Məhkəmə qərarları › İş №2-1(103)-1424/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1424/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1424/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Prezident təqaüdünün təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2-1(112)-7405/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs kimi ona pensiyaya çıxdığı vaxtdan, yəni 18 noyabr 2022-ci il tarixdən “Prezident təqaüdü”nün təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq, birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 18 noyabr 2022-ci ildə 65 yaşının tamam olması ilə bağlı yaşa görə pensiyaya çıxmışdır. Ona SSRİ Elmlər Akademiyasının N.N.Mikluxo Maklay adına X1 hissəsinin Elmi Şurasının 21 may 1987-ci il tarixli qərarı ilə tarix elmləri namizədi elmi dərəcəsi verilmişdir. O, tarix elmləri namizədi elmi dərəcəsi almamışdan əvvəl də və elmi dərəcə aldıqdan sonra da Azərbaycan Milli Elmlər Akademiyasında işləmişdir. O, pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs kimi ona pensiyaya çıxdığı vaxtdan “Prezident təqaüdü”nün təyin edilməsi ilə bağlı ərizə ilə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin onun müraciəti təmin olunmayaraq qanunsuz və əsassız olaraq ona “Prezident təqaüdü”nün təyin olunmasından imtina olunmuşdur və bu barədə ona həmin filialdan 07 dekabr 2022ci il tarixli **********4 №li məktubla cavab verilmişdir. Həmin məktubda ona bildirilmişdir ki, “...təqdim edilmiş əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az (23 il 6 ay) olduğu üçün ona sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, İddiaçı 22 noyabr 2022-ci il tarixdə ona fəlsəfə doktoru elmi dərəcəsinə görə “Prezident təqaüdü”nün təyin edilməsi barədə ərizə ilə “DOST” mərkəzinə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Mərkəzi Filial tərəfindən İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajı 19 il 02 ay 4 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğuna görə iddiaçıya elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən “əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 500 manata, fəlsəfə doktoru eimi dərəcəsinə görə 300 manata çatdırılmışdır. M.X12 təqdim etdiyi əmək kitabçasının surətinə əsasən eimi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı 19 il 09 ay 04 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğuna görə iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinə görə “Prezident təqaüdü”nün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2-1(112)-7405/2023 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yanlış nəticəyə gələrək iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilə qədər (03 il) “Etnoqrafiya” ixtisası üzrə əyani aspiranturada aldığı təhsil müddətini və Azərbaycan SSR X13 İnstitutu Arxeologiya və Etnoqrafiya sektorunda “kiçik elmi işçi” vəzifəsində işlədiyi dövrü-xx.xx.1985xx.xx.1987-ci il (02 il, 10 ay, 29 gün) nəzərə almamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirdi ki, İddiaçı xx.xx.1987-xx.xx.1988-ci il tarixlərdə Azərbaycan SSR X10 komitəsində təlimatçı, xx.xx.1988-xx.xx.1991-ci il tarixlərdə Bakı şəhəri 26 Bakı Komissarları rayon partiya komitəsində Azərbaycan SSR X10 təşkilatı üzrə kurator, xx.xx.1991-xx.xx.1991-ci il tarixdə Azərbaycan SSR X10 komitəsinin katibinin müavini, xx.xx.1991-xx.xx.1995-ci il tarixdə Azərbaycan Milli Elmlər X8 İttifaqında təlimatçısı vəzifələrində işləmişdir. Göstərilən iş yerlərində iş stajı 7 il 8 ay 14 gün təşkil edir, həmin iş sahələri İddiaçı öz elmi ixtisası üzrə iş sahəsi sayılmasa da qeyd olunan dövrdə İddiaçı elmi fəliyyətlə məşğul olduğundan “Elm haqqında” Qanunun 8.3-cü maddəsinin tələbinə görə bu iş elmi işə bərabər tutulur. Həmçinin iddiaçı xx.xx.1981-xx.xx.1984-cü il tarixlərdə 3 il Azərbaycan Respublikası Elmlər Akademiyasının tabeliyində olan Tarix İnstitutunda “Etnoqrafıya” ixtisası üzrə əyani aspiranturada təhsil aldığı dövr də onun elmi fəaliyyəti kimi əmək stajına daxil edilməlidir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -5.3-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. -22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. -34.1-ci maddəsinə əsasən, əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələridnə azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 №-li Fərmanının: -1-ci hissəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilməsi və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuşdur. -2-ci hissəsinə əsasən müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1-ci hissəsinə əsasən 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. 2.2-ci hissəsinə əsasən dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. 4-cü hissəsinə əsasən bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli, 1494 №-li Fərmanı ilə “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (İ kitab), maddə 1491) 1-ci hissəsində “200” rəqəmləri “300” rəqəmləri ilə, “120” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilmiş, Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün iş materiallarındakı sübutlara nəzər yetirir: AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1957-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus 15 noyabr 1973-cü il və xx.xx.1995-ci il tarixlərdə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki o; “Azərsud-Tikinti” Baş İdarəsinin Şoran torpaqların duzdan təmizlənməsinin təşkili İdarəsində: xx.xx.1973-cü ildə torpaq-meliorasiya laboratoriyasına texnik-laborant vəzifəsinə qəbul edilmişdir; xx.xx.1974-cü ildə yardımçı fəhlə vəzifəsinə keçirilmişdir; xx.xx.1975-ci ildə fiziki sınaqlar üzrə İİ dərəcəli laborant vəzifəsiə keçirilmişdir; xx.xx.1975-ci ildə kimyəvi sınaqlar üzrə İİİ dərəcəli laborant vəzifəsinə keçirilmişdir; xx.xx.1975-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir; xx.xx.1975-ci ildə texniki vəsaitlər aborantı vəzifəsinə qəbul edilmişdir. Bakı şəhəri 56 №-li məktəbdə: xx.xx.1976-cı ildə pioner baş dəstə rəhbəri vəzifəsinə qəbul edilmişdir; xx.xx.1977-ci ildə Sovet Ordusu sıralarında xidmətlə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir; Azərbaycan SSR X7 İnstitutu Arxeologiya və Etnoqrafiya sektorunda; xx.xx.1980-ci ildə təsərrüfat müqaviləsi əsasında Şirvan-Şabran arxeoloji ekspedisiyasına baş laborant vəzifəsinə qəbul edilmişdir; xx.xx.1980-ci ildə Yeni tikinti sahələrinin arxeoloji şöbəsinin baş laborant vəzifəsinə qəbul edilmişdir; xx.xx.1981-ci ild Sovet dövrü etnoqrafiyası şöbəsinə keçirilmişdir; xx.xx.1981-ci ildə “Etnoqrafiya” ixtisası üzrə əyani aspiranturaya qəbul olmuşdur; xx.xx.1984-cü ildə Təhsil müddəti qurtardığı üçün aspiranturadan azad edilmişdir; Azərbaycan SSR X7 İnstitutu Arxeologiya və Etnoqrafiya sektorunda: xx.xx.1985-ci ildə Sovet dövrü etnoqrafiyası şöbəsinə ştatda boş olan kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir; xx.xx.1987-ci ildə tutduğu vəzifəsindən azad edilmişdir. Azərbaycan SSR X4 Komitəsində: xx.xx.1987-ci ildə Azərbaycan SSR X4 komitəsinin təlimatçısı vəzifəsinə qəbul edilmişdir; xx.xx.1988-ci ildə Azərbaycan SSR X10 komitəsinin təlimatçısı vəzifəsindən azad edilməklə, rayonu partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı vəzifəsinə təyin edilmişdir. xx.xx.1991-ci ildə Rayon partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı vəzifəsindən azad edilməklə, Respublika Elmlər Akademiyasında partiya komitəsinin katibinin müavini vəzifəsinə təyin edilmişdir; xx.xx.1991-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir; Azərbaycan Milli Elmlər X5 İttifaqında: xx.xx.1991-ci ildə etibarən ştat cədvəlinə əsasən Azərbaycan Respublikası Elmlər Akademiyasında BHK təlimatçısı vəzifəsinə təyin edilmişdir; xx.xx.1995-ci ildə tutduğu vəzifədən azad edilmişdir. "xxxx" Azərbaycan-X3; xx.xx.1995-ci ildə Azərbaycan Respublikasının Elmlər Akademiyasından köçürülmə yolu ilə "xxxx" Azərbaycan-X6 baş direktorun maliyyə məsələləri üzrə müavinin vəzifələrini müvəqqəti icra edən vəzifəsinə qəbul edilmişdir; xx.xx.1996-cı il tarixdə ixrac-idxal, marketinq və konyunktura şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir; xx.xx.1998-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda: xx.xx.1998-ci ildə əvəzçi baş elmi işçi vəzifəsinə qəbul edilmişdir; xx.xx.2001-ci ildə tam ştata keçirilmişdir; xx.xx.2012-ci ildə işdən azad edilmişdir; "xxxx" MMC-də: xx.xx.2012-ci ildə cəmiyyətin direktoru vəzifəsinə təyin edilmişdir; xx.xx.2015-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmişdir. ИТ seriyalı 012218 №li, xx.xx.1987-ci il tarixli SSR Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyası X9 təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, SSRİ Elmlər Akademiyasının N.N.Mikluxo Maklay adına X1 hissəsinin Şurasının xx.xx.1987-ci il tarixli qərarı ilə (protokol № 6) İddiaçı “tarix elmləri namizədi elmi dərəcəsi” verilmişdir. Azərbaycan Milli Elmlər X8 İttifaqının xx.xx.2023-cü il tarixli, 065/10-16 №-li arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1991-ci il tarixindən xx.xx.1995-ci ilə kimi Azərbaycan Milli Elmlər X8 İttifaqında təlimatçı vəzifəsində işləmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun xx.xx.2023-cü il tarixli, 8-1-8/2-185/2023 №-li arayışında göstərilmişdir ki, İddiaçı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru (0,5 əvəzçi) vəzifəsində işləmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun xx.xx.2023-cü il tarixli, 8-1-8/2-198/2023 №-li arayışında göstərilmişdir ki, İddiaçı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əvəzçi böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru (0,5 əvəzçi) vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-149760/23 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş Azərbaycan Milli Elmlər X8 İttifaqının xx.xx.2023-cü il tarixli, 065/10-43 №-li arayışında göstərilmişdir ki, “Elm haqqında” Azərbaycan Respublikası Qanunun 7.1.1-ci bəndinə görə alimlər, tədqiqatçılar, elmi işçilər, elmi-pedoqoji kadrlar və elmi xidmət sahəsinin işçiləri elmi fəaliyyətin subyektləri ola bilərlər. İddiaçı xx.xx.1991-xx.xx.1995-ci il tarixlərdə Azərbaycan Milli Elmlər X5 İttifaqında işlədiyi təlimatçı vəzifəsi elmi fəaliyyət hesab edilə bilməz. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş **********4 №li 07 dekabr 2022-ci tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1496 nömrəli Fərmanına əsasən xx.xx.2022-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manata çatdırılmışdır. Təqdim edilmiş əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı (23 il 6 ay) qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğu üçün ona sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş **********1 №li 29 dekabr 2022-ci tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1496 nömrəli Fərmanına əsasən xx.xx.2022-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manata çatdırılmışdır. Təqdim edilmiş əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1980-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək cəmi 23 il 6 ay) qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğu üçün sizə sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 3-17-1/2- Ə-29745/2023 №li 15 fevral 2023-cü tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 1969 nömrəli Fərmanına əsasən xx.xx.2023-cü il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 500 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manata çatdırılmışdır. “Elm haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.22-ci maddəsinə əsasən elmi müəssisə və təşkilat - elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxslərdir. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1-ci abzasına əsasən həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. xx.xx.1991-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Azərbaycan Milli Elmlər X2 İttifaqında işlədiyiniz dövrlər elmi müəssisə və təşkilatlarda sığorta stajı kimi nəzərə alınmamışdır. Təkrar müraciəti ilə əlaqədar bir daha bildirirlər ki, təqdim edilmiş əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sığorta stajı (19 il 9 ay 4 gün) qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğu üçün ona sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Beləliklə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 №-li Fərmanı təşkil edir. Həmin Fərmanın tələbindən göründüyü kimi məhz əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilməsi nəzərdə tutulmuşdur. Tələb olunan şərtlərdən iddiaçıya münasibətdə mübahisəli hal yalnız stajla bağlıdır. Belə ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə, eyni zamanda iş materiallarında olan iddiaçıya ünvanlanmış imtina məktubunda və cavabdeh tərəfindən verilmiş iddiaya etiraz ərizəsində xx.xx.1957-ci il təvəllüdlü İddiaçı cavabdeh tərəfindən qəbul edilən sığorta stajı dövləri arasındakı ziddiyyətin aydınlaşdırılması ilə bağlı (belə ki, imtina məktubunda xx.xx.1957-ci il təvəllüdlü İddiaçı sığorta stajının qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az (23 il 6 ay) olduğu qeyd edilmişdir. Lakin cavabdeh tərəfindən verilmiş iddiaya etiraz ərizəsində şəxsin sığorta stajının 19 il 02 ay 4 gün olduğu qeyd edilmişdir) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu ünvanlanaraq xx.xx.1957-ci il təvəllüdlü İddiaçı sözügedən Fərmanın tələblərinə uyğun sığorta stajı kimi hansı dövrlərin (tarixlər göstərilməklə) nəzərə alınması barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya 04 iyul 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi xx.xx.1973-cü il tarixli əmək kitabçasının surətinə əsasən xx.xx.1976cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək və xx.xx.1998-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində iş stajı 19 il 9 ay 4 gün təşkil edir. Beləliklə, araşdırılan iddia predmetinə müvafiq olaraq iddiaçının stajına daxil olan mübahisəsiz dövrlər 19 il 9 ay 04 gün təşkil edir. Mübahisəli dövrlər : xx.xx.1981-xx.xx.1984-cü il tarixlərdə 3 il Azərbaycan Respublikası Elmlər Akademiyasının tabeliyində olan Tarix İnstitutunda “Etnoqrafıya” ixtisası üzrə əyani aspiranturada təhsil aldığı dövr, xx.xx.1987-xx.xx.1988-ci il tarixlərdə Azərbaycan SSR X10 komitəsində təlimatçı, xx.xx.1988-xx.xx.1991-ci il tarixlərdə Bakı şəhəri 26 Bakı Komissarları rayon partiya komitəsində Azərbaycan SSR X10 təşkilatı üzrə kurator, xx.xx.1991-xx.xx.1991-ci il tarixdə Azərbaycan SSR X10 komitəsinin katibinin müavini, xx.xx.1991-xx.xx.1995-ci il tarixdə Azərbaycan Milli Elmlər X8 İttifaqında təlimatçısı vəzifələrində işlədiyi dövrlər. İddiaçının Tarix İnstitutunda “Etnoqrafıya” ixtisası üzrə əyani aspiranturada təhsil aldığı dövrlə bağlı AR Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanaraq aspiranturada təhsil alınan dövrün elmi fəaliyyət hesab edilib-edilməməsi barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya 02 oktyabr 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən elmi fəaliyyət - elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq prosesidir. Həmin qanunun 1.0.11-ci maddəsinə əsasən elmi fəaliyyət subyektləri - elmi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların ictimai birlikləri, həmçinin elmi fəaliyyətin iştirakçılarıdır. Eyni zamanda qeyd olunan qanunun 7.1-ci maddəsində isə elmi fəaliyyətin sadalanan subyektləri arasında təhsilalanlar təsbit edilməmişdir. Belə olan halda iddiaçının aspiranturada təhsil aldığı dövr Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 №-li Fərmanın təsiri altına düşmür. Məhkəmə kollegiyası iddiaçının xx.xx.1987-xx.xx.1991-ci ilədək Azərbaycan SSR X10 komitəsində müxtəlif vəzifələrdə işlədiyi dövrlərlə bağlı hesab edir ki, iddiaçının partiya komitəsində tutduğu vəzifələr üzrə elmi fəaliyyət subyekti hesab edilmədiyinə görə həmin dövr Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 №-li Fərmanın təsiri altına düşmür. Belə ki, Azərbaycan SSR Konstitusiyasının 6-cı maddəsində də göstərilmişdir ki, Azərbaycan Kommunist Partiyası, digər siyasi partiyalar, habelə həmkarlar ittifaqı, gənclər təşkilatları, digər ictimai təşkilatlar və kütləvi hərəkatlar xalq deputatları Sovetlərinə seçilmiş öz nümayəndələri vasitəsilə və digər formalarda dövlətin siyasətinin hazırlanmasında, dövlət işlərinin və ictimai işlərin idarə olunmasında iştirak edirlər. Göründüyü kimi, partiya komitələrinin əsas funksiyası məhz dövlətin siyasətinin hazırlanmasında, dövlət işlərinin və ictimai işlərin idarə olunmasında iştirakla bağlı olmuşdur. Məhkəmə kollegiyası bir məqamı da diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən isə iddiaçının Azərbaycan SSR X10 Komitəsində işlədiyi dövrlər - xx.xx.1987xx.xx.1991 (03 il 09 ay 09 gün) staj kimi nəzərə alınmışdır. Hətta həmin dövrlər nəzərə alınsa belə (19 il 9 ay 04 gün +03 il 09 ay 09 gün) tələb olunan staj (25 il) tamamlanmır. İddiaçının xx.xx.1991-xx.xx.1995-ci il tarixdə Azərbaycan Milli Elmlər X8 İttifaqında təlimatçısı vəzifələrində işlədiyi dövrlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Milli Elmlər X8 İttifaqının xx.xx.2023-cü il tarixli, 065/10- 43 №-li arayışında göstərilmişdir ki, “Elm haqqında” Azərbaycan Respublikası Qanunun 7.1.1-ci bəndinə görə alimlər, tədqiqatçılar, elmi işçilər, elmi-pedoqoji kadrlar və elmi xidmət sahəsinin işçiləri elmi fəaliyyətin subyektləri ola bilərlər. İddiaçı xx.xx.1991xx.xx.1995-ci il tarixlərdə Azərbaycan Milli Elmlər X5 İttifaqında işlədiyi təlimatçı vəzifəsi elmi fəaliyyət hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Azərbaycan Milli Elmlər X5 İttifaqının Nizamnaməsinə əsasən Azərbaycan Milli Elmlər X5 İttifaqı Azərbaycan Milli Elmlər Akademiyasına daxil оlan institutların, elmi – istehsalat birliklərinin, elmi mərkəzlərin, filialların, kоnstruktоr bürоlarının, təmir - tikinti idarələrinin və digər müəssisələrin (istehsalat kооperativləri, assоsiasiyalar, kiçik və birgə icarə müəssisəsi və s.) bütün işçilərini könüllülük prinsipi ilə demоkratik əsasda birləşdirən kütləvi ictimai qurumdur. AMEA AHİ-nin əsas məqsədi üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etmək, əmək və məişət şəraitini təmin edən sosial proqramlar hazırlamaq və həyata keçirməkdən ibarətdir. Göründüyü kimi, AMEA AHİ elmi müəssisə və təşkilatlar və ya təhsil müəssisəsi hesab edilmədiyinə görə iddiaçının təlimatçı işlədiyi dövr də Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 №-li Fərmanının təsiri altına düşmür. Məhkəmə kollegiyası həmçinin iddiaçının AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əvəzçi böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru (0,5 əvəzçi) vəzifəsində işlədiyi dövrlərlə bağlı qeyd edir ki, iddiaçının əmək kitabçasından da göründüyü kimi qeyd edilən dövrlə üst-üstə düşən ayrı-ayrı illərdə fərqli vəzifələrdə çalışmışdır. Hazırki iş üzrə iddia tələbinin qanuni əsası kimi çıxış edən Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 №-li Fərmanında isə konkret olaraq tələb olunan şərtlərdən biri -Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışma ilə bağlıdır. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, inzibati orqan iddiaçının göstərilən vəzifədə çalışdığı xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək olan dövrləri nəzərə almasını məhz həmin dövrlərlə bağlı qeydin əmək kitabçasında göstərilməsi ilə əlaqələndirmiş və həmin illəri mübahisələndirməmişdir. Beləliklə, hazırkı halda iddiaçı ona Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 №-li Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2-1(112)-7405/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar