Məhkəmə qərarları › İş №2-1(103)-1430/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1430/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1430/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh Bakı şəhər Cavabdeh1 nümayəndəsi X3, Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı (X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) “sərəncamın etibarsız hesab edilməsi” barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2023cü il tarixli, 2-1(112)-3450/2023 saylı qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh1 Başçısının xx.xx.2017-ci il tarixli, 318 saylı sərəncamının (Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binalarının yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsində) etibarsız hesab edilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh1 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus kafeyə aid sahədə cavabdeh X7 tərəfindən inşa edilmiş pilləkənin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh X7 tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının mübahisələndirilən pilləkəni ona məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş ərazi ilə üst-üstə düşür və pilləkənin yerləşdiyi ərazi ilkin olaraq onun qeyri-yaşayış sahəsinə aiddir. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 24 sentyabr 2018-ci il tarixli 21011 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, cavabdeh X7 tərəfindən inşa olunmuş mübahisəli pilləkən tikilisi Bakı şəhəri Cavabdeh1 Başçısının 01 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamı ilə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03-8/769 saylı eskiz layihəsində, onun mülkiyyətində olan sahəsi 102,4 kv.m olan qeyri-yaşayış sahəsinə dair verilmiş texniki pasportun plan sxemində 18,9 kv.m açıq sahə kimi göstərilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikili (o cümlədən həmin tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi) Bakı şəhəri Cavabdeh1 Başçısının 01 dekabr 2017-ci il tarixli sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03-8/769 saylı eskiz layihəsi əsasında inşa olunmuşdur. Bakı şəhəri Cavabdeh1 Başçısının 01 dekabr 2017-ci il tarixli, 318 saylı sərəncamının (Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsində) etibarsız edilməsini cavabdeh qurumdan xahiş etsə də, ərizəsinə cavab verilməmişdir. Hesab edir ki, cavabdeh təşkilatın onun müraciəti ilə bağlı imtinası əsassızdır. Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə dair yazılı münasibət təqdim edərək, göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən İddiaçı verilmiş № 305-A saylı xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, iddiaçıya verilmiş qeyri-yaşayış binası (Bina hissəsi və ya qurğu) ümumi sahəsi 102.4 kv.m təşkil edir, həmçinin qeyri-yaşayış binasının texniki pasportunun tikilinin planına nəzər saldıqda və müvafiq hesablamalar apardıqda məlum olur ki, ticarət sahəsi - 70.5, mətbəx - 9.8, müdir otağı-10, ayaqyolu-1.5 və dəhliz-10.6 kv.m təşkil edir. Riyazi üsulla hesabladıqla qeyd edilən sahələri topladıqda onların cəmi 102.4 kv.m təşkil edir. Bu isə o deməkdir ki, iddiaçıya verilmiş qeydiyyat vəsiqəsi ilə texniki pasportdakı ölçülər üst-üstə düşür. Beləliklə, bu təhlildən o nəticəyə gəlmək olur ki, sözügedən mübahisəli naves (talvar) ümumiyyətlə mövcud olmayıb, iddiaçıya verilmiş 102.4 kv.m hissəyə daxil deyildir. Yekun etibarı ilə məlum olur ki, nəinki talvarın yerləşdiyi hissəyə dair torpaq sahəsi mülkiyyətçiyə məxsus deyil, hətta talvarın olduğu iddia edilən hissəsi də iddiaçıya verilmiş 102 kv.m hissəyə daxil deyildir. İddiaçı iddia ərizəsində birmənalı şəkildə “ona məxsus olan” ifadəsini işlədir. DƏDRX 1 salı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13 iyun 2019-cu il tarixli məktubda göstərilmişdir: “İddiaçı məxsus obyektin texniki pasportunda mübahisə predmeti olan 18.9 kv.m talvar (naves) sahəsi (bünövrəsiz tikilidir) şərti olaraq texniki pasporta daxil edilməsinə baxmayaraq, təsnifata daxil edilməmişdir. Faktiki olaraq həmin talvar sahəsi mövcud deyil. İddiaçının mübahisələndirdiyi və eskiz layihəyə uyğun tikilmiş pilləkən qəfəsinin yerləşdiyi ərazi dövlət torpağıdır. X7 müvafiq hüquqmüəyyənedici sənədlərə əsasən həmin hissədən obyektinə pilləkən qəfəsi tikmişdir. Keçmiş Dövlət Tikinti və Arxitektura Komitəsi BDTİMHQ və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən İddiaçı verilmiş qeydiyyat vəsiqəsi mülkiyyət hüququnu təsdiq edən sənəd deyildir, DƏDRX-ə müvafiq müraciət etdiyi təqdirdə daşınmaz əmlaka təsvirlər qeydiyyata alındıqda çıxarışda öz əksini tapacaqdır. DƏDRX-in məktubundan göründüyü kimi, nəinki BŞİH-in eskiz layihəsinə əsasən onun (A.Musayevin) tikdiyi və dövlət torpağı olan İddiaçı mübahisələndirdiyi sahənin, heç İddiaçı məxsus olan 102.4 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. İddiaçı Bakı şəhəri Cavabdeh1 01 dekabr 2017-ci il tarixli, 318 saylı sərəncamının qismən ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin iddiaçı iddia müddətini buraxdığından məhkəmə idianın mümkün sayılmaması barədə xx.xx.2021-ci il tarixli qərardad çıxarmışdır. Həmin qərardadın əsaslı olmasına dair yuxarı instansiya məhkəmələri tərəfindən müvafiq qərarlar qəbul edilmişdir. İddiaçının eyni əsaslarla eyni tələbi üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə qiymət verilmişdir. Nə qədər ki, iddiaçı sözügedən torpaq sahəsinin ona məxsusluğunu təsdiq edən sübut təqdim edə bilmir, nə qədər ki, DƏDRXin mövqeyi ondan ibarətdir ki, sözügedən tikili və onun altında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasından sonra iddiaçı sözügedən sahəyə mülkiyyətçi statusunda çıxış edə bilər, bu məqamda “subyektiv hüquq” məsələsi meydana gəlir. Bir sözlə maraqlarına toxunan proses iştirakçısı olaraq bildirilər ki, iddiaçının ümumiyyətlə hazırki iddia ilə məhkəmədə çıxış etməyə hər hansı subyektiv hüququ mövcud deyildir. Talvar (naves) mövcud olmadığından, əsaslı tikinti olmadığından, sökülə bilən yüngül konstruksiya olduğundan, mübahisələndirilən ərazi dövlət torpağı olduğundan, iddiaçının mübahisələndirilən ərazi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından, onun mülkiyyət hüququ pozulmadığından və mənafeyinin toxunmadığından, mübahisələndirilən ərazi ilə bağlı iddia qaldırmaq hüququ yoxdur. Bakı şəhəri Cavabdeh1 Başçısının 01 dekabr 2017-ci il tarixli, 318 saylı sərəncamına müvafiq olaraq üçüncü şəxsə məxsus tikilinin tikinti lahiyəsi, həmçinin pilləkən qəfəsinin əsaslandırılan zaman da sözügedən naves mövcud olmamışdır. Əgər, o talvar (naves) mövcud olmuş olsa idi, birincisi dövlət qurumu ona lahiyə verməzdi, ikincisi pilləkən qəfəsinin tikilməsi üçün talvarın sökülməsi zərurəti yaranardı ki, bu halda iddiaçı hələ 2017-ci ildə bu barədə iradını bildirərdi, lakin göründüyü kimi iddiaçının ilk iddiası 2018-ci ilin mayın 31-də qaldırılmışdır. Məlumdur ki, iddiaçı hazırkı tələbi irəli sürməyə subyektiv hüquqa malik deyil. Lakin, buna baxmayaraq, iddiaçı Bakı şəhəri Cavabdeh1 01 dekabr 2017-ci il tarixli, 318 saylı sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi üçün Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2-1(112)-3450/2023 saylı qərardadı ilə (hakim N.Abıyev) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3450/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi” barədə iddiasının mümkün sayılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sərəncam verilərkən mübahisəli piləkənin yerləşdiyi yer İddiaçı istifadəsində olmuşdur. Həmin ərazi iddiaçının mülkiyyətində olmasa da belə, mübahisəli yerin iddiaçının istifadəsində olması və həmin yerə dair hüquqmüəyyənedici sənədin mövcudluğu onu deməyə əsas verir ki, başqasının istifadəsində və sahibliyində olan əmlaka dair Nəsimi RİH başçısı sərəncam verə bilməz. Bu vəzifə səlahiyyətlərini aşmaq deməkdir. Belə çıxır ki, icra hakimiyyəti istənilən şəxsin mülkiyyətində olan əmlak üzərində sərəncam verib onun başqa şəxslər tərəfindən özgəninkiləşdirilməsinə şərait yarada bilər. Bu sadəcə olaraq mülkiyyətə qəsddir və şəxsin mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasıdır. Bunun üçün ilk öncə həmin mübahisəli yer iddiaçının sahibliyindən geri alınaraq onun həmin mübahisəli yerdən istifadəsi məhdudlaşdırılmalı idi. Əslində isə mübahisəli yerin onun istifadəsində olması həmin yerə dair onun mülkiyyət hüququnun elementlərinin mövcudluğunu təsdiq edir. Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli sərəncamı verildiyi gündən qanunsuzdur. Elə bir sərəncam olsa belə, onun mülkiyyət hüququnu təsdiq edən sənəd qüvvədə olduğu müddətdə həmin sərəncam etibarsız hesab edilməlidir. Həmçinin, Bakı şəhəri Cavabdeh1 Başçısının 20 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, 318 saylı sərəncamın verilməsi üçün ilk öncə X7 ilə Bakı şəhər İcra Hakimiyyəti arasında “torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 1377 saylı 49 illik müqavilə imzalanmışdır. Bakı şəhəri Cavabdeh1 Başçısının 01 dekabr 2017-ci il tarixli, 318 saylı sərəncamının verilməsi üçün əsas olmuş, X7 ilə Bakı şəhər İcra Hakimiyyəti arasında “torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 1377 saylı 49 illik müqavilənin özü də qanunsuzdur. Yəni, həmin müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsinin yerləşdiyi yerə dair sərəncam verilib. Bu baxımdan həmin müqavilə və sərəncam qismən ləğv edilməlidir. O istəyir ki, bu qanunsuzluqlar araşdırılsın. Necə ola bilər ki, əmlak üzərində onun mülkiyyət hüququ tanına-tanına bu əmlakın bir hissəsinə başqa şəxsin hüquqları tanınsın? Demək ki, onun konstitusion hüquqları pozulur və bu açıq-açığına cinayət və özbaşınalıqdır. Əmlakının başqa şəxsə verilməsi tam olaraq ciddi qanun pozuntusudur. Amma buna baxmayaraq, icra hakimiyyəti qəsdən ona imtina verməklə onu məhkəmələrə sürükləyir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Cavabdeh1 nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, həmin şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, həmin şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqe ilə razılaşaraq şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.3.-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İPM-nin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 12 oktyabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. İş materiallarında olan; - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 08 avqust 2023-cü il tarixli 3-48-2F/2-05517/2023 №li məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Cavabdeh1 başçısının “Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/3342 saylı xx.xx.2017-ci il tarixli məktubunun icrası haqqında” 318 №li 01 dekabr 2017-ci il tarixli sərəncamın surətindən (arxiv çıxarışı) müəyyən olunur ki, Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsindən 18/03-8/3342 saylı xx.xx.2017-ci il tarixli məktub daxil olmuşdur. Məktubda, Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 1-3/M-119- 159 saylı razılıq məktubu və Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/3314 saylı, xx.xx.2017-ci il tarixli məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması nəzərə alınaraq, X1 Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən ərazidə qeyri-yaşayış obyektinin tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz həlli ("xxxx" MMC, LBM:T.Səfərəliyev), Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırıldığı bildirilmişdir. Bununla əlaqədar:

1. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03- 8/3342 saylı, xx.xx.2017-ci il tarixli məktubunun əsas götürülməsi;

2. X1 Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən ərazidə razılaşdırılmış layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Sərəncama Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhər Cavabdeh1nə ünvanlanmış 18/03-8/3342 saylı xx.xx.2017-ci il tarixli məktub və Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış X1 Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən ərazidə qeyri-yaşayış obyektinin tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz həlli ("xxxx" MMC, LBM:T.Səfərəliyev) əlavə olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********26 №li məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri, 3-cü mikrorayon, M.Hacıyev küçəsində yerləşən 119,47 kv. metr tikiliyə aid arxiv qovluğunda saxlanılan sənədlərin surətlərindən müəyyən olunur ki; 1) X6 (“Satıcı”) ilə X15 (“Alıcı”) arasında 08 fevral 2003-cü il tarixdə Bakı şəhəri 28-ci dövlət notariat kontorunda Bakı şəhəri, 3-cü mikrorayon, M.Hacıyev küçəsində yerləşən 119,47 kv. metr tikiliyə dair alqı-satqı müqaviləsi bağlanmışdır. 2) Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 305 №li Qeydiyyat Vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhərində, Nəsimi rayonu, 3-cü mikrorayon M.Hacıyev küçəsində yerləşən ümumi sahəsi 102,4 kv. metr olan qeyri– yaşayış sahəsi (kafe) X11 adına mülkiyyət hüququ əsasında tam pay hüququ əsasında 29 may 2003-cü il tarixdə 01 №li reyestr kitabında 77-ci səhifədə 305 reyestr nömrəsi ilə qeydə alınmışdır. 3) X15 (“Satıcı”) ilə İddiaçı (“Alıcı”) arasında 19 avqust 2003-cü il tarixdə Bakı şəhəri 28-ci dövlət notariat kontorunda Bakı şəhəri, 3-cü mikrorayon, M.Hacıyev küçəsində yerləşən ümumi sahəsi 102,4 kv. metr qeyri-yaşayış sahəsinə (kafe) dair alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus kafeyə aid sahədə cavabdeh X7 tərəfindən inşa edilmiş pilləkənin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(006)-463/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında İddiaçı məxsus olan qeyriyaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş ərazidə cavabdeh X7 tərəfindən inşa olunmuş pilləkənin cavabdeh X4 hesabına sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 848/2020 nömrəli qətnaməsi ilə cavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(006)- 463/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3963/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-848/2020 nömrəli, 12 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3963/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlandığı 16 may 2019-cu il tarixli məktuba əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, M.Hacıyev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş 18,9 kv.m.-lik talvarın yerləşdiyi ərazi ilə cavabdeh X7 tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının müvafiq eskiz layihəsində öz əksini tapmış pilləkən qəfəsinin üst-üstə düşdüyü və pilləkənin yerləşdiyi ərazinin ilkin olaraq iddiaçının qeyri-yaşayış sahəsinə aid olduğu müəyyən edilmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçı məxsus obyektin texniki pasportunda mübahisə predmeti olan 18,9 kv.m. talvar sahəsi (bünövrəsiz tikilidir) şərti olaraq texniki pasporta daxil edilməsinə baxmayaraq, təsnifata daxil edilməmişdir. Faktiki olaraq həmin talvar sahəsi mövcud deyildir. Talvar mövcud olmadığı üçün cavabdeh X7 müvafiq hüquqmüəyyənedici sənədlərə əsasən həmin hissədən obyektinə pilləkən qəfəsi tikmişdir. Bakı şəhəri, Nəsimi rayonu, M.Hacıyev küçəsində yerləşən sahəsi 102,4 kv.m olan qeyri-yaşayış binasının iddiaçının mülkiyyətində olması mübahisə doğurmadığı halda, sonuncu həmin sahəyə bitişik olmuş, bünövrəsiz və artıq mövcud olmayan 18,9 kv.m.-lik talvarın da ona məxsus olduğunu iddia etmiş, lakin işə mahiyyəti üzrə baxan məhkəmələr həmin talvarın yerləşdiyi ərazinin (torpaq sahəsinin) iddiaçıya məxsusluğunu, talvarın nə vaxt və hansı səbəbdən sökülməsini araşdırmamış və cavabdehin bununla bağlı apellyasiya şikayətinin dəlillərinə və nəticə olaraq iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüquqa malik olmasına hüquqi qiymət verilməmişdir”. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi və prosessual müddətin bərpasına dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdeh1 318 saylı 1 dekabr 2017-ci il tarixli sərəncamının qismən ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10614/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1161/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10614/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7716/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1065/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7716/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1282/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1065/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1282/2023 saylı qərarında göstərilmişdir ki, “hazırkı işdə iddiaçının tələbi “mübahisələndirmə haqqında iddia” növünə aiddir. Mübahisə predmeti olan sərəncamın qəbul olunma tarixinə nəzər yetirildikdə isə məlum olur ki, həmin sərəncam təxminən bundan (bu iş üzrə iddia verilməmişdən) 4 il əvvəl qəbul olunmuşdur. Həmin mübahsələndirilən sərəncamdan iddiaçının məhkəmə prosesində məlumatlı olması barədə dəlilə münasibətdə qeyd olunur ki, əvvəllər də iddiaçının cavabdeh Bakı şəhəri Nəsimi RİH-nə qarşı cavabdehin 1 dekabr 2017-ci il tarixli 318 nömrəli sərəncamının qismən ləğv edilməsi tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin icraatında olmuş və həmin iş üzrə qəbul edilmiş 2-1(112)-4368/2021 saylı 6 avqust 2021-ci il tarixli qərardadla iddia müddətinin buraxılması, müddətin bərpası barədə müvafiq ərizənin verilməməsi səbəbindən iddianın mümkün sayılmaması qərara alınmışdır. Belə ki, həmin iş üzrə qəbul edilmiş qərardada əsasən, mübahisələndirilən 1 dekabr 2017-ci il tarixli 318 nömrəli sərəncam iddiaçı tərəfindən məhkəmə icraatında əldə olunmuş rəy və müvafiq aktla xx.xx.2018-ci il tarixədək hazırkı iddiaçıya (İddiaçı) təqdim (elan) olunmuşdur. Bu isə o deməkdir ki, iddiaçı hazırkı iddianı və buraxılmış prosessual müddətin bərpası barədə ərizəni müvafiq müddətə əməl olunmasına mane olan halların aradan qalxdığı gündən və iddia qaldırılması üçün müəyyən edilmiş tarixdən 3 ildən artıq vaxt keçdikdən sonra qaldırılmışdır. Ərizə İPM-nin 24.2 və 24.4-cü maddələrinə riayət edilmədən verilmişdir”. Hazırda iddiaçı Bakı şəhəri Cavabdeh1 Başçısının xx.xx.2017-ci il tarixli, 318 saylı sərəncamının (Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binalarının yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsində) etibarsız edilməsi barədə tələblə yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı belə bir iddianı irəli sürməyə subyektiv hüquq daşıyıcısı deyildir. Belə ki, hazırki iş üzrə İddiaçı Bakı şəhəri Cavabdeh1nə qarşı Bakı şəhəri Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 318 saylı sərəncamının (Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binalarının yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsində) mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, M.Hacıyev küçəsində yerləşən iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan qeyri-yaşayış sahəsi (kafe) 102,4 kv. metrdən ibarətdir. Qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş 18,9 kv.m.-lik talvarın yerləşdiyi ərazi ilə X7 tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının müvafiq eskiz layihəsində öz əksini tapmış pilləkən qəfəsinin üst-üstə düşdüyü və pilləkənin yerləşdiyi ərazinin ilkin olaraq iddiaçının qeyri-yaşayış sahəsinə aid olduğu müəyyən edilsə də, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçı məxsus obyektin texniki pasportunda mübahisə predmeti olan 18,9 kv.m. talvar sahəsi (bünövrəsiz tikilidir) şərti olaraq texniki pasporta daxil edilməsinə baxmayaraq, təsnifata daxil edilməmişdir. Faktiki olaraq həmin talvar sahəsi mövcud deyildir. Talvar mövcud olmadığı X7 müvafiq hüquqmüəyyənedici sənədlərə (hazırda mübahisələndirilən sərəncam) əsasən həmin hissədən obyektinə pilləkən qəfəsi tikmişdir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə və işin yuxarıda qeyd olunan hallarına əsasən belə qənaətə gəlir ki, iddiaçı mübahisəli yaşayış sahəsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik olmadığından birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçının nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2-1(112)-3450/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar