Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1431/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, X2 Alinin və onun vəkili X3 iştirakı ilə, X2 Alinin cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Dövlət Miqrаsiyа Хidmətinə qаrşı qərаrın ləğv еdilərək qаçqın stаtusunun vеrilməsi tələbinə dair iddiası üzrə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-141/2020 saylı xx xxxx 2020-ci tarixli qərarından iddiaçının vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Dövlət Miqrаsiyа Хidmətinə qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin iddiaçıya “Qaçqın” statusunun verilməsindən imtina edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, İQ-145/1 nömrəli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı “qaçqın” statusu verilməsi haqqında vəsatətinin təmin edilərək ona qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, İddiaçı xx.xx.1988-ci ildə İran İslam Respublikasında Təbriz şəhərində doğulmuşdur, milliyyətcə azərbaycanlıdır, Tehran şəhərində qeydiyyatdadır, ali təhsillidir, subaydır, orada məhkum olunmamışdır, “Sayan” adlanan qaydasız döyüşün əsasını qoymuşdur, qaydasız döyüş üzrə 2016-cı ildə Sankt- Peterburq şəhərində keçirilmiş yarışda dünya çempionu titulunu qazanmışdır, fəlsəfə, siyasət, mədəniyyət, idman məzmunlı 5 kitabın müəllifidir, xeyli müddət İranda insanlara, xüsusən azərbaycanlılara qarşı haqsızlıqlara, molla rejiminə, xurafata qarşı çıxışlar etmişdir. Zülmə qarşı fikirlərilə razı olan yüz minlərlə, milyonlarla insan onun ətrafında toplaşmış, nüfuz sahibinə çevrilmişdir.Bu səbəbdən dövlət orqanları tərəfindən iddiaçı barəsində axtarış elan edilmişdir və təqiblərə məruz qalmışdır. Özünü təqiblərdən və edam cəzasından qorumaq məqsədilə 2018-ci ilin oktyabr ayında dağlara qaçmışdır. 22 gün dağlarda və Sarab şəhərində gizləndikdən sonra Azərbaycan Respublikasına qaçmaq qərarına gəlmiş, lakin tutula biləcəyini anlayaraq qanuni yolla bunu edə bilməmişdir. xx.xx.2018-ci ildə Azərbaycan Respublikasının dövlət sərhədini gündüz vaxtı keçmiş və özünü sərhədçilərə təslim etmişdir. Dövlət sərhədini qanunsuz keçdiyi üçün Cəlilabad rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(073)-27/2019 saylı hökmü ilə 500 manat cərimə cəzasına məhkum edilmişdir. Təyin edilmiş cəza ilə tam razılaşaraq cəriməni ödəməklə cəzasını çəkmişdir. Hazırda iddiaçı İran İslam Respublikasına qayıdarsa və ya təhvil verilərsə iddiaçını orada insan ləyaqətini alçaldan dəhşətli işgəncələr və ölüm (edam) cəzası gözləyir.Cavabdehdə aparılan müsahibə zamanı iddiaçı bildirmişdir ki, o, İran İslam Respublikasında mövcud molla rejiminin ölkədə həyata keçirdiyi siyasətə qarşı çıxmışdır, rejimin insanları xurafatçılıqla özünə tabe etdirdiyini, həmin rejimin devrilməli olduğunu, İranda sivil, dünyəvi dövlət quruluşunun yaradılması zərurətini ortaya qoymaqla yüz minlərlə imsanları buna inandırmışdır.O sərhədi keçən zaman bu barədə sübutları keçirə bilməmişdir.Lakin cavabdehə insanlar tərəfindən adının və təxəllüsünün küçə və evlərin divarlarında, pulların üzərində yazılması, internet saytlarında və şəbəkələrində məlumatlar, videolar yayılması barədə minlərlə sübutlar mövcuddur.Cavabdeh onun qeyd etdiyi sübutları (videodiski) qeyri-ciddi hesab etməklə iddiaçıdan qəbul etməmişdir. İddiaçıya və ailəsinə qarşı təzyiqə və təqibə gəldikdə isə iddiaçını orada tutsa idilər iddiaçı hazırda sağ olmazdı. İddiaçının şəxsi avtomobilini, bütün əmlakını, kitablarını müsadirə etmişlər. İddiaçını axtarmağa başladıqları vaxtdan indiyə qədər bütün ailə üzvlərini təqib edir, mütəmadi dövlət orqanlarına çağırıb iddiaçının harada olmağı barədə sorğu sual edirlər.Bütün bunları iddiaçının hansı qaydada sübut edə biləcəyi iddiaçıya aydın deyidir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketin) qeydiyyatı və müsahibəsi zamanı iddiaçı İranın Sərab vilayətinin Dəmirçi kəndində anadan olduğunu, 2 yaşında ailə üzvləri ilə birlikdə Kərəc şəhərinə köçdüklərini, milliyyətcə azərbaycanlı, dini etiqadına görə müsəlman (şiə) olduğunu, 1994-2006-cı illərdə Tehranda 12 illik orta təhsil aldığını, sonradan Tehran universitetinin patobiologiya fakultəsinə daxil olduğunu söyləmişdir, ailə üzvləri barədə məlumat verən ərizəçi subay olduğunu, 4 bacısı, 1 qardaşının olduğunu, qardaş-bacılarının, həmçinin valideynlərinin hazırda İranda yaşadıqlarını bildirmişdir.O qaydasız döyüş növü hesab edilən “Sayan” idman növünün əsasını qoyduğunu, 2016-cı ildə Sankt-Peterburq şəhərində keçirilən yarışda dünya çempionu titulunu qazandığını, idman klublarının olduğunu, həmin klublarda pulsuz idman dərslərini keçdiyini, paralel olaraq həkim kimi (patobioloji üsulla) fəaliyyət götərdiyini, insanlar arasında şöhrətinin artdığını, tələbələrinin sayının çoxaldığını, İran hökumətinin bundan narahat olduğunu, tələbələrinin ETTELAAT tərəfindən sorğu-sual edildiyini, xüsusi xidmət orqanları tərəfindən izləndiyini ehtimal etdiyini, bütün bunlara tab gətirə bilmədiyini, hökumət əleyhinə çıxış edərək çıxışını videolentə aldığını, həmin videolenti qardaşına və bəzi tələbələrinə verərək yaşadığı evi tərk etdiyini, bir neçə gün dağlarda qaldıqdan sonra qeyri-qanuni yolla təxminən 08-xx.xx.2018-ci ildə Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir.Ərizəçi dövlət sərhəddini qanunsuz keçdiyinə görə cərimə cəzasına məhkum edildiyini bildirmişdir, ərizəçi hazırda İran hökumətinə qarşı çıxışı ilə bağlı videolentinin yayımlandığını, bu səbəbdən İrana qayıda bilmədiyini, qayıdacağı təqdirdə İran hökuməti tərəfindən təhdid və təzyiqlərə məruz qalacağını bildirmişdir.Ərizə-anketin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdur.Ərizəçi pasportunun kserosurətini təqdim etmişdir.O, 2018-ci ilin oktyabr ayından başlayaraq tələblərinin ETTELAAT tərəfindən sorğu-sual edildiyini bildirsə də onun söylədiklərindən şəxsən özünün heç bir vaxt ETTELAAT-a çağırılmadığı, heç bir sorğu-suala cəlb olunmadığı məlum olmuşdur.Bundan başqa ərizəçi qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə ünvanladığı ərizəsində İranda, xüsusən azərbaycanlılara olan haqsızlıqlara qarşı çıxışlar etdiyini, azərbaycanlıların hüquqlarını müdafiə etdiyni,onun İranda olan zülmkarlığa qarşı olan fikirləri ilə çoxsaylı insanın razı olduğunu, bu səbəbdən onun ətrafında birləşdiyini desə də ərizə-anketin qeydiyyatı və müşahibə zamanı o, bu barədə heç bir məlumat verməmiş, tamamilə başqa problemlər haqqında danışmışdır ki, bu da inandırıcılıq baxımından qənaətbəxş hesab olunmamışdır. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır.İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarına görə əsaslandırılmış təqib qorxusu mövcud olmadığından cavabdeh tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Сavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-141/2020 saylı xx xxxx 2020-ci tarixli qərarı ilə İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Dövlət Miqrаsiyа Хidmətinə qаrşı qərаrın ləğv еdilərək qаçqın stаtusunun vеrilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qərardan iddiaçının vəkili apellyasiya şikayəti verib apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasa gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarıdəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati icraat materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın X1 verdiyi arayışa – müvəqqəti şəhadətnaməyə əsasən iddiaçı 1988-ci il təvəllüdlü İran İslam Respublikasının vətəndaşıdır. Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin rəisinin imzaladığı xx.xx.2018-ci il tarixli qəbzə əsasən iddiaçı Cəlilabad rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(073)- 27/19 nömrəli hökmünə əsasən 500 manat cəriməni tam ödəmişdir. “Qaçqın statusunun verilməsi haqqında” vəsatətə əsasən iddiaçı qaçqın statusunun verilməsi haqqında cavabdehə müraciət etmiş və müraciətini onunla əsaslandırmışdır ki, Azərbaycan onun üçün doğmadır, o İran İslam Respublikasında yaşayan zaman dövlətin siyasətinə qarşı çıxmışdır, ictimaiyyət arasında onların milli, xarici, sosial siyasətini pisləmişdir, hazırda X4 öldürülməsindən qorxur. İddiaçı ilə müsahibənin nəticəsinə dair tərtib edilmiş sənədə əsasən iddiaçı cavabdehə heç bir partiyanın üzvü olmadığını, Azərbaycana gəlməmişdən əvvəl həbs olunmadığını, hökumətin ona fiziki və mənəvi təzyiqləri kimi 2018-ci ilin noyabr ayında polisin onu tutmaq istədiyini və süngü ilə onu vuraraq yaraladığını, iddiaçıya qarşı tələbələrinin dindirildiyini göstərmiş, İran hökumətinin onu təhdid etdiyi üçün İrandan qaçmağa məcbur olmasını, İran hökumətinin onu izləməsini bildirmişdir, eyni zamanda göstərmişdir ki, onun İran hökumətinə qarşı müxalif fikirləri olmamışdır, yalnız 2018-ci ilin oktyabr ayının 18-də ya 19-da öz bağında kamera qoyaraq hökumətə qarşı fikirlər səsləndirməsini göstərmişdir, hökumətə qarşı olduğu üçün öldürülməkdən ehtiyat etdiyini bildirmişdir. İddiaçı ilə aparılmış müsahibənin davamının (xx.xx.2019-cu il) nəticələrinə dair tərtib edilmiş sənəddən görünür ki, hökuməti pisləməsi haqqında soruşulanda iddiaçı göstərmişdir ki, o çıxışında Fərdis bölgəsinin milli şurasını tənqid etmişdir, konkret ad isə çəkməmişdir, həmçinin bildirmişdir ki, Azərbaycanlılara qarşı haqsızlıqlara qarşı çıxışlar etməmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, İQ-145/1 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir Birinci instansiya məhkəməsi iddia tələbini rədd etmişdir və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya qаçqın stаtusunun vеrilməsindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdehin hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşır və qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, qaçqın- Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. İnzibati icraat materiallarından göründüyü kimi,İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Odur ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə iddiaçının istinad etdiyi hallar qaçqın statusunun verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslardan heç birinə uyğun gəlmədiyindən cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı barəsində əsaslandırılmış təqibin mövcud olmadığı müəyyən edilmişdir. İddiaçının tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmir, bundan fərqli olaraq isə mübahisələndirilən qərarın qanunauyğunluğu iş materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-141/2020 saylı xx xxxx 2020-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1431/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1431/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver