Məhkəmə qərarları › İş №2-1(103)-1423/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1423/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1423/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «yaşayış yeri üzrə qeydiyyata alınma») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12663/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, ünvan 1 ünvanına dair “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hər hansı sənəd təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının həmin ünvana qeydiyyata almaq mümkün deyildir. İddiaçıya aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək tövsiyyə edilmişdir.

2. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən o, ünvan 2 ünvanında qeydiyyatdadır.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 1 ünvanının qeydə alınmasına dair sənəd aşkar edilməmişdir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirlmişdir ki, ünvan 1 üvanında qeydiyyatda olan şəxs aşkar edilməmişdir.

5. 66 saylı MKİS-in 1534 saylı, xx.xx.2024-cü il tarixli arayışında iddiaçının ünvan 1 ünvanında yaşadığı qeyd olunmuşdur.

6. İş materiallarına ünvan 1 ünvana dair iddiaçı tərəfindən edilmiş kommunal ödənişlərə dair sənədlərin surətləri əlavə edilmişdir

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının sahibliyindədir. İddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Ev kommunal cəhətdən təchiz olunmuşdur. İddiaçı tərəfindən bütün kommunal ödənişlər həyata keçirilir. İddiaçı evə qeydiyyata alınmasına dair cavabdehə müraciət etsə də, ona imtina cavabı verilmişdir. Cavabdehin imtinası formal əsaslara söykənməklə tamamilə qanunsuzdur.

9. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilməmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12663/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçını yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Belə ki, cavabdeh yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində təsbit olunan hallarda iddiaçını yeni yaşayış yeri üzrə qeydiyyata almaq səlahiyyətinə malikdir. Həmin maddədə göstərilən sənədlər isə ididaçı tərəfindən təqdim edilməmişdir

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12663/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil edir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

18. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1-öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

23. Həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

24. Məhkəmə kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.

25. Belə ki, hazırkı halda vətəndaş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də cavabdehə təqdim etməlidir.(Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

26. Odur ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi, habelə yaşayış sahəsi verən şəxsin ərizəsini iddiaçı təqdim etmədiyindən, cavabdeh Bakı şəhəri Xətai RPİ-nin iddiaçının həmin evə qeydiyyata alınması üzrə müraciəti ilə bağlı hərəkətləri və ya imtinası qanuna zidd sayıla bilməz.

27. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil edir.

28. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının 20 ildən artıq həmin evdə yaşaması özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etməsi (“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi və İnsan Hüquqları Avropa Məhkəməsinin presedentləri baxımından özbaşına tikilinin “mülkiyyət” anlamında qəbul edilməsi nəzərə alınaraq) kimi qiymətləndirilərək özbaşına tikiliyə qeydiyyata alınmasına əsas ola bilməz.

29. Belə ki, hazırkı inzibati icraatda iddiaçının mübahisəli evə hüquqlarının yaranıbyaranmamasına deyil, cavabdeh inzibati orqanın (cavabdeh Bakı şəhəri Xətai RPİnin) iddiaçının həmin evə qeydiyyata alınması müraciəti üzrə tətbiq olunmalı maddi hüquq normalarının pozuntusuna yol verilib-verilmədiyinə hüquqi qiymət verilməlidir.

30. Bu maddi hüquq norması isə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində təsbit edilmişdir.

31. Məhkəmə Kollegiyası vurğulayır ki, iddiaçı yaşadığı mübahisəli evə dair Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə uyğun olaraq order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi, habelə yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etmədiyindən, cavabdeh Bakı şəhəri Xətai RPİ-nin iddiaçının həmin evə qeydiyyata alınması üzrə müraciəti ilə bağlı hərəkətləri və ya imtinası qanuna («Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə) zidd sayıla bilməz.

32. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12663/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12663/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar