Məhkəmə qərarları › İş №2-1(103)-1425/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1425/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1425/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil uçotuna alınma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X3 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8604/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) İşin mübahisələndirilməyən halları

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-c il tarixli məktubndan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək ünvan 1 ünvanında, xx.xx.2003-cü ildən xx.xx.2010-cu ilədək ünvan 2 ünvanında, xx.xx.2010-cu ildən xx.xx.2019-cu ilədək ünvan 3 ünvanında, xx.xx.2019-cu ildən isə ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

2. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2016-cı il tarixində qiymətləndirilmiş və Çemobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır.

b) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək, 1 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə götürülməsini xahiş etmişdir.

4. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilməlidir. Lakin həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırdığınız məsələyə yenidən baxılacaq.

5. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Çernobıl əlili kimi güzəştli şərtlə mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam verilmə öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslabdırılmışdır ki, o, ünvan 4 ünvanında kirayədə yaşayır. Özünə məxsus evi yoxdur. Çernobıl AES-də qəzanın qarşısının alınması zamanı xəstəlik tapmışdır. Hazırda İ qrup müddətsiz əlildir. Bu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-sosial Ekspert Komissiyasının verdiyi arayışla təsdiq olunur. Mənzil növbəsinə götürülmə ilə əlaqədar Cavabdehnə müraciət etsə də, cavab məktubunda ona bildirilmişdir ki, “Azərbaycan Respublikası mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırdığınız məsələyə yenidən baxılacaq”. Cavabdeh imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Prezidentinin gözdən əlillərlə bağlı sərəncamının olmasına baxmayaraq onu mənzil növbəsinə əsassız olaraq qəbul etmirlər.

7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd edilir ki, vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qisimdə uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti oraqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimlənməsi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydaları Azərbaycan Respublikasının prezidenti ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin həmin qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8604/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı ilə aralarında olan nikah pozulduqdan sonra birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra əmlakın hərracda ucuz qiymətə satılmaması üçün həmin mənzili sataraq əldə edilmiş vəsait aralarında bölünmüşdür. Həmin vaxtdan etibarən iddiaçı kirayələrdə yaşayır və qalan məbləğə də mənzil almaq imkanı olmamışdır.

11. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

13. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndələrinin iştrakını təmin etməmişdirlər. Qanunvericiliyin tələblərin baxımından verilmiş apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılması məhkəmə kollegiyası tərəfindən mümkün hesab edildi.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

15. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: maddə 4. X13 qəzasının ləğvində iştirak etmiş və zərər çəkmiş vətəndaşlara verilən pul kompensasiyalarının növləri, miqdarı və güzəştlər müəyyən edilir. maddə 5. Bu Qanun aşağıdakı vətəndaşlara şamil olunur:

1. Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslər. maddə 6. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslər aşağıdakı hüquqlara malikdirlər:

5. Əgər şəxs mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmaq. 16.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. maddə 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. maddə 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. maddə 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. maddə 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. maddə 49.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən kateqoriyadan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normadan daha yuxarı ayrılma norması müəyyən edilə bilər. maddə. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-17-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

22. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı birinci dərəcə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxs kimi yaşayış sahəsinə ehtiyacı olduğunu bildirərək, mənzil növbəsinə götürülməsini tələb edir.

23. Cavabdeh orqan isə vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qisimdə uçotunun aparılması qaydaslarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməməsini bildirərək, iddianı təmin etməkdən imtina etmişdir.

24. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il 3-21-3-30/2-22543/2024 nömrəli məktubundan görünür ki: -ünvan 5 ünvanında yerləşən qeyriyaşayış binasına dair ümumibirgə əsaslarla Cəfərov MirX8 və X2 adlarına 000473 nömrəli 21.11,2000-ci il tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” verilmişdir, lakin Bakı şəhəri 46 saylı notariat kontorunun 4Ə-378 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir; - ünvan 6 ünvanı xx.xx.2003- cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 46 saylı notariat kontorunun 4Ə-182 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir; -ünvan 7 ünvanı xx.xx.1992-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 2 saylı notariat kontorunun 3-M/1036 reyestr nömrəli xx.xx.1994-cü il tarixli dəyişdirmə müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir; -ünvan 8 ünvanı xx.xx.1994-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 41 saylı notariat kontorunun 3M/A-675 reyestr nömrəli xx.xx.2000-ci il tarixli alqısatqı müqaviləsinə əsasən əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir.

25. İşdə olan xx.xx.2003-cü il tarixli müqavilədən görünür ki, X6 ünvan 9 ünvanında yerləşən yaşayış sahəsi 29 kv.metr, ümumi sahəsi 40 kv.metr olan iki otaqlı mənzili İddiaçı mülkiyyətinə vermişdir.

26. İşdə olan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventariaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən xx.xx.2003 tarixdə verilmiş 30/15759 qeydə alma nömrəsi ilə 436 nömrəli kitabın 63144-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsi əsasında onun xüsusi mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan mənzili X1.

27. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə müvafiq sorğu verilmişdir. Sorğuya cavab məktubundan görünür ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və hansı sənədlə uçotunun rəsmiləşdirilməsi barədə məlumatların təqdim edilməsi Sosial Xidmətlər Agentliyinin səlahiyyətləri xaricindədir.

28. Azərbaycan Respublikasının ərazi bütövlüyünün,müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 saylı Sərəncamının 1.1-ci bəndindən görünür ki, uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər ƏƏSMN tərəfindən mənzil və ya fərdi yaşayış evi ilə təmin edilməsi üçün tədbirlər planı təsdiq edilib.

29. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin,şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisəslərinin və təhsil müəssisələrinin valideyinlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 492 s saylı 16 avqust 2021-ci il tarixli Sərəncamının birinci bəndindən görünür ki, 492s saylı Sərəncam Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 saylı Sərəncamının 1-ci hissəsinin icrası olaraq uçota götürülmüş şəxslərin mənzil şəraitin yaxşılaşdırılması üçün istifadə edilməlidir.

30. Göründüyü kimi həm Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamında, həm də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı Sərəncamında mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və qeyd olunan kateqoriyalardan olan şəxslərə mənzil verilməsi üçün zəruri olan şərtlərdən biri də onların uçota götürülməsindən ibarətdir.

31. Uçota alınma üçün isə şəxsin ya yaşayış sahəsi olmamalı, ya da həmin sahənin ölçüsü uçot normasından az olmalıdır. Lakin əgər şəxsin yaşayış sahəsi olarsa və o, yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə yol verərsə, həmin hərəkətdən beş ildən tez yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilməz.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində sosial ayırma normasına uyğun yaşayış sahəsi olmuş, lakin 2023-cü ildə həmin mənzili satmış, bununla da yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətə yol vermiş, həmin hərəkətin edildiyi tarixdən isə 5 ildən artıq müddət keçməmişdir.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

34. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8604/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8604/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar