Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1424/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi ilə, iddiaçı X2 Cavabdehsinə qarşı “medallarla təltif olunma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11801/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi hissə komandanlığının cinayət məsuliyyətinə cəlb edilməsi və oğlu X2 Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının medallar ilə təltif edilməsi haqqında imzaladığı Sərəncamlara uyğun olaraq medallarla təltif olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının medallar ilə təltif edilməsi haqqında imzaladığı Sərəncamlara uyğun olaraq «Füzuli, Cəbrayıl və Laçın rayonlarının azad olunmasına görə» medalı ilə təltif olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11801/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadları ilə iş üzrə İddiaçı əsl iddiaçı X5 ilə əvəz edilmiş, həmçinin iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11801/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11801/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2020-ci ilin sentyabr ayının 29-da könüllü olaraq 2-ci X3tılmış X5 Cavabdeh tərkibində N nəfər şəxsi heyəti ilə birlikdə Füzuli və Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə, sülh müqaviləsi bağlandıqdan sonra xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək N nəfər şəxsi heyəti ilə birlikdə Cəbrayıl rayonun mühafizəsi və müdafiəsində, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 13 nəfər şəxsi heyəti ilə birlikdə Laçın rayonunun mühafizəsi və müdafiəsində iştirak etmişdir. X5 Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0249T №-li 30 dekabr 2020-ci il tarixli əmri ilə “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Füzuli, Xocavən, Cəbrayıl və Laçın rayonlarının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında imzaladığı 1-ci və 2-ci Sərəncamın müddəalarına uyğun olaraq siyahılara adı düşməmiş və heç bir medalla təltif olunmamışdır. xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək onunla birlikdə Laçın rayonunun mühafizəsi və müdafiəsində xidmət etmiş hərbi qulluqçular, həmçinin X2 tağım komandiri olduğu 3-cü tağımın 13 nəfər şəxsi heyətinin adı Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Laçın rayonunun azad olunmasına görə” təltif edilməsi haqqında imzaladığı 2-ci Sərəncamın siyahısına salınmış, lakin tağım komandiri kimi X2 adı bu siyahıya da salınmamışdır. X2 tabeçiliyində olan əsgərlər “Füzuli rayonunun azad olunmasına görə” medalı ilə, “Xocavənd rayonunun azad olunmasına görə” medalı ilə təltif olunmuşlar. Cavabdeh komandanlığının məsuliyyətsizliyi üzündən bu günə kimi imzalanmış “Füzuli, Xocavən, Cəbrayıl və Laçın rayonlarının azad olunmasına görə” sərəncamlara uyğun olaraq X2 adı heç bir siyahıya salınmamışdır. X2 hərbi biletində döyüşdə olduğu rayonlar haqqında məlumatlar qeyd olunmuşdur. Bakı İnzibati Məhkəməsi bu məsələ ilə əlaqədar düzgün qərar çıxartmamışdır. Belə ki, cavabdeh tərəfdən məhkəmə iclasına heç bir cavabdeh şəxs cəlb edilməmişdir. Ona görə də Bakı İnzibati Məhkəməsinin çıxartdığı qərarla razı deyil. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndəsinin) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11801/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 23 sentyabr 1994-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X1” 20-ci bəndinə əsasən həvəsləndirmələr hərbi qulluqçuların tərbiyə edilməsi və hərbi intizamın möhkəmləndirilməsi üçün mühüm vasitədir. Hər bir komandir (rəis) bu Nizamnamə ilə ona verilən hüquqlar çərçivəsində tabeliyində olan hərbi qulluqçuların onların ağlabatan təşəbbüslərinə, səylərinə, rəşadətlərinə və yaxşı xidmət göstəricilərinə görə həvəsləndirməlidir. Komandir (rəis) hiss edirsə ki, ona verilən hüquqlar tabeliyində olan hərbi qulluqçunu həvəsləndirmək üçün kifayət deyil, o, özündən böyük rəisin səlahiyyəti ilə hərbi qulluqçunu həvəsləndirmək barədə vəsatət qaldıra bilər. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli, 223 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın 3-cü maddəsinə əsasən Silahlı Qüvvələrin hərbi qulluqçularının Azərbaycan Rspublikası orden və medalları ilə ilə təltif olunması Azərbaycan Rspublikasının ordenlərinin və medalları haqqında əsasnamələrə uyğun olaraq hərbi borcu yerinə yetirərkən göstərilən fədakarlıq və rəşadətə, döyüş hazırlığında əla göstəricilərə, yeni hərbi texnikanı əla mənimsəməyə, qoşunlara (hissələrə, bölmələrə) nümunəvi rəhbərliyə, Silahlı Qüvvələr və dövlət qarşısında digər mühüm xidmətlərə görə həyata keçirilir. Həmin Təlimatın 7-ci maddəsinə əsasən Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur. Həmin Təlimatın 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı X1 21-ci maddəsinə əsasən öz tabeliyində olan hərbi qulluqçuları bu Əsasnamənin 3-cü maddəsində göstərilmiş xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququ alay (briqada komandirlərinə), onlara bərabər və böyük komandirlərə, əlahiddə tabor (İİİ dərəcəli gəmilər divizionu) komandirlərinə, həmçinin tabor (İİİ dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyətlərinə malik olan əlahiddə hissə komandirlərinə (rəislərinə) verilir. Həmin Təlimatın 13-cü maddəsinə əsasən tabeliyində olanları Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququ olan komandirlər və rəislər, habelə baxılmaq və qərar çıxarmaq üçün təltif olunmağa təqdimatlar almış komandirlər və rəislər Azərbaycan Respublikasının ordenlərinin və statutunu və medalları haqqında əsasnamələri rəhbər tuturlar. Həmin Təlimatın 22-ci maddəsinə əsasən hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimatların birinci və ikinci nüsxələri birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə daxil olmuş təltif sənədləri Müdafiə nazirinin əmri ilə yaradılmış təltif komissiyasına təqdim edilir. Təltif komissiyasında baxılaraq haqqında müsbət qərar qəbul edilmiş təltif sənədləri qərar qəbul olunması üçün Azərbaycan Respublikası Müdafiə nazirinə məruzə olunur. Həmin Təlimatın 23-cü maddəsinə əsasən haqqında müsbət qərar qəbul edilmiş təqdimatlar əsasında Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsində Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının Azərbaycan Respublikasının orden və medalları ilə (təltif səlahiyyəti Azərbaycan Respublikası Müdafiə nazirinə verilmiş medallardan başqa) təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinə Müdafiə nazirinin təqdimatı layihəsi hazırlanır. Göründüyü kimi, medallarla təltif etmə barədə təqdimatın verilməsi bir neçə mərhələdən keçir. Təltif səlahiyyəti Azərbaycan Respublikasının Müdafiə Nazirinə verilmiş medallarla bağlı nazirin əmr layihəsi hazırlanır. Qanunvericiliyin təhlilin nəticəsinə görə, hərbi qulluqçunun orden və medallarla təltif edilməsi yalnız təqdimatın verilməsi ilə nəticələnmir və digər qurumların və komissiyanın, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin qiymətləndirilməsindən asılıdır. Lakin iş materialları ilə iddiaçının səlahiyyətli inzibati orqana arzuladığı təqdimatın verilməsi üçün müraciət etməsi, eləcə də müvafiq prosedur qaydalara riayət edilməsi müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məqsədi onun arzuladığı inzibati aktın qəbul edilməsi üçün cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulmasından ibarətdir. İddiaçının xahiş etdiyi hərəkətin edilməsi (inzibati aktın qəbul edilməsi) bilavasitə inzibati orqanın fəaliyyətinə aid olmalıdır və müvafiq qaydada bu məsələ publik hüquqla tənzimlənməlidir. Həmin hüquqda inzibati orqanın inzibati aktın qəbul edilməsi barədə məcburi olan göstərişi əks olunmalıdır. Bu müddəaların tələblərinə cavab verməyən iddia isə mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından görünür ki, məhkəmə, iddiaçıya hüquqi yardım göstərmiş, lakin iddiaçı iddia tələbini Cavabdeh münasibətdə düzəliş etmədən məhkəməyə təqdim etmiş və iddiaya həmin hərbi hissənin cavab verməli olması iradəsini ifadə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir, düzgün əsaslandırılmamışdır və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd); Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd); İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11801/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1424/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1424/2023
07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver