Məhkəmə qərarları › İş №2-1(103)-1428/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1428/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1428/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1964-cü il tarixində Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən faktiki yaşadığı ünvanünvan 2üdafiə Nazirliyinə qarşı “arxiv arayışının verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(112)-3596/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 14.01.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 08.03.1992-ci il tarixdən 12.05.1994-cü il tarixində elan olunan atəşkəsə qədər Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N və N saylı hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsi; qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 08.03.1992-ci il tarixdən 12.05.1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olundugu 13.08.1996-cı il tarixədək Müdafiə Nazirliyinin tabeliyində olan N və N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iddiaçının iştirak etməsi barədə aktdan irəli gələn ehtiyata buraxılmasının Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü il təvəllüdlü Cabbarov X2 rayon Hərbi Komissarlığı tərəfindən 11 iyun 1982-ci il tarixdə keçmiş SSRİ Silahlı Qüvvələri tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 29 iyun 1984-cü il tarixdə hərbi xidmətini başa vurmuşdur. 21 avqust 1993-cü ildən , 1993-cü ilin oktyabr ayına qədər N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir.Onun hərbi biletində hərbi xidməti könüllü olaraq keçməsi barədə heç bir qeydiyyat aparılmamışdır. Dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq heç bir məlumat ala bilməmişdir. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(112)-3596/2021 nömrəli qərardadı (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. 25.03.2021-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(112)-3596/2021 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2-1(102)-1332/2018 nömrəli qərarına (hakimlər- Z.Quliyev, N.Rəsulbəyova, İ.Hüseynov) əsasən müəyyən edilir ki: - Zəngilan Rayon Məhkəməsinin 2(034)-1452/2016 saylı, 14 noyabr 2016-cı il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməklə xidmət keçməsi” faktının müəyyən olunması tələbi barədə ərizəsi təmin edilmişdir. - İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Zəngilan Rayon Məhkəməsinin 2(034)-1452/2016 saylı, 14 noyabr 2016-cı il tarixli hərbi xidmət keçmə haqqında hüquqi faktın meəyyən olunması barədə qüvvəyə minmiş qətnaməsini əsas götürərək “Azərbaycan Respublikası Ərazi Bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün “müharibə veteranı” adı, vəsiqəsi və statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli, 2-1(82)-4711/2017 saylı (hakim- E.Mustafayev) qərarı ilə iddianın təmin edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 fevral 2018-ci il tarixli, 2-1(103)-373/2018 saylı (hakimlər-V.Ağayev, A.Nuriyeva, C.Yusifov) qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli, 2-1(82)-4711/2017 saylı qərarının dəyişdirlmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2-1(102)-1332/2018 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 fevral 2018-ci il tarixli, 2-1(103)-373/2018 saylı qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə iddiasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, qərardadın əsasları ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Hazırkı iş üzrə iddia tələbinin predmetini “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iddiaçının iştirak etməsi barədə aktdan irəli gələn ehtiyata buraxılmasının Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından hazırkı iş üzrə iddianın predmetini təşkil edən yuxarıda qeyd olunan tələbi ilə bağlı iddiaçının cavabdeh orqana müraciət etməsi müəyyən edilmir. Məhkəmə Kollegiyası hesab edir ki, iş materiallarından iddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciət etməsi müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(112)-3596/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar