Məhkəmə qərarları › İş №2-1(103)-1432/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1432/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1432/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (həyat yoldaşı) X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2926/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi . TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, S.Rüstəmov küçəsi, dalan 3, 4 saylı evə dair əlavə tikililərə texniki pasportun və həmin ünvana dair qanuni istifadəsində olan torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən ev onun xüsusi mülkiyyətindədir və həmin ünvanda yerləşən bəzi tikililər uzun illər öncə tərəfindən inşa edilmişdir. O, sözügedən evin yerləşdiyi torpaq sahəsinə cavabdeh inzibati orqandan çıxarışın verilməsini tələb etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. 01.06.2020-ci il tarixdə iddiaçı vərəsəlik hüququ əsasında mirasdan qalma torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun verilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən vərəsəlik üzrə dədə-babadan onlara irsən miras qalmış hüquqi sənəd üzrə 0.0230.9 ha torpaq sahəsinin şəxsi xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yenidən iddiaçı vərəsəlik hüququ əsasında irsən keçən xüsusi mülkiyyətin torpaq sahəsinə çıxarılması verilməsi barədə rəsmi müraciət- vəsatətlə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən irsən miras şəklində ötən - dədə-babadan qalan şəxsi mülkiyyətinin yerləşdiyi sənəd üzrə 0.0230.9 ha xüsusi torpaq sahəsinə çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2926/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2926/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən qəbul edilmiş qərardad bütövlükdə qanuni normalara əməl edilməməsi şəraitində vətəndaş hüquq və azadlıqların birbaşa kobud surətdə pozulmasına gətirib çıxaran məhkəmə qərardadıdır. 31.01.2020-ci il tarixində ona rəsmi bildiriş göndərilərək işin məhkəmə prosesində baxılmasının 01.04.2020-ci il tarixə təyin edildiyi, lakin baş vermiş pandemiya karantin şəraiti ilə əlaqədar məhkəmə prosesinin 10.06.2020-ci il tarixdı keçirildiyi və cavabdeh tərəfin iddia tələbinə heç bir etiraz etməyərək iddia tələbinin qanunauyğun sayılmasını bildirmişdir. 31.05.2020-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə baxışı prosesində hakim tərəflərin razılığı əsasında yəni 10.06.2020-ci il tarixdə həm onların iddia tələbinin dəqiqləşdirilməsinə dair iddia ərizəsinin icraata qəbul edilməsi haqqında, həm də məhkəmə baxışı prosesinə qanunauyğun şəkildə 3-cü şəxs qismində Yasamal rayon İcra Hakimiyyətinin cəlb edilməsi haqqında qərardad qəbul edərək, növbəti məhkəmə baxışı prosesi 22.07.2020-ci il tarixə təyin edilmişdir. Qeyd olunan tarixdə növbəti məhkəmə baxışı prosesi keçirilmiş, yenə də cavabdeh iddia tələbi ilə razı olduğunu bildirmiş, 3-cü şəxs qismində işə cəlb olunmuş Yasamal rayon İcra hakimiyyətinin səlahiyyətli nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə tələblə tanış olmaq və rəsmi mövqe bildirmək məqsədilə məhkəmədə müəyyən dövr ərzində vaxt istəməsi səbəbindən məhkəmə prosesi 21.09.2020-ci il tarixinə təyin edilmişdir. Qeyd olunan tarixdə keçirilən məhkəmə baxışı prosesində cavabdeh tərəflə yanaşı məhkəmə qərardadı əsasında işə qoşulan Yasamal rayon İcra Hakimiyyətinin qanuni nümayəndəsi iddia ərizəsinə rəsmi etiraz etmişdir. Növbəti təyin olunmuş 14.10.2020-ci il tarixində məhkəmə prosesi baxışı zamanı cavabdeh tərəf olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə onun haqlı olduğunu və cavabdeh qismində iddia tələbinin qanuni əsasda qəbul edərək iddia tələbinin hüquqi əsasda—torpağın çıxarışı rəsmi sənədinin verilməsi öhdəliyini öz üzərinə götürərək məhkəmədə barışıq sazişi imzalamağı təklif etmiş və 3-cü şəxs Yasamal rayon İcra hakimiyyəti bu sazişə qarşı heç bir etiraz etmədən razı olduğunu bildirərək onu qeyd olunanlara əsasən barışıq sazişi imzalamağa dəvət etmişdir. Məhkəmə prosesi zamanı hakim iddia tələbinin təmin olunması və torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyini cavabdeh öz üzərinə götürmək şərtilə onlara barışıq sazişi imzalamağı təklif etmiş, onlar da barışıq sazişinə imza etmişlər. Onun məhkəmə iclas protokolu ilə tanış olma barədə müraciətinə hakim tərəfindən narahat olmayın, iddia tələbiniz haqlı olaraq təmin edilmişdir, cavabdeh iddia tələbini hüquqi əsasda təmin etməyi öz öhdəsinə götürməsi bildirilmişdir. Məhkəmə zalında onlara tanış olmadıqları sənədləri imzalamağı təklif edilmiş və onlar da məhkəmə katibinin təqdim etdiyi sənədləri imzalamışlar. Əslində həqiqətdə bu, belə deyildir, məhkəmə vəzifə səlahiyyətlərindən istifadə etməklə heç bir hüquqa və qüvvədə olan qanunvericilik aktlarına əsaslanmayan dolayısı yolla qərardad çıxarmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (həyat yoldaşı) X4 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək məhkəmə tərəfindən aldadılaraq hazır formada olan ərizəyə imza etdiyini bildirmiş, bununla bağlı apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxs Yasamal rayon İcra hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “torpaq sahəsinə çıxarışın verilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə və iddiaçının ərizəsinə əsaslanaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində gedən hazırlıq icraatı zamanı müvafiq prosessual hərəkətlər edilmiş, iddiaçı tərəfindən verilmiş dəqiqləşmə ərizələri qəbul edilmiş, lakin sonradan iddiaçının və nümayəndəsinin verdiyi “iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması” barədə ərizə nəzərə alınaraq 14.10.2021-ci il tarixli qərardadla məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarmış və bu zaman qərardadını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ilə əsaslandırmışdır. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsini rəhbər tutaraq iddiaçının ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi baxımından hüquqi qiymət verməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, İnzibati Prosessual Məcəllə inzibati məhkəmə icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarının tətbiq olunmasını yalnız İPM ilə başqa qaydanın müəyyən edilmədiyi və bunun həmin Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin “Hazırlıq icraatında məhkəmə tərəfindən qəbul edilən qərardadlar” adlanan 50-ci maddəsində hazırlıq icraatı zamanı məhkəmə tərəfindən yalnız iş üzrə məhkəmə icraatının dayandırılması və ya təxirə salınması barədə; iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə; hüquqi mübahisənin barışıq yolu ilə nizama salınması (tərəflərin barışıq sazişi bağladığı və ya hüquqi mübahisənin nizama salınması barədə müştərək bəyanatla çıxış etdiyi hallarda, fors-major və ya başqa hallarda) barədə; iddianın məbləği barədə; prosessual xərclər barədə; məhkəmə icraatına cəlbetmə barədə qərardadların qəbul edilməsi nəzərdə tutulmuşdur. Yəni, İnzibati Prosessual Məcəlləyə əsasən inzibati məhkəmə icraatının hazırlıq mərhələsində iddiaçının müvafiq ərizəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılması barədə qərardad çıxarılması müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının “iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması” barədə ərizəsinə məhkəmə iddiadan imtina barədə ərizənin verilməsi üçün əsas olan halların mövcud olub-olmadığı baxımından, belə hallar olduğu halda iddiadan imtina barədə ərizə vermək üçün iddiaçının ərizəsini dəqiqləşdirmək hüququnun olmasını izah etdikdən sonra onun mövqeyinə uyğun qiymət verilməli, sözügedən ərizənin verilməsi üçün əsasların iddiadan imtinanın əsasları ilə eynilik təşkil etmədiyini müəyyənləşdirərsə, bunu nəzərə alaraq işə mahiyyəti üzrə baxmaqda və zəruri araşdırmanı aparmaqda davam etməli idi. Qeyd olunmalıdır ki, iddiaçının “iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması” barədə ərizəsi üzrə edilməli olan hərəkətlər, o cümlədən bu məsələ ilə bağlı məhz hansı qərardadın çıxarılmalı olduğu İPM-də göstərilməsə də, məhkəmə belə ərizəyə inzibati prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verilməsinin qeyrimümkün olduğunu və başqa qaydanın müəyyən edilmədiyini yoxlamadan İPM-nin 1.2-ci maddəsini rəhbər tutub MPM-nin 170.1-ci maddəsinə keçməklə müvafiq qərardadı çıxarmaqda haqlı olmamışdır. Belə olan halda məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 14.10.2020-ci il tarixli qərardadı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2926/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar