Məhkəmə qərarları › İş №2-1(103)-1431/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1431/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1431/2023 24.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9637/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gədəbəy rayonunda Şınıx bölgəsində olan N nömrəli hərbi hissəsində Başkənd, Mutudərə, Hörükdaş əməliyyatlarında erməni işğalçılarına qarşı vuruşmalarda iştirak etməyini nəzərə alaraq ona müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1992-ci ildə könüllü olaraq hərbi xidmətə göndərilmişdir. xx.xx.1992-ci il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gədəbəy rayonunda Şınıx bölgəsində olan N nömrəli hərbi hissəsində Başkənd, Mutudərə, Hörükdaş əməliyyatlarında erməni işğalçılarına qarşı vuruşmalarda iştirak etmiş və yaralanmışdır. 2016-cı ildən 2021-ci ilə kimi o, 3-cü qrup əlilliyə görə təqaüd almışdır. Ancaq bir ilə yaxındır ki, təkrar komissiyadan keçmədiyi bəhanə edilərək təqaüdü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tərəfindən dayandırılmışdır. O, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüş yoldaşlarının hamısı Qarabağ müharibəsi veteranı vəsiqəsi almış və müharibə veteranı kimi müəyyən güzəştlərdən istifadə edirlər. Ona “Müharibə Veteranı” vəsiqəsi verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/3-4671 saylı məktubu ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmiş və 30 gün müddətinə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırkı iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-4464 nömrəli məktubu və ona əlavə edilmiş əmrdən çıxarışlardan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 146 nömrəli əmrinə əsasən, İddiaçı döyüş mövqeyini icazəsiz qoyub getdiyinə görə 2-ci taborun şəxsi heyətindən azad edilmiş və əmək haqqısı xx.xx.1992-ci il tarixə kimi hesablanmışdır. İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi, yaralanması və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması barədə müvafiq arxiv arayışında arxiv məlumatları qeyd edilməmişdir. Hazırkı inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9637/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərarı (hakim: A.Əhədova) ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin tələbinə əsasən 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün hesab olunur. İddiaçının yaralanması isə 1994-cü il 12 may tarixindən əvvəl olmuş, yaralanmadan sonra xidmətini davam etdirmişdir, iş üzrə iddiaçının sonuncu dəfə xidmət etdiyi hərbi hissədən hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxıldığı tələb olunur ki, hazırkı iş üzrə iddiaçı barəsində xidmət etdiyi hərbi hissənin döyüş mövqeyini icazəsiz qoyub getdiyi barədə əmri mövcuddur. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, arxiv arayışlar və digər təsdiqləyici sənədlər onun həqiqətən də döyüşdə olmağını və döyüş zamanı yaralanmasını təsdiqləsə də, birinci instansiya məhkəməsi tərəfindən iddiası əsassız sayılmışdır, belə ki, 1992-ci ildə yaralandıqdan sonra hərbi hissəyə qayıtmamış hərbi qulluqçular haqqında ulu öndər H.Əliyevin məlum əfv fərmanı olmuşdur, elə məhz həmin fərmana əsasən sonradan hərbi hissəyə qayıtmamış hərbi qulluqçular hərbi prokurorluq tərəfindən cinayət məsuliyyətindən azad edilmişdir. Bu barədə birinci instansiya məhkəməsi tərəfindən haqqında prokurorluğa sorğu da göndərilmişdir, prokurorluq onun heç bir cinayət işinə cəlb olunmaması barədə məhkəməyə müsbət cavab vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.Əlavə olaraq izahatında bildirdi ki, onun döyüşdə aldığı xəsarətlərin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə səbəbli əlaqəsi müəyyən edilmiş, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olması təsdiq edilmiş, daha sonra xx.xx.2016-cı il tarixindən 5 il müddətinə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, əlilliyi növbəti müddətə uzadılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, analoji işlər üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarları olsa da, apellyasiya icraatı zamanı məhkəmənin sorğusu əsasında komissiya tərəfindən yenidən araşdırma aparılmış lakin hazırda iddiaçının əlilliyinin olmaması əsası ilə müsbət cavab verilməmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Kollegiya hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Hərbi qulluqçuların statusu haqqında” xx.xx.1991-ci il tarixli Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 8-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021- ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanı:

1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: .... 1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat;

2. Müəyyən edilsin ki: 2.2. bu Fərmanın 5.1-ci bəndi nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsi bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş məbləğlərdə sığorta ödənişi almış və barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilmir. 5.1. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin verilməsini bu Fərmanın 4.1-ci bəndində nəzərdə tutulan qaydaya uyğun olaraq təmin etsin; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyinin müəyyən edilməsi ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq apellyasiya şikayətini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri bilir. HЗ № ******* nömrəli hərbi biletin 7-ci səhifəsindəki qeydlərə əsasən İddiaçı xx.xx.1992-ci ildə “Mutu-dərə” “Başkənd” əməliyyatlarında iştirak etmişdir. 9-cu səhifəsindəki qeydlərə əsasən xx.xx.1992-ci il tarixdə Başkənd əməliyyatında qolundan yaralanmışdır. 23-cü səhifəsindəki qeydlərə əsasən xx.xx.1992-ci ildə 808 h/h-ni özbaşına tərk etmişdir və AR HP xx.xx.2006-cı il HP-01/36 saylı və Qazax HP-nun 12/HP-1221 saylı xx.xx.2015-ci il tarixli məktubuna əsasən hərbi uçota götürülmüşdür. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 59 nömrəli əmrinin arxiv çıxarışına əsasən aşağıda adları göstərilən Az. Müdafiə Nazirliyinin 073 №-li 14 mart 1992-ci il əmrinə əsasən gələn könüllülər göstərilən qayda üzrə batalyonda müvəqqəti olaraq ştatdan kənar tərkibə daxil edilsin. Bütün növ təminatlarla təmin olunsunlar. Əmək haqqı 01.04.92-ci il tarixdən hesablansın. 5. sır. İddiaçı pulemyotçu. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 146 nömrəli əmrinin arxiv çıxarışına əsasən aşağıda adları göstərilən hərbi xidmətçilər, döyüş mövqeyini icazəsiz qoyub getdiklərinə görə, İİ taborun şəxsi heyətindən azad edilsinlər. Əmək haqqı xx.xx.1992-ci il tarixə kimi hesablansın. 24. sır. İddiaçı 2.r. Bütün növ təminatlar dayandırılsın. Əsas: Alay komandirinin dərkənar etdiyi raport. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinin xx.xx.2022ci il tarixli, 1081 nömrəli məktubunda bildirilmişdir ki, 1966-cı il təvəllüdlü İddiaçı xx.xx.1984-cü il tarixdə keçmiş Yasamal rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası MN Arxivinin 10/2-823 saylı xx.xx.2012-ci il tarixli məktubuna əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissənin siyahısında adı keçir. xx.xx.1992-ci il tarixdə N saylı hərbi hissəni özbaşına tərk etmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 12/HP-1221 saylı xx.xx.2015- ci il tarixli məktubuna əsasən hərbi uçota götürülmüşdür. xx.xx.2016-cı il tarixdə ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan çıxarılmışdır. Həmçinin birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Hərbi prokurorluğuna və Şəkmir Rayon Prokurorluğuna İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya gigər hərbi cinayətlərə görə məhkum edilib-edilməməsi barədə ətraflı məlumat əldə edilməsi üçün sorğular ünvanlanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HPxx/xx-7208 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Gədəbəy rayonu ərazisində yerləşmiş N nömrəli özünümüdafiə taborunda xidmət etmiş vətəndaş İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Şəmkir Hərbi Prokurorluğunun xx.xx.2022- ci il tarixli, HP-21/5181 nömrəli məktubunda bildirilmişdir ki, Şəmkir (Qazax) hərbi prokurorluğunda mövcud olan qeydiyyat kitablarına əsasən, 1992-ci ildə N nömrəli hərbi hissədə hərbi xidmətdə olduğu göstərilən İddiaçı xidmət etdiyi müddətdə hər hansı cinayət törətməsi ilə əlaqədar cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamış, həmçinin xx.xx.2010-cu il tarixədək olan dövrdə ərizə və şikayətlərin qeydiyyatı kitabı saxlama müddətinin başa çatması ilə əlaqədar xx.xx.2015-ci il tarixdə məhv edildiyindən, onun barəsində bəraətverici əsaslar olmadan, eləcə də amnistiya aktlarına əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib-edilməməsi haqqında məlumat vermək mümkün olmamışdır. Bundan əlavə bildirilir ki, Şəmkir (Qazax) hərbi prokurorluğunun xx.xx.2015-ci il tarixli 12/HP1221 nömrəli məktubunun məzmunu, İddiaçı barəsində hərbi prokurorluqda təqsirləndirici materialın olmaması ilə əlaqədar olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HPxx/xx-10474 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1992-ci il tarixdə N nömrəli hərbi hissəni özbaşına tərk etdiyinə görə barəsində hər hansı cinayət İşi və ya təqsirləndirici materialın olub-olmaması və hərbi biletində qeyd olunmuş Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli HP-01/36 nömrəli və Qazax hərbi prokurorluğunun xx.xx.2015-cİ il tarixli 12/HP- 1221 nömrəli məktublarına əsasən hərbi qeydiyyata götürülməsi barədə məlumatların verilməsinə dair 14 sentyabr 2022-ci il tarixli 2-1(112)-9637/2022 nömrəli sorğunuz xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna daxil olmuş və baxılmışdır. Vətəndaş İddiaçı N və N nömrəli hərbi hissələrdə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli HP-01/36 nömrəli məktubu xx.xx.1996-cı il tarixədək hərbi hissəni və xidmət yerlərini özbaşına tərk etmiş və hərbi prokurorluq orqanlarında barələrində cinayət işi və ya araşdırma materialları olmayan hərbi qulluqçuların yaşadıqları yer üzrə hərbi komissarlıqda hərbi uçota qəbul edilmələri və onların hərbi xidmətə göndərilməsi məsələsinin qanunla müəyyən edilmiş qaydada həll edilməsi məqsədini daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının N və N nömrəli hərbi hissələrdə xidmət keçməsi qeyd olunan hərbi hissələrin əmrləri və iddiaçının hərbi bileti ilə təsdiq olunduğundan və iddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə döyüş əməliyyatlarında iştirak etdiyindən, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 1077 nömrəli qərarına əsasən Bakı şəhəri Binəqədi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Qazax hərbi prokurorluğunun xx.xx.2015-ci il tarixli məktubuna əsəsən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Tovuz rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sol əlin İİ barmağının dəlib-keçən güllə yarası. İV barmağın İ falanqasının sınığı” və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun klinikasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sol əlin İİ barmağının əsas falanqasının dəlib keçən odlu silah yarası və falanqanın sınığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Binəqədi rayon idarəsinin xx.xx.2015-ci il tarixli 1258 nömrəli göndərişi, 13.04 2015-ci il tarixli 144 nömrəli arayışı, Tovuz rayon mərkəzi xəstəxanasında verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, Ə.Əliyev adına ADHT-nin klinikası tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Əsas: Azərbaycan Respublikası Nazilər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi. MN МННК-nın 988 saylı xx.xx.2015-ci il tarixli protokolu. Azərbaycan Respulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin xxxxxxx0001 nömrəli xx.xx.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı ilkin əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə verilmişdir. İddiaçının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmiş Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 1077 nömrəli qərarı inzibati akt kimi ləğv olunmamış, geri çağırılmamış və hazırda qüvvədədir. Odur ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs statusunda olması işin mübahisəsiz halıdır. Cavabdehin nümayəndəsi hazırda iddiaçının əlilliyinin olmadığını bildirmiş, iddiaçı da bu halı etiraf etmiş olsa da, məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz hallarından göründüyü kimi, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 1077 nömrəli qərarına əsasən, iddiaçının hərbi xidmət zamanı aldığı xəsarətlərin səbəb əlaqəsi – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmiş, xx.xx.2016-cı ildə iddiaçının əlilliyi məhz həmin səbəb əlaqəsi ilə müəyyən edilmişdir. Əlilliyin sonradan – 2021-ci ildə aradan qalxması “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin qeydində təsbit olunmuş “əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla” müddəasının iddiaçıya münasibətdə tətbiqi imkanını aradan qaldırmır. Beləliklə də iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan cavabdehin ona münasibətdə veteran adının və vəsiqəsinin verilməsindən imtinası qanunvericiyin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir.

Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9637/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar