Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1423/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9223/2023 saylı 02 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2023cü il tarixli məktubunun məzmunundan görünür ki, Nazirliyin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən ehtiyatda olan baş leytenant İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Azrbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, Müdafiə Nazirinin xx.xx.2013-cü il tarixli müvafiq əmrinə əsasən “xəstəliyə görə” həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinə göndərilmişdir. İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsi barədə xx.xx.2023-cü il tarixli 5-10/1-İ-31068/2023 saylı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 13 aprel 2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli № İPK № 024-05 saylı kredit müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün iddiaçıya Fondun vəsaiti hesabına 33000 manat məbləğində güzəştli ipoteka krediti verilmiş, lakin kredit üzrə öhdəliklər xx.xx.2021-ci il tarixində № İPK № 540-05 saylı öhdəliklərin verilməsi müqaviləsinə əsasən X1 ötürülmüşdür. İddiaçının adına daşınmaz əmlak (mənzil) mövcud olmuş, lakin özgəninkiləşdirilmişdir. Özgəninkiləşdirmə faktı isə mənzil şəraitinin süni pisləşdirilməsi kimi qiymətləndirilir. Qanunvericilik belə halların baş verdiyi gündən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməsini nəzərdə tutur. 5 il keçmədiyi təqdirdə vətəndaşların mənzil növbəsinə götürülməsi qadağandır. Bu imtinadan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “mənzil növbəsinə götürülmə və kirayə pulunun ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, iddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, cavabdeh idarə kifayət qədər əsaslı səbəb göstərmədən Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinə istinad edərək 13 aprel 2023-cü il tarixli məktubu ilə imtina etmişdir. Belə ki, iddiaçı 1999-cu il tarixdən ordu sıralarında xidmətdədir, xx.xx.2002-ci il tarixdən Heydər Əliyev adına Azərbaycan Ali hərbi məktəbə kursant kimi daxil olmuşdur. xx.xx.2013-cü il tarixli 0578 saylı Müdafiə nazirinin əmrinə əsasən səhhətində olan problemlərə görə ordu sıralarından ehtiyata buraxılmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsinə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsi barədə xx.xx.2023-cü il tarixli 5-10/1-İ-31068/2023 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçının Rayon İcra Hakimiyyətinə təqdim etdiyi sənədlərdən (adına daşınmaz əmlakın olubolmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim etdiyi **********12 saylı xx.xx.2022-ci il tarixli arayışdan) müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Natiq Həşimi küçəsi, 7 saylı binanın 30-cu mənzili xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş, lakin Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu H.Z.Hacıyev tərəfindən təsdiq edilmiş 4Ə-2972 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Həmçinin, təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli № İPK № 024-05 saylı kredit müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün iddiaçıya Fondun vəsaiti hesabına 33000 manat məbləğində güzəştli ipoteka krediti verilmiş, lakin kredit üzrə öhdəliklər xx.xx.2021-ci il tarixində № İPK № 540-05 saylı öhdəliklərin verilməsi müqaviləsinə əsasən X1 ötürülmüşdür. İddiaçının adına daşınmaz əmlak (mənzil) mövcud olmuş, lakin özgəninkiləşdirilmişdir. Özgəninkiləşdirmə faktı isə mənzil şəraitinin süni pisləşdirilməsi kimi qiymətləndirilir. Qanunvericilik belə halların baş verdiyi gündən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməsini nəzərdə tutur. 5 il keçmədiyi təqdirdə vətəndaşların mənzil növbəsinə götürülməsi qadağandır. Vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmələri ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət etdikdə belə halları (mənzil şəraitinin süni pisləşdirilməsi hallarını) aşkarlamaqdan ötrü ilk olaraq onlardan adlarına Azərbaycan Respublikası üzrə keçmiş və hazırki dövr üzrə daşınmaz əmlakın olub-olmaması barədə arayışın təqdim olunması xahiş olunur. Hesab edilir ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış, Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya qanunvericiliyin tələbləri izah olunmuşdur, iddiaçı hüquqlarının pozulmasını əsaslandıra bilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9223/2023 saylı 02 noyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mənzil Məcəlləsi yaşayış sahəsinə ehtiyacı olan şəxsləri ən azı 5 ildən çox olmayaraq yaşayış sahəsinə ehtiyacı olduqda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə biləcəyini təsbit etsə də, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsi, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları istisna olaraq ilk növbədə və 6 ay keçənədək mənzillə təmin olunmalı şəxslərin siyahısına əlavə etmişdir. Məhkəmə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsi, ev 7 ünvanında yerləşən 30 saylı mənzilin xx.xx.2012-ci il tarixdə onun adına qeydiyyatdan keçməsini, lakin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilməsini iddianı rədd etmək üçün əsas hesab etsə də, mənzilin ipoteka ilə yüklü olmasını və Ordu Sıralarından xəstəliklə tərxis olunan hərbi qulluqçunun əmək haqqı almaqdan və əmək qabiliyyətinin olmaması nəticəsində uzun müddət başqa işlərlə məşğul olmaqdan məhrum olması hallarını nəzərə almamışdır. İddiaçı xəstəliklə Ordu Sıralarından tərxis olunduqdan sonra onun yüksək gəliri olmadığından, xəstəliyi ilə bağlı əmək qabiliyyəti zəif olduğundan ipoteka ödənişi ödəmək imkanı olmadığından Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsi, ev 7 ünvanında yerləşən 30 saylı mənzili girov saxlayanla razılaşmaqla başqa şəxsin mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş sübutlardan da göründüyü kimi, onun və ailə üzvlərinin mülkiyyətində hər hansı mənzil və ya torpaq sahəsi yoxdur. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin imtina məktubu xx.xx.2023-cü il tarixlidir, iddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir ki, bununla da inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmiş müddət çərçivəsində iddia qaldırdığı üçün iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı tələbi “onun mənzil növbəsinə götürülməsi və ona xx.xx.2023-cü il tarixdən başlayaraq müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi inzibati icraatda araşdırma zamanı iddiaçının adına olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsi, ev 7 ünvanında yerləşən 30 saylı mənzilin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilməsinin onun ailə vəziyyəti və maddi çətinliklə əlaqədar olmasına dair hər hansı tutarlı dəlil təqdim etmədiyinə istinad edərək iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin bəndin 3-cü abzasına görə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Göründüyü kimi, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndində üçüncü abazasında müəyyən edilmiş müddətlərdə və qaydada ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi almaq hüquqlarını eyni dərəcədə tanımaqla yanaşı, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi ilə ilk növbədə təmin edilməsi tələbini təsbit edir. Lakin məhkəmə kollegiyası hazırda iddiaçının mənzil növbəsinə götürülməsi üçün yalnız yuxarıda qeyd olunan normaya istinad olunmasını yetərli saymır və aşağıda sadalanan maddi hüquq normalarının məzmununu da diqqətə çəkir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-ci maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5- ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6-ci maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mənzil Məcəlləsinin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1.3 -ci maddəsinə əsasən Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının adına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsi, ev 7 ünvanında yerləşən 30 saylı mənzil xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmiş, lakin Bakı şəhər 12 saylı notariat ofisinin xüsusi notariusu H.Z.Hacıyev tərəfindən təsdiq edilmiş 4Ə- 2972 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı adına respublikanın digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli № İPK№024-05 saylı kredit müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün ona Fondun vəsaiti hesabına 33000 manat məbləğində güzəştli ipoteka krediti verilmişdir. Həmin kredit üzrə öhdəliklər xx.xx.2021-ci il tarixində № İPK№ 540-05 saylı öhdəliklərin verilməsi müqaviləsinə əsasən X1 ötürülmüşdür. Hal-hazırda adına aktiv ipoteka krediti mövcud deyildir. Bununla da müəyyən olunur ki, iddiaçı yuxarıda qeyd olunan ünvanda yerləşən mənzili xx.xx.2021-ci il tarixdə özgəninkiləşdirdikdən 2 il keçməmiş hazırkı iddiada olan tələbi əks etdirən xahişlə cavabdehə, sonra isə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mənzil Məcəlləsinin 52-ci maddəsinin tələbləri baxımından apellyasiya instansiyasında araşdırma aparılarkən iddiaçı tərəf özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilməmiş, həmçinin yaşayış sahəsinin satılmasını ailə vəziyyəti və maddi çətinliklə əlaqələndirsə də, bununla bağlı hər hansı tutarlı dəlil və sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9223/2023 saylı 02 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9223/2023 saylı 02 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X7 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1423/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1423/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver