmasına dair BŞİH-də məlumat olmadığından həmin torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi barədə 21 oktyabr 2016-cı il tarixli, 426 nömrəli xx.xx.2017-ci il tarixli 666 saylı və xx.xx.2019-cu il tarixli 249 saylı sərəncamlar verilmiş, ayrıc aktları tərtib və təsdiq olunaraq icarə müqavilələri bağlanmışdır. Hazırkı vaxtda iddiaçı hesab edir ki, həmin torpaq sahəsi qanuni əsaslarla ona satılmış olduğundan, həmin torpaq sahəsi onun mülkiyyətindədir və cavabdeh BŞİH-nin mübahisələndirilən sərəncamları onun mülkiyyət hüququnu pozmuşdur. Bununla əlaqədar olaraq aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının sabiq ƏMDK-nin DƏDRX-ti tərəfindən dövlət mülkiyyətində olan və Bakı şəhəri, Nizami rayonu, Babək pr-ti 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsi guya həmin torpaq sahəsində 3 mərtəbəli qeyri-yaşayış sahəsi olmasına dair heç bir əsasa malik olmayan arayış əsas götürülərək AR ƏMDK-si adından sədr müavini Rafiq Cəlilov ilə Lətif Hacıyev arasında xx.xx.2014-cü il tarixdə bağlanılmış 4950 saylı alqı-satqı müqaviləsinə əsasən X18 adlı şəxsə 19840 manata satılmışdır. Bununla əlaqədar xüsusilə qeyd edilməlidir ki, qeyd edilən arayışda torpaq sahəsinin ölçüsü 0.16 ha deyil, 0.08 ha göstərilmişdir. Buna baxmayaraq torpaq sahəsinə dair daşınmaz əmlakın reyestrindən çıxarış verilərkən hansısa səbəbdən torpağın ölçüsü 0.16 ha yazılmışdır. Bu da onu deməyə əsas verir ki, dövlət mülkiyyətində olan torpaq sahəsi saxta yolla özgəninkiləşdirilmişdir. Bu faktla əlaqədar maraq doğuran başqa bir nüans ondan ibarətdir ki, Rafiq Cəlilov ilə Lətif Hacıyev arasında xx.xx.2014- cü il tarixdə bağlanılmış 4950 saylı alqı-satqı müqaviləsinin predmetini nədənsə qeyri- yaşayış sahəsi və onun üzərində yerləşən torpaq sahəsi deyil, birbaşa torpaq sahəsi təşkil etmişdir. Sual yaranır ki, bəs qeyri-yaşayış sahəsi haradadır və necə olmuşdur? O da qeyd edilməlidir ki, sözügedən torpaq sahəsi Lətif Hacıyev tərəfindən qanunsuz olaraq mülkiyyətə alındıqdan dərhal sonra, yəni xx.xx.2014-cü il tarixdə (cəmi 2 ay sonra) X5 30.000 manata satılmış və sonuncu həmin torpaq sahəsini oğluna, hazırkı iş üzrə İddiaçı bağışlamışdır. Sadalanan hallardan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar araşdırılmamış, satılması qanunla qadağan olunan dövlət mülkiyyətində olan torpaq sahəsinin əsassız olaraq satılmasına əhəmiyyət verilməmiş (AR TM-nin 46-cı maddə 2-ci bəndi), yol verilmiş qanunsuzluqlara qanuni don geyindirilməyə çalışılmışdır. Nəticədə dövlət mənafeyi zərər çəkmişdir. Üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-34/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək, iddia ərizəsinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsini təmin edərkən iş materiallarına əlavə edilən aşağıda göstərilən sənədlərə əhəmiyyət verməmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri Nizami rayonu. Babək prospekti 2270-77-ci məhəllədə yerləşən dövlətə məxsus 0,16 ha torpaq sahəsini, guya həmin torpaq sahəsində 3 mərtəbəli qeyriyaşayış sahəsi olduğuna dair verdiyi əsassız arayışa əsasən Əmlak Komitəsi X19 adlı şəxsə 19.840 (on doqquz min səkkiz yüz qırx) manata satmışdır. Dövlətə məxsus həmin torpaq sahəsi boş olmuş orada heç bir bina mövcud olmamışdır (Bu barədə ekspertiza rəyi vardır). Bundan 1 ay sonra torpaq sahəsini X1 İradə Qurban qızına 30.000 manata satmış sonuncu da, göstərilən dövlətə məxsus torpaq sahəsinin oğlu İddiaçı bağışlamışdır. Əgər torpaq sahəsində 3 mərtəbəli qeyri-yaşayış sahəsi olsaydı torpaq sahəsi ilə birlikdə həmin bina da satılardı. Daha sonra İddiaçı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən həmin torpaq sahəsini 3.200.000 (üç milyon iki yüz min) manat qiymətləndirərək təsisçisi olduğu “Saloğlu ” fərdi firmasının mülkiyyətinə verilmişdir. Çıxarışın surətindən görünür ki, həmin torpaq sahəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid dövlətə məxsus torpaqlardır. Eyni zamanda, həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin başçısının sərəncamı ilə “Qutan" MMC-yə avtomobil dayanacağının təşkili və avtodiyaqnostika mərkəzinin tikintisi üçün 1800 (bir min səkkiz yüz) manata icarəyə verərək aralarında icarə müqaviləsi bağlamışlar. Dövlətə məxsus boş torpaq sahəsini əldə edəndən sonra İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək həmin torpaq sahəsinə qanunsuz və əsassız əldə etdiyi mülkiyyət hüquqlarının olduğunu əsas tutaraq Bakı İcra Hakimiyyətinə qarşı qanuni və əsaslı “Sərəncamlarının ləğv edilməsini’’ xahiş etmişdir. Həmin iş üzrə "xxxx" MMC 3-cü şəxs qismində cəlb edilmişdir. Bu barədə məlumat alan kimi lazımi sorğular verilmiş və müəyyən olunmuşdur ki, Babək prospektində dövlətə məxsus 3.200.000 manat qiymətləndirilən 0,16 ha boş torpaq sahəsi Əmlak Komitəsi tərəfindən 19.840 manata satılaraq dövlət büdcəsinə xüsusi ilə külli miqdarda zərər vurulmuşdur. Odur ki, torpaq sahəsinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Nizami rayon Məhəməsində İddiaçı və çıxarışları bir-birinin adına dəyişdirən digər şəxslərə qarşı “Müqavilələrin və çıxarışların ləğv edilməsinə dair ” iddia ərizəsi ilə müraciət edilmişdir. Nizami rayon məhkəməsi icraatında olan dövlətə məxsus torpaq sahəsinin satılmasına, sonradan isə bağışlanmasına dair müqavilə və çıxarışların ləğv edilməsinə dair mülki işə baxaraq həmin torpaq sahəsində 3 mərtəbəli binanın olub-olmaması üzrə ekspertiza keçirmiş və orada heç bir binanın olmadığı müəyyən edilmişdir. Bundan əlavə, Əmlak Komitəsinin dövlətə məxsus boş torpaq sahəsində guya 3 mərtəbəli qeyri-yaşayış binasının olmasına dair Arayışda torpaq sahəsi 0.08 ha qeyd edilsə də, çıxarışda həmin torpaq sahəsi ölçüsü artırılaraq 0.16 ha dəyişdirilmişdir. Bir-biri ilə bağlı işlərin eyni vaxtda baxılması mümkün olmadığı halda İnzibati məhkəmə qanunsuz və əsassız qərar qəbul etmişdir. Halbuki, AR Torpaq Məcəlləsində göstərilir ki, 1.Dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin nəqliyyat, rabitə və müdafiə obyektlərinin yerləşdiyi torpaqlar daxildir. 2.Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər (Maddə 46). Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz (Maddə 86.2). Dövlətə məxsus torpaq sahəsinin üzərində müəssisə olduqda onun altında olan hissəsi satıla bilər. Belə vəziyyətdə Məhkəmənin qərarı qanuni və əsaslı sayıla bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2545/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə İddiaçı əsl iddiaçı "xxxx" Fərdi Firması ilə əvəz olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" fərdi firmasının nümayəndəsi X9 və nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazinin nümayəndəsi X12 apellyasiya şikayətlərinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər "xxxx" MMC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh və üçüncü şəxs "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.5-ci maddəsinə görə hazırkı iddia növü müəyyən etmə və ya tanınma haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edən məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyəti üzrə əsaslı olsa da, qərar prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsi “Saloğlu ” fərdi firmasının mülkiyyətinə verilmişdir. Bununla əlaqədar apellyasiya instansiya məhkəməsində icraat zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən 0,16 ha torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarışın və həmin torpaq sahəsinə dair "xxxx" Fərdi Firması” adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarışın qüvvədə olub-olmaması barədə məlumatın, həmçinin sözügedən torpaq sahəsinin hazırki mülkiyyətçisinin kim olması barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270- 77-ci məhəllə ünvanında yerləşən 0.1600 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi İddiaçı adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 9 saylı NO- nun 3M-521 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə və "xxxx" QSC BOKT-nın 125 nömrəli, xx.xx.2021-ci il tarixli məktuba əsasən "xxxx" Fərdi Firmasının adına ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış ilə qeydə alınmışdır, mülkiyyətindədir. Göründüyü kimi, sözügedən torpaq sahəsinə dair hazırda mülkiyyətçi "xxxx" Fərdi Firması olmasına və nəticədə iddia tələb hüququ olmayan şəxs İddiaçı tərəfindən verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi ilə bağlı İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə əməl etməmiş və tələb hüququ olmayan şəxs tərəfindən verilmiş iddia tələbinə mahiyyəti üzrə baxmışdır. Apellyasiya baxışı zamanı İddiaçı tərəfindən “iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi” barədə vəsatət təqdim edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsi "xxxx" Fərdi Firmasına satıldığından hazırki iş üzrə iddiaçının "xxxx" Fərdi Firması ilə əvəz olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2545/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə İddiaçı əsl iddiaçı "xxxx" Fərdi Firması ilə əvəz olunmuşdur. İddia tələbini mahiyyəti üzrə əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını İnzibati icraat haqqında Qanunun 65-ci maddəsi təşkil edir. Belə ki, İnzibati İcraat haqqında Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarında olan: -AN-İ ******* nömrəli, 01 iyul 2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, satıcı (X18) Bakı şəhəri, Nizami rayonu, Babək pr-ti, 2270-77-ci məhəllə ünvanında yerləşən, ümumi sahəsi 0.16 ha olan torpaq sahəsinin ona məxsus olan hissəni alıcının (X8) mülkiyyətinə verir. -09 oktyabr 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, hədiyyə verən- X8- Bakı şəhəri, Nizami rayonu, Babək pr-ti, 2270-77-ci məhəllə ünvanında yerləşən, ümumi sahəsi 0.16 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissədə hədiyyə alanın- İddiaçı mülkiyyətinə verir. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Babək pr-ti, 2270-77-ci məhəllədə yerləşən torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. -AN seriyalı 415187 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən torpaq sahəsinə dair plan və ölçü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti başçısının 426 nömrəli, xx.xx.2016-cı il tarixli “X22” MMC-yə avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi haqqında” Sərəncamına əsasən, Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 8-03/1990 saylı razılıq məktubu və tarixli “X22” MMC-nin xx.xx.2016-cı il tarixli, 20 saylı müraciəti nəzərə alınaraq Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0,18 ha torpaq sahəsi icarə əsasında avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün həmin MMC-nin istifadəsinə verilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti başçısının 249 nömrəli, xx.xx.2019-cu il tarixli “Bakı şəhər İcra Hakimiyyəti başçısının 29 dekabr 2017-ci il tarixli 666 saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsinin addan-ada keçirilməsi haqqında” Sərəncama əsasən, Bakı şəhər İcra Hakimiyyəti başçısının 21 oktyabr 2016-cı il tarixli 426 saylı sərəncamı ilə ayrılmış və Bakı şəhər İcra Hakimiyyəti başçısının 29 dekabr 2017-ci il tarixli 666 saylı Sərəncamı ilə "xxxx" MMC-nin adına verilmiş Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0,18 ha torpaq sahəsi "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının 666 nömrəli, xx.xx.2017-ci il tarixlli “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 426 saylı və xx.xx.2017-ci il tarixli, 638 saylı sərəncamlarının addan-ada keçirilməsi haqqında” Sərəncamdan görünür ki, "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, D-03 saylı müraciəti və “X22” MMC-nin xx.xx.2017ci il tarixli, 94 saylı razılıq məktubu nəzərə alınaraq, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə “X22” MMC-yə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 426 saylı, xx.xx.2017-ci il tarixli, 638 saylı sərəncamları və 13221 saylı inşaat pasportu "xxxx" MMCnin adına rəsmiləşdirilmişdir. -Daşınmaz Əmlkın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********56 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən torpaq sahəsinə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və torpaq sahəsinin koordinatları təyin edilərək naturada (yerdə) iddiaçıya göstərilmişdir. 79 nömrəli, xx.xx.2017-ci il tarixli “Obyektin tikintisinə icazə”dən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə avtomobillərə texniki xidmət və təmir mərkəzinin işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. -Məhkəmə sorğusu əsasında Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının 07 iyul 2020-ci il tarixli, 7-1664/17 nömrəli cavab məktubu ilə, məhkəməyə Bakı şəhər İcra Hakimiyyətinin 426 nömrəli, xx.xx.2016-cı il tarixli, 666 nömrəli, xx.xx.2017-ci il tarixli və 249 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamları təqdim edilmişdir. -Məhkəmə sorğusu əsasında Ədliyyə Nazirliyi 38 saylı notariat ofisinin 335 nömrəli, 14 aprel 2021-cil tarixli cavab məktubuna əsasən, məhkəməyə xx.xx.2014-cü il tarixdə Bakı şəhər 38 saylı notariat ofisində 4Ə/191 reyestrdə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və müqaviləyə əlavə olunmuş sənədlər təqdim edilmişdir. -Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********61 nömrəli “Qeyd olunan torpaq sahəsinə dair sənədlərin surətinin təqdim edilməsi haqqında” cavab məktubuna əsasən, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0.1600 ha torpaq sahəsinin X13 adına daşınmaz əmalkın dövlət reyestrində qeydiyyata alınmasına dair müvafiq çıxarışın və qeydiyyata alınması üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. -Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********15 nömrəli “Ünvana dair sənəd surətinin verilməsi barədə” cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0.1600 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə X13 adına ilkin qeydiyyatdan keçmiş, lakin 38 saylı DNK-nın 4Ə- 191 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Əlavə olaraq müvafiq arxiv sənədlərin surəti təqdim edilmişdir. -28 aprel 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı "xxxx" Fərdi Firmasının təsisçisi olduğunu nəzərə alaraq, onun tam mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən 0.16 ha torpaq sahəsini "xxxx" Fərdi Firmasının nizamnamə kapitalının artırılması məqsədilə əvəzsiz olaraq onun mülkiyyətinə vermişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən 0,16 ha sahəsi olan torpaq sahəsi üzərində "xxxx" Fərdi Firmasının xüsusi mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. - Tərəflərin daxil olduğu digər mülki məhkəmə mübahisəsi üzrə tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2023-cü il tarixli 10/1986 nömrəli ekpertiza rəyindən görünür ki, “"xxxx" MMC tərəfindən iddia olunan və baxış zamanə təqdim olunan torpaq sahəsi, "xxxx" MMC- yə məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir”. Beləliklə, işin araşdırılmış hallarından görünür ki, mübahisəli torpaq sahəsi yuxarıda göstərilən müvafiq alqı-satqı müqaviləsi əsasında X13 adına səlahiyyətli orqan tərəfindən dövlət reyestrində qeydiyyata alınmış, sonradan yuxarıda təsvir edilmiş alqı-satqı müqaviləsi əsasında iddiaçının anası X4 adına rəsmiləşdirilmiş və bununla bağlı dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2019-cu ildə isə bağışlama müqaviləsi əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. 28 aprel 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı "xxxx" Fərdi Firmasının təsisçisi olduğunu nəzərə alaraq, onun tam mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən 0.16 ha torpaq sahəsini "xxxx" Fərdi Firmasının nizamnamə kapitalının artırılması məqsədilə əvəzsiz olaraq onun mülkiyyətinə vermiş, həmin müqavilə əsasında "xxxx" Fərdi Firmasının adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********77 reyestri nömrəli çıxarış verilmişdir. Digər tərəfindən isə Bakı şəhər İcra Hakimiyyəti başçısının yuxarıda göstərilən sərəncamlarından müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin də daxil olduğu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0.18 ha torpaq sahəsi ilkin olaraq avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün “X22” MMC-nin istifadəsinə verilmiş, sonradan həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının yuxarıda göstərilən müvafiq sərəncamları əsasında "xxxx" MMC-nin, sonradan isə "xxxx" MMC-nin adına keçirilmişdir. İş üzrə məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş işin mübahisəsiz halı ondan ibarətdir ki, sözügedən torpaq sahələri üst-üstə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qanunvericilik normalarından da göründüyü kimi, mülkiyyətçi, əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. İş materialları ilə "xxxx" fərdi firmasının Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77 –ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması təsdiq olunur. Həmin torpaq sahəsi üzrə mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatı isə 2014-cü ildə olmuşdur. Cavabdehin hal-hazırda iddiaçı tərəfindən etibarlılığı mübahisələndirilən sərəncamları qəbul edilən zaman həmin sərəncamlar ilə əhatə etdiyi torpaq sahəsinin daxilində 0,16 ha hissəsi iddiaçının mülkiyyətində olan torpaq olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpağın üçüncü şəxslərin istifadəsinə ayrılmasına dair sərəncamların verilməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Eyni Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, «İnzibati icraat haqqında» AR Qanununun qəbulundan əsas məqsəd inzibati orqanların icraat qaydalarını hüquqi dövlət prinsiplərinə uyğunlaşdırmaq və şəffaflaşdırmaq, inzibati orqanların fəaliyyətinin qanuna əsaslanmasını təmin etmək, habelə vətəndaşlara və hüquqi şəxslərə inzibati orqanların qəbul etdiyi qərarların qanuniliyini məhkəmə qaydasında yoxlamaq hüququna daha etibarlı təminat verilməsindən ibarətdir. Bu Qanun hüquq və maraqlarına toxunulan vətəndaşı inzibati orqana münasibətdə xüsusi hüquqlarla təchiz edir, dövlətin hakimiyyət inhisarına malik olması səbəbindən demokratik hüquqi dövlətdə şəxsi və dövlət maraqlarının birbirini ədalətli şəkildə kompensasiyasını təmin etmək üçün dövlət orqanları və vətəndaşlar arasında bərqərar olmalı tarazlığı bərpa edir. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edən İPM-in «Sübut etmə vəzifəsi» adlı 14-cü maddəsi də bu tarazlığın prosessual-hüquqi təminat imkanlarından biridir. Məhz sözügedən tarazlığın qorunması tələbi fərdin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə bərabər hüquqlarının ədalətli təmininə nail olunmasına imkan yaradır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmeti olan Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-ci il tarixli 426 nömrəli, xx.xx.2017-ci il tarixli 666 nömrəli, xx.xx.2019-cu il tarixli, 249 nömrəli sərəncamları qəbul edilən zaman torpaq sahəsinin 0.16 ha hissəsi xüsusi mülkiyyətdə olmuş, torpaq sahəsinə dair qeydlər (çıxarışlar) həmin dövrdə mübahisələndirilməmişdir. Bu hallar isə inzibati orqanın sözügedən torpağa dair sərəncam vermək səlahiyyətində olmadığını təsdiq edir. Məhkəmə iclaslarında üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi mübahisə edilən torpaq sahəsinə çıxarışın verilməsinə əsas olan arayışın ləğv edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət olunduğunu bildirmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8293/2024 xx.xx.2024cü il qərarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilən Bakı şəhəri, Nizami rayonu, Babək pr. 2270-77-ci məhəllədə dövlət mülkiyyətində olan 0.03806 ha torpaq sahəsində X18 adlı şəxsin ümumi sahəsi 914.1 kv. metrdən ibarət 3 (üç) mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətində olmasına dair Hüquqların qabaqcadan qeydiyyatı barədə ********** saylı xx.xx.2013-cü il tarixli Arayışın ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, sözügedən qərardad qüvvəyə minməsə də həmin iddia tələbi üzrə iddia uğurlu hesab edilsə belə hazırki iddia tələbinin aqibətinə təsir edə bilməzdi. Belə ki, iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hal ondan ibarətdir ki, vaxtilə inzibati orqan səlahiyyətində olmayan torpaq sahəsi barədə sərəncam vermişdir. Əgər 3-cü şəxslərin digər məhkəmə mübahisələri zamanı iddiaları təmin ediləcəyi halda bu yeni bir halın yaranmasına səbəb olacaqdır ki, artıq bundan sonra sözügedən torpaq sahəsi dövlət mülkiyyəti hesab ediləcəyi halda BŞİH-nin həmin torpaq sahəsi ilə bağlı gələcəkdə səlahiyyəti yaranmış olacaqdır. Nə qədər ki, vaxtilə BŞİH xüsusi mülkiyyətdə olan torpaqla bağlı sərəncamlar veribdir, həmin sərəncamlar verilən zamanı etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və üçüncü şəxs "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-34/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-34/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı "xxxx" Fərdi Firmasının iddiası təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-ci il tarixli 426 nömrəli, xx.xx.2017-ci il tarixli 666 nömrəli, xx.xx.2019-cu il tarixli, 249 nömrəli sərəncamları "xxxx" fərdi firmasına məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77 –ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-142/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-142/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver