Məhkəmə qərarları › İş №2-1(103)-1429/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1429/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1429/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1977-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının ehtiyata tərxisi barədə əmrin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-921/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə (iddia ərizəsi iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən imzalanmışdır) 07.05.2020ci il tarixində Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının ordu sıralarından ehtiyata tərxis olunmağı ilə bağlı əmrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra 19.05.2020-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə daxil olmuş, ərizədə iddiaçının cavabdehə qarşı ehtiyata buraxılma tələbi üzrə məhkəmə aktı qanuni qüvvəsini alanadək iddiaçının xidmət etdiyi hərbi hissədən başqa hərbi hissəyə keçirilməsi, tutduğu vəzifədən başqa vəzifəyə keçirilməsinin cavabdehə və onun strukturlarına qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-921/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia tələbinin qismən təmin olunması, İddiaçı “öz arzusu ilə ehtiyata buraxılması” barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı 18.03.2021-ci il tarixində qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-921/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin təmin olunmuş hissəsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir. 17.06.2021-ci il tarixində iddiaçı tərəfindən apellyasiya şikayətini geri qaytararaq apellyasiya icraatına xitam verilməsi barədə ərizə məhkəməyə daxil olmuşdur. Daha sonra 26.07.2021-ci il tarixində məhkəmənin rəsmi email ünvanına iddiaçı tərəfindən ərizə göndərilərək, apellyasiya şikayətini geri qaytararaq apellyasiya icraatına xitam verilməsi xahiş edilmişdir. İddiaçı və cavabdeh məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş ərizəni araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsipini tanımışdır. Belə ki, həmin Məcəllənin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Apellyasiya icraatında isə dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanır və belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Bu səbəbdən qanunverici həmin Məcəllənin 88.1-ci maddəsində şikayət verən inzibati məhkəmə icraatının iştirakçısına apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürmək hüququ vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək inzibati məhkəmə icraatının iştirakçısı kimi iddiaçının hüququ olduğundan ərizə təmin edilməli və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüş hesab edilməli, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna etdiyindən iddiaçının şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-in 15, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-921/2021 nömrəli qərarından iddiaçının apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-921/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüş hesab edilsin və iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi, 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar