Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1427/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyinat tarixinin dəyişdirilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7583/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsinə dair Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək cavabdeh Agentliyin - İddiaçı əlilliyinin müəyyən edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının təyinatın tarixi “xx.xx.2021” hissəsinin “xx.xx.2021” kimi dəyişdirilməsi öhdəliyi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…Əlilliyinin müddəti bitdiyi 08 dekabr 2020- ci il tarixdən yeni təyinat tarixi olan 30 sentyabr 2021-ci il tarixədək ötən müddət ərzində əlilliyə görə müavinətin ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu 21 fevral 2023-ci il tarixli məktubu ilə imtina edərək bildirmişdir ki, yeni təyinat tarixi ilə əlilliyinin bitdiyi tarix arasında 6 aydan çox vaxt keçdiyinə görə həmin müddət üçün əlilliyə görə müavinətin ödənilməsi mümkün deyildir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, ilk dəfə İİ qrup əlillik dərəcəsi bir il müddətinə 08 dekabr 2014-cü ildə təyin edilmiş, daha sonra 18 yanvar 2016-cı il tarixdə beş il müddətinə İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. 09 fevral 2021-ci il tarixdə, 27 aprel 2021-ci il tarixdə, 30 sentyabr 2021-ci il tarixlərdə müxtəlif səbəblərdən imtina verilmişdir. Yeni təyinat tarixinin nəyə görə ilkin müraciət etdiyi tarixdə deyil, son imtinanın verildiyi tarixdən hesablanması anlaşılan deyil. Hansı hüquq normasına istinad etdiyini cavabdeh orqan əsaslandırmamışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən yenidən əlilliyin əyani olaraq müayinəsi aparılmış, xx.xx.2022-ci il tarixdə komissiyanın qərarına əsasən 30 sentyabr 2021-ci il tarixdən müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. Halbuki, 08 dekabr 2020-ci ildə əlillik müddəti bitsə də, əlilliyin təkrar qiymətləndirilməsi ilkin olaraq 09 fevral 2021-ci il tarixdə aparılmış, daha sonra 27 aprel 2021-ci il tarixdə, 30 sentyabr 2021-ci il tarixdə də əlilliyin təkrar qiymətləndirilməsi aparılmış, lakin müsbət cavab verilməmişdir. xx.xx.2022-ci il tarixdə yalnız ona 30 sentyabr 2021-ci il tarixdən müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. Ona görə də iddiaçı hesab edir ki, əliliyinin bərpasının təkrar qiymətləndirmə üçün ilkin müraciət etdiyi 09 fevral 2021-ci il tarixdən deyil, sonuncu təkrar qiymətləndirmənin aparıldığı 30 sentyabr 2021-ci il tarixdən bərpa edilməsi düzgün olmamışdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, imtina məktubunda göstərilənlərə uyğun iddianın rədd olunmasını məhəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7583/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçı X3 əlilliyinin müəyyən edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının təyinatın tarixi “xx.xx.2021” hissəsinin “xx.xx.2021” kimi dəyişdirilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «… Məhkəmə ümumi maddələri qeyd etməklə işin hallarını araşdırmayaraq əsassız nəticəyə gəlmişdir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmçinin bildirmək istəyirik ki, sözügedən hallarla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə 2-1 (102)-1349/2023 saylı, xx.xx.2023-cü il tarixli və İddiaçı X1 cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə 2-1(102)-824/2023 saylı, xx.xx.2023-cü il tarixli analoji qərarları mövcuddur. Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir...» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edlməli, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materialları ilə müəyyən olunan hallar ondan ibarətdir ki, iddiaçıya : -29 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında şəkərli diabet xəstəsi kimi ümumi xəstəli səbəbi ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş; - bundan sonra, həmin xəstəxananın xx.xx.2016-cı il tarixli göndərişi əsasında, elektron təyinatla eyni səbəb əlaqəsi və xəstəlik diaqonozu ilə ona 5 il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuş; -həmin müddət bitdiyində həmin xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişinə əsasən cavabdeh orqanın komissiyası tərəfindən göndərişin natamam doldurulması və ətraflı müayin olmnmaması səbəbi ilə (dopler, MRT, EXO KQ) əlillik təyin edilməsindən imtina olunmuş; -daha sonra, həmin xəsətəxananın xx.xx.2021 -ci il tarixli göndərişi əsasənda onun əlillik vəziyyəti yenidən yoxlanılaraq , əlavə müalicəyə ehtiyacı olması səbəbi ilə imtina verilmiş; -sonuncu dəfə həmin xəstəxananı xx.xx.2021-ci il tarixli göndərişindən sonra, ona şəkərli diabet xəstəsi kimi “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur. Konkret halda, işin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı sözügedən sonuncu göndəriş əsasında ona xx.xx.2021-cı il tarixdən təyin olunmuş əlillik təyinatı tarixininin əvvələ çəkilərək onun əlilliyinin xx.xx.2021-ci il tarixə dəyişdirilməsini tələb etmiş və bunu dolayısı ilə onunla əsaslandırmışdır ki, xəstəxana tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli birinci göndərişin natamam doldurulması və bu kimi müxtəlif səbəblər üzündən əlillyinin xx.xx.2021-ci il tarixdən təyin olunmaması onun təqsiri üzündən baş verməmişdir. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan mövqeyi ilə razılaşmayararaq, birincisi, onu qeyd edir ki, onun əvvəlki, 5 illik əlillik müddəti bitdikdən sonra, mütləq qaydada növbəti müayinədən keçməsi tələb olunurdu ki, 29 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında da cavabdeh orqanın Tibbi Sosial Eekspertiza Komissiyası tərəfindən onun növbəti müayinəsi üzrə qiymətləndirmə həyata keçirildikdə göndərişin natamam doldurulması əsası ilə ona əlillik təyin edilməsindən imtina olunmuş, lakin iddiaçı cavabdehin həmin imtinasını zamanında, mübahisələndirməmiş, əksinə, imtinanın göstərilən səbəbi ilə razılaşaraq, qeyd olunan nöqsanların aradan qaldırılması yolunda, o cümlədən, sözügedən xəstəxana tərəfindən yeni göndərişlərin tərtib olunub Agentliyin Tibbi Sosial Ekspertiza Komissiyasına göndərilməsi istiqamətində, hərəkətlər etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş «Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası»nın 1.4-cü bəndi nəzərədə tutur ki, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Həmin Qaydanın 1.5-ci bəndi isə göndərişin verilməsi hallarını nəzərdə tutur. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin Qaydanın 2.8-ci bəndinə əsasən Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 73.1-ci maddəsi isə nəzərədə tutur ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində verilə bilər, Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin isə 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində..., 38.2-ci maddəsinə əsasən də həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan - 30 gün müddətində qaldırıla bilər. İşin müəyyən olunan halları isə onu göstərir ki, iddiaçı qanunvericiliklə müəyyən olunan prosessual müddətlər çərçivəsində cavabdehin Tibbi Sosial Ekspert Komisiyası tərəfindən xx.xx.2021-ci il tarixdə aparılmış növbəti qiymətləndirmənin nəticələri ilə razılaşaraq imtina qərarınının əsassız olduğunu mübahisələndirməmiş, məcburetmə haqqında iddia vasitəsilə arzuladığı qərarın, yəni, xx.xx.2021-ci il tarixdən ona əlillik təyin edilməsi üçün məcburetmə haqqında iddia qaldırmamış, 7 ay keçdikdən sonra yalnız, hazırkı “əlilliyin təyinat tarixinin dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının cavabdehə qarşı “əlilliyin təyinat tarixinin dəyişdirilməsi tələbinə dair” iddia tələbi İPM-in 35.1-ci maddəsinin tələbi qaydasında əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. İddia mükünsüz iddiadır. İPM-in 35.3-cü maddəsi isə nəzərdə tutur ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Birinci instansiya məhkəməsi tərəfindən isə prosessual qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, hərtərəfli araşdırma aparılmaqla iddianın mümkünlük məsələsi yoxlanılmamış, əsassız olaraq iddianın təmin edilməsi barədə mahiyyəti üzrə qərar qəbul edilmişdir. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarında əsassız nəticəyə gəldiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7583/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7583/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1427/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1427/2024
02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver