Məhkəmə qərarları › İş №2-1(103)-143/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-143/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-143/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3334/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məcburetmə haqqında (MPM 33.1) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: «…xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam etmiş "Vətən müharibəsi”ndə könüllü iştirak edərək, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlı rayonları və Şuşa şəhəri istiqamətlərində N nömrəli hərbi hissənin bölmələrinin atəş mövqeylərindeki mühəndis işlərinin yerinə yetirilməsı üçün “NİSSAN" navara markalı şəxsi avtomobili ilə ekskavatorçuların daşınmasında, eləcə də digər xidməti fəaliyyətlərin yerinə yetirilməsində yaxından köməklik etməklə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə xidmət etmişdir. “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli məktubla ona imtina verilərək onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1462 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissədə ezamiyyətdə olmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır…» Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir: Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…N nömrəli hərbi hissədən təqdim olunmuş xx.xx.2023-cü il tarixli 153 nömrəli məktubunda iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətdə N nömrəli hərbi hissədə hərbi xidməti, şəxsi heyətin siyahısına daxil edilməsi, müharibədə iştirak etməsi, hərbi xidmətdən ehtiyata buraxılması, pul təminatı ilə təmin olunması, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün növ təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması və yaralanması ilə əlaqədar hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində müvafiq qeydlər aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakın (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaşcan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20N-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu (siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı, onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3334/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Məhkəmə tərəfindən sübutlara hüquqi qiymət verilməmişdir. Bütün sənədləri və hərbi biletini cavabdehə təqdim etmiş və həmin biletdə müvafiq qeydlər aparılmışdır. Onun avtomaşınında olan qəlpələr və güllələr canlı şahiddir. O, özü avtomaşının srücüsü olmuş, hər an ona güllə dəyə bilərdi. Hər an ölümlə üzbəüz qalmışdır. O ki pul istəmir, döyüşlərdə iştirakı barədə sənəd istəyir. Avtomaşında yaralı daşımış, yardım göstərmişdir. Həmin şəxslər gəlib dediklərini təsdiq də edə bilər. O, başqa dövlətin yox, öz torpaqlarının bütövlüyü uğurunda döyüşmüşdür…» Məhkəmə kollegiyasının 3 avqust və 30 noyabr 2023-cü il tarixli iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini dəlillərinrə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir (Hazırkı məhkmə iclasına gecikmiş, iştirak etməmişdir). Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdeh (nümayədəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbləri baxımından tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab olunmuşdur. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin: 1-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir... Əsasnamənin qeyd olunan tələbindən göründüyü kimi, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi idarətetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar əsasında verilir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, ** NO *** dövlət qeydiyyat nişanlı “Nissan Navara” markalı nəqliyyat vasitəsi mülkiyyətçisi tərəfindən xx.xx.2023-cü il tarixədək sürülmək və tam sərəncam vermə hüququ ilə iddiaçının idarəçiliyinə verilmişdir. Eyni zamanda, "xxxx" MMC-nin işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli arayışında qeyd olunur ki, iddiaçı xx.xx.2020-ci il tarixdən - xx.xx.2021-ci il tarixədək ”Zetaş AGT " MMC-də (VÖEN: **********) ƏM və TT üzrə mühəndis olaraq işləmiş, işlədiyi dövrdə xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixədək könüllü olaraq “Vətən müharibəsi”ndə iştirak etmişdir. Eyni zamanda, işə əlavə olunmuş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N saylı buraxılış vərəqəsindən görünür ki, ** NO *** nörməli “Nissan Navara” markalı nəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatları gedən ərazilərdə avtomobilin sərbəst hərəkətinə icazə verilmişdir. Bundan başqa, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandiri tərəfindən ona verilmiş xx.xx.2021-ci il tarixli fəxri fərmandan da görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən Müharibəsi"ndə Azərbaycan Ordusuna göstərdiyi dəstəyə və fədakar əməyinə görə fəxri fərmanla təltif olunmuşdur. Digər tərəfdən, qeyd olunan 0N hərbi hissə tərəfindən verilmiş N saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam etmiş "Vətən müharibəsi”ndə könüllü iştirak edərək, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlı rayonları və Şuşa şəhəri istiqamətlərində N nömrəli hərbi hissənin bölmələrinin atəş mövqeylərindeki mühəndis işlərinin yerinə yetirilməsı üçün “NİSSAN" navara markalı şəxsi avtomobili ilə, ekskavatorçuların daşınmasında, eləcə də digər xidməti fəaliyyətlərin yerinə yetirilməsində yaxından köməklik göstərmişdir. Cavabdehin imtina məktubuna və onun iddia ərizəsinə etirazına əsasən 0N saylı və N saylı hərbi hissələrin döyüş əməliyyatları aparan hərbi hissələr olması mübahisələndirilmir. Tədqiq olunan sübutlarla müəyyən olunan hallardan görünür ki,iddiaçı idarə etdiyi «Navara» markalı avtomaşınla Müdafiə Nazirliyinin 0N və N saylı hərbi hissələrinin döyüş zonalarında hərbi hissə tərəfindən verilmiş icazə sənədi əsasında döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirilməsində, eyni zamanda, yaralılara köməklik göstəriləməsində və onların daşınmasında fəal iştirak etmiş, hətta fəxri fərmanla təltif olunmuşdur. İşə əlavə olunmuş fotoşəkilərdə, o cümlədən, mübahisəli nəqliyyat vasitəsinin xarici görünüşünü əks etdirən fotolarda avtomaşının çoxlu sayda güllə və qəlpə zədələrinə məruz qaldığı aydın görünür. İddiaçıının işə əlavə olunmuş AC №042856 saylı xx.xx.2002-ci il tarixli hərbi biletin surətində qeydlərindən də görünür ki, tədqiq olunan arayışlara müvafiq olaraq qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam etmiş "Vətən müharibəsi”ndə könüllü iştirak edərək, o, Füzuli, Şuşa, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlı rayonları N nömrəli hərbi hissənin bölmələrinin atəş mövqelərindəki mühəndis işlərinin, yerinə yetirilməsı üçün “NİSSAN" navara markalı şəxsi avtomobili ilə, ekskavatorçuların daşınmasında, eləcədə digər xidməti fəaliyyətlərin yerinə yetirilməsində yaxından köməklik göstərmişdir. Beləliklə də, iddiaçının döyüş bölgələrinə ezam olunmasına dair rəsmi sənəd olmasa belə, o döyüş əməliyyatları aparan hərbi hissənin rəsmi icazəsi əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşan hərbi hissələrin vuruşduğu ərazilərdə döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirməklə, yaralılara yardım göstərməklə, sair bu kimi hallarda Respublikanın ərazi bütövlyünün bərpa edilməsində iştirak etmişdir. Yuxarıda qeyd edilən Əsasnamənin birinci hissəsinin qeydinin 2-ci bəndinə əsasən bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya veteran adının verilməsindən imtina olunarkən, sübutlara düzgün qiymət verilməmiş, iddiaçının xeyrinə olan halların nəzərə alınmasından imtina etmişdir. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası ən azından hesab edir ki, iddiaçının 2ci Vətən müharibəsinin gedişində, qorxmadan, həyatını təhlükəyə ataraq idarəçiliyində olan nəqliyyət vasitəsilə Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin təminatı sahəsində aktiv iştirakının cavabdeh tərəfindən qiymətləndirilməməsi ədalətsizlikdir. Beləliklə də, iddiaçıya veteran statusu verilməsini zəruri edən şərtlərin mövcudluğu sübuta yetirilir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən onun müraciətinə laqeyid münasibət göstərilməklə ona veteran adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-nin 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə işə baxarkən işdə olan sübutlar sadalansa da onlara düzgün hüquqi qiymət verilməmiş, iddianın rədd olunması barədə gəldiyi nəticə işin hallarına, maddi və prosesssual hüquq normalarına zidd olmuşdur. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara hüquqi qiymət verilmədiyini və əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsi, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3334/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar