Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1422/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-7661/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı cavabdehin barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156e bəndinə əsasən qəbul etdiyi 19.06.2020-ci il tarixli 022əç nömrəli əmrin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etirazında bildirilmişdir ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156e bəndinə əsasən N nömrəli hərbi hissə komandirinin 19.06.2020-ci il tarixli 022əç nömrəli əmrilə hərbi xidmətdən tərxis olunmuşdur. Əmrin mübahisləndirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddəti ötürmüşdür. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-7661/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xidmət etdiyi hərbi hissənin nümayəndəsi işin halları araşdırılarkən onun nümunəvi xidmət etdiyini bildirmiş və hərbi xidmətə bərpa olunmağına etiraz etmədiyini bildirmişdir. Hakim isə buna heç bir əhəmiyyət verməyərək cavabdehin maraqlarına xidmət edən qərardad qəbul etmişdir. O Vətən Müharibəsində iştirak etmiş, cavbdeh onu şəxsi heyətin siyahısına daxil edib və xüsusi tapşırıq icra edərək bir sıra strateji əhəmiyyətli məntəqələrin azad olunması əməliyyatlarında iştirak etmişdir. Vətən Müharibəsindən əvvəl Bakı İnzibati Məhkəməsində iddia qaldırmasını məhkəmə nəzərə almamışdır. Həmin iş Mehriban xanım Qarayevanın icraatında olmuş, hazırlıq iclası 2020-ci ilin oktyabr ayına təyin olunmuşdu. Lakin 27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlanması ilə həmin proses dayandırılmışdı, çünki artıq 17 oktyabr 2020-ci il tarixdə ordu sıralarına yazılmışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq Vətən Müharibəsindən sonra proses bərpa olunmalı idi, lakin bu baş verməmişdir. Vətən Müharibəsi 27 sentyabr -10 noyabr 2020-ci il aralığında olmuşdur. Vətən Müharibəsindən sonra 13 fevral 2021-ci il tarixinədək xidmət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, 19.06.2020-ci il tarixdə 022 saylı əmrlə çıxarış təqdim edilib. Tərxis olunduğu il iddianı verib, 2021-ci ilin fevralında yenidən tərxis olunub, Müdafiə Nazirliyi gec cavab verib, imtina məktubunu 4-5 ay sonra veriblər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-7661/2021 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin sözügedən qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48- ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçıya məxsus ******* hərbi biletdəki qeyddən görünür ki, iddiaçının hərbi xidmətdən tərxis olunması barədə N nömrəli hərbi hissə komandirinin 19.06.2020-ci il tarixli 022əç nömrəli əmri imza və möhürlə təsdiqlənmişdir. Hazırki iş üzrə iddia tələbindən görünür ki, iddiaçı hərbi xidmətdən tərxis olunması barədə N nömrəli hərbi hissə komandirinin 19.06.2020-ci il tarixli 022əç nömrəli əmrini mübahisələndirir. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 1 ilə yaxın müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. İddiaçının döyüşlərə getdiyindən əmri mübahisləndirə bilməməsi, bununla da ötürülmüş müddətin üzürlü sayılması barədə dəlillərinə gəldikdə isə iş materiallarına əlavə edilmiş səfərbərlik sərəncamından və hərbi biletdəki qeydlərdən də göründüyü kimi 17.10.2021-13.02.2021-ci il tarixləri arasında iddiaçının səfərbərlik üzrə hərbi xidmətdə olması müddəti belə üzrlü sayılsa belə, lakin həmin müddətdən sonra da məhkəməyə müraciət etməməsinin üzrlü səbəblərdən baş verməsi sübuta yetmir. İddiaçı əmr ona elan olunmaqla və təhvil-təslim sənədlərinə imza etməklə tanış olduğundan, mübahisələndirilən qərar üzrə qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddəti həmin vaxtdan başlayır və iddiaçı həmin müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları, həmçinin müddətə əməl olunmasına mane olan hallar mövcud olmadığından və mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilməməlidir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə İddiaçı 20.06.2020-ci il tarixdə işdən azad olunması barədə əmrin, habelə həmin tarixli əmrin ona təqdim elan (təqdim) edilməsini təsdiq edən sənədlərin qanunamüvafiq qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunması barədə məktubla müraciət etsə də, cavabdeh orqan tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi isə iş materiallarında mübahisələndirilən əmrin iddiaçıya nə zaman elan edilməsini (təqdim edilməsini) təsdiq edən sübutlar mövcud olmadığı halda, iddiaçının qeyd olunan əmr üzrə qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddətini ötürməklə məhkəməyə müraciət etməsi qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Bundan başqa, apellyasiya baxışı zamanı işin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı daha öncə N nömrəli hərbi hissə komandirinin 19.06.2020-ci il tarixli 022əç nömrəli hərbi xidmətdən tərxis olunması barədə əmrini məhkəmə qaydasında mübahisləndirmişdir. Birinci instansiya məhkəməsi iddiaçının daha öncə adıçəkilən əmrlə bağlı iddia ərizəsi ilə nə zaman məhkəməyə müraciət etməsini, eyni zamanda qeyd olunan əmrin nə zaman təqdim edilməsini (elan edilməsini) araşdırmalı, bundan sonra müddətin ötürülübötürülməməsini, ötürüldüyü təqdirdə üzrlü səbəbdən ötürülüb-ötürülməməsi məsələsini aydınlaşdırmalı, həmçinin üzrlü səbəbdən ötürüldüyü təqdirdə şikayət vermə müddətinin bərpa edilməsinin mümkünlüyünü müzakirə etməlidir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışından görünür ki, İddiaçı həqiqətən 26.04.2007 – 01.10.2008, 03.11.2009 – 09.01.2010, 11.01.2010 – 21.06.2020, 17.10.2020 13.02.2021 tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin müddətlə bağlı mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-7661/2021 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1422/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1422/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver