Məhkəmə qərarları › İş №2-1(103)-1431/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1431/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1431/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqların qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7822/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (“PHŞ”) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 167 nömrəli sərəncamı əsasında “İrşad” X4 tərəfindən inşa edilmiş yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı 12 saylı mənzilə İddiaçı mülkiyyət hüquqlarının tanınması və həmin mənzilə mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m. 34.1) İşin faktiki hallarına görə “İrşad” X1 (“İAM”) direktoru X6 ilə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllədə inşa ediləcək, birgirişli, 12 mərtəbəli yaşayış binasının 8- ci mərtəbəsində yerləşən, ümumi dəyəri 161700 dollar, ümumi sahəsi 98.0 m2 olan, 12 saylı 3 otaqlı mənzilin alınmasına dair xx.xx.2016-cı il tarixdə 04/YB - 2016 saylı müqavilə bağlamışdır. Müqavilə şərtinə uyğun olaraq iddiaçı müqavilə bağlanan gün (xx.xx.2016) 100000 dollar (yüz min ABŞ dolları) köçürmüş, qalan məbləği isə qrafik üzrə tam ödəyərək xx.xx.2018-ci il tarixdə Maliyyə arayışı almışdır. Eyni zamanda, həmin mənzildə təmir işlərini tam yekunlaşdırmışdır. İddiaçı həmin mənzilə dair çıxarış almaq üçün cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişi ilə imtina edərək bildirmişdir ki, yaşayış binası İrşad İAM-ın adına vahid əmlak kimi qeydiyyata alınmış torpaq sahsinin bir hissəsində yerləşir. Vahid əmlak üzərinə qoyulmuş məhdudiyyət götürüldükdən və sənədlərdə müvafiq dəyişikliklər aparıldıqdan sonra ərizəyə qanunamüvafiq qaydada baxılacaq. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd olunan əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7822/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllədə “İrşad” İAM tərəfindən inşa edilmiş yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı 12 saylı mənzilinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, Bakı şəhəri Nəsimi rayonu Vaqif prospekti 11 a ünvanında yerləşən qeyri-yaşayış binası dövlət reyestrində İrşad İAM-ın adına vahid əmlak kimi qeydiyyata alınmış torpaq sahəsinin bir hissəsində inşa edilmişdir. Həmçinin qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış binası üzərinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-9938/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi və 2(006)- 5295/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən həbslər qoyulmuşdur. Həmin məhdudiyyətlər götürüldükdən və Bakı şəhəri Nəsimi rayonu Vaqif prospekti , məhəllə 987 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının yerləşdiyi torpaq sahəsi “İrşad” İAM-ın adına qeydiyyata alınmış qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsindən ayrıldıqdan (bölgü) sonra məsələyə baxılması məqsədəmüvafiqdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, iddiaçıya məxsus mənzilin üzərindən məhkəmə qərarı ilə həbsin götürüldüyünü qeyd edərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 11a ünvanında “İrşad” X1 0.06076 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində 6 mərtəbəli qeyri-yaşayış binası (İrşad Hotel) yerləşir. Eyni zamanda, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 02 saylı sərəncamı ilə “İrşad” X2 xx.xx.2016-cı il tarixdə Nəsimi rayonu, Mirəli Qaşqay, Vaqif pr. küçəsi 987-ci məhəllədə 12 mərtəbəli yaşayış binasının layihələndirilməsi üçün 49 il müddətinə 474 kv.m. torpaq sahəsi icarəsinə verilmiş, (xx.xx.2015-ci il tarixli 15/163 saylı aktla sahə 0,0942 ha ölçüdə dəqiqləşdirilmişdir) Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 167 nömrəli sərəmcamı ilə inşa edilmiş 1 girişli, 12(+LMS) mərtəbəli, zirzəmili yaşayış binasının istismarına - “xx.xx.2019-cu il tarixli 086 nömrəli icazə sənədi” verilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, ilk öncə mübahisələndirilir ki, sözügüdən yaşayış binasının yerləşdiyi torpaq sahəsi “İrşad” X1 adına qeydiyyata alınmış binasının yerləşdiyi torpaq sahəsinin bir bissəsində yerləşir. Halbuki, iş materiallarına əsasən müəyyən edilir ki, qeyri-yaşayış binasının və çoxmərtəbəli yaşayış binasının yerləşdiyi torpaq sahələrinin ölçüsü və təsbit olunan hüququn növü bir-birindən fərqlidir: qeyri-yaşayış sahəsinə münasibətdə 0,06076 ha olmaqla mülkiyyət, yaşayış binasına münasibətdə isə 474 kv.m. ha olmaqla icarə hüququ təsbit olunur. Qeyd olunmalıdır ki, mübahisəli yaşayış binasının yerləşdyi yer isə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bir hissəsinə düşsə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin yeni tikilmiş yaşayış binasının istismarına artıq qeyd edildiyi kimi lazımi qaydada icazə verilmişdir. Bu isə onu deməyə əsas verir ki, həmin yaşayış binasının qeyri-yaşayış binasına heç bir aidiyyəti müəyyən oluna bilməz. Digər tərəfdən, iddiaçı mübahisəli mənzili xx.xx.2016-cı il tarixdə bağlanmış 04/YB - 2016 saylı müqavilə şərtinə uyğun olaraq, 100.000,00 dollar (yüz min ABŞ dolları) pul vəsaitini köçürmə yolu ilə ödəməklə, qalan məbləği isə qrafik üzrə tam ödəməklə almış, bununla bağlı işə xx.xx.2018-ci il tarixli maliyyə arayışı işə əlavə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan müqavilədə iddiaçı ilə “İrşad” X4 arasındakı həmin yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 3 otaqlı 12 saylı mənzilinə dair xx.xx.2016-cı il tarixli müqavilədə iddiaçı “Alıcı” və sözügedən qürum isə “Satıcı” qismində göstərilsə də məzmunu və mahiyyəti baxımından həmin müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən podrat müqaviləsinin məzmununa uyğundur. Azərbaycan Respublikasının Mülki Məcəllənin qeyd olunan 178.8-ci maddəsi isə nəzərdə tutur ki, Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Konkret halda, işin qeyd olunan hallarından da göründüyü kimi, sözügedən müqavilə üzrə hər iki tərəf Məcəllənin sözügedən normasından irəli gələn öhdəliklərini yerinə yetirmiş və faktiki olaraq iddiaçı(yəni sifarişçi) yeni yaranmış daşınmaz əmlaka (mənzilə) mülkiyyət hüququnu əldə etmişdir. Mülki Məcəllənin 178.2-ci maddəsinin tələbindən isə görünür ki, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Belə olan halda, cavabdeh idarənin iddiaçının əldə etdiyi həmin mənzilə mülkiyyət hüququnun qeyd alınmasından imtina etməsi qanuvericiliyin qeyd olunan normada ehtiva olunan məqsədinə qeyri-mütənasib olmaqla, iddiaçının hüquqlarını məhdudlaşdırmış olur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qeyd olunmalıdır ki, X8 Məhkəməsi “X5 A.O” Belçikaya qarşı və Burdov Rusiyaya qarşı işlər üzrə qərarlarında əmlak marağı olduqda “aktivi”, eləcə də hüququ təsdiq edən məhkəmə qərarlarını, İatridis Yunanıstana qarşı iş üzrə qərarında isə icarə hüququnu “mülkiyyət” kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəli hüquq münasibətlərinə “daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birininin tətbiqi istisna edilsə də, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununu 2.5-ci maddəsinin tələbi baxımından, Mülki Məcəllənin qeyd edilən 178.2-ci və 178.8 ci maddələrinin tələbləri, habelə, Avropa Məhkəməsinin qeyd olunan presedent qərarları baxımından, iddiaçının əldə etdiyi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 167 nömrəli sərəncamı əsasında “İrşad” X4 tərəfindən inşa edilmiş yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı 12 saylı mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun qeyd olunan tələbindən də göründüyü kimi, Mülki Məcəllə ilə müəyyən edilmiş qayda ilə də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ehtiva olunur. Cavabdehin mübahisəli yaşayış binasının üzərinə məhkəmə qərarı ilə həbs qoyulduğunu mübahisələndirən dəlilləri ilə əlaqədar isə qeyd olunmalıdır ki, iddianın təmini tədbiri kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, №2(006)- 9938/2017 saylı qərardadı ilə 12 mərtəbəli yaşayış binasında mənzillərin satışına qoyulmuş qadağa, iddiaçının 12 saylı mənzilinə münasibətdə hissəsində həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(006)-923/2018-ci il tarixli qərardadı ilə götürülmüş və həmin qərardad qanun qüvvəsini almışdır. Bundan əlavə onu da qeyd etmək lazımdır ki, həmin məhkəmənin mənzillərin satışına qadağa qoyulması barədə xx.xx.2017-ci il tarixdə qəbul etdiyi qərardaddan 14 ay əvvəl həmin mənzil iddiaçı tərəfindən alınmışdı. Ona görə də mənzillərin satışına həbs qoyulması bəhanəsilə iddiaçıya çıxarış verməkdən imtina olunması heç bir hüquqi əsası kimi qəbul oluna bilməz. Çünki qeyd edildiyi kimi iddiaçı mənzili həbs qoyulmasından əvvəl almışdır. Beləliklə də cavabdehin imtina üçün gətirdiyi dəlillərinin əsassız olduğu sübuta yetirilir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin: 1.3-cü bəndinə əsasən DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək...; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq. Konkret halda isə cavabdeh isə qanunvericiliklə üzərinə düşən vəzifələrin icrasından əsassız olaraq boyun qaçırmış, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməklə, sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda İPM-in 73.1-ci maddəsinin tələbində isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmənin iddianın təmin olunması barədə gəldiyi nəticə işin sübutlarla müəyyən olunan hallarına və qanunvericiliyin qeyd olunan qanunvericilyin tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin həmin qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7822/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7822/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar