Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1428/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsində qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7828/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ehtiyyatda olan hərbiçi kimi ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə mənzil növbəsinə qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7828/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərbi qulluqçunun mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin edilməsi üçün bir şərt vardır- hərbi qulluqçunun 15 təqvim ili və daha çox xidmət etməsi. Qanunda hərbi qulluqçunun mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunması üçün digər bir şərt nəzərdə tutulmayıb. Bu səbəbdən də iddiaçının son beş ildə daşınmaz əmlakının olması, onu sonradan özgəninkiləşdirməsi əsas götürülərək iddia tələbi rədd oluna bilməzdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respubılikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli RX seriyalı çıxarışına əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 1a, mənzil 18 X6 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi X3 27.09.2001-ci il tarixli 860 ş/h №-li əmrindən çıxarışdan görünür ki, 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbini “Sərhəd Qoşunları” ixtisası üzrə bitirərək xidmətlərini davam etdirmək üçün leytenant İddiaçı MTN-nin Sərhəd Qoşunlarına həqiqi hərbi xidmətə qəbul edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi X3 20.03.2002-ci il tarixli 229 ş/h №-li əmrindən çıxarışdan görünür ki, leytenant İddiaçı 20 mart 2002-ci il tarixdən N nömrəli hərbi hissə üzrə 8-ci sərhəd zastavası rəisinin müavini təyin edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 01.06.2018-ci il tarixli 792 ş/h №li əmrindən çıxarışdan görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) maddi-texniki təminat şöbəsi əşya-geyim bölməsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. - Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin 27 aprel 2021-ci il tarixli B-22-068 nömrəli imtina məktubunda qeyd edimişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış shəsi olmayan yaşa, xəstəliyə,ştatların ixtisarına , ailə vəziyyətinə görə ehtiyyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi xidmət hərbi qulluqçularına aiddir. İddiaçı Dövlət Sərhəd Xidmətinin rəisinin 292 s/h №-l 01.06.2018-ci il tarixli əmri ilə Hərbi Xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsaəsn ehtiyta buraxılaraq seçdiyi yaşayış yeri kimi ilkin olaraq Xətai rayonunda qeydiyyata alındığından “Hərbi Qulluqçuların statusu haqqında” Qanununa müvafiq olaraq etiyyata buraxılmış hərbi qulluqçular üçün nəzərdə tutulan imtiyazlar ona şamil edilə bilməz. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşdən aydındır ki, İddiaçı 15 ildən çox hərbi xidmət etmiş olmasına əsaslanaraq, ehtiyatda olan hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə mənzil növbəsinə qeydiyyata alınmasını tələb edir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Qeyd edilən normalardan da göründüyü kimi, 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan hərbi qulluqçuların qanunla müəyyən edilmiş qaydada yaşayış sahəsi ilə təmin olunmaq hüququ vardır. Hazırki işin hallarından göründüyü kimi, iddiaçının 15 ildən çox hərbi xidmət etməsi işin mübahisəsiz halıdır və cavabdeh də bunu mübahisələndirmir. Digər tərəfdən, iş materialarından iddiaçının hazırda hər hansı yaşayış sahəsinin olmaması müəyyən edilsə də, işin hallarından mənzil şəraitinin pisləşməsinə səbəb olan məqsədli hərəkətlərə yol verdiyi də müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 avqust 2021-ci il tarixli **********12 nömrəli məktubdan görünür ki, İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 97 ünvanında yerləşən 2 nömrəli mənzil qeydiyyata alınmışdır (ünvan 2u tərəfindən təsdiq edilmiş, 07.06.2018-ci il tarixli 4Ə-675 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə, ünvan 2u tərəfindən təsdiq edilmiş, 07.06.2018-ci il tarixli, 7E-10077 reyestr nömrəli bölgü sxeminə əsasən ilkin olaraq 03.07.2018-ci il tarixində qeydiyyatdan keçmişdir). Lakin Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş, 07.10.2020ci il tarixli, 4Ə-2468 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir. X7 ailə üzvləri ilə ümumi birgə mülkiyyət hüququ ilə adına Gədəbəy raynu, Dəyirmandağ kəndində yerləşən 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. Məktubla qeyd olunan X5 adına isə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli RX seriyalı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. 07 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzili alıcı X1. Göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətində fərdi mənzil olmuş, 07.10.2020-ci ildə həmin mənzili 138/18 №li alqı-satqı müqaviləsi ilə digər şəxsə satmışdır. Bundan bir neçə ay sonra isə yaşayış yeri olmaması əsası ilə ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə qeydiyyata salınması tələbilə cavabdeh orqana müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Yuxarıda qeyd edilən məqamlar Məcəllənin 52-ci maddəsinin dispozisiyasında qeyd edildiyi kimi, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə mənzil vəziyyətini qəsdən pisləşdirmiş olması nəticəsinə gəlməyə imkan verir. AR Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - 53.1.1 bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - 53.1.2 müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Belə olan halda kollegiya bildirir ki, hazırki mübahisə üzrə cavabdehin hər hansı hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və maraqlarının pozulmuş olması müəyyən edilmir. İnzibati orqan İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə qeydiyyata alınmasından imtina etməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən kollegiya bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas müyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7828/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1428/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1428/2022
08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver