Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1420/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(112)-14295/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Babaşova Rəna Rəsul qızı göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinin Babaşova Rəna Rəsul qızının adına olan 043940 nömrəli Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi və həmin mənzilin İddiaçı adına rəsmiləşdirilərək yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1996-cı il tarixdə X3 iddiaçının mərhum həyat yoldaşı X4 tərəfindən alınmışdır. Mərhum həyat yoldaşı Kamil Quliyev Bakı qeydiyyatı olmadığı üçün mənzili özünə rəsmiləşdirə bilməmişdir. Buna görə də ünvan 1 ünvanında yerləşən mənzili ailəyə yaxın bildiyi adam olan Babaşov Mahir Ağası oğlunun qohumu Babaşova Rəna Rəsul qızının adına rəsmiləşdirmişdir. Çünki həmin vaxt Babaşova Rəna Rəsul qızı Bakı qeydiyyatı idi. Həmin mənzil 1996-cı ildən bugünə kimi istifadələrində olmuş, Rəna Babaşova heç vaxt həminmənzildə yaşamamış və təsərrüfat fəaliyyəti ilə məşğul olmamışdır. Lakin mərhum həyat yoldaşı Kamil Quliyev xx.xx.2016-cı ildə vəfat etdikdən sonra onun vərəsəsi olaraq İddiaçı həmin evə sahiblik və istifadə edərək mülkiyyət hüquqlarını reallaşdırmış və mərhum həyat yoldaşı Kamil Quliyevin vərəsəsi olduğunu təsdiq edən “Qanun üzrə Vərəsəlik Hüququ haqqında” Şəhadətnamənin surətini də hazırki ərizəyə əlavə edir. Həmçinin bütün qonşular tərəfindən də sözügedən mənzilin mülkiyyətçisi kimi o və mərhum həyat yoldaşı Kamil Quliyev tanınmış, hətta bu barədə qonşular tərəfindən AKT da tərtib edilmişdir və həmin aktın surətini də hazırki iddia ərizəsinə əlavə edir. Bugünə kimi bütün kommunal ödənişlər mərhum həyat yoldaşı və onun tərəfindən ödənilmişdir. Son zamanlar Babaşova Rəna Rəsul qızı iddiaçının ailəsi tərəfindən ona göstərilmiş etibar və etimaddan, həmçinin ünvan 1 ünvanında yerləşən mənzili üzərindəki formal mülkiyyət hüququndan istifadə edərək əsassız idddialar irəli sürmüşdür. Lakin həmin mənzilin qanunu sahibi iddiaçıdır, Rəna Babaşova heç vaxt həmin mənzildə yaşamamış, mənzilili aldıqları ildən, yəni 1996-cı ildən bugünə kimi həmin mənzildə iddiaçının ailəsi yaşamışdır və ünvan 1 ünvanında yerləşən mənzilin dəyəri olan 15000000 (on beş milyon) manat məbləğində pul vəsaiti də mərhum həyat yoldaşı Kamil Quliyev tərəfindən xx.xx.1996-cı ildə həmin mənzilin satıcısı və keçmiş mülkiyyətçisi olmuş Vidadi Əhmədova tam şəkildə ödənilmişdir. Bu da Rəna Babaşovanın iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə qarşı qanunsuz və əsassız tələb irəli sürdüyünün və həmin mənzil üzərindəki formal mülkiyyət hüququndan istifadə etməklə əsassız varlanmaq istədiyinin açıq-aşkar göstəricisidir. Rəna Babşova tərəfindən yol verilən qanunsuz və hüquqazidd əməllərin qarşısının alınması üçün ünvan 1 ünvanında yerləşən mənzil barəsində Babaşova Rəna Rəsul qızı adına olan 043940 nömrəli Qeydiyyat Vəsiqəsi ləğv edilməli və İddiaçı adına yeni Qeydiyyat Vəsiqəsi verilməlidir. Həmçinin bunun üçün tərəfindən Əmlak Xidmətləri Məkanına müraciət edilmiş, lakin tərəfindən edilmiş müraciət cavabsız qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-1(112)-14295/2023 saylı qərardadı ilə iddia “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinin Babaşova Rəna Rəsul qızının adına olan 043940 nömrəli Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi” hissədə mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd edir ki, iddia “qeydiyyat vərəqəsinin ləğv edilməsi” hissəsində lazımi qaydada qaldırılmayıb. Belə ki, tələbin birinci hissəsi qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmaması ilə bağlı deyil.Qeydiyyat daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında aparılmış və iddiaçı tərəfindən həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mübahisələndirilmişdir.Lakin birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinə əsasən düzgün iddia qaldırmaqda iddiaçıya yardım etməmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin vəkili (nümayəndəsi) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi Babaşova Rəna Rəsul qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın (MH seriyalı 043940 nömrəli qeydiyyat vərəqəsi) aparılması üçün alqı-satqı müqaviləsi əsas olmuşdur. Həmin müqavilədən görünür ki, mənzilin əvvəlki mülkiyyətçisi X1 mənzili xx.xx.1996-cı il tarixdə Babaşova Rəna Rəsul qızına satmış, onun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1997-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə” dair Qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarına əsasən: Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Məhkəmə MH seriyalı 043940 nömrəli qeydiyyat vəsiqəsinə əsasən əmlaka dair sənədləri tədqiq edərək müəyyən etmişdir ki, sözügedən mənzilə dair Babaşova Rəna Rəsul qızının adına olan qeydiyyat inzibati akt əsasında aparılmamışdır. Mənzil mülki-hüquqi əqd əsasında reyestrdə qeydə alındığından məhkəmə tərəfindən daşınmaz əmlaka dair qeydiyyat aparılması zamanı hər hansı qanun pozuntusuna yol verildiyini müəyyən etmək mümkün olmamışdır. Buna görə də iddia həmin hissədə mümkün hesab edilməmişdir. Məhkəmə Kollegiyası bu əsasdan çıxış edərək qeyd edir ki, iddiaçı apellyasiya şikayətində məhkəmənin iddiaçıya düzgün iddia qaldırması, yəni qeydiyyatı mübahisələndirməsi üçün İPM-in 13-cü maddəsinə uyğun yardım etməməsi ilə bağlı dəlillər göstərsə də, apellyasiya şikayətində qeydiyyatın düzgün aparılmamasına və ya bununla bağlı inzibati orqanın hansı qanunsuz hərəkətlərə yol verdiyinə istinad etməmişdir.Məhkəmə Kollegiyası, bu səbəbdən şikayətin dəlillərini formal mülahizə kimi qiymətləndirir. Bundan əlavə məhkəmə Kollegiyası qeyd edir ki, iddianın birinci hissədə mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı öz məqsədinə hüquqi marağını əsaslandırmaqla digər hüquqi müdafiə vasitəsindən – olduğu təqdirdə ilkin torpaqayırma aktlarını mübahisələndirməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilər. Həmçinin, hazırkı tələb üzrə (Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi) mülki icraat qaydasında ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(112)-14295/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. .
Məhkəmə qərarları › İş №2-1(103)-1420/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1420/2024
27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver