Məhkəmə qərarları › İş №2-1(103)-1427/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1427/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1427/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-3079/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işəBakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 13B ünvanında yerləşən 106.60 kv.m. fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum həyat yoldaşı X3 adına vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək, ünvan 13B ünvanında yerləşən 106.60 kv.m. fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum həyat yoldaşı X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hesabatı mərhum həyat yoldaşının adına tərtib edilmişdir. Hal-hazırda həyat yoldaşı vəfat etdiyindən onun vərəsəsi kimi tanınmışdır. Həmçinin həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının həyat yoldaşının adına qeydiyyata alınması və buna dair texniki pasportun verilməsi üçün cavabdeh orqana müraciət edilmiş, lakin idarə mülkiyyət hüquqlarını təsdiq edən sənəd təqdim edilməməsi bəhanəsi ilə tələbinin təminindən imtina etmişdir. Halbuki iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər cavabdeh idarəyə təqdim edilmişdir. Bundan əlavə əgər hüquqmüəyyənedici sənədər təqdim edilmədiyi halda belə, cavabdeh idarə hansı sənədlərin təqdim edilməməsini belə öz imtinasında göstərməmiş, sadəcə olaraq əsassız süründürməçiliyə yol vermişdir. Halbuki inzibati orqan kimi cavabdeh idarənin yardım etmə vəzifəsi olduğu halda qanunvericiliyin tələblərini pozmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3079/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq ünvanda yerləşən fərdi yaşayış evinə dair çıxarış verilməsi ilə bağlı İdarəyə xx.xx.2018-ci il tarixdə poçt vasitəsilə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ünvan 13B ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlər əsasında müvafiq fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə ziddir. Həmçinin, müvafiq torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli elektrik xətti keçir. Bu səbəbdən də, ərizənin icrası tərəfimizdən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Bundan başqa, müvafiq ünvanda İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılarkən məlum olmuşdur ki, müvafiq ünvanda ümumi sahəsi 92,0 kv.m, yaşayış sahəsi 59,9 kv.m, köməkçi sahəsi 32,1 kv.m olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi, ümumi sahəsi 45,7 kv.m olan anbar və ümumi sahəsi 59,5 kv.m olan qaraj inşa edilmişdir. Həyətyanı torpaq sahəsinin faktiki ölçüsü 605,0 kv.m-dir və torpaq sahəsinin 180,0 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşür. Qeyd olunanlardan əlavə, müvafiq inzibati işlə bağlı sonuncu - xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclası barədə məhkəmə bildirişi məhkəmə tərəfindən İdarəyə göndərilməmiş və bu səbəbdən də İdarənin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Göründüyü kimi, 2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar nəzərə alınmamış, ekspertiza keçirilməmiş və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlər olmadan qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu rayonu Bakıxanov Bələdiyyəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və “xxxxxxxx” ASC məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza keçirilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İş materiallarından görünür ki, İİ-JQ seriyalı, 429788 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X2 ilə X4 arasında nikah bağlanmış və qadına Nəcəfova soyadı verilmişdir. AZ-İ seriyalı, 776996 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X2 xx.xx.2015-ci ildə vəfat etmişdir. ünvan 13B ünvanında olan fərdi yaşayış evinin memarlıq və planlaşdırma bölməsi tərtib edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli,**********93 saylı imtina məktubuna əsasən Sabunçu rayonu, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyənedici sənədlərdən biri təqdim edilmədiyi, həmçinin hasarın üzərindən elektrik xəttinin keçdiyi müəyyən edildiyi və bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmadığı qeyd olunmuşdur. İşə baxan məhkəmə isə iddianı təmin etmiş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə istinad edərək öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının inşa etdiyi fərdi yaşayış evi məlumatlandırma icraatı çərcivəsində torpaq sahəsi icarəsində olmuş və müvafiq icra hakimiyyətinə məlumat verməklə 2018-ci ildə inşa edilmişdir və iddiaçı tərəfindən buna dair hüquqmüəyyənedici sənədləri “Daşınmaz Əmlakın Dövlət Reyestiri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş fərdi yaşayış evinin memarlıq və planlaşdırma bölməsi cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsinə təqdim etmişdir, lakin cavabdeh idarə həmin sənədləri nəzərə almamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində qeyd edilmişdir ki, həyatyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci abzasının 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş və bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə görə Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dairşəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə dair təsərrüfatbaşına kitablardan çıxarış; üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Göstərilən maddi hüquq normalarının hər birində qanuni istifadədə olan, ölçüsü hüquqmüəyyənedici sənədlərlə təsdiq edilən torpaq sahəsinə dair hüquqların qeydə alınmasından söhbət gedir. İşdən göründüyü kimi özbaşına tikili olan mübahisəli evə dair X1 adına Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001-ci tarixdə inventarlaşdırma aparılmış, xx.xx.2001-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Kollegiya qeyd edir ki, fərdi yaşayış evinin memarlıq və planlaşdırma bölməsi, həmçinin texniki pasport təqdim edilsə də, torpağa dair hüquqmüəyyən edən sənədə istinad olunmamış və texniki pasport 2001-ci il yanvarın 1-dək tərtib edilməmişdir. İddiaçının istifadəsinə torpaq sahəsi ayrılması barədə səlahiyyəti orqanlar tərəfindən qəbul edilmiş qərar mövcud deyildir. İddiaçının topraq sahəsi üzərində hüquqlarının yaranmasını təsdiq edən qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədinin təqdim edilməməsinə, texniki pasportun xx.xx.2001-ci il tarixədək tərtib edilməməsinə, həmçinin torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasına düşdüyünə görə cavabdehin həmin torpaq sahəsinə dair istifadə hüququnun qeydə alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının tələbinin təmini üçün əsasların olmamasına dair cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşsa da, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu rayonu Bakıxanov Bələdiyyəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və “xxxxxxxx” ASC-nin üçüncü şəxs qismində icraata cəlb edilməli olduqlarına dair apelyasiya şikayətinin dəlili ilə razılaşmır və hesab edir ki, hazırkı mübahisənin həlli ilə bağlı göstərilən subyektlərin icraata cəlb edilməsini tələb edən hər hansı zərurət müəyyən olunmur. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil, bu səbəbdən kollegiya iş üzrə cavabdehin apelyasiya şikayətinindəlilləri ilə razılaşır və eyni zamanda qeyd edir ki, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsinin əsasları yoxdur, rədd olunmalıdır. Bu barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2- 1(82)-3079/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3079/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar