Məhkəmə qərarları › İş №2-1(103)-1424/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1424/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1424/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7006/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.1990-cı ildən xx.xx.2005-ci ilə qədər işlədiyi dövrü güzəştli iş stajına daxil etməklə 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla xx.xx.1979-cu ildə Azərbaycan SSR Qazax rayonu, “İskra” üzümçülük sovxozunda fəhlə vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1980-ci ildə sovet ordusu sıralarına çağırıldığından tutuduğu vəzifədən azad olunmuşdur. 2 il sovet ordusundan xidmət etmişdir. Ordudan tərxis ediləndən sonra, yəni xx.xx.1983-cü ildən xx.xx.2005-ci il tarixədək Sumqayıt Superfosfat Zavodunda müxtəlif vəzifələrdə və zərərli sexlərdə, o cümlədən ftorlualiminium, superfosfat, sulfat turşusu sexlərində aparatçı, elektrik çilingəri, usta, baş usta, böyük usta, sex rəisinin müavini, sex rəisi vəzifələrində çalışmışdır. xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək "xxxx" MMCdə elektrik quraşdırıcı vəzifəsində işləmişdir. xx.xx.2010cu il tarixdən xx.xx.2015-ci ilədək "xxxx" MMC-də elektrik mühəndisi vəzifəsində işləmişdir. 09 mart 2021-ci il tarixdə İddiaçı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərə əsasən pensiyaya çıxmaqla bağlı ərizə ilə müraciət etmişdir. Güzəştli şərtlərlə pensiya təyinatından imtina (xx.xx.2021-ci il tarixli məktuba əsasən) iddiaçının fərdi hesabın yığım hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə əsaslandırılmışdır. Fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 54600 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının cəmi 29826,29 manat olduğundan güzəştli 27 aprel 2021-ci ildə cavabdeh orqan İddiaçı güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir. Cavabdeh orqan iddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tam və hərtərəfli araşdırmadan ümumi sözlərlə imtina vermişdir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil edildiyi 2008-ci ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər — 57 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Daha sonra İddiaçı oğlu məhkəmənin dəftərxanası vasitəsilə yazılı ərizə ünvanlayaraq iddia tələbinin “52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” kimi qəbul olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi “52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” kimi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7006/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 57 yaşdan təyin edilməsi üçün ümumi stajı qanunla müəyyən edilmiş həddən aşağıdır. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 25 ildən az (23 il 9 ay 13 gün) təşkil edir. Məhkəmə iddiaçının ümumi stajı 2006- cı il 1 yanvar tarixinə qədər 25 ildən az olduğu üçün ona iddiasını təklif etmiş və dəyişdirilmiş iddia əsasında 52 yaşdan pensiya təyin edilməsi barədə qərar qəbul etmişdir. Halbuki 52 yaşdan pensiya təyin olunması üçün onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıya uyğun gəlməlidir. İddiaçının işlədiyi peşələr sözügedən siyahıya uyğun gəlmir. Bundan əlavə iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlarda da 1 nömrəli siyahıya istinad edilmir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı onun əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 29072,75 manat təşkil edir. Həmçinin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 40107,63 manat təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçının tələbi 52 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İnzibati orqanın apellyasiya şikayətindəki dəlillərin əsasını iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıya uyğun olmaması və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının qanunvericiliklə müəyyən edilmiş həddə olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi təşkil edir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir; 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, xx.xx.2006cı ilədək əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını bildirən iddiaçının 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il olmalı; 2) ümumi iş stajı minimum 20 il olmalı; 3) xüsusi və ümumi iş stajları xx.xx.2006-cı il tarixədək mövcud olmalı. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 52 yaşı xx.xx.2014-cü ildə tamamlanmışdır. İddiaçının əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixə ən azı 20 il ümumi stajının olması işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçının 23 il 9 ay 13 gün ümumi stajını mübahisələndirmir. İşin mübahisəli halı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıya uyğun peşələrdə iddiaçının azı 10 il stajının olmaması ilə bağlıdır. İş materiallarında olan “Sumqayıt superfostat” zavodu tərəfindən verilmiş arxiv arayışına və iddiaçının əmək kitabçasına əsasən, iddiaçı həmin zavodda ftorlu alüminium sexində (xx.xx.1983-xx.xx.1985-ci illərdə), sadə superfosfat sexində çilingər, NÖC və A sexində superfosfat sahəsi üzrə elektro çilingər, superfosfat və ftorlu alüminium sahələri üzrə usta, baş usta, böyük usta, sex rəisi və rəis müavini vəzifələrində (xx.xx.1985xx.xx.1998) işləmişdir. Həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının sorğularına cavab olaraq "xxxx" ASC tərəfindən bildirilmişdir ki, İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi haqqında 1№-li və yaxud 2№-li siyahı üzrə və eləcədə əmək haqqı arayışları hələ 2017-ci ilin Avqust ayından etibarən Azərbaycan Respublikası Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (İş № 2-1 (85)- 3211/2017, 22 Avqust 2017-ci il), Azərbaycan Respublikası Sumqayıt Apeliyasiya Məhkəməsinə (İş № 2-1 (205)- 874/2018 06 Fevral 2018-ci il), Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (№ 2(102)-4138/2018 05 İyun 2018-ci il), Azərbaycan Respublikası Sumqayıt Apeliyasiya Məhkəməsinə (İş №2-l(205)-2997/2018 04 Oktyabr 2018-ci il) və Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki Kollegiyasına ( İş № 2(102) - 544/2019 21 Fevral 2019-cu il) təqdim olunmuşdur. Bildirilmişdir ki, müəssisənin inzibati binasında altı aydan çoxdur ki, əsaslı təmir işləri aparidığından arxiv sənədlərinin qarışıq yığılması səbəbindən yeni arayışların verilməsi çətinliklər yaratmışdır. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla məhkəmə aktları təqdim edilmişdir. Təqdim edilmiş məhkəmə aktları ilə müəyyən olunur ki, iddiaçı 2017-ci ildə "xxxx" zavoduna qarşı 1№-li güzəştli pensiya arayışının düzgün verilməməsi və yeni arayışın verilməsi ilə bağlı iddialar qaldırmış, tərəflər arasında uzun sürən məhkəmə mübahisələri olmuş və yekun məhkəmə aktına əsasən, iş mülki qaydada məhkəmədə baxılmaması əsası ilə icraata xitam verilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı aşağıdakı arayışlar verilmişdir: - xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixinədək Kimya sənayesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№-li siyahısının Vİİİ bölməsinin 1-ci bəndində göstərilmiş istehsalatlara uyğun olaraq ftorlu alüminium sexində aparatçı, təmirçi-çilingər vəzifəsində işləmiş; - xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixinədək Kimya sənayesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№-li siyahısının Vİİİ bölməsinin 1-ci bəndində göstərilmiş istehsalatlara uyğun olaraq sadə superfosfat sexində təmirçi-çilingər vəzifəsində işləmiş; - xx.xx.1986-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Kimya sənayesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2№-li siyahısının X bölməsinin (Kimya istehsalatı) 1-ci bəndində göstərilmiş istehsalatlara uyğun olaraq nəzarət ölçüsü və avtomatika sexində (SS, FAS, STS, DSS) elektrik çilingəri, usta, baş usta, böyük usta işləmiş, həmin dövrdə xx.xx.1994- xx.xx.1995ci il tarixədək 1 il, 3 ay, 21 gün; xx.xx.1995-xx.xx.1998-ci il tarixədək 2 il 6 ay, cəmi 3 il 9 ay 21 gün ödənişsiz məzuniyyətdə olub (həmin arayış xx.xx.2015-ci il tarixdə verilib). İddiaçının “Sumqayıt superfostat” zavodunda işlədiyi xx.xx.1983-xx.xx.1986-cı illərdə cəmi 3 il 2 ay 5 günlük dövr üçün işəgötürən 1№-li siyahının Vİİİ bölməsinin (Kimya istehsalatı) 1-ci bəndində göstərilmiş istehsalatlara uyğun arayış təqdim etmiş, xx.xx.1986cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrdə ödənilməyən məzuniyyətdə olduğu dövr nəzərə alınmasa, bir halda 2№-li siyahısının X bölməsinin (Kimya istehsalatı) 1-ci bəndində, digər halda XVİİİ bölməsinin (Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı) 1-ci bəndində göstərilmiş istehsalatlara uyğun 7 il 9 ay 9 gün zərərli iş şəraitində işlədiyi göstərilmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı (bundan sonra 1 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Beləliklə, iddiaçı “Sumqayıt superfostat” zavodunda işlədiyi bütün dövrün 1080A010 koduna əsasən (fosfor, fosfor turşuları, onların törəmələri; bütün siniflərin freonları; frigitlər; ftor, onun birləşmələri; ftorxlor üzvü birləşmələr; kimyəvi preparatlar: rezin, kauçuk, kənd təsərrüfatı, bağçılıq, tibbi preparatlar, benzinlər, sürtkü yağı, toz ilə mübarizədə transformator yağı, flotoreagentlər, plastik kütlələr, süni liflər, rəngli, ağ-qara rəngli kinofoto lenti üçün, kino foto sənayesi üçün kağız; bitkilərin, zəhərlərin, qorxudan vasitələr, kimyəvi maddələr, onların əsasında alınan preparatlar; kimya uducular; xlor, onun birləşmələri; xlorvinil, onun polimerləri; polimer kimiləri; sellozolvlar; sian, rodan birləşmələri; sianatlar, diizosianatlar, onların törəmələri; ekstralin; element üzvi birləşmələr; emallar, qiymətli metallardan preparatlar; piy qarışıqlarının həlməşik məhlulları, onların yumşaldıcıları, etil mayesi; zəhərli kimyəvi preparatlar;) xüsusi zərərli iş şəraitinə uyğun olduğunu iddia edərək ona 1 N-li siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, 2№-li siyahının X bölməsinin (Kimya istehsalı 2110A010) 1-ci bəndi Asfalt, pek materialları, asfaltpek kütlələri və onlardan məmulatlar; bitum və bitum materialları; toxuculuq və sair sənaye sahələri üçün köməkçi maddələr; giltorpaq sahələri, XVİİİ bölməsinin (Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı ********) 1-ci bəndi Xəlitə hazırlanması, bütün növ şüşə, şüşə məmulatları və posasital istehsalı sahələrini əhatə etməklə iddiaçının əmək kitabçasına və arxiv arayışına əsasən, superfosfat; superfosfat və ftorlu alüminium sahələrinə uyğun gəlməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, kimya istehsalı həm 1№-li, həm də 2№-li siyahıda nəzərdə tutulsa belə, zərərli maddələrin təsiri meyarına görə sahələr müvafiq olaraq təsnifləşdirilmişdir. İddiaçının işlədiyi sahələr əmək kitabçasına əsasən, məhz fosfor, fosfor turşuları, onların törəmələri; ftor, onun birləşmələri sahəsinə uyğundur. Eyni zamanda əmək kitabçasına əsasən iddiaçının işlədiyi sahə həmin 1№li siyahıda istisna olunan nəzarətölçü cihazları və ventilyasiya deyil, nəzarət-ölçü cihazları və avtomatika sexində superfosfat və ftorlu alüminium sahələri üzrə olmuşdur. Həmçinin, apellyasiya baxışı zamanı iddiaçı onunla eyni sexdə eyni peşəni icra edən şəxsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyini bildirmiş və müvafiq sənədləri, məhkəmə qərarını təqdim etmişdir. İddiaçı tərəfindən Məhkəmə kollegiyasına təqdim edilən Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı X2 cavabdeh DSMF Sumqayıt şəhər şöbəsinə qarşı 2-1(102)-1597/2017 saylı 18 oktyabr 2017-ci il tarixli Qərarın təsviri hissəsində qeyd edilmişdir ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışa əsasən iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək torflu alüminium sexində elektrik avadanlıqların təmiri və xidməti üzrə elektrik montyoru və nəzarət ölçü cihazları və avtomatika sexində çilingər vəzifəsində işləmişdir.” Həmçinin həmin Qqərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının 18 aprel 1986-cı il tarixdən 02 sentyabr 1996-cı il tarixədək işlədiyi dövr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısının Vİİİ bölməsinin 2090100a- 19861 yarımbəndinə əsasən elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları peşəsində işləmək güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrə aid edilmişdir. Sumqayıt Superfosfat ASC-nin 03 noyabr 2014-cü il tarixli 57.58 və 59 saylı arayışlarına görə iddiaçı 18 aprel 1986-cı il tarixdən 30 noyabr 1989-cu il tarixədək (3 il 7 ay 12 gün), 01 dekabr 1989-cu il tarixdən 28 fevral 1990-cu il tarixədək (3 ay) və 01 mart 1990-cı il tarixdən 02 sentyabr 1996-cı il tarixədək (6 il 6 ay 2 gün) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısının Vİİİ bölməsinin 1-ci bəndində göstərilmiş istehsalatlara uyğun olaraq işləmişdir. Göründüyü kimi, iddiaçının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə sosial sığorta stajı 10 ildən artıq olmuşdur. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş Sumqayıt Bölməsi üzrə X3 göndərilmiş SFZ üzrə xüsusi və zərərli sexlərin, istehsalatların təsdiq edilmiş siyahısından görünür ki, Nəzarət ölçü cihazları və avtomatika sexi 1 N-li siyahıya aid edilmişdir. Bununla yanaşı Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi İlə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahı üzrə xx.xx.2006-cı il tarixə 1080A010 koduna uyğun ən azı 10 il (xx.xx.1983- xx.xx.1986-cı illərdə cəmi 3 il 2 ay 5 gün; xx.xx.1986-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrdə ödənilməyən məzuniyyətdə olduğu dövr nəzərə alınmasa, 7 il 9 ay 9 gün olmaqla) xüsusilə zərərli işlərdə işləməsi təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı Sumqayıt Superfosfat Zavodunda ağır və zərərli sexlərində işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıya uyğun gəlməməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Cavabdehin mövqeyi ilə razılaşmayan Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və iddia edir ki, xx.xx.2006- cı ilədək əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır və tələb olunan şərtləri tam yerinə yetirmişdir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması tələb olunmurdu. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7006/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7006/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar