Məhkəmə qərarları › İş №2-1(103)-1420/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1420/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1420/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1973-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin bağlanması və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2- 1(112)-2602/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 11.11.2020-ci il tarixdə cavabdeh Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 09 sentyabr 2020-ci il tarixli, 272/01 saylı cavabı ilə müşayət olunan və rəsmi ərizəyə bir ay ərzində cavab verilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 412 saylı 18.04.2002-ci il tarixli sərəncamı ilə torpaq sahəsində yerləşən yarımçıq tikilinin və torpaq sahəsinin dəyişdirilərək adına sənədləşdirilməsi barədə sərəncama əsasən 100 kv.metr torpaq sahəsinə qatılmış 100 kv.metr qalan hissənin də həmin hüquq və öhdəliklərin davam etdirilməsi və onunla icarə hüquqlarına dair müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə təqdim olunmuş sənədlərdən göründüyü kimi Binəqədi rayonu, Müşfiqabad qəsəbəsinin İzlivnoy yaşayış sahəsində sahəsi l00 kv m.yarımçıq tikili və altındakı torpaq sahəsi 25.12.1995-ci il tarixdə,671 saylı sərəncamla 3-cü qrup Qarabağ müharibəsi əlili B.M.Qayıbova əhaliyə məişət və ticarət məqsədilə ayrılmışdır. Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının 412 saylı,18.04.2002-ci tarixli sərəncamı ilə həmin yarımçıq tikili və altındakı topraq sahəsinin sənədləri adına dəyişdilmişdir.Binəqədi RİH-ti və Binəqədi rayon Baş memarı tərəfindən ayrılmış torpaq sahəsinin eskiz layihəsi razılaşdırılaraq təsdiq edilmişdir. Sonradan istifadə etdiyi ərazinin artıq olmasını nəzərə alıb Bələdiyyəyə müracət etmiş,lakin ona imtina edilmişdir. Təqdim edilmiş ərazinin planından və eskiz layihəsindən göründüyü kimi ona məxsus İzlivnov yaşayış sahəsində “pullu avtodayanacağın” yanında ümumi sahəsi 100 km. olan göstərilən ölçülərlə və ara məsafələrdə inşa etdiyi tikili torpaq sahəsi ilə birlikdə müstəqil,təhlükəsiz,maneə yaratmayan,digərinin hüquq və mənafelərinə zərər vurmayan vahid əmlak kütləsidir. Həmin dövrdən hal-hazıradək onun faktiki istifadəsində olan ümumi torpaq sahəsi 200kvm.təşkil edir. Bu torpaq sahəsinin qalan 100 kvm.hissəsinin icarə hüquqları ilə adına ayrılmasına və qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq müvafiq ödənişlərin yerinə yetirilməsinə hazırdır. Bakı İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(112)-2602/2021 nömrəli qərardadı ilə (hakim F.Mədətli) İddiaçının cavabdeh Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı “iddiaçının hərəkətlərinin qanunsuz hesab edilməsi, icarə müqaviləsinin bağlanması” tələbinə dair iddiası mümkün sayılmamış, iddiaçıya aidiyyəti məhkəmədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı 05.04.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(112)-2602/2021 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. (15.1-ci bənd) Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibatiiqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan bələdiyyəyə rəsmi təqdim edilmiş ərizəyə bir ay ərzində cavab verilməli olduğu halda ərizəyə cavabın gecikdirilməsi ilə bağlı qeyd edir ki, cavabdehin 272/01 saylı, 09 sentyabr 2020-ci il tarixli imtina məktubundan göründüyü kimi, iddiaçı 11.08.2020-ci il tarixdə cavabdehə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 11.08.2020-ci il tarixli müraciətinə cavabdeh tərəfindən 09 sentyabr 2020-ci il tarixdə, yəni qanunvericiliklə nəzərdə tutulmuş bir aylıq müddət ərzində cavab verildiyindən iddiaçının bu dəlili əsassızdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(112)-2602/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar