Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1421/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndələri X2 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxslər “İdeal-V MMC və "xxxx" MTK) “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-3661/2021 nömrəli qərarından 3-cü şəxs "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində, 2 otaqlı, sahəsi 90 kv.m olan 45 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən "xxxx" MMC və "xxxx" MTK üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (podratçı) ilə iddiaçı (sifarişçi) arasında 02 aprel 2011-ci il tarixdə "xxxx" MMC-nin Bakı, şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının XİV mərtəbəsində, 2 otaqlı, 45 №-li, 90 kvm mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 74 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mənzil sahəsinin qiyməti hər kv.m üçün 702,30 manat həcmində, 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 63.200 manat olmaqla müəyyənləşdirilmişdir. Mənzilin dəyəri iddiaçı tərəfindən 02 aprel 2011-ci il tarixli, AXU № 50 saylı kassa mədaxil orderinə əsasən 63200 manat "xxxx" MMC-nin hesabına ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən podratçı ("xxxx" MMC) mənzili tikib sifarişçiyə (İddiaçı) təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq podratçı ("xxxx" MMC) mənzili tikib sifarişçiyə (İddiaçı) təhvil vermişdir. Göstərilən müqavilə əsasında mənzilə dair pay haqqını - mənzilin dəyərini tam ödədiyindən, məhkəmə qətnaməsinə əsasən iddiaçının həmin mənzilə sahiblik və istifadə hüququ tanınmışdır. Odur ki, həmin mənzilə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin, cavabdehin həmin mənzilin iddiaçının adına qeydə alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən imtina etməsi əsassızdır. Cavabdeh DƏDRX-nin etirazında bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2020ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməlidir. Həmçinin, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. Vətəndaşın İdarəyə təqdim etdiyi müqavilə "xxxx" MMC ilə bağlanmışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********93 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-3661/2021 nömrəli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində, 2 otaqlı, sahəsi 90 kv.m olan 45 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi qərara alınmışdır. 3-cü şəxs "xxxx" MTK tərəfindən qeyd edilən məhkəmə qərarından apellyasiya şikayəti verilmiş və məhkəmə qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə görə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717 məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binası bütünlükdə "xxxx" MTK-ya məxsusdur və iddiaçının podratçı "xxxx" MMC ilə mübahisəli mənzilə dair bağlanılmış müqaviləsi tam əhəmiyyətsizdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru kimi imza edən Çingiz Məmmədov olmuş, hansı ki, "xxxx" MMC-yə heç bir aidiyyəti olmamışdır. Bundan başqa, şikayətə əlavə olunmuş müqavilədən görünür ki, 05 mart 2006-cı il tarixdə "xxxx" MTK (sifarişçi) ilə "xxxx" MMC arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Həmin müqavilədə birmənalı göstərilir ki, mənzillərin satılması müqavilələri MTK tərəfindən bağlanmalıdır. Lakin məhkəmə "xxxx" MMC-nin də mənzillərin satılması hüququna malik olduğu nəticəsinə gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdeh və üçüncü şəxslərin nümayəndələri gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndələrinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 50 saylı notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində, 2 otaqlı, sahəsi 90 kv.m olan 45 nömrəli mənzili tikib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. AXU № 50 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixli 50 saylı müqaviləyə əsasən "xxxx" MMC-yə 63.200 manat məbləğində pul ödəmişdir. Bakı ŞİH başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi RİH-in 1 oktyabr 2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubunu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layihələşdirilməsi və tikintisinə həmin MTK-ya icazə verilmişdir. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTK-ya müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir. 5 mart 2006-cı il tarixli "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podradçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.1-ci bənd – “Sifarişçi”nin ("xxxx" MTK) tapşırığı ilə “Podratçı” ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı ŞİH başçısının 237 nömrəli 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; 3.1.12-ci bənd - Podratçı obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər; - 3.1.14-cü bənd – mənzillərin satılması üçün alıcılarla müqavilələr "xxxx" MTK tərəfindən bağlanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli icazə verilmişdir (istismara icazə sənədi). Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK ("xxxx" MMMC). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MTK-ya qarşı iddiası qismən təmin edilərək, ünvan 3dəki qeyri-yaşayış obyektinin “Bakı” Mehmanxanasının yerləşdiyi 0,673 ha, torpaq sahəsinin D.Əliyeva küçəsinə çıxan yerində inşa edilmiş 1 bloklu 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın tikinti sahəsinin satılmasından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi iddiaçıya aid edilməklə, həmin binanın özgəninkiləşdirilməmiş sahələri üzərində iddiaçının sahiblik, istifadə və sərəncam hüququnun tanınması, cavabdehdən tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 vmanat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 saylı iş üzrə 6 dekabr 2018-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı iş üzrə qətnaməsi yoxlanılan «ünvan 3də yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində "xxxx" MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınsın. "xxxx" MTK-nın tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin” hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmiş, qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 2(102)-158/2019 saylı iş üzrə 9 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5218/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində, 2 otaqlı, sahəsi 90 kv.m olan 45 nömrəli mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması, mənzilin İddiaçı verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********93 saylı məktubu ilə bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməlidir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ünvan 3 ünvanındakı iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyatını iddia etdiyi mənzilin də yerləşdiyi çoxmənzilli yaşayış binasının tikinti sahəsinin satışından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi "xxxx" MMC-yə aid edilmişdir. Bu hal belə deməyə əsas verir ki, qüvvədə olan vergi qanunvericiliyi ilə "xxxx" MMC ilə iddiaçı arasındakı müqavilə üzrə mənzilin satışını “malların təqdim edilməsi” kimi qiymətləndirilir, həmin müqavilə üzrə ödənilmiş pul vəsaiti isə vergiyə cəlb olunan gəlir sayılır. Qətnamə həmin hissədə yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5218/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı iddiası qismən təmin edilmiş, onun mənzil üzərində sahiblik və istiafdə hüququnun tanınması, mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Göründüyü kimi, qeyd olunan məhkəmə qərarları ilə iddiaçının "xxxx" MMC ilə imzaladığı müqavilənin qanuniliyi və mötəbərliliyi, həmçinin iddiaçının qeyd olunan mənzilə hüquqları tanınmış və qəbul edilmişdir. Öz növbəsində həmin müqavilə hər hansı qaydada mübahisələndirilmədiyindən, o cümlədən ləğv edilmədiyindən, etibarsız sayılmadığından qüvvədədir və hazırkı inzibati işdə mötəbər sübut qismində qiymətləndirilir. İddiaçı müqavilə üzrə müvafiq mənzilin dəyərini tam şəkildə ödədiyindən, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etmişdir, Mülki Məcəlləsinin 139-1 maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən həmin hüquq qeydiyyata alınmalıdır. Birinci instansiyası məhkəməsi qərarında iddianı təmin edərək qeyd etmişdir ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MMC və ya "xxxx" MTK, yaxud "xxxx" MMMC) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Digər tərəfdən, iddiaçı müraciəti üzrə inzibati orqan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılan inzibati icraatda müvafiq mənzilin yerləşdiyi binanın “istismara icazə” sənədinin təqdim etməsə də, həmin sənəd Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qəbulundan sonra səlahiyyətli orqan tərəfindən 2019-cu ilin dekabr ayında verilmişdir. Belə olan təqdirdə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri rəhbər tutularaq, iddiaçının mənzilinin yerləşdiyi binanın “istismara icazə” sənədinin ilkin müraciət zamanı təqdim edilməməsi, inzibati orqanın imtinası üzrə əsaslar sırasında formal saxlanılmış olur və hazırda imtina üçün əsas sayılmamalıdır. İddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlınmış müqaviləyə əsasən iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiqini əsaslı hesab edir. Üçüncü şəxs apellyasiya şikayətin əsası kimi "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin müddəalarına istinad edərək hesab edir ki, mənzillərin satılması yalnız "xxxx" MTK tərəfindən aparılmalıdır. Ona görə də İddiaçı ilə "xxxx" MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında xx.xx.2011-ci il tarixli 50 nömrəli müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası üçüncü şəxsin həmin dəlilini əsası hesab etmir və qeyd edir ki, üçüncü şəxsin özünün də istinad etdiyi - "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında bağlanmış 2006-cı il 5 mart tarixli müştərək fəaliyyət müqaviləsinin 3.1.12-ci bəndi obyektin tikintisini 50% yerinə yetirdikdən sonra Podratçının öz 50% payı hesabına mənzil bağışlamaq və ya satışından nağd pul götürə bilmək hüququnu, 3.1.14cü bənd isə mənzillərin satılması üçün alıcılarla müqavilələrin "xxxx" MTK tərəfindən aparılmasını nəzərdə tutur. Hazırkı halda, iddiaçı (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi bağlanmış, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində, 2 otaqlı, sahəsi 90 kv.m olan 45 nömrəli mənzili tikib İddiaçı təhvil verməyi, sonuncu isə tikilən mənzili qəbul edib haqqını "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Podrat müqaviləsinin predmeti konkret göstəricilərə malik, başqa əşyalardan yalnız özünə xas əlamətlərə görə ayrılan mənzil – yəni, əvəz edilən deyil, fərdi-müəyyən (əvəzedilməz) əşya olduğundan həmin müqaviləyə alqı-satqı qaydaları tətbiq edilə bilməz (Mülki Məcəllənin 135.7-ci və 752.2-ci maddələri). Podratçı da həmin mənzili özünün əldə etdiyi materiallardan hazırlayaraq həmin mənzilə mülkiyyəti sifarişçiyə (iddiaçıya) vermişdir. Müqavilə tərəfləri onu mübahisələndirmədən icra etmişlər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində, 2 otaqlı, sahəsi 90 kv.m olan 45 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası 3-cü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-3661/2021 qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, 3-cü şəxsin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 3-cü şəxs "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-3661/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi .
Məhkəmə qərarları › İş №2-1(103)-1421/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1421/2022
09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver