Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-143/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı prosessual hüquq varisi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Xəzər rayonu, Buzovna qəsəbəsi bağ massivində yerləşən ona məxsus 1.200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə ünvan 1i qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlərt Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Xəzər rayonu, Buzovna qəsəbəsi bağ massivində yerləşən ona məxsus 1.200 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” qərar çıxarılmasını xahiş etmişdir İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə Xəzər rayonu, Buzovna qəsəbəsi dənizkənarı bağ massivində yerləşən 1.200 kv.m torpaq sahəsini 4.800.000 manat (keçmiş AZM) ödəməklə almışdır. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 19 aprel 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qeyd olunan torpaq sahəsinə dair plan və ölçüsü rəsmiləşdirilməklə xx.xx.2012-ci il tarixdə onun adına şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, ərizəsinin icrasından cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi bağ massivində yerləşən ona məxsus 1.200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək göstərmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Buzovna bağ massivində yerləşir və qonşuluqdakı torpaq sahələri bağ sahələri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin, ayrılmış torpaq sahəsinə münasibət bildirilməsi ilə bağlı Memarlıq Şəhərsalma Baş İdarəsinin rəyi təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********23 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır ünvan 1i qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi bağ massivində yerləşən 1.200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin elektron-kadastr məlumatlarına əsasən naturada göstərilən torpaq sahəsi Buzovna bağ massivində yerləşir və qonşuluqda yerləşən torpaq sahələri bag sahələri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin müvafiq torpaq sahəsinin ayrılmasına münasibət bildirməsi ilə bağlı Memarlıq Şəhərsalma Baş İdarəsinin rəyi yoxdur. İşə baxan məhkəmə torpagın dövlət mülkiyyətində olmasına baxmayaraq bələdiyyə organı tərəfindən satılmasını nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən Xəzər rayonu Buzovna Bələdiyyəsi hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının oğlu X2 məhkəmə kollegiyasına müraciət edərək atası İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etdiyi bildirərək onun hüquqi varisi qismində hazırki işə cəlb edilməsini xahiş etmiş və ölüm haqqında şəhadətnamənin surətini təqdim etmişdir. Məhkəmə kollegiyasının 27 sentyabr 2021-ci il tarixli iclasında iştirak edən X2 iddiaçının hüquqi varisi qismində müəyyən edilərək işə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmətexniki ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2148 №-li ekspert rəyi məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının hüquqi varisi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: - Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, № 48/2 – 5 saylı qərarından görünür ki, Buzovna qəsəbəsində dəniz kənarında bağ evinin tikintisi üçün İddiaçı 1200 kv.m torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin torpaqların alqı-satqısına dair aktdan görünür ki, Buzovna Bələdiyyəsi ərazisində İddiaçı 1200 kv.m torpaq sahəsi ayrılmışdır. - Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 491598 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən 4.800.000 manat məbləğində pul vəsaiti bələdiyyə ödənilmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 19 aprel 2012-ci il tarixli 2in(82)- 878/2012 qərarından görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1.200 kv.m torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsinə həvalə edilmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2012-ci il tarixli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 19 aprel 2012-ci il tarixli 2in(82)-878/2012 qərarı əsasında Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1.200 kv.m torpaq sahəsinə dair İddiaçı adına torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. - DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən İddiaçı ünvanladığı xx.xx.2020-cı il tarixli, **********23 nömrəli cavab məktubundan görünür ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Buzovna bağ massivində yerləşir və qonşuluqları bağ sahələri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin, ayrılmış torpaq sahəsinə münasibət bildirilməsi ilə bağlı Memarlıq Şəhərsalma Baş İdarəsinin rəyi təqdim edilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər –torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (bələdiyyə qərarı və məhkəmə qərarı, habelə onlar əsasında verilmiş torpaq sahəsinin qeydiyyata alınmış plan və ölçüsü) iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və aşağıda qeyd olunan maddi hüquq normalarına və işin faktiki hallarına əsaslanaraq hesab eidr ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki mübahisənin əsasını iddiaçıya ayrilmış 1200 kv.m. torpaq sahəsinin Buzovna bələdiyyəsinin mülkiyyətində olubolmamasını müəyyən etməkdən ibarətdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin qərardadı ilə bu məsələyə aydınlıq gətirmək üçün məhkəmə texniki ekspertizası təyin edilmiş və ekspertlər qarşısında “Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu Buzovna Bələdiyyəsinin 26 mart 2005ci il tarixli, 48/2-5 saylı qərarı ilə Buzovna qəsəbəsi dəniz kənarında bağ evinin tikintisi üçün İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşdiyi ərazinin dövlət və ya bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahələrinə aid olub-olmamasını (mülkiyyət növünü) müəyyən edilməsi” sualı qoyulmuşdur. Məhkəməyə daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2148 №-li ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********42 saylı mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu Buzovna Bələdiyyəsinin 26 mart 2005-ci il tarixli, 48/2-5 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatların hüdudları daxilində yerləşən 1200 kv.m torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşdüyü və elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid olduğu müəyyən edilmişdir.” Göründüyü kimi iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinin tələb etdiyi Xəzər rayonu, Buzovna qəsəbəsi bağ massivində yerləşən 1.200 kv.m torpaq sahəsi Buzovna Bələdiyyəsinin deyil, dövlət mülkiyyətində olan torpaq sahələrinə aid olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğundan Buzovna Bələdiyyəsi tərəfindən İddiaçı “dəniz kənarında bağ evi tikintisi” üçün torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmək səlahiyyəti mövcud olmamışdır. Kollegiya onu da qeyd edir ki, cavabdehin imtinasının əsaslarından biri də bələdiyyə organı tərəfindən müvafiq torpaq sahəsi ayrılarkən munasibət bildirməsi ilə bağlı Memarlıq və Şəhərsalma baş idarəsinin rəyinin olmamasıdır. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasın dair sənədlərin hazırlanması və razılaşırılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanı (hazırki halda Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi) ilə razılaşdırılmalıdır. Ayrılmış torpaq sahəsi Buzovna Bələdiyyəsinin ərazisinin sərhədləri daxilində olmasına baxmayaraq belə bir rəy alınmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəsissə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarıının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədi ilə hərracın, müsabiqənin keçilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə mövcüd texniki nomalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğün olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındığdan sonra qəbul edilir. Burada müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yerli qurumları və rayon şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və mübahisəli torpaq sahəsinə dair məhkəmə qərarı əsasında verilmiş plan və ölçü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu sənəd müvafiq torpaq sahəsinin ölçülərini və koordinatlarını əks etdirən texniki sənəd olmaqla “Daşınmaz Əmlakın Dğvlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüqüqların əmələ gəlməsi üçün əsas olan hüquqmüəyyənedici sənədlərin siyasına daxil deyildir. Göründüyü kimi vəfat etmiş iddiaçının dövlət mülkiyyətində olan torpaq sahəsini bələdiyyə qərarına əsasən əldə etməsi əsassız və qanunsuz olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İdarə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, Buzovna Bələdiyyəsinin mübahisəli ərazi barəsində sərəncam vermək səlahiyyəti olmadığından və həmçinin vəfat etmiş iddiaçı tərəfindən müvafiq torpaq sahəsini qanuni olaraq əldə etməsini təsdiq edən hüquqmüəyyənedici sənədlər iş materiallarında mövcud olmadığından hazırkı iddia tələbi əsassız olmaqla təmin edilə bilməz. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94-cü və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. ünvan 1i qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi bağ massivində yerləşən ona məxsus 1.200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər .
Məhkəmə qərarları › İş №2-1(103)-143/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-143/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver