Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1422/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “adının yataqxanadan köçürülənlərin və mənzillə təmin edilən şəxslərin siyahısına daxil edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (anası) X2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “adının yataqxanadan köçürülənlərin və mənzillə təmin edilən şəxslərin siyahısına daxil edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-711/2021 saylı 23 fevral 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı qəzalı vəziyyətə düşməsi ilə əlaqədar sökülməli olan həmin ünvan üzrə adının mənzillə təmin olunması məqsədilə tərtib olunan siyahıya daxil edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi SU-85 saylı trestin rəhbərliyinin və X1 birgə iclasının 1990-cı il tarixli protokoluna əsasən Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsi, ev 23, yataqxana 3, otaq 38-də ona verilmiş yaşayış yerinin yerləşdiyi yataqxananın qəzalı vəziyyətə düşməsi ilə əlaqədar həmin ünvan üzrə adının mənzillə təmin olunması məqsədilə tərtib olunan siyahıya daxil edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, təyinatla 21.07.1987-ci ildə 8 saylı Trestin 85 saylı Tikinti İdarəsində 3-cü dərəcə ilə suvaqçı işinə qəbul edilmiş, həmin müəssisədə 04.04.1997-ci ilə kimi qaynaqçı işləmiş, işlədiyi müəssisənin rəhbərliyinin və X1 birgə iclasının qərarı ilə internatdan gəldiyi üçün S.Bəhlulzadə, ev 23, yataqxana 3, otaq 38-də 1990-cı ildə yaşamaq üçün ona yer verilmiş, daimi qeydiyyata götürülmüş, hal-hazırda da həmin ünvanda qeydiyyatdadır. O, həmin 38 saylı otaqda 1990-cı ildən 20.04.1994-cü ilə kimi yaşamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün 23.04.1994-cü ildə hərbi xidmətə çağırılmış və N saylı hərbi hissədə döyüşmüş, 1995-ci ildə ordu sıralarından tərxis olunmuşdur. Geri qayıdarkən yaşadığı otağın məcburi köçkünlər tərəfindən zəbt edildiyi ona bildirilmişdir. Dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də, heç bir nəticə olmamış və ona bildirilmişdir ki, qaçqın və məcburi köçkünlər doğma torpaqlarına qayıdana qədər onların məskunlaşdıqları yerlərdən çıxarılması mümkün deyildir. Hal-hazırda əvvəllər “xxxx” Dövlət Şirkətinə məxsus olmuş qeyd edilən yataqxana binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 113 saylı 04.06.2001-ci il tarixli qərarı ilə Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin balansına verilmişdir. 20.04.1994-cü ildən 17.08.2018-ci ilə qədər olan dövrdə yalnız 2003-cü ildən 2005-ci ilə qədər 38-ci otaqda Füzuli rayonu Qaraxanbəyli kəndindən olan məcburi köçkün ailəsi yaşamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-711/2021 saylı 23 fevral 2021-ci il tarixli qərardadı ilə iddianın cavabdeh Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə aid hissəsində mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-711/2021 saylı 23 fevral 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmalıdır. O, xx.xx.1969-cu ildə anadan olmuş, 01.09.1984-cü ildə Bakı şəhəri S.Bəhlulzadə adına İnternat məktəbini, 16.07.1987-ci ildə 18 saylı Peşə məktəbini bitirmiş, 21.07.1987-ci ildə Su 85 saylı Tikinti İdarəsində işə başlamış, Rus ordusuna getmiş, Rus ordusundan gələn kimi Dövlət himayəsində yaşadığı üçün 1990-cı ildə mübahisələndirilən ünvanda 38-ci otaqda ona yaşamaq üçün yer verilmiş, daimi qeydiyyata götürülmüşdür. Yataqxana Binəqədi ərazisi olsa da, onun işlədiyi təşkilat Nərimanov rayon İcra hakimiyyətinin ərazisində olduğu üçün 27.04.1993-cü ildə o, müstəsna hal kimi mənzil növbəsinə götürülmüşdür. 20.04.1994-cü ildə döyüşlərə getmiş, 1995-ci ildə təxlis olan gündən nəmli zirzəmilərdə yaşayır. 2001-ci ildə yataqxana Mənzil Kommunal Təsərrüfat Departamentinin binasına verilmişdi. Yataqxanada 1994-2018-ci və 2003-2005-ci illər ərzində 2 il məcburi köçkün ailəsi yaşamışdır. Məhkəmə tərəfindən heç bir araşdırılma aparılmamış, əsl cavabdeh dəqiqləşdirməmiş, 24.11.2020-ci il tarixdə verdiyi vəsatətə uyğun sorğular verilməmiş, nəticədə ədalətli qərar qəbul edilməmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi (anası) X3 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehlər Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki işdə İddiaçı cavabdehlər Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı tələbi “adının yataqxanadan köçürülənlərin və mənzillə təmin edilən şəxslərin siyahısına daxil edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi” barədədir. O, tələbini onunla əsaslandırmışdı ki, 1990-cı il tarixdən 20.04.1994-cü il tarixə kimi Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsi, ev 23, 3 saylı yataqxananın 38-ci otağında yaşamışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə mənzillə təmin edilməli olan şəxslərin siyahısının tərtib edilməsinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin səlahiyyətlərinə aid olmamasına və həmin cavabdehin iddiaçının hazırki iş üzrə iddia tələbinə cavab verən orqan olmamasına əsaslanaraq iddianın cavabdeh Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə aid hissəsində mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı cavabdeh Mənzil Kommunal Təsərrüfatı Departamentinə münasibətdə qeyri-mümkün saymaqla bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, əvvəla işdə olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısının 14.07.2017-ci il tarixli sərəncamından görünür ki, vətəndaş İddiaçı ailə tərkibi 1 nəfərlə (özu) Qarabağ müharibəsinin veteranı kimi yaşayış yeri üzrə güzəştli əsaslarla rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş və onun Qarabağ müharibəsi veteranı olması nəzərə alınaraq mənzil növbəsi güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir. Digər tərəfdən, qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası iddianın Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə münasibətdə qeyri-mümkün sayılması ilə bağlı birinci instansiya məhkəməsinin gətirdiyi əsaslarla razılaşır və qeyd edir ki, iddiaçının hazırki işdə cavabdehlərin üzərinə qoyulmasını tələb etdiyi öhdəlik Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin səlahiyyətinə aid deyil və qanunla onun belə vəzifəsinin nəzərdə tutulduğu müəyyən olunmur. “İnzibati icraat” haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olubolmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Beləliklə, hazırki işdə iddiaçının tələb etdiyi hərəkətin edilməsinin cavabdeh inzibati orqanın qanunla müəyyən edilmiş səlahiyyətinə aid olmadığı müəyyən olunur. Belə olan halda məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianın cavabdeh Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə aid hissəsində mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 23.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-711/2021 saylı 23 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1422/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1422/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver