Məhkəmə qərarları › İş №2-1(103)-1424/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1424/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1424/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə (Açar sözlər: məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X6 ibarət tərkibdə, X8 qızının katibliyi ilə, İddiaçının İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2-1(112)-12275/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası faktiki olaraq Füzuli rayonunda qeydiyyatdadır. O, məcburi köçkünlərə verilən bütün növ təminatlardan istifadə edir. Bu səbəbdən iddia təmin edilməlidir.

2. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının anası X1 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından, həmçinin Füzulu rayonu işğaldan azad edildikdən sonra təmas xətti ləğv edildiyindən və həmin ərazidə qeydiyyatda olan şəxslərə məcburi köçkün statusu verilməsi dayandırıldığından tələbin təmin edilməsi mümkün deyildir.

3. Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2-1(112)-12275/2024 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qərara alınmışdır.

4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

5. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. AZ-İ № 217990 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Qanuni nümayəndə, anası X2r.

10. AA seriyalı 490147 nömrəli məcburi köçkün vəsiqəsinin surətinə əsasən Qanuni nümayəndə Füzuli rayonundan məcburi köçkündür.

11. 105664 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən Qanuni nümayəndə ilə X3 arasında nikah xx.xx.2004-cü ildə bağlanmışdır.

12. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən iddiaçı və Qanuni nümayəndə Füzuli rayonu, Horadiz ərazi dairəsi, Horadiz kəndində qeydiyyatdadırlar.

13. Füzuli rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli və cavabdehin xx.xx.2024-cü il tarixli məktubları ilə müəyyən edilir ki, Füzuli rayonunun Horadiz qəsəbəsi və kəndi ayrı-ayrı ərazi vahidləridir. Horadiz qəsəbəsi (şəhəri) 1994-cü ildə, Horadiz kəndi isə 2020-ci ildə işğaldan azad edilib. Hal-hazırda Horadiz kəndindı əhalinin yaşaması üçün şərait olmadığından həmin kənd sakinləri məcburi köçkün statusuna malikdirlər və məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə edirlər.

14. Cavabdehin imtina məktubunda etirazda göstərilən əsaslar bildirilmişdir

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

15. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

16. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

17. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər..

18. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: ... həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;.Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər.

19. Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə:

3. Komitənin əsas funksiyaları Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "qaçqın" və ya "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir;

20. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaydaların 4.1.6-ci bəndinə əsasən valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir.

21. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.

22. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin müsbət həllindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını məhkəmə qaydasında mübahisələndirmişdir.

23. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsində göstərilmişdir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır (İ). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (Vİİ.).

24. Oxşar normalar “Normativ hüquqi aktlar haqqında” Aərbaycan Respublikasının Konstitusiya Qanununda da nəzərdə tutulmuşdur. Həmin Qanunda göstərilir ki, Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir (87.1.). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir (87.2.). Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir (87.3.).

25. Qeyd edilən normaların məzmunundan görünür ki, hüquqi akt yalnız aid olduğu subyektlərin vəziyyətini yaxşılaşdırdığı halda, onun qüvvəsi geriyə şamil edilə bilər. Əks halda hüquqi aktın qüvvəsi yalnız onun qəbul edildiyi vaxtdan sonrakı münasibətlərə şamil edilməlidir.

26. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbi ilə ona məcburi köçkün statusunun verilməsi ilə baglı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçının anası Bakı şəhərində qeydiyyatda olduğu üçün iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.

27. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” xx.xx.2013-cü ildə qəbul edilmişdir. İddiaçı isə xx.xx.2007-ci il tarixində doğulduğundan və həmin vaxt qeyd edilən “Qaydalar” hələ qüvvədə olmadığından iddiaçı doğulduğu andan məcburi köçkün statusunu əldə etmiş olur. Belə ki, iddiaçının atası yaşayış yerini məcburi qaydada tərk edərək məcburi köçkün statusu əldə etmişdir. Yəni, yuxarıda qeyd edilən Qaydaların müddəaları iddiaçıya münasibətdə (onun vəziyyətini pisləşdirdiyi təqdirdə) tətbiq edilə bilməz.

28. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçıların sosial təminat hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur.

29. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar işlər üzrə mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2020-ci il tarixdən işğalda olan ərazilərin tamamilə azad edilməsindən sonra təmas xəttinin ləğv olunması, həmin ərazilərdən vaxtilə köçkün düşmüş şəxslərin müstəqil şəkildə həmin yaşayış məntəqələrinə qayıtması və məskunlaşması, bunun üzərindən onların məcburi köçkün statusunun ləğv olunması üçün hüquqi əsasın mövcud olması anlamına gəlmir.

30. Belə ki, AR Qaçqınların və X5 Üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli 3- 36-3/2-4646/2024-cü il tarixli məktubunda qeyd edilir ki, hal-hazırda Füzuli r-nu, Horadiz kəndində əhalinin yaşaması üçün şərait olmadığından həmin kənd sakinləri məcburi köçkün statusuna malikdirlər və məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə edirlər.

31. Məhkəmə kollegiyası qeyd edir ki, İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. ( İPM 14.3-cü maddə). Beləliklə, iş materiallarından müəyyən edilir ki, cavabdeh orqan faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

34. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

35. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2-1(112)-12275/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar