Məhkəmə qərarları › İş №2-1(103)-1421/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1421/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1421/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Nərimanov rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: “xxxxxxxxxxx” MMC və AR Maliyyə Nazirliyi) “maddi və mənəvi zərərin ödənilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(82)-49/2018 saylı qərardadından iddiaçı tərəfındən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Nərimanov rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər “xxxxxxxxxx” MMC-nə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 76.100 manat məbləğində maddi ziyanın (mənzilin təmirinə çəkilən 65 000 manat, 2013-cü ilin dekabr ayından 2016-cı ilin mart ayınadək, 27 ay üzrə 5 400 manat, 2016-cı ilin mart ayından 2016-cı ilin oktyabr ayınadək, 7 ay ərzində 4 900 manat kirayə haqqı, mənzilə köçmək üçün çəkilən 800 manat nəqliyyat xərcləri), 80.000 manat sökülmüş qarajına görə kompensasiya, 10.000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(82)-49/2018 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(82)-49/2018 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, yuxarıda göstərildiyi kimi Bakı İnzibati Məhkəməsinin 2-1(82)-49/2018 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi iddiaçının müvafiq ərizəsinin məhkəməyə daxil olduğu tarixdən əvvəl icra edilməsi üçün müvafiq icra və probasiya şöbəsində göndərilmişdir. Lakin hal-hazırkı tarixədək sonuncu tərəfindən icra sənədi üzrə aparılmış hərəkətlər barədə məhkəməyə məlumat daxil olmamışdır. İnzibati Prosessual Məcəllənin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. İnzibati Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, iddiaçının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə cavabdehdir. 119.2. İcra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz. 119.3. Ümumi vəzifələrin (dövlət vəzifələrinin və ya ictimai vəzifələrin) yerinə yetirilməsi üçün zəruri olan və ya özgəninkiləşdirilməsi ümumi maraqlara (mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalara münasibətdə icraya yol verilmir. Şikayətin verildiyi hallarda, məhkəmə müvafiq nəzarət orqanının və ya yuxarı inzibati orqanın rəhbərinin, yaxud onların səlahiyyətləndirdiyi nümayəndənin rəyini dinlədikdən sonra qərar qəbul edir. Üzərinə qoyulmuş öhdəlikləri (vəzifələri) icra etməyən inzibati orqanların cərimə edilməsi ilə bağlı məsələlər İnzibati Prosessual Məcəllənin 120-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin dispozisiyasında konkret olaraq qeyd edilmişdir ki, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Göründüyü kimi, cavabdeh inzibati orqan barəsində Məcəllənin 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimənin təyin edilməsi üçün həmin inzibati orqan tərəfindən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş halların mövcud olması əsas şərt kimi qəbul edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” x xxxxxxxx 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Beləliklə də qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). Göründüyü kimi Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə verilmiş icra vərəqəsi icra edilmədiyi təqdirdə İnzibati Prosessual Məcəllənin 116.1-ci maddəsinin tələblərinə müvafiq olaraq məsələ “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq həll edilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsində qeyd edilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən iddiaçı və ya cavabdeh icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi (hazırkı işə münasibətdə inzibati məhkəməyə) məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İşin yuxarıda qeyd edilən hallarına əsaslanaraq məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə tələbkar İddiaçı icraatda tərəf kimi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etməklə, icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verə bilər. Digər tərəfdən borclu tərəf dövlət büdcəsi hesabına maliyyələşən orqandır ki, bu halda da, dövlət büdcəsindən müvafiq pul vəsaiti ayrılmaqla qanuni qüvvəsini almış məhkəmə qərarının icrasının təmin edilməsi mümkündür. Göstərilən səbəbdən məhkəmə hesab edir ki, tələbkarın ərizəsi “borc məbləğinin cavabdehin əmlakı hesabına ödənilməsi” hissəsində də təmin edilə bilməz. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(82)-49/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar