Məhkəmə qərarları › İş №2-1(103)-1428/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1428/2025

22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1428/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2350/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona - İddiaçı müharibə veteranı statusu və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 22 aprel 1986-cı ildən 22 iyun 1988ci il tarixədək SSRİ Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1992-ci ilin mart ayından xx.xx.1992-ci il tarixədək “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə dəstəsinin tərkibində Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci il tarixdə Şuşanın işğalı ilə əlaqədar olaraq Şuşa şəhərindən çıxarılmışlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. İlk öncə Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivə müraciət edərək döyüşlərdə iştirak etməsilə bağlı Arxiv arayışının verilməsini xahiş etmişdir. Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən ona verilmiş arxiv arayışında qeyd olunmuşdur ki, “Verilir İddiaçı ondan ötrü ki, Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 2 73 №li əmrində (əsas: sıra-92) “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə dəstəsinin şəxsi heyətinin siyahısında İddiaçı adı yazılmış və adının qarşısında xx.xx.1992 - xx.xx.1992-ci il tarixədək pul təminatı ilə təmin olunması qeyd olunmuşdur. Eyni zamanda qeyd olunmuşdur ki, “Azərbaycan Qarabağı” və “Şuşa könüllüləri” könüllü özünümüdafiə dəstələri komandirlərinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığından İddiaçı barəsində əlavə araşdırma apara bilmirik”. Daha sonra “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar olaraq müvafiq sənədləri Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya təqdim etsə də, cavabdeh inzibati orqan tərəfindən müraciəti təmin edilməmişdir. Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən verilən X14 Nazirinin xx.xx.1992-ci il tarixli 273 №-li əmrində (əsas: sıra-92) “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə dəstəsinin şəxsi heyətinin siyahısında İddiaçı adının yazılması və adının qarşısında xx.xx.1992 - xx.xx.1992-ci il tarixədək pul təminatı ilə təmin olunması təsdiq olunmuşdur. Eyni zamanda, xx.xx.1992-ci il tarixində Şuşanın işğalı ilə əlaqədar olaraq Şuşa şəhərini tərk etmişlər. Hesab edir ki, qeyd olunan əsaslarla bağlı cavabdeh inzibati orqanın imtinasının əsasları qanunsuzdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsaslara gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd edirlər ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması, bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-4913 nömrəli arayışına əsasən “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə batalyonunun nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığına görə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2350/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddianın təmin edilməsi, iddiaçı xx.xx.1968-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublıkasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəz Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli 4/2-4913 nömrəli “Arxiv arayışı”na əsasən Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 273 nömrəli əmrində (əsas: sıra-92) “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə dəstəsinin şəxsi heyətinin siyahısında İddiaçı adı yazılmış və adının qarşısında xx.xx.1992- xx.xx.1992-ci il tarixədək pul təminatı ilə təmin olunması qeyd olunmuşdur. “Azərbaycan Qarabağı” və “Şuşa könüllüləri” könüllü özünümüdafiə dəstələri komandirlərinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı barəsində əlavə araşdırma aparmaq mümkün olmamışdır. İddiaçının sonrakı xidməti və ehtiyata buraxılmasına dair hər hansı məlumat mövcud deyildir və iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Belə olan halda, iddiaçının döyüş əməliyyatları aparan könüllü özünümüdafiə dəstəsinin döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olunduğundan, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Göründüyü kimi özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Müdafiə Nazirliyi tərəfindən deyil, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; -İddiaçıya aid H3 seriyalı ******* №li hərbi biletin surətindən müəyyən olunur ki, o, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, № 4/2-4913 saylı “Arxiv arayışı”nda göstərilmişdir ki, Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 273 №-li əmrində (əsas: sıra-92) “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə dəstəsinin şəxsi heyətinin siyahısında İddiaçı adı yazılmış və adının qarşısında xx.xx.1992- xx.xx.1992-ci il tarixədək pul təminatı ilə təmin olunması qeyd olunmuşdur. “Azərbaycan Qarabağı” və “Şuşa könüllüləri” könüllü özünümüdafiə dəstələri komandirlərinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığından İddiaçı barəsində əlavə araşdırma aparmaq mümkün olmamışdır. - xx.xx.1965-ci il təvəllüdlü X15 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş № **********852 saylı, 8İ-9852 reyestr nömrəli ərizədə göstərilmişdir ki, o, yəni X15 İ Qarabağ Müharibəsi zamanı “Azərbaycan Qarabağı Könüllü Müdafiə Dəstəsi”ndə erməni işğalçılarına qarşı döyüşlərdə İddiaçı ilə birlikdə döyüşmüşdür. - xx.xx.1963-cü il təvəllüdlü X9 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş № **********854 saylı, 8İ-9854 reyestr nömrəli ərizədə göstərilmişdir ki, o, yəni X9 İ Qarabağ Müharibəsi zamanı “Azərbaycan Qarabağı Könüllü Müdafiə Dəstəsi”ndə erməni işğalçılarına qarşı döyüşlərdə İddiaçı ilə birlikdə döyüşmüşdür. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2/2 – 3413 №-li, cavab məktubunda qeyd olunmuşdur ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-4913 nömrəli arayışına əsasən “Azərbaycan Qarabağı” könüllü Özünümüdafiə batalyonunun nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, № 2731 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 1992-ci il tarixli əmrlərində “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə dəstəsinin hərbi qulluqçularına xx.xx.1992-ci il tarixədək N №li hərbi hissə vasitəsi ilə pul təminatının ödənilməsi və “Şuşa Könüllüləri” özünümüdafiə dəstəsinin hərbi qulluqçularına xx.xx.1992ci il tarixədək N №-li hərbi hissə vasitəsi ilə pul təminatının ödənilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin 1992-ci il tarixli əmrlərində “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə və “Şuşa Könüllüləri” özünümüdafiə dəstələrinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hər hansı bir hərbi hissənin tərkibində olub-olmaması barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, № 3-25- 2/2-B-111xx-xx/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş X13 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış, 774 nömrəli protokol ilə ona “Müharibə veteranı” adı verilmiş və M/V-089041 nömrəli vəsiqə ayrılmış, vətəndaş X7 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış, 827 nömrəli protokol ilə ona “Müharibə veteranı” adı verilmiş və M/V -089651 nömrəli vəsiqə ayrılmışdır. X1 “Müharibə Veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd edilən qanunvericilik normalarından görünür ki, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir:

1. Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı;

2. Şəxsin həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilibedilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. İşin halları ilə müəyyən edilir ki, cavabdeh inzibati orqanın arxiv arayışından müəyyən edilir ki, İddiaçı xx.xx.1992-xx.xx.1992-ci il tarixədək “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə dəstəsinin tərkibində Şuşa şəhərinin müdafiəsinin uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Arayışdan həmçinin müəyyən edilir ki, müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 273 №-li əmrində “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə dəstəsinin şəxsi heyətinin siyahısında İddiaçı ilə bağlı qeydlər mövcuddur. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, hər nə qədər iddiaçının döyüş bölgəsinə göndərilməsi və döyüş bölgəsindən qayıtması ilə əlaqədar əmrlər aşkar olunmasa da, cavabdeh tərəfindən təqdim edilmiş arxiv arayışında qeyd edilmiş məlumatlar məhkəmə tərəfindən mötəbər dəlillər kimi qiymətləndirilməlidir. İddiaçının xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə dəstəsinin tərkibində Şuşa şəhərinin müdafiəsinin uğrunda gedən döyüşlərdə iştirakı Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 273 №-li əmri ilə təsdiq edilir. Cavabdehin dəlillərindən biri odur ki, “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə dəstəsinin komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın bu dəlilinə münasibətdə qeyd edir ki, göstərilən əmrlərin arxivləşdirilməsi iddiaçının səlahiyətlərinə aid olmadığından və buna nəzarət etmək vəzifəsi cavabdeh orqana aid olduğundan həmin dəlil iddianın təmin olunmaması üçün əsas ola bilməz. Müharibə veteranı statusunun verilməsi ilə bağlı araşdırılmalı olan ikinci hal üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi və ya barəsində cinayət təqibinin bəraətverici əsaslar olmadan xitam verilməsinə və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. xx.xx.1965-ci il təvəllüdlü X15 və xx.xx.1963-cü il təvəllüdlü X9 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdə qeyd olunmuşdur ki, onlar İ Qarabağ Müharibəsi zamanı “Azərbaycan Qarabağı Könüllü Müdafiə Dəstəsi”ndə erməni işğalçılarına qarşı döyüşlərdə İddiaçı ilə birlikdə döyüşmüşlər. Şahid ifadələrinin qiymətləndirilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yalnız şahid ifadəsi əsasında iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi qanunvericiliyə əsasən qadağan edilməmişdir. İstənilən şəxs notariat qaydada ərizə verərkən sərbəst iradə ifadəsini bildirsə də, bu hal onun yalan ifadə verə biləcəyini də istisna etmir, çünki notariat orqanı yalnız verilmiş ərizədə şəxsin iradə ifadəsinin nədən (bunun düz və ya yalan olduğunu bilmədən) ibarət olduğunu və belə ərizənin onun yanında verildiyini təsdiqləyir. Digər tərəfdən isə, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Odur ki, əgər qanunvericilik imperativ qaydada işin konkret halının rəsmi sənədlə təsdiq edilməli olduğunu tələb edirsə, həmin hal şahid ifadələri ilə təsdiq oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, şahid ifadələri iddiaçının xeyrinə nəzərə alınmalıdır. Belə ki, məhkəmə sözügedən şəxslərin “Müharibə veteranı və statusu”nun olması və müvafiq vəsiqələrin verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğular ünvanlayaraq müvafiq araşdırmasını aparmışdır. Sorğuya əsasən məhkəməyə təqdim edilmiş məlumatlar onu deməyə əsas verir ki, vətəndaş X13 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış, 774 nömrəli protokol ilə ona “Müharibə veteranı” adı verilmiş və M/V-089041 nömrəli vəsiqə ayrılmış, vətəndaş X7 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış, 827 nömrəli protokol ilə ona “Müharibə veteranı” adı verilmiş və M/V -089651 nömrəli vəsiqəsi verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2350/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2350/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar