Məhkəmə qərarları › İş №2-1(103)-1429/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1429/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1429/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Nəbi qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Vəkil, Üçüncü şəxs X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı (üçüncü şəxs: X2) “plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1242/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1242/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,X1 adına “Torpaq sahəsinin planı və ölçüsü“ verilmiş bağ torpaq sahəsi Sabunçu rayonu, Kürdəxanı Qəsəbəsinin inzibati ərazisinə deyil, Sabunçu rayonu, Nardaran Qəsəbəsi inzibati ərazisinə aid torpaq sahəsində verilməli idi və Sabunçu rayonu, Kürdəxanı Qəsəbəsi inzibati ərazisinə aid torpaq sahəsi ilə Sabunçu rayonu, Nardaran Qəsəbəsi inzibati ərazisinə aid həmin torpaq sahələri bir-birindən çox uzaq məsafədə yerləşir və fərqli ərazilərdir. X1 dublikat Protokol və dublikat Kitabça ilə və 1992-ci ildə ləğv edilmiş sənədlə əldə etmək istədiyi 500(beş yüz) kvadrat metr mübahisəli yer-Sabunçu rayonu, Kürdəxanı Qəsəbəsinin inzibati ərazisində deyil, Sabunçu rayonu, Nardaran qəsəbəsinə aid inzibati ərazisində bir bağ sahəsidir və iddiaçı 24 (iyirmi dörd) il müddətində ona ayrılmış 500 kv. metr torpaq sahəsinin yerini belə müəyyən edib-tapa bilməmiş və 24 ildən sonra ona aidiyyəti olmayan 50 (əlli) ildən artiq müddətdə həmin sahədə, yəni İddiaçı qaynatası Mirzə Hüseynin,qardaşlarının və qaynatasının-atası Həmzənin istifadə etdiyi 2007-ci il tarixdən hasarlanmış köhnə tikilinin yerində müvafiq yeni yaşayış evi və yardımçı tikililər aparılmış və incil ağacları və üzüm tingləri və müxtəlif ağaclar əkilməklə salınmış bağ sahələrinə aid olan əraziləri əhatə edən sahədə qanunsuz olaraq torpaq sahəsinin planı və ölçüsünü sərtib etdirmişdir. Həmin ərazi Kürdəxanıda Sətyarlıların,-yəni Satyarovların bağ sahəsi kimi tanınır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili şikayəti müdafiə edərək qərardadın ləğv edilməsi iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs şikayətə etiraz edərək qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmaqlarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək apelyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən görünür ki, iddiaçıməhkəməyə iddia ərizəsi ilə müraciət edərək üçüncü şəxsin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş, Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2013-cü il tarixdə 33389 nömrə ilə qeydiyyata alınmış AN- 426821 seriyalı “Torpaq sahəsinin plan və ölçü sənədi”nin verilməsi ilə bağlı hərəkətin qanunsuz hesab edilməsi və həmin plan və ölçü sənədinin ləğv olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə Kürdəxanı Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli, 1423 nömrəli Qərarı ilə iddiaçıya və onun əri Sətyarov X3 hər birinə 1200 kv.m torpaq sahəsinin icarəyə verilməsi qərara alınmış və onlarla Bələdiyyə arasında icarə müqavilələri bağlanmışdır. Onlar tərəfindən hasarlama işləri aparılmış, ev və müxtəlif tikililər tikilmiş, həmin torpaq sahəsində ağaclar əkilmişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, üçüncü şəxsin adına AN-426821 seriyalı “Torpaq sahəsinin plan və ölçü sənədi“ verilmiş və həmin şəxs ona icarəyə verilmiş torpaq sahəsinə çıxarış almaq üçün məhkəmədə iddia qaldırmışdır. Həmin torpaq sahələri Kürdəxanı Qəsəbəsi inzibati ərazisinə deyil, Sabunçu rayonu, Nardaran Qəsəbəsi inzibati ərazisinə aid torpaq sahələridir və Sabunçu rayonu, Kürdəxanı Qəsəbəsi inzibati ərazisinə aid torpaq sahəsi ilə həmin torpaq sahələri birbirindən çox uzaq məsafədə yerləşir. Birinci instansiya məhkəməsi iddiaçının torpaq sahəsinə dair hər hansı hüququnun mövcud olmadığı halda, hüquqlarının pozduğuna istinad edərək üçüncü şəxsin adına verilmiş AN-426821 seriyalı “Torpaq sahəsinin plan və ölçü sənədi”nin ləğv olunmasını tələb etməyə subyektiv hüququnun mövcud olması müəyyən edilmədiyini əsas götürərək iddianı mümkün saymamışdır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Konstitusiyanın bu normasında qeyd olunan “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanunla müəyyən edilmiş məhkəmə tərkibinin mövcudluğu, ədalət mühakiməsinin tamlığı, yəni müvafiq qaydada məhkəmə aktlarının icrasına dair şərtləri və s. əhatə edir. “Azəraqrartikinti” X4 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır.İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub-olmadığını müəyyən etməlidir. Əks yanaşma məhkəmə tərəfindən iddianın mümkün sayılmadığı halda iddiaçının yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq hüququnu məhdudlaşdıra bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Hazırki iş materiallarından görünür ki, Kürdəxanı Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli, 1423 nömrəli Qərarı ilə İddiaçı 1200 kv.m torpaq sahəsinin icarəyə verilməsi qərara alınmış, sonuncu ilə Bələdiyyə arasında müvafiq icarə müqaviləsi bağlanmışdır. Eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən X1 adına Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2013-cü il tarixdə 33389 nömrə ilə qeydiyyata alınmış AN-426821 seriyalı “Torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Kollegiya işin qeyd edilən hallarını və yuxarıda sadalanan normaları əsas götürüb hesab edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Kürdəxanı Bələdiyyəsinin onun mülkiyyətində olmayan, dövlətə məxsus torpaq sahəsi üzərində sərəncam vermiş olması, bununla da Bələdiyyənin xx xxxx 2007-ci il tarixli, 1423 nömrəli Qərarının və icarə müqaviləsinin əsassız olmasının müəyyən edilməsi barədə gəldiyi nəticə iddianın mümkünlük baxımından deyil, iddianın mahiyyəti üzrə dəyərləndirilməsi kimi qəbul olunmalıdır. Hazırki iş üzrə iddiaçının iddia qaldırmağa əsas verdiyi subyektiv hüquq inzibati orqanın onun hüququnu pozduğunu iddia etdiyi inzibati aktın mövcudluğu, iddiaçının qorumaq istədiyi mənafeyinin etimad etdiyi hüquqmüəyyənedici sənədlər əsasında sahib olması ilə şərtlənir. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Subyektiv mənada hüquq isə normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarı) Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının iddia tələbinin əsasında duran hüquqməüyyənedici sənədlər- Kürdəxanı Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli, 1423 nömrəli Qərarı və icarə müqaviləsi iddiaçının iddia predmeti olan Torpaq sahəsinin plan və ölçüsünün mübahisələndirməkdə subyektiv hüququnun olması qənaətinə gəlməyə kifayət edir. Sözügedən bələdiyyə qərarı və icarə müqaviləsinin qanuniliyinin yoxlanılması isə mübahisənin həlli baxımından qiymətləndirilə biləcək əsaslardır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1242/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı (üçüncü şəxs: X2) “plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar