Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1430/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10037/2022 nömrəli 17 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 10 iyun 2022-ci il tarixli **********425500 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 10 iyun 2022-ci il tarixli **********425500 nömrəli qərarının əlavə hesablanmış verginin 895,2 manat məbləğ hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10037/2022 nömrəli 17 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim Səlma Salahova) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 iyun 2022-ci il tarixli **********425500 saylı qərarı 895,2 manat əlavə vergi hesablanması hissəsində ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10037/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq olunmuşdur. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərindən ("xxxx" MMC) riskli əməliyyat üzrə 17903,91 manat dəyərində elektron qaimə-fakturaların əldə edildiyi və həmin məbləğin müvafiq dövr üzrə təqdim edilmiş gəlir (mənfəət) vergisi bəyannaməsində xərc məbləği kimi bəyan edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********756500 nömrəli məktub göndərilərək 5 (beş) gün müddətində müvafiq təsdiqedici sənədlərini, ətraflı izahat məktubunu və 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci il mənfəət vergi bəyannaməsi üzrə 895,2 manat olmaqla (17903,91*5%) əlavə vergi məbləği hesablanmışdır. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilərək bəyannamənin xərc hissəsində 221.15ci maddəsində əlavə 4460 manat xərc məbləği bəyan edərək göstəricilərinin azaldılmaqla təqdim edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bu səbəbdən vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********407500 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və müvafiq təsdiqedici sənədlərini, ətraflı izahat məktubunu və 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən yenə də kənarlaşmalar aradan qaldırılmamış, müvafiq təsdiqedici sənədlər təqdim edilməmiş və nəticədə 2021-ci il mənfəət vergi bəyannaməsi üzrə 1118,20 manat olmaqla əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə 10 iyun 2022-ci il tarixli **********425500 saylı “Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində cəmi 76,9 min manat dəyərində təqdim edilmiş qaimə faktura üzrə satışda “Kitab-kateqoriya - 2(A5/RQ/AQS/130/300), rəngli, 300 səhifəlik, 3 nəşr, 130 qramlıq, Broşürlar (A4 formatında, rəngli, 50 səhifəlik, 15-nəşr, 120 qramlıq), Avtoklav torbası, Katric Toner HP1005 üçün, Paraşok 9kq Universal, Döşəmə bezi 80/100 və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron-qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş «Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları»nın 2.1.1-ci, 3.1.1-ci, 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunmuşdur. Məhkəmə qərar qəbul edərkən qərarı belə əsaslandırmışdır ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə riskli vergi ödəyicisi hesab olunsa da, iddiaçının həmin cəmiyyətlə apardığı əməliyyat xx.xx.2021-ci il tarixə aid olmuş, həmin dövrdə "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə araşdırma apararkən "xxxx" MMC və "xxxx" MMC arasında olan əməliyyatın riskli əməliyyat olması faktını nəzərdən qaçırmışdır. Belə ki, adı çəkilən vergi ödəyiciləri arasında həyata keçirilən əməliyyatın xx.xx.2021-ci il tarixdə, yəni xx.xx.2021-xx.xx.2021- ci il tarix aralığında olmasını nəzərə almamış, sırf "xxxx" MMC barəsində çıxarılan qərarın xx.xx.2022-ci il tarixində qəbul olunmasını əsas götürməklə kifayətlənmiş və nəticədə əsassız qərar çıxarmışdır. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş olunur. Daha sonra məhkəməyə təqdim edilmiş apellyasiya şikayətinə əlavədə bildirilmişdir ki, məhkəmə kifayət qədər araşdırma aparmadan qərar qəbul etmişdir. Belə ki, məhkəmə "xxxx" MMC ilə "xxxx" MMC arasında aparılmış əməliyyatı araşdırmaq əvəzinə, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə “Riskli vergi ödəyicisi hesab olunması barədə” qərarı əsas götürməklə yanlış qənaətə gəlmişdir. "xxxx" MMC tərəfindən 2021-ci il ərzində "xxxx" MMC-dən elektron qaimə-fakturalara əsasən 17903,91 manat dəyərində, digər vergi ödəyicilərindən isə 80569 manat dəyərində mal (iş və ya xidmət) alındığı görünsə də, onun vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyektinin (obyekti) mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda haqlı olaraq sual yaranmışdır ki, iddiaçı obyekt olmadan qaimə-fakturalara əsasən 17903,91 manat dəyərində, digər vergi ödəyicilərindən isə 80569 manat dəyərində aldığı malları harada saxlamışdır? Qeyd olunan hal vergi ödəyiciləri arasında olan əməliyyatın riskli hesab olunması üçün əsasdır. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Qeyd olunan səbəblərdən də "xxxx" MMC vergi orqanının xx.xx.2022-ci il tarixli **********341600 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab olunmuşdur. Vergi ödəyicisinin 2019, 2020, 2021-ci illər üzrə elektron-qaimə fakturalar əsasında aldığı və satdığı mallar müqayisəsi zamanı kifayət qədər fərqli mal çeşidlərinə rast gəlinib. Belə ki, vergi ödəyicisi tərəfindən alınmış mallarda “kağız”, “karton” və s. kimi mallar olsa da, təqdim edilmiş mallarda “qənd 850qr Azərşəkər”, “yuyucu toz 400qr əl üçün Bingo”, “kofe 250qr dəmir qabda klassik Nescafe” kimi mal çeşidlərinin olduğu müəyyən edilmişdir. Göründüyü kimi, "xxxx" MMC riskli vergi ödəyicisi olsa da, məhkəmə qeyd olunan halların heç birini araşdırmadan yekun qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********425500 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2022-ci il tarixli **********802400 nömrəli xidməti məktubda adları qeyd edilən vergi ödəyicilərinin araşdırılması zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərindən riskli əməliyyat üzrə 17903,91 manat dəyərində elektron qaimə-fakturaların əldə edildiyi və həmin məbləğin müvafiq dövr üzrə təqdim edilmiş gəlir (mənfəət) vergisi bəyannaməsində xərc məbləği kimi bəyan edilməsi vergidən yayınma halı kimi qıymatləndirilərək iddiaçıya 1118,2 manat məbləğində əlavə vergi hesablanmış, bununla da 2021-ci il vergi dövrü üzrə mənfəət vergisi cəmi 4746,52 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 24-12-21 BACLİB nömrəli müqavilədən görünür ki, «Sifarişçi» (“Alıcı”) adlanacaq İddiaçı və «İcraçı» (“Satıcı”) adlanacaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən «Sifarişçi» (“Alıcı”) bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymət razılaşma protokollarında, hesab-fakturalarda, təhvil-qəbul aktlarında və elektron qaimə fakturalarda qeyd olunan işlərin görülməsini, xidmətlərin göstərilməsini və ya malların alınmasını sifariş verməyi, «İcraçı» (“Satıcı”) isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymət razılaşma protokollarında, hesab-fakturalarda, təhvil-qəbul aktlarında və elektron qaimə fakturalarda sadalanan işlərin görülməsini, xidmətlərin göstərilməsini və ya malların alınmasını təmin etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 755698 nömrəli elektron qaimədən görünür ki, həmin müqaviləyə əsasən satıcı "xxxx" MMC 17903.91 manat dəyərində malı alıcı "xxxx" MMC-yə təqdim etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsindən görünür ki, iddiaçı 2021-ci il vergi dovrü üzrə mənfəət vergisini 3628,32 manat məbləğində bəyan etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin risklə vergi ödəyicisi hesab edilməsi barədə” **********643800 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2021-xx.xx.2021 -ci il tarixlərində cəmi 76,9 min manat dəyərində təqdim edilmiş qaimə faktura üzrə satışda "Kitab-kateqoriya-2 (A5/RQ/AQS/130/300), rəngli, 300 səhifəlik, 3 nəşr, 130 qramlıq, Broşürlar (A4 formatında, rəngli, 50 səhifəlik, 15-nəşr, 120 qramlıq), Avtoklav torbası, Katric Toner HP 1005 üçün, Paraşok 9kq Universal, Döşəmə bezi 80x100, və s." qeyd olunduğu, elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmədiyi, eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edildiyindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları’’nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 96.1-ci maddəsinə görə rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 108.1-ci maddəsinə əsasən həmin fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İddiaçı tərəfindən mübahisələndirilən qərardan görünür ki, "xxxx" MMC riskli vergi ödəyicisi hesab edildiyindən cavabdeh iddiaçının onunla bağladığı müqaviləyə əsasən ödənilən 17903,91 manat pulun xərcə daxil edilməsini qəbul etməyərək həmin məbləğin 5 faizi məbləğində (895,2 manat) iddiaçıya əlavə vergi hesablamışdır. İddiaçı hazırda cavabdehin ona əlavə vergi hesablama əsasının qanunsuz olduğunu iddia edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********425500 saylı xx.xx.2022-ci il tarixli qərarın 895,2 manat əlavə vergi məbləği hissəsində ləğv edilməsini xahiş edir. İş materiallarından isə görünür ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə riskli vergi ödəyicisi hesab olunsa da, iddiaçının həmin cəmiyyətlə apardığı əməliyyat xx.xx.2021-ci il tarixə aid olmuş, həmin dövrdə "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Belə olan halda mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan hal, o cümlədən 17903,91 manatın iddiaçının xərcinə aid edilməməsi üçün əsas mövcud olmamışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçının da riskli vergi ödəyicisi olduğunu, lakin məhkəmə tərəfindən bunun nəzərə alınmadığın qeyd edir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bununla əlaqədar qərarı məhkəməyə təqdim etməmişdir, apellyasiya şikayətində isə iddiaçının xx.xx.2022-ci il tarixdə riskli vergi ödəyicisi hesab olunduğunu bildirir. Göründüyü kimi, qeyd olunan əməliyyat aparılan dövrdə həm iddiaçı, həm də "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Beləliklə, cavabdeh vergi ödəyicisinin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir, yalnız ehtimallara əsaslanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar (mübahisələndirilən hissədə) qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10037/2022 nömrəli 17 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1430/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1430/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver