Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1422/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Tərcüməçi X4 qızının, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin tabeliyində Dövlət X13 publik hüquqi şəxsinin X9 üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və s” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 562/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apeyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X10 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının pensiya qanunvericiliyinin müddəalarını nəzərə alaraq onun hərbi xidmət stajının azaldılması ilə və cavabdehin ona vurulmuş maddi ziyanın ödənilməsindən imtinası ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qısa müddət ərzində onun hərbi xidmət stajının və ona müvafiq əlavənin bərpa olunması, eləcə də pensiyaya çıxmamışdan əvvəlki xidmət illəri nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması, onun yaşı (77 yaş) və əlilliyi, eləcə də digər ciddi xəstəlikləri nəzərə alınmaqla hazırkı iş üzrə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi günə olan normalara uyğun hesablanmaqla ona vurulmuş ziyana görə birdəfəlik kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində kompensasiyanın ona ödənilməsi, eləcə də iddia tələbini kassasiya instansiyası mərhələsində müdafiə edəcəyi təqdirdə ona vəkil xidmətlərinə görə xərclərinin kompensasiya edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı Qarabağ müharibəsində Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ona Qarabağ müharibəsi veteranı statusu və ikinci qrup əlillik vəsiqəsi verilmişdir. xx xxxxxx 1997-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən ona yaşa görə yüz faizlik əmək pensiyası təyin olunmuşdur. xx xxxxxx 2007-ci il tarixdən pensiyası Dövlət X13 tərəfindən ödənilir. Belə ki, həmin tarixdə onun pensiyası “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq hesablanıb ödənilirdi. Lakin cavabdeh orqanın sektor müdiri vəzifəsinə Anar İsayev təyin edildikdən sonra, ona aydın olmayan səbəblərdən və qanunun tələblərini pozaraq bir çox hərbi qulluqçuların stajının azaldılmasını mümkün hesab etmişdir. Bu səbəbdən ona ödənilən pensiyanın məbləği 13 faiz azaldılmışdır. Dəfələrlə bununla bağlı cavabdehə müraciət etsə də, ona “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun öz qüvvəsini itirdiyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” Qaydasının 1.1-ci bəndinə görə bu Qayda ƏPQ-nin 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək ƏPQ-nin 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin ƏPQ-nin 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Qaydaların 1.2ci bəndinə görə, ƏPQ-nin 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əmək haqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi - bundan sonra əmək haqqı) artırıldıqda yenidən hesablanır. İddiaçıya pensiyanın xx xxxx 2017-ci ilədək təyin edilməsi və iddiaçının ƏPQnin 20-ci maddəsinin təsiri altına düşməsi şübhəsizdir. Qayda, ƏPQ-nin 26.3-cü maddəsinə uyğun olaraq qəbul edilib. Həmin maddənin xx xxxx 2017-ci il tarixdən qüvvədə olan redaksiyasında deyilir ki, “2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Göründüyü kimi, ƏPQ-nin 26.3-cü maddəsi qulluq stajına görə əlavələrin sonrakı artımlar nəzərə alınmaqla hesablanması ilə bağlı qaydanı müəyyənləşdirmək səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin məlum fərmanı ilə Qayda təsdiqlənib. Deməli, Qayda və ƏPQ arasında hər hansı ziddiyyət yoxdur, əksinə, Qaydanın qəbulu ƏPQ-nin 26.3-cü maddəsi baxımıdan zəruri idi. Çünki ƏPQ-nin 20.14.1-ci maddəsinə edilmiş və xx xxxx 2017-ci il tarixdən qüvvədə olan dəyişiklikdən sonra pensiyaya çıxan hərbi qulluqçulara müvafiq əlavə 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında hesablanacaq. Eyni zamanda, nəzərə almaq lazımdır ki, həmin şəxslərə münasibətdə sonrakı artımlar da ƏPQ-nin 20.14.1-ci maddəsinə əsasən, 2 faiz əsas götürülməklə müəyyənləşdiriləcəkdir. ƏPQ-nin 26.3-cü maddəsinin 1-ci cümləsi (“2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir.”) xx xxxx 2017-ci ilədək pensiya təyin edilmiş şəxslərin hüquqi vəziyyətində hər hansı ağırlaşdırma etmədi. Ancaq təminat xərcliyindəki sonrakı artımların hesablanması baxımından xx xxxx 2017-ci ilə qədər və sonra pensiyaya çıxmış şəxslərin hüquqi vəziyyətini bərabərləşdirdi. Başqa sözlə, istər xx xxxx 2017-ci il, istərsə də həmin tarixdən sonra pensiyaya çıxmış şəxs olsun, təminat xərcliyindəki sonrakı artımların hesablanması eyniyyət təşkil edəcək, yəni 2 faizlə hesablanacaq. İdarənin imtinası ƏPQ-nin 26.3-cü maddəsinə və Qaydanın 2.5-ci bəndinə söykənməklə tamamilə əsaslı və qanunidir. Diqqət edilsin ki, mübahisə, iddiaçının pensiyasının təminat xərcliyinin 87 faizi həcmində müəyyənləşdirilməsi ilə bağlı deyil. Təsadüfi deyildir ki, x xxxx 2018-ci ilədək iddiaçı, təminat xərcliyinin (1.423,15 manat) 100 faizi miqdarında pensiya almışdır. x xxxx 2019-cu ildə Daxili İşlər Nazirliyi tərəfindən cavabdeh idarəyə aylıq vəzifə maaşları barədə məlumat daxil olmuşdur. Buna görə, iddiaçının təminat xərcliyi 1.670,65 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçının təminat xərcliyindəki artım məbləği 247,5 (1.670,65 - 1.423,15) manat təşkil etmişdir. Həmin məbləğin 87 faizi (yəni 215,33 manat) hesablanmış və x xxxx 2018-ci il tarixinədək olan pensiyanın (1.423,15 manat) üzərinə əlavə olunmuş və pensiya məbləği 1.638,48 manat təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-562/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.1997-ci il tarixdə, yəni xx.xx.2006-cı il tarixli 54 nömrəli “Əmək pensiyaları haqqında” qanun qüvvəyə minməzdən öncə yaşa və staja görə tam həcmdə ömürlük pensiyaya çıxmışdır. Onun pensiyası xx.xx.1992-ci il tarixli 109 nömrəli “Azərbaycan Respubliksının hərbi qulluqçularının pensiya təminatı haqqında” qanuna əsasən 36 illik hərbi xidmət stajı əsasında hesablanmışdır. Cavabdeh orqan onun hərbi stajını qanunsuz olaraq azaltmışdır. Cavabdehin vəkili hərbi xidmət stajının azaldılmasının əsası kimi Konstitusiyanın 149.4 maddəsini, Prezidentin xx.xx.2018-ci il tarixli 142 nömrəli Fərmanını, “Əmək pensiyaları haqqında” qanunun 26.3 və 29.1 maddələrini, həmçinin 21 saylı qanunun 1.0.12 maddəsini göstərmişdir. İddiaya baxış zamanı həmin sənədlərin tətbiq edilməsinin nə dərəcədə qanuni olmasının müəyyən edilməsi məhkəmənin öhdəsinə düşür. 2017-ci il iyulun 1-dək bu qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin pensiyasına qulluq stajına görə əlavələrin qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Prezidentin xx.xx.2018-ci il tarixli 142 nömrəli fərmanının onun iddiasına heç bir aidiyyəti yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X10 X9 İdarəsi Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin tabeliyində Dövlət X13 publik hüquqi şəxsinin X9 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.1942-ci ildə doğulmuşdur. İddiaçıya məxsus pensiya işində olan Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci ildə xidmətdən tərxis olunmuşdur, yaşa görə əmək pensiyası təyin edilmişdir, təqvimi xidmət illəri 27 il 3 ay 19 gün, güzəştli xidmət illəri 8 il 9 ay 5 gün, cəmi iş stajı və xidmət illəri 36 il 24 gündür. Cavabdeh tərəfindən iddiaçıya göndərilən xx.xx.2019-cu il tarixli **********4 saylı məktubda iddiaçının pensiyanın yenidən hesablanması barədə tələbindən imtina edilmiş və təyin edilən pensiya məbləğinin qanunvericiliyə uyğun olaraq hesablandığı göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslıdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” Qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əmək haqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əmək haqqı) artırıldıqda yenidən hesablanır. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (x xxxx 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1997-ci ildə xidmətdən tərxis olunmuş və ona yaşa görə əmək pensiyası təyin edilmiş, sonuncu vəzifəsinə uyğun olaraq təminat xərcliyi 36 il 24 gün xidmət müddətinə görə 100 faiz miqdarında pensiya hesablanaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” Qaydasının 2.5-ci bəndinə əsasən iddiaçının əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla 20 il hərbi xidmət üçün müvafiq təminatı xərcliyinin 55 faizi və 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında əlavə olunmaqla (16 x 2) təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 87 faiz təşkil edir. Göründüyü kimi, iddiaçıya təyin edilmiş pensiya məbləğinin azaldılması, onun hərbi xidmət stajının və ya ilinin azaldılması, hərbi xidmət illərinə görə hesablanmış pensiya məbləğinin azaldılması halları mövcud deyildir. Təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi isə qeyd olunan qanunvericilik aktlarının tələblərinə uyğun müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Vəkil xidmətinə görə xərcin ödənilməsi isə iddiaçı tərəfindən kassasiya instansiyası məhkəməsinə müraciət olunduğu halda dövlət hesabına vəkillə təmin edilmə barədə apelyasiya instansiyası məhkəməsinə müraciət edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(112)-562/2020 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-562/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1422/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1422/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver