Məhkəmə qərarları › İş №2-1(103)-1421/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1421/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1421/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 142 saylı bağ tikinti kooperativinin tərkibində 0,12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin mərhum həyat yoldaşı X1 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-446/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 142 saylı bağ tikinti kooperativinin tərkibində 0,12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin mərhum həyat yoldaşı X1 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Sovet İcraiyyə Komitəsinin 14.06.1988-ci il tarixli, 6/333 saylı və Azərbaycan SSR Nazirlər Kabinetinin 02.06.1988-ci il tarixli, 195 saylı qətnaməsinə, habelə Bağlar Təsərrüfat İdarəsinin 46 saylı orderinə əsasən iddiaçının həyat yoldaşı Rəfiqə Hüseynovaya Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 142 saylı bağ tikinti kooperativinin tərkibində 0.12 ha-dan ibarət 2233 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi onlara verildiyi vaxtdan fasiləsiz olaraq həmin bağdan istifadə etmişlər. Orada ağaclar əkmişlər, sahəsi 26 kv.metrdən ibarət olan 1 otaqlı ev tikdirmişlər. Evin içərisində bütün ev əşyaları var idi. Bağa hərbi maşın kuzovu gətirib qoymuş, onun içərisində müxtəlif təsərrüfat alətləri olmuşdur. İddiaçı yay aylarında ailəsi ilə birlikdə həmin bağ sahəsinə gedib istirahət edirdi. Həyat yoldaşı 26.03.1996-cı ildə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra bağ sahəsinə iddiaçı sahiblik edirdi. İddiaçı Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 22.2ci maddəsini rəhbər tutaraq qeyd edilən torpaq sahəsinə dair hüququn mərhum həyat yoldaşına məxsus olması barədə arayışın və bu barədə müvafiq sənədlərin surətlərin verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh orqan tərəfindən 02 dekabr 2019-cu il tarixli məktubla ona imtina məktubu verilmiş və qeyd edilmişdir ki, sənəd surətləri məhkəmə qərarına əsasən verilə bilər. Göründüyü kimi, müraciətinin ilkin hissəsi, yəni torpaq sahəsinə hüququn mərhum həyat yoldaşına məxsus olması barədə arayışın verilməsi ilə bağlı hissəsinin cavabdeh inzibati orqan tərəfindən cavablandırılmamış, cavabdeh dolayısı yolla həmin hissəsinin cavablandırılmasından yayınmışdır. O, çıxarışın verilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)67/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-67/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərardadında qeyd edilmişdir ki, iddiaçı əvvəlcə müvafiq bağ sahəsinə dair mərhum həyat yoldaşının mülkiyyət hüququnun təsdiq edən arayışın verilməsi barədə cavadehə müraciət etməlidir. Həmin arayış əsasında bağ sahəsini vərəsəlik hüququnu təsdiq edən sənədlər ilə öz adına rəsmiləşdirə bilər. Sonda iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-446/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim M.Hacıbəyova) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə hesab etmişdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 142 saylı bağ tikinti kooperativinin tərkibində 0,12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin mərhum həyat yoldaşı X1 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə məhkəməyə qədər cavabdehə müraciət etməmişdir və bu barədə cavabdehin imtinası məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi baxılan işə qərəzli olaraq məhkəməyə sübutlarını təqdim etdiyi halda hakimin yardım etmə vəzifəsindən istifadə etməməyi məhkəmədə hüquqları pozulmuşdur. İnzibati prosessual məcəlləsinə əsasən hakim məhkəmədə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə olan halda məhkəmənin qərardadından görünür ki, qanunvericiliyin tələblərinə əsasən işə baxan hakim tərəfindən üzərinə həvalə edilmiş proses iştirakçılarına yardım etmək vəzifəsi əməl edilməmişdir. Məhkəmənin qərardadında göstərilmişdir ki, onun cavabdehə hazırki iddia tələbi üzrə müraciəti olmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, iddiası üzrə artıq iki ilə yaxındır ki, məhkəmə iclasları gedir və onun tələbi üzrə kifayət qədər sübutlar vardır ki, işə baxan məhkəmə yekun qərar qəbul etmək əvəzinə formal əsaslarla iddiasını mümkünsüz saymışdır. Hazırki, işin materiallarından göründüyü kimi tərəfindən verilmiş iddia ərizəsi inzibatiprosessual qanunvericiliyin tələbləri pozulmamış, işə baxan hakim tərəfindən ona hər hansı pozuntunu aradan qaldırılmasında yardım göstərməmişdir. Bu səbəbdən də Bakı İnzibati Məhkəməsinin qərardadı ləğv edilərək işə mahiyyəti üzrə baxılmalıdır. Apelyasiya baxışı zamanı iddiaçı İddiaçı apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə iddiaçının izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 142 saylı bağ tikinti kooperativinin tərkibində 0,12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin mərhum həyat yoldaşı X1 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldırılmazdan əvvəl hazırkı iddia tələbi ilə bağlı cavabdehə müraciət etməsinə dair heç bir sübut və ya müraciətə dair cavab məktubu iddia ərizəsinə əlavə olunmamış və iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 23.11.2019-cu il tarixli ərizədən görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 241 saylı BTK tərkibində 0,12 ha sahədən ibarət 2233 saylı bağ sahəsinin mərhum həyat yoldaşı Rəfiqə Hüseynovaya məxsus olması barədə arayışın (çıxarışın) və sözügedən ünvanla bağlı hər hansı məlumatın verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02.12.2019-cu il tarixli **********34 saylı məktubundan görünür ki, iddiaçının 23.11.2019-cu il tarixli ərizəsinə idarədə baxılaraq bildirilmişdir ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 01.06.1992-ci il tarixli 795 nömrəli qərarına əsasən 241 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 2233 nömrəli bağ sahəsi X2 ayrılmış və 46 nömrəli order verilmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndinə görə məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi məhkəmələr işlərə baxarkən qanunvericilikdə nəzərdə tutulduğu hallarda iddiaçının həmin iddiası üzrə cavabdehin imtinasının olub-olmamasını, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan Ali Məhkəmə Plenumunun qərarına əsasən iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi məhkəmə tərəfindən yoxlanılmalıdır. Odur ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi müəyyən edilməsi üçün məhkəmə ətraflı araşdırma aparmalıdır. İşin müəyyən edilən hallarından göründüyü kimi, iddiaçı hazırki tələblə bağlı cavabdehə 23.11.2019-cu il tarixli ərizə ilə müraciət etmiş və həmin müraciətə cavabdeh orqan 02.12.2019-cu il tarixində cavab vermişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının cavabdeh orqana ünvanladığı sözügedən ərizəni tələb etmədən, həmin sənədi araşdırmadan, onun məzmunu ilə tanış olmadan iddia tələbini mümkün saymamış və iddiaçının iddia ərizəsində göstərilən tələblə bağlı məhkəməyə qədər cavabdehə müraciət etməsinə dair heç bir sübutun məhkəməyə təqdim edilmədiyini bildirmişdir. Halbuki, yuxarıda qeyd olunan normalara və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq məhkəmənin vəzifəsidir və belə hallarda proses iştirakçılarının vəsatəti olmasa belə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamağa borcludur. Birinci instansiya məhkəməsi işə baxarkən göstərilən prosessual normaların tələblərini pozmuş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, zəruri sübutları toplamamışdır. İnzibati Prosessual Məcəllənin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-446/2021 saylı qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar