Məhkəmə qərarları › İş №2-1(103)-1423/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1423/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1423/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X18 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın (çıxarışın) verilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-9808/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X9 ilə keçmiş X5 və İstismarı Birliyi arasında bağlanmış xx.xx.1996-cı il tarixli icarə müqaviləsinin əvvəlki icarədara məxsus olan 0.25 ha ölçüdə bağlanmış hesab edilməsi və adına verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışın torpaq sahəsinin ölçüsünə münasibətdə qismən ləğv edilməsi, həmin sahəyə adına 0,25 ha ölçüdə planölçü sənədi hazırlanmaqla yeni çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha-dan ibarət 1314 “a” saylı bağ torpaq sahəsi üzərində İddiaçı əri mərhum X2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,25 ha sahəsi olan 1314 saylı bağ sahəsi keçmiş X5 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.1988-ci il tarixli, 11600 nömrəli icarə müqaviləsinə əsasən X8 məxsus olmuşdur. X13 yuxarıda qeyd olunan torpaq sahəsində yerləşən bağ evini icarə hüququ ilə ona məxsus olan torpaq sahəsi ilə birlikdə mərhum əri X4 satmış, onun və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş xx.xx.1995-ci il tarixli ərizəsinə əsasən sözü gedən bağ sahəsi ərinin adına keçmişdir. Əri X9 xx.xx.1996-cı il tarixdə ölmüşdür. Sonuncunun ölümündən sonra qeyd edilən torpaq sahəsi 0,25 ha ölçüdə onun və ailə üzvlərinin istifadəsində olmuş və bu torpaq sahəsinə dair vergilər tərəflərindən ödənilmişdir. 2002-ci ildə bağ sahəsinin adına keçirilməsi ilə bağlı Bağlar İdarəsinə müraciət edərkən ona bildirilmişdir ki, guya bağ torpaq sahəsinin ölçüsünün o dövrdəki norması nəzərə alınaraq mərhum ərinin adına keçmiş 0,25 ha torpaq sahəsinin yalnız 0,12 ha-dan ibarət hissəsi (ev yerləşən hissə) onun adına keçərək, onunla xx.xx.1996-cı il tarixli icarə müqaviləsi bağlanmış, qalan hissə isə boş torpaq sahəsi kimi saxlanılaraq, gələcəkdə digər bir ailə üzvünün adına rəsmiləşdirilə bilər. Bundan sonra, o da onlara inanaraq mərhum ərinin adına olan sözügedən torpaq sahəsinin onun adına keçirilərək həmin sahayə dair (0,12 ha) xx.xx.2002-ci il tarixli, 11610 saylı icarə müqaviləsi bağlanılmasına razılıq verilmişdir. Daha sonra, torpağın qalan hissəsinin digər ailə üzvünün adına rəsmiləşdirilməsi ilə bağlı dəfələrlə müraciətlər etməsinə baxmayaraq, Bağlar İdarəsi tərəfindən müxtəlif bəhanələr gətirilərək işin həll edilməsi yubadılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən Yerli İcra Hakimiyyətləri orqanları, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan X15 ləğv edilərək, onların arxivləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bundan sonra, faktiki istifadələrində qalmış torpaq sahəsinin sənədləşdirilməsi, bu sənədləşməni aparacaq təşkilatın ləğvi ilə əlaqədar qeyri-mümkün olmuş, bu səbəbdən də ona ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2012-ci il tarixdə yalnız 0,12 ha torpaq sahəsinə dair adına planölçü sənədi hazırlanmış va bu sahə üzərində mülkiyyət hüququ qeydə alınaraq, ona çıxarış verilmişdir. Sözügedən torpaq sahəsinin 0,12 ha-dan ibarət hissəsi onların adına mülkiyyət hüququ ilə rəsmiləşdirilərək həmin torpaq sahəsi bütövlükdə, yəni 0,25 ha ibarət hissədə onların faktiki olaraq mülkiyyətlərində olmaqla, həmin sahə hasarın içərisindədir və tərəflərindən bu sahəyə görə 0,25 ha torpaq sahəsinə torpaq vergisi ödənilir. O, icarə hüququ ilə ailələrinə məxsus olan 0,25 ha torpaq sahəsinin qalan hissəsinin vərəsəlik qaydasında adına keçirilməsinə ümid edərək, Bakı şəhər 53 saylı Notariat ofisinə müraciət etmiş və həmin hissəyə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. DƏRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya əsasən Notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubla tanış olarkən ona bəlli olmuşdur ki, guya mərhum əri Mirzə İsmayılovun ərizəsinə əsasən 0,25 ha-dan ibarət 1314 saylı bağ sahəsinin 0,12 ha hissəsi onun adına keçmiş, qalan hissəsi Bağlar İdarəsinin boş balansında saxlanmışdır. Mərhum əri heç vaxt belə bir ərizə verməmiş və belə bir ərizə verməsi barədə sağlığında da ona heç nə deməmişdir. Belə ki, sözügedən bağ sahəsinin əvvəlki icarədarı ailə üzvləri ilə birlikdə icarə hüququ ilə ona məxsus olan 0,25 ha torpaq sahəsinin ərinin adına keçirilməsinə notarial qaydada təsdiq edilmiş ərizə ilə razılıq vermiş və onların sərbəst iradə ifadəsinə uyğun olaraq həmin sahə ərinin adına 0,25 ha ölçüdə keçmişdir. Eləcə də, bu torpaq sahəsində yerləşən bağ evinin dəyəri ödənilməklə onların mülkiyyətinə keçdiyini nəzərə alsalar, onda onun yerləşdiyi torpaq sahəsinin əvvəlki mülkiyyətçiyə məxsus ölçüdə onlara keçməsi tamamilə qanunidir. Digər tərəfdən, 1988- 1996-cı illər ərzində vətəndaşlara icarəyə verilən bağ sahələrinin norması (ölçüsü) barədə məlumat təqdim edilməsinə dair Reyestr Xidmətinə verilmiş vəkil sorğusuna alınmış xx.xx.2021-ci il tarixli cavab məktubundan da görünür ki, bağ sahəsinin ölçüsü bağ sahəsinin verilməsinə dair vətəndaşlarla bağlanmış müqavilələr əsasında müəyyən edilir. Belə olan halda hesab edir ki, sözügedən bağ sahəsi əvvəlki icarədarın müqaviləsi üzrə icarəsində olmuş 0,25 ha ölçüdə mərhum ərinin icarəsinə verilməli və onunla bu ölçüyə dair icarə müqaviləsi bağlanmalı idi. Digər tərəfdən, sözügedən bağ sahəsi (0.25 ha) 314 saylı bağ sahəsi olmuş və 314 saylı bağ sahəsinin ölçüsü 0.25 hadan ibarət olmuşdur. Həmin icarə sahəsinin yerdə qalan hissəsinə (0.13 ha) 314 a sıra sayı verilməsinə və bu sahənin Bağlar İdarəsinin boş balansında saxlanılmasına dair hər hansı məlumat Reyestr Xidmətinin arxiv bazasında da müəyyən olunmamışdır. Deməli, hazırda mübahisələndirilən bağ sahəsi 314 saylı bağ sahəsi olmaqla, onun ölçüsü 0.25 ha ölçüdən ibarət olmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, Reyestr Xidməti ona torpaq sahəsi və üzərindəki tikililərlə birlikdə vahid Çıxarış verərkən yuxarıda qeyd edilən halları nəzərə almamış, onun 0.25 ha torpaq sahəsi əvəzinə 0.12 ha torpaq sahəsi və üzərində inşa edilmiş bağ evi ilə birlikdə mülkiyyət hüququnu xx.xx.2012-ci il tarixdə qeydə alaraq adına dövlət reyestrindən Çıxarış verməkdə haqlı olmamışdır. İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2016-cı il və ********** nömrəli, xx.xx.2022-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,25 ha-dan ibarət olan 1314 saylı bağ sahəsinin icarədarı X13 xx.xx.1995-ci il tarixdə notarial qaydada qeyd olunan bağ sahəsinin iddiaçının mərhum əri X3 adına keçməsinə razılıq vermişdir. Həmçinin, arxiv əsaslarında X3 bağ sahəsinin 0.12 ha hissəsini ev ilə birlikdə onun adına keçirilməsinə dair xx.xx.1995-ci il tarixli ərizəsi də vardır. Qeyd olunan ərizəyə əsasən keçmiş X5 və İstismarı Birliyi ilə İcarədarın adına olan 0.25 ha-dan ibarət olan 1314 saylı bağ sahəsinin 0.12 ha hissəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 01 saylı protokolu ilə X3 adına keçmiş, daha sonra İddiaçı adına qeydiyyatdan keçmiş, hal-hazırda iddiaçının mülkiyyətindədir. Yerdə qalan 0,13 ha hissəsi ilə bağlı arxiv əsaslarında heç bir məlumat aşkar olunmamışdır. Qeyd olunan bağ sahəsinin 0,12 ha hissəsi boş bağlar balansına keçirilmişdir. Göstərilən bağ sahəsinin hansı bağ sahəsinə aid olub - olmaması barədə elektron bazada məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********60 nömrəli, xx.xx.2016-cı il və **********45 nömrəli, xx.xx.2022- ci il tarixli cavab məktubları ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-9808/2022 saylı qərarı ilə (hakim N.Abıyev) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha-dan ibarət 1314 “a” saylı bağ torpaq sahəsi üzərində İddiaçı əri mərhum X2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv edilməlidir. Məhkəmə tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, cavabdeh tərəfindən qeyd edilmiş hallar qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən etirazla Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-9808/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-9808/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha-dan ibarət 1314 “a” saylı bağ torpaq sahəsi üzərində iddiaçının əri mərhum X2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “qeyd olunan bağ sahəsinin 0,12 ha hissəsi boş bağlar balansına keçirilməsi, göstərilən bağ sahəsinin hansı bağ sahəsinə aid olub-olmaması barədə elektron bazada məlumatın olmaması” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən bağ torpaq sahəsinin aid olduğu Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində 0,25 ha torpaq sahəsi olan 437 (keçmiş bağ nömrəsi) saylı bağ sahəsi ilkin olaraq xx.xx.1965-ci il tarixli müqavilə ilə Məmmədəli Abdullayevin icarəsinə verilmiş, sonradan onunla bağlanmış müqavilənin müddəti 1981-ci il tarixədək uzadılmış və bağ sahəsinin nömrəsi 437/1314 kimi qeyd edilmişdir. X1 ölümü ilə əlaqədar Bilgəh bağ massivində 0,25 ha torpaq sahəsi olan 1314 saylı bağ sahəsinə dair onun arvadı X14 ilə bağın icarəyə verilməsinə dair xx.xx.1988-ci il tarixli müqavilə bağlanmışdır. X7 0,25 ha torpaq sahəsi olan 1314 saylı bağ sahəsinin X11 adına keçirilməsi barədə ərizəsinə əsasən həmin bağ sahəsinin 0,12 ha hissəsinin bağ evi ilə birlikdə X11 icarəsinə verilməsinə dair xx.xx.1996-cı il tarixli müqavilə bağlanmış və həmin tarixdən 0,25 ha torpaq sahəsi olan 1314 saylı bağ sahəsi evlə birlikdə bütöv şəkildə X11 ailəsi ilə birlikdə istifadəsinə verilmişdir. Sənəd üzrə sözügedən bağ sahəsinin yerdə qalan 0,12 ha torpaq sahəsinin keçmiş X5 və İstismarı Birliyi idarəsinin boş balansına keçirildiyi qeyd olunmuşdur. X2 ölümündən sonra arvadı İddiaçı ərizəsi əsasında onunla BTİİB arasında sözügedən bağ sahəsinin (0,12 ha) icarəyə verilməsinə dair xx.xx.2002-ci il tarixli müqavilə bağlanmış, xx.xx.2012- ci il tarixdə həmin bağ sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqları Daşınmaz Əmlakın dövlət reyestrində 0,12 ha olmaqla 1314 saylı bağ sahəsi kimi qeydiyyata alınmış və hazırda sonuncunun mülkiyyətindədir. Göründüyü kimi, iddiaçının mərhum ərinə qanuni əsaslarla verilmiş mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı və “Torpaq islahatı haqqında” Qanunun tələbləri baxımından onun mülkiyyəti sayılır ki, cavabdeh qanunla üzərinə qoyulmuş vəzifələri yerinə yetirərək onun hüquqlarının dövlət qeydiyyatını həyata keçirməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan X15 ləğv edilməklə, ləğv olunan X15nin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alındığından, ləğv olunmuş bağ təsərrüfatı idarəsi ilə hazırda mübahisəli torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanmasının mümkünsüz olduğunu, 0,25 ha dan ibarət bağ torpaq sahəsinin 0,12 ha hissəsinin (ev olan hissə) 1314 nömrə ilə xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını, mübahisəli 0,12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış həmin torpaq sahəsinin ayrılmaz hissəsi olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan torpaq sahəsinin 0,12 ha-dan ibarət hissəsi rəsmi sənədlərdə, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarında müəyyən olunmuş 1314 “a” nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmalıdır. İddiaçının mərhum ərinin hüquqlarının dövlət qeydiyyatı ilə bağlı cavabdehin imtinası ilə razılaşmayan birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan olaraq “İnzibati icraat haqqında" Qanunun tələbləri baxımından üzərinə qoyulmuş vəzifələrini icra etməyərək, mübahisəli torpaq sahəsinin 1965-ci ildən qanuni əsaslarla 0,25 ha olmaqla vahid bağ torpaq sahəsi kimi ayrıldığını, daha sonra həmin bağ sahəsinin 1996-cı ildə iddiaçının mərhum ərinin adına 0,12 ha kimi rəsmiləşdirilsə də, 0,25 ha-dan ibarət bağ torpaq sahəsinin vahid şəkildə sonuncunun istifadəsinə verildiyini, hazırda hüquqların qeydiyyatı tələb olunan torpaq sahəsinin 1965-ci ildən inşa olunmuş hasar daxilində yerləşməklə və iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan məhz həmin bağ sahəsinin tərkibində olmaqla 1996-cı ildən istifadələrində, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2563/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən isə halhazırda da İddiaçı qanuni sahibliyində olmasını nəzərə almamış və qeyd olunan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamı ilə ləğv edilmiş Bağlar İdarəsinin boş balansına keçirildiyini bildirməklə hüquqların dövlət qeydiyyatından imtina etmiş və bununla iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddianın mahiyyəti ilə bağlı aşağıda qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan X15 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. - 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X15nin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan X15 ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Apellyasiya şikayətinin “Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,25 hadan ibarət olan 1314 saylı bağ sahəsinin icarədarı X13 xx.xx.1995-ci il tarixdə notarial qaydada qeyd olunan bağ sahəsinin iddiaçının mərhum əri X3 adına keçməsinə razılıq verməsi, həmçinin arxiv əsaslarında X3 bağ sahəsinin 0.12 ha hissəsini ev ilə birlikdə onun adına keçirilməsinə dair xx.xx.1995-ci il tarixli ərizəsinin olması, qeyd olunan ərizəyə əsasən keçmiş X5 və İstismarı Birliyi ilə icarədarın adına olan 0.25 ha-dan ibarət olan 1314 saylı bağ sahəsinin 0.12 ha hissəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 01 saylı protokolu ilə X3 adına keçməsi, daha sonra İddiaçı adına qeydiyyatdan keçməsi, hal-hazırda iddiaçının mülkiyyətində olması, yerdə qalan 0,13 ha hissəsi ilə bağlı arxiv əsaslarında heç bir məlumatın aşkar olunmaması, qeyd olunan bağ sahəsinin 0,12 ha hissəsinin boş bağlar balansına keçirilməsi, göstərilən bağ sahəsinin hansı bağ sahəsinə aid olub-olmaması barədə elektron bazada məlumatın olmaması” dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan olaraq “İnzibati icraat haqqında" Qanunun tələbləri baxımından üzərinə qoyulmuş vəzifələrini icra etməyərək, mübahisəli torpaq sahəsinin 1965-ci ildən qanuni əsaslarla 0,25 ha olmaqla vahid bağ torpaq sahəsi kimi ayrıldığını, daha sonra həmin bağ sahəsinin 1996-cı ildə iddiaçının mərhum ərinin adına 0,12 ha kimi rəsmiləşdirilsə də, 0,25 ha-dan ibarət bağ torpaq sahəsinin vahid şəkildə sonuncunun istifadəsinə verildiyini, hazırda hüquqların qeydiyyatı tələb olunan torpaq sahəsinin 1965-ci ildən inşa olunmuş hasar daxilində yerləşməklə və iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan məhz həmin bağ sahəsinin tərkibində olmaqla 1996-cı ildən istifadələrində, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2563/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən isə halhazırda da İddiaçı qanuni sahibliyində olmasını nəzərə almamış və qeyd olunan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə ləğv edilmiş Bağlar İdarəsinin boş balansına keçirildiyini bildirməklə hüquqların dövlət qeydiyyatından imtina etmiş və bununla iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7210/2021 saylı iş üzrə çıxartdığı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X12 cavabdeh İddiaçı (hazırki iş üzrə iddiaçı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 “a” saylı torpaq sahəsindən istifadənin həyata keçirilməsinə mane olan cavabdehin yol verdiyi pozuntuya son verilməsi, yəni, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 “a” saylı torpaq sahəsi və 1315 “a” saylı torpaq sahələri arasında olan, ümumi istifadədə olmalı olan yolun mənimsənilməsinə son qoyulması, cavabdeh tərəfindən özbaşına tikilmiş hasarın, qapının (darvazanın), su çəninin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1415/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-944/2020 saylı iş üzrə çıxartdığı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2563/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7210/2021 saylı iş üzrə çıxartdığı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1415/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməklə, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə işin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2563/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, “...mübahisəli sahənin (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 “a” saylı bağ torpaq sahəsi) İddiaçı sahibliyində olması işin mübahisəsiz halıdır”. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan bağ sahəsinin iddiaçının mərhum ərinə məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1314 “a” saylı bağ sahəsi üzərində hüquqlarının olması öz təsdiqi tapdığından, həmin bağ sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-9808/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar