Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1430/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil, Üçüncü şəxslər X4 (eyni zamanda digər üçüncü şəxs X12 qanuni nümayəndəsi) və X13 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı X4, X17 və X18 üçüncü şəxslər qismində cəlb edilməklə “qeydiyyatdan çıxarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5282/2024 nömrəli, 26 avqust 2024-cü il tarixli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, dalan 12, 2 saylı evdə qeydiyyatda olan X4, X17 və X12 həmin mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5282/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, X4, X17 və X18 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, İddiaçı, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, dalan 12, 2 saylı evin mülkiyyətçisidir. Mənzildə onun razılığı olmayan şəxslər pasport qeydiyyatında qalmaqdadırlar. Həmin üçüncü şəxslər X4, X17 və X15r. Bu şəxslər sözügedən ünvanda yaşamamışlar, qeydiyyatları formal xarakter daşıyır. X4, X17 və X12 ona məxsus mənzildəki pasport qeydiyyatları formal xarakterlidir və əsassızdır. O, xx.xx.2022- ci il tarixdə Nəsimi rayon Polis İdarəsi Pasport Qeydiyyat Şöbəsinə müraciət edərək X4, X17 və X12 pasport qeydiyyatından çıxarılmasını xahiş etsə də, ona bu günə qədər heç bir rəsmi cavab verilməmişdi. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmdən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5282/2024 nömrəli, 26 avqust 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs X4 qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi inzibati mübahisəyə dair iş üzrə araşdırma apararkən, düzgün nəticəyə gəlməyərək və onların ünvan 1 ünvanda yerləşən evin mülkiyyətçisi, İddiaçı ailə üzvləri (gəlini və nəvələri) olmaqlarını belə nəzərə almamış və qiymət verməmişdir. Belə ki, iddaçı İddiaçı özünün razılığı və icazəsi ilə 1998-ci ildən o-üçüncü şəxs X4 həmin mənzilə gəlin köçmüş və daimi pasport qeydiyyatına alınmışdır və həmin vaxtdan iddaçı İddiaçı icazəsi ilə mənzilə istifadə huququ yaranmış və bu günə qədər davam edir. Eyni zamanda, digər üçüncü şəxslər (övladları) X17 və X18 da doğulduqları gündən sonra nəvələr kimi həmin mənzilə daimi pasport qeydiyyatına düşmüşlər. O, üçüncü şəxs - X1 və digər üçüncü şəxslər (övladları)- X13 və X12 yuxarıda göstərilən müddətdən sonra qeyd olunan mənzilə dair istifadə hüquqları yaranmışdır. Bakı İnzibati Məhkəməsi göstərdiyi bu faktları araşdırmadan qeyriobyektiv, qərəzli və qanunsuz qətnamə qəbul edərək onun hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X4 (eyni zamanda digər üçüncü şəxs X12 qanuni nümayəndəsi) və X17 apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv olunub, iddia tələbinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia təmin olunaraq, üçüncü şəxslər X4, X17 və X12 ünvan üzrə qeydiyyatdan çıxarılması qərara alınsa da, 3-cü şəxslərdən yalnız X4 (eyni zamanda X12 qanuni nümayəndəsi) apellyasiya şikayəti verdiyindən, Məhkəmə kollegiyası yalnız üçüncü şəxslər X4 və onun yetkinlik yaşına çatmayan oğlu X16 münasibətdə qərarın qanuniliyini və əsaslılığını yoxlayır. Belə ki, apellyasiya şikayətində üçüncü şəxslərin hər birinin adı qeyd olunsa da, apellyasiya şikayəti yalnız X4 tərəfindən tərtib edilərək imzalanmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən üçüncü şəxslər X4 və X16 münasibətdə ləğv olunmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Məhkəmə kollegiyası iş materiallarında mövcud olan sənədləri diqqətə çəkir: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********13-10301 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, ünvan 2. “B” tikilisinin 3/6 hissə xx.xx.2022-ci ildə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçmişdir. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən, ünvan 2 ünvanında qeydiyyatdadırlar – X4, X17 və X18. -Azərbaycan Respublikası DİN Daxili Qoşunları N saylı hərbi hissəsinin N nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X11, ünvan 3 ünvanında 91 nömrəli mənzildə yaşayır. Ailə tərkibi – X4 (arvadı), X17 (oğlu) və X18 (oğlu) -Qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2011-ci il tarixli, 2-(103)- 328/11 nömrəli qərardadına əsasən, “həmin iş üzrə Yasamal rayon məhkəməsinin 11 iyun 2007-ci il tarixli qiyabi qətnaməsinin icrasına dönüş edilməsi, ünvan 4 ünvanda yerləşən 2 saylı evin “B” tikilisinin üçdə-iki hissəsinə dair X6 adına aparılmış qeydiyyat ləğv edilməsi qərara alınmışdır. -Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023cü il tarixli, 3-13-532-Ə-59121/11 nömrəli məktubuna əsasən bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İddiaçıya mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmənin müvafiq sorğularına əsasən: -Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 122/g nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna qoşma kimi əlavə edilmiş Yasamal rayon MKTB 61 saylı MKİS-nin 61 nömrəli, xx.xx.2024-cü il tarixli, 61 nömrəli arayışdan görünür ki, X5, X17, X18 ünvan 2 ünvanında qeydiyyatdadırlar, lakin yaşamırlar. -AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********15 nömrəli “Məlumatın və sənədlərin surətinin verilməsi” məktubunda bildirilmişdir ki, X5, X17, X14 Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, dalan 12, 2 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat yoxdur. Əlavə olaraq həmin ünvana dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin araşdırılmış hallarından göründüyü kimi, ünvan 2-nin “B” tikilisi iddiaçının mülkiyyətindədir. İddiaçı hazırki tələbində üçüncü şəxslərin ona məxsus mənzildə qeydiyyatda olsalar da, faktiki olaraq həmin mənzildə yaşamamalarına və qeydiyyatlarının formal xarakter daşımasına istinad edərək, həmin mənzildən pasport qeydiyyatından çıxarılmalarını tələb etmiş, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən mənzildə qeydiyyatda olan şəxslər həmin mənzildə yaşamadıqlarından, eləcə də onların həmin mənzildə istifadə hüquqlarının hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən, həmin şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmamaları qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni üçüncü şəxslər X4 və X16 münasibətdə əsassız hesab edərək qeyd edir ki, iddiaçının onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını tələb etdiyi şəxslər iddiaçının gəlini və nəvələridir, belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X11 və X4 07 mart 1998-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 202 № ilə qeyd edilmişdir. Onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X18 və xx.xx.1999-cu il təvəllüdlü X17 doğulmuşdur. X3 və X2 nikahları pozulmamışdır. Qeyd edilən faktlar iddiaçının nümayəndəsi və vəkili tərəfindən də mübahisələndirilmir. Birinci instansiya məhkəməsini üçüncü şəxslər X4 və X12 İddiaçı ailə üzvüləri (gəlini və nəvələri) olmasını nəzərə almamış və qiymət verməmişdir. Belə ki, üçüncü şəxs X4 İddiaçı razılığı və icazəsi ilə 1998-ci ildən həmin mənzilə gəlin kimi köçmüş və daimi pasport qeydiyyatına alınmışdır. Eyni zamanda, digər üçüncü şəxs X18 da doğulduğu gündən sonra həmin mənzilə daimi pasport qeydiyyatına düşmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun 29 mart 2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair" qərarında göstərilmişdir ki, “belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır." Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının mətnində göstərilir ki, “Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı va məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz." Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə üçüncü şəxslərin istifadə hüququnun mövcud olub-olmamasının, istifadə hüququ həyata keçirilmədikdə bunun səbəblərinin, üçüncü şəxslərin yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğu halında, iddiaçının üçüncü şəxslərin bu hüququndan istifadə etməsini mümkünsüz edibetmədiyinin, belə olduqda üçüncü şəxslərin istifadə hüququna kompensasiya ödənilməsi məsələlərinin dəqiq və hərtərəfli araşdırılmasından sonra üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxarılmaları məsələsinə baxıla bilərdi. Qeyd olunan halların araşdırılması isə mülki məhkəmə araşdırmasının predmetini təşkil edir və hazırki icraat çərçivəsində həmin hallara hüquq qiymət verilə bilməz. Bundan əlavə məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, iş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan göründüyü kimi ünvan 2 ünvanı üzrə hazırki iddiaçı paylı mülkiyyətçilərdən biridir, digər mülkiyyətçilərin tikililəri fərqli olsa da, ünvanlar ayrılmamış, həmçinin digər paylı mülkiyyətçilərin 3-cü şəxslərin qeydiyyatdan çıxarılmasına dair hər hansı bir müraciəti, iddiası, razılığı mövcud olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan hallar araşdırılmadan hazırki iş üzrə üçüncü şəxslər X4 və X12 İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması hissəsində iddia tələbi əsaslı hesab edilə bilməz. Bununla da Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qərarı üçüncü şəxslər X4 və X12 qeydiyyatdan çıxarılması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5282/2024 nömrəli, 26 avqust 2024-cü il tarixli qərarı icra olunması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilmiş, Yasamal Rayon Polis İdarəsi tərəfindən qərar icra edilərək üçüncü şəxslər İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmışlar. AR İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-in 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Həmin Məcəllənin 236-1.2-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən, hazırda üçüncü şəxslər X4 və X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5282/2024 nömrəli, 26 avqust 2024-cü il tarixli qərarı qismən, üçüncü şəxslər X4 və X16 münasibətdə ləğv edildiyindən və həmin şəxslərə münasibətdə iddia tələbi rədd edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5282/2024 nömrəli, 26 avqust 2024-cü il tarixli qərarının icasında həmin şəxslərə münasibətdə dönüş edilməli, əvvəlki pasport qeydiyyatları bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5282/2024 nömrəli, 26 avqust 2024-cü il tarixli qərarı qismən, üçüncü şəxslər X4 və onun yetkinlik yaşına çatmamış övladı X16 münasibətdə ləğv edilsin. Üçüncü şəxslər X4 və X12 İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması hissəsində iddia rədd edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5282/2024 nömrəli, 26 avqust 2024-cü il tarixli qərarının icrasında X4 və onun yetkinlik yaşına çatmamış övladı X16 münasibətdə dönüş edilsin. Üçüncü şəxslər xx.xx.1972-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X12 ünvan 2 ünvanına qeydiyyatları bərpa edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-1430/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1430/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver