Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1430/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4143/2019 saylı 03 mart 2021-ci il tarixli qərardadlarından cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş verilmiş apellyasiya şikayətlərinə 28 aprel 2021ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4149/2019 saylı 02.12.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı hüququnun yarandığı vaxtdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4149/2019 saylı 02.12.2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-502/2020 saylı 20.02.2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4149/2019 saylı 02.12.2019-cu il tarixli qərarının “qərara aldı” hissəsində “hüququnun yarandığı vaxtdan” sözlərindən sonra “, yəni 57 yaşdan” sözləri əlavə olunmaqla dəyişdirilmədən saxlanılması qərara qalınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1398/2020 saylı 22.09.2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-502/2020 saylı 20.02.2020ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 15.12.2020-ci il tarixdə məhkəməyə cavabdeh inzibati orqan tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4149/2019 saylı 02.12.2019-cu il tarixli qərarının ləğv edilərək iş üzrə icraatın təzələnməsi barədə ərizəsi daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bu hüququnun yarandığı tarixdən təyin olunması vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi tələbini irəli sürmüşdür. Məhkəmənin 02.12.2019-cu il tarixli 2-1(81)-4143/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərar apellyasiya və kassasiya qaydasında dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, İnzibati Prosessual Məcəllənin Xİİ fəslinin tələblərinə uyğun olaraq iş üzrə icraat təzələnməli, məhkəmənin qərarı ləğv edilərək iddia rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi ilə 9.1-ci maddədə nəzərdə tutulmuş şəxslərə yalnız yaş və stajla bağlı əvvəlki qanunvericilyə əsaslanmaqla güzəşt müəyyən olunmuş, pensiya kapitalı tələbinin aradan qaldırılması ilə bağlı heç bir qeyd nəzərdə tutulmamışdır. İddiaçı isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik deyildir. Belə ki, hazırda iddiaçıya əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalı 44.640,39 manat təşkil edir. Lakin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22387,63 manatdır. Bu səbəbdən də ona əmək pensiyasının təyin olunması mümkün deyildir. İddia üzrə hər üç məhkəmə instansiyasının qərarlarına baxarkən məlum olur ki, işə mahiyyəti üzrə baxılarkən iddiaçının tələb olunan pensiya kapitalına malik olub-olmaması ümumiyyətlə araşdırılmamış, nə cavabdeh qismində cəlb olunmuş inzibati orqan, nə də məhkəmələr tərəfindən sözügedən məsələyə heç bir münasibət bildirilməmişdir. Bununla da iş üzrə bütün hallar araşdırılmamış, maddi hüquq normaları pozulmuşdur. Bu səbəbdən də iddiaçıya pensiya təyin edilməsi ilə bağlı qərar qanuni qüvvəyə minməsinə baxmayaraq, həmin qərarın icrası mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4143/2019 saylı 03 mart 2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi, eyni zamanda həmin tarixdə çıxarılmış digər qərardadla cavabdeh inzibati orqanın 500 manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin qərardadlardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ayrı-ayrılıqda iki apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4143/2019 saylı 03 mart 2021-ci il tarixli qərardadlarının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi və cərimənin götürülməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə icraatın təzələnməsi barədə ərizənin təmin edilməməsi barədə qəbul edilmiş qərardaddan verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə mahiyyəti üzrə baxılarkən iddiaçının tələb olunan pensiya kapitalına malik olub-olmaması araşdırılmamış, sözügedən məsələyə məhkəmələr tərəfindən münasibət bildirilməmişdir. İş üzrə bütün halllar araşdırılmamış, maddi hüquq normaları pozulmuşdur. Bu səbəbdən də iddiaçıya pensiya təyin edilməsi ilə bağlı qərarın qanuni qüvvəyə minməsinə baxmayaraq həmin qərarın icrası cavabdeh orqan tərəfindən mümkün olmamışdır. Cərimənin götürülməsi barədə qəbul edilmiş qərardaddan verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından əsassızdır və ləğv edilməlidir. Belə ki, məhkəmə cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş ərizədə istinad olunan dəlillərin sonradan yeni sübutların və ya halların aşkar olunması ilə bağlı olmadıını, həmçinin ərizədə göstərilən dəlillərin imtina cavabında, iddiaya dair təqdim edilmiş yazılı etirazda, həmçinin apelyasiya və kassasiya şikayətlərində göstərilən dəlillərlə eyni olduğunu və həmin dəlillərə məhkəmə tərəfindən hüquqi qiymət verilməsini əsas gətirərək ərizənin verilməsini məhkəmənin iş vaxtının alınması kimi qiymətləndirmişdir. Hazırki işdə cavabdeh orqan iddiaçı kimi çıxış etməmişdir. Cavabdeh orqan 2-1(81)-4143/2019 saylı işdə cavabdeh kimi təmsil olunmuşdur. Cavabdeh qurumun 2-1(81)-4143/2019 saylı işlə bağlı ilk dəfə yeni açılmış hallarla bağlı ərizənin verilməsi vicdansızcasına əsassız iddia vermə və ya məhkəmə baxışına ardıcıl surətdə maneəçilik törətmə kimi qiymətləndirilə bilməz. Əvvəla məhkəmə kollegiyası “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə cavabdeh inzibati orqanın ərizəsinin rədd edilməsinə dair çıxarılmış qərardadla bağlı hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın təzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat göstərilməlidir. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (100, 103,104,106). Hazırki işdə iddiaçının “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə verdiyi ərizəsinin məzmunundan görünür ki, həmin ərizədə “icraatın təzələnməsi”nin əsası kimi göstərilən hal- pensiya kapitalının minimum məbləğdən aşağı olması barədə dəlil mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılarkən cavabdeh inzibati orqan tərəfindən bildirilmiş və məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş məsələ olmuşdur. Belə ki, iş üzrə məhkəmə qərarlarının məzmunundan görünür ki, “iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi” barədə cavabdehin dəlilinə münasibətdə məhkəmələr iddiaçının 01.01.2006-cı il tarixədək ümumi stajının 25 ildən, xüsusi stajının isə 12 il 6 aydan artıq olmasının cavabdeh tərəfindən mübahisələndirilməməsi, belə olan halda kapitala dair şərtin tələb olunmaması, bunun iddiaçıya münasibətdə tələb olunmasının isə onu daha ağır vəziyyətə salması və bu halın sosial ədalət prinsipinə zidd olmasını qeyd etmişlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “yeni açılmış hallar üzrə icraatın təzələnməsi” barədə ərizəsində göstərdiyi hal işin icraatının təzələnməsi üçün əsas verə biləcək yeni açılmış hal kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 100-cü maddəsinin mənasına görə, yeni açılmış hal o vaxt mövcud olur ki, yeni sübutlar və ya hallar, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra məlum olsun və hər hansı səbəbdən həmin sübutlar və ya hallar ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim edilməsin. Hazırki işdə cavabdehin ərizədə istinad etdiyi hal sonradan sübutların və ya halların aşkar olunması ilə bağlı deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ərizəsindəki dəlillər qanunvericiliyin tələblərinə görə qanuni qüvvədə olan məhkəmə qərarının yeni açılmış hal üzrə icraat qaydasında ləğv edilməsi üçün əsas yaratmır. Kollegiya “cavabdeh inzibati orqanın cərimə edilməsi” barədə qərardada münasibətdə isə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin məsələ ilə bağlı gəldiyi nəticə də qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasənm məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Həmin Məcəllənin 126-ci maddəsinə əsasən məhkəmə cərimələri bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və miqdarda məhkəmə tərəfindən qoyulur. İşin məhkəmə baxışında iştirak edən və iştirak etməyən dövlət orqanlarının, hüquqi şəxslərin və digər təşkilatların vəzifəli şəxslərinə qanunla nəzərdə tutulmuş vəzifələrini pozmağa görə məhkəmə tərəfindən qoyulan cərimə onların şəxsi vəsaitlərindən tutulur. Cərimə qoyulması barədə qərardad cərimənin qoyulması barədə işə aiddir və həmin işə tikilir. Cərimə qoyulması barədə qərardadın surəti cərimə qoyulan şəxsə göndərilir. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən təqdim edilmiş “icraatın təzələnməsi” barədə ərizədə göstərdiyi dəlil cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubunda, iddiaya dair təqdim edilmiş yazılı etirazda, həmçinin apelyasiya və kassasiya şikayətlərində göstərilmiş dəlillə eynilik təşkil edir və həmin dəlilə yuxarıda da qeyd olunduğu kimi, məhkəmə qərarları ilə hüquqi qiymət verilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi “cavabdeh inzibati orqanın eyni əsasla icraatın təzələnməsi barədə ərizə verməsinin məhkəmənin iş vaxtının alması kimi qiymətləndirilməsi və buna görə cavabdehin cərimə olunması” barədə gəldiyi nəticə düzgün olmuşdur. O ki qaldı cərimənin miqdarı ilə bağlı məsələyə, Kollegiya həmin məbləğin məhkəmə tərəfindən 500 manat müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş hər iki şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin 03.03.2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş hər iki şikayət təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4143/2019 saylı 03 mart 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-1430/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1430/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver