Məhkəmə qərarları › İş №2-1(103)-1423/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1423/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1423/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8071/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 19-22 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanunu ilə 25 iyul 2012-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin həmin Qanunun tələblərinə uyğun olmaqla yenidən hesablanaraq müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixində doğulmuşdur. Əmək kitabçasının surətindən görünür ki, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixinədək 20 saylı Şəhər Texniki-Peşə məktəbində təhsil almış, xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixinədək “Xəzərqazmaneftqazsənaye” İB-də qazmaçı köməkçisi vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixinədək həmin birliyin üzən qazma qurğusunda qazmaçı köməkçisi vəzifəsində, xx.xx.1989-cu il tarixdən 19 sentyabr 1989-cu il tarixinədək həmin qurğuda takelajçı vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixinədək qazmaçı kimi xarici ölkədə ezamiyyətdə olmaqla işləmiş, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixinədək “Xəzərdənizneftqaz” İB-nin X3 İdarəsində takelajçı vəzifəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixinədək həmin İB-nin üzən qazma qurğusunda qazma qurğularının təmiri üzrə çilingər vəzifəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixinədək “Santa Fe” Beynəlxalq Korporasiyasında “Roustabout” vəzifəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək "xxxx" Qazma Şirkətində yuxan fəhlə vəzifəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixinədək “İstiqlal” qurğusunda qazmaçı köməkçisi vəzifəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixinədək həmin qurğuda nasos üzrə operator vəzifəsində işləmiş, xx.xx.2008-ci il tarixdən bu günə kimi həmin qurğuda yuxarı fəhlə vəzifəsində işləyir. Göründüyü kimi 52 yaşı tamam olduğu xx.xx.2012-ci il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 33 il 3 ay 8 gün təşkil etmiş və xx.xx.2006-cı il tarixinə kimi 26 il 11 ay 2 gün ümumi iş stajı toplamış, həmin staj illərinin 24 il 3 ay 19 gün müddətini güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş (320 saylı Qərar) 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2012-ci il tarixindən təyin olunmuşdur. Lakin bu zaman aylıq pensiya məbləği müəyyənləşdirilərkən qeyd olunan Qanunun müddəalarına deyil, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına istinad edilmiş, bununla da hüquqları kobud şəkildə pozulmaqla, pensiyanın məbləği süni şəkildə, kəskin azaldılmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, ona yaşa görə pensiya, orta aylıq əmək haqqımın 70 faizi məbləğində təyin edildikdən sonra, ümumi iş stajının 33 il və güzəştli stajının 26 il olması nəzərə alınmaqla (yəni tələb olunan ümumi və güzəştli iş stajları müvafiq olaraq 20 il və 10 ildir), ümumi iş stajının 20 ildən artıq hər tam ili üçün iki faiz və güzəştli iş stajının 10 ildən artıq hər tam ili üçün bir faiz olmaqla, orta aylıq əmək haqqının 42 (26+16=42) faizi miqdarında əlavə ödəniş, orta aylıq əmək haqqının 70 faizi miqdarında müəyyən edilmiş pensiya məbləğinin üzərinə gəlinməklə (yəni 70+42=112 faiz (lakin yuxanda qeyd edildiyi kimi bu məbləğ orta aylıq əmək haqqının 100 faizindən artıq ola bilməz)), ona ödəniləcək yekun pensiya məbləğinin orta aylıq əmək haqqının 100 faizi miqdarında olması təsbit edilməli idi. Lakin hal hazırda o, hər ay bu məbləğdən dəfələrlə az pensiya alır ki, bunu da hüquqlarının kobud şəkildə məhdudlaşdırılması hesab edir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8071/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: P.Hüseynov) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, qərarda göstərilən 01 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş Qanuna dəyişilkliklər ona münasibətdə tətbiq edilə bilməz. Həmin dəyişikliklər yalnız pensiya hüququ göstərilən tarixdən sonra yaranmış şəxslərə, yəni tələb olunan ümumi və güzəştli iş stajlarını xx.xx.2010-cu il tarixdən sonra toplamış və tələb olunan yaş həddinə həmin tarixdən sonra çatmış şəxslərə şamil oluna bilər. O, isə tələb olunan iş stajlarını xx.xx.2006-cı il tarixinədək toplamışdır. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanunu ilə 25 iyul 2012-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin həmin Qanunun tələblərinə uyğun olmaqla yenidən hesablanaraq müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu zaman «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilmişdir. Lakin iddiaçı ona təyin edilmiş pensiyanın əvvəllər qüvvədə olan normaların tələblərinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən yenidən hesablanmasını və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiyalar təyin edilməsini yalnız iki şərtə münasibətdə müəyyən edir - yaş və staj. Bu, pensiya təyin edilərkən digər hallara şamil edilə bilməz. Pensiyaların orta aylıq əmək haqqı əsas götürülməklə hesablanması barədə norma xx.xx.2010-cu ilədək qüvvədə olmuşdur. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı bildirir ki, o, xx.xx.2006-cı il tarixinə kimi 26 il 11 ay 2 gün ümumi iş stajı toplamış, həmin staj illərinin 24 il 3 ay 19 gün müddətini güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş (320 saylı Qərar) 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2012-ci il tarixindən təyin olunmuşdur. Hesab edir ki, onun pensiyası xx.xx.2006-cı ilədək qüvvədə olan qanuna uyğun olaraq, yəni əmək haqqına əsasən hesablanmalıdır. Qeyd olunmalıdır ki, əgər iddiaçının pensiya almaq hüququ 52 yaşdan (2012-ci ildə) yaranırsa, bu halda hesablama, hüququn yarandığı an qüvvədə olan qanunvericiliyin normalarına əsasən aparılmalıdır. 2012-ci ildə qüvvədə olan qanunvericilikdə isə (Qanunun 10 və 27-ci maddələri) pensiyanın sözügedən qaydada orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanmalı olduğuna dair müddəalar nəzərdə tutulmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD №li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu dəyişikliklərlə 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan pensiya hesablanmasının aparılması qaydası dəyişdirilmişdir. Beləliklə, xx.xx.2006 - xx.xx.2010-cu il tarixlərdə bir hesablama qaydası, xx.xx.2010-cu il tarixdən etibarən isə başqa hesablama qaydası tətbiq edilməyə başlanılmışdır.. İddiaçıya pensiya təyin edilən zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsində deyilir ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, pensiyanın hesablanması zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17 və 72-ci maddələrinə istinad etməsi əsaslı deyildir. Çünki, sözügedən norma “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsini təsbit edir. Göründüyü kimi, hesablama qaydası yox, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblər nəzərə alına bilər. Ona görə də iddiaçı pensiyasının hesablama qaydası ilə bağlı xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyinə istinad etməkdə haqlı olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıların arzuladığı inzibati aktı qəbul etməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8071/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar