Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1432/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X2 və cavabdehin nümayəndəsi Miriyeva X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9789/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası haqqında (İPM m. 34.1) iddia ərizəsi, daha sonra, iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı pensiya kartından pul məbləğini tutmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin kart hesabına mədaxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsint məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə ona 04 iyul 2014-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondu tərəfindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuş, sonradan ona, cavabdehin göndərdiyi məktubdan məlum olmuşdur ki, guya DSMF tərəfindən pensiyasının hesablanmasında yanlışa yol verilmiş, buna görə də onun pensiyasından təktərəfli tutmalar həyata keçirilmişdir. İddiaçı ərizə ilə müraciət edərək, onun pensiyasından qanunsuz tutulmuş pul vəsaitinin kart hesabına ödənilməsini xahiş etmiş, lakin sonuncu 21 aprel 2022-ci il tarixli **********7 nömrəli məktubunda imtina edərək bildirmişdir ki, xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə artıq ödənilmiş 2354,96 manat pul vəsaiti, həmçinin 12 iyul 2021-ci il tarixindən İİ dərəcəli əlilliyinin müəyyən olunduğu üçün xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan ümumilikdə 4429,95 manat (hər ay üzrə 632,85 manat) pensiya məbləğinin hesablandığı və həmin 4429,95 manat pul vəsaitindən ona artıq ödənilmiş 2354,96 manatın çıxılaraq büdcəyə bərpa edildiyi barədə ətraflı izah verilmiş, qalıq 2074,99 manat pul vəsaiti isə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasının (632,85 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. İddiaçı cavabdehin bu cavabı ilə razılaşmayaraq, xx.xx.2022-ci il tarixdə hazırık iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 2014-2021-ci illərdə 2354,96 manat artıq pensiya hesablanaraq ödənilmiş, həmin səhv hesablanıb ödənilmiş vəsait ondan xx.xx.2021 -xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə hesablanmış pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir. Onun əmək pensiyasından heç bir tutulma aparılmamış, yalnız ona ödənilən artıq pul vəsaiti əvəzləşdirmə qaydasında ödənilməli olan pensiya məbləğindən çıxılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9789/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ödənilməli olan pensiya ödənişindən 2354,96 manat məbləğində pulun tutulması qanunsuz hesab edilmiş və İddiaçı ödənilməli olan pensiya ödənişindən tutulmuş 2354,96 manat məbləğin iddiaçıya geri qaytarılması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçıya İİ dərəcəli əlilliyə görə pensiya xx.xx.2014-cü il tarixdə təyin edilmiş,həmin tarixdən təyin edilmiş pensiya xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar olaraq, xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının 4 iyul 2014-cü il tarixdə vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 321,46 manat, qulluq stajına görə əlavəsi 76,35 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 118,85 manat olmaqla orta aylıq əmək haqqısı 571,66 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 15 il 9 ay 17 gün qulluq stajına uyğun olaraq, iddiaçının orta aylıq əmək haqqısının (571,66 manat) 80faizi-457,33 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2014- xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 20078,26 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 21271,37 manat ödənilib. Buna görə də İddiaçı yuxarıda qeyd olunan dövr üzrə 1193,11 manat artıq pul vəsaiti ödənilib. "Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixnə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 353,75 manat, qulluq stajına görə əlavəsi 84,02 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 130,63 manat olmaqla orta aylıq əmək haqqısı 623,40 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqısı (571,66 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqısı (623,40 manat) arasındakı fərq məbləğinin (51,74 manat) 52,25 faizi-27,03 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyasının (457,33 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 484,36 manat məbləğində hesablanmalı olduğu halda, 511,66 manat məbləğində müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üzrə İddiaçı müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 491,40 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 530,63 manat, qulluq stajına görə əlavəsi 126,02 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 195,94 manat olmaqla orta aylıq əmək haqqısı 907,59 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqısı (623,40 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqısının (907,59 manat) arasındakı fərq məbləğinin (284,19 manat) 52,25 faizi-148,49 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyasının (484,36 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 632,85 manat məbləğində hesablanmalı olduğu halda, 662,00 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə iddiaçının müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 670,45 manat artıq pul vəsaiti ödənilib. İddiaçı təkrar müayinədən keçməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən İİ dərəcəli əlillik müəyyən olunmuş, əmək pensiyası isə cari ilin mart avında bərpa edilmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçıya xx.xx.2021 -xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan ümumilikdə 4429,95 manat pensiya məbləği hesablanmışdır. Lakin həmin pul vəsaitindən iddiaçıya artıq ödənilmiş 2354,96 manat vəsait çıxılaraq büdcəyə bərpa edilib-İddiaçının əmək pensiyasından heç bir tutulma aparılmamış, ona ödənilən artıq pul vəsaiti əvəzləşdirmə qaydasında ödənilməli olan pensiya məbləğindən çıxılmışdır. Son olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi vəkil Ə.Məhərrəmov isə onunla razılaşmamış birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, 1 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə iddiaçıya 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci qrup əlillik təyin edilmiş, onun ərizəsi əsasında DSMF-nin Yasamal rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 1256 nömrəli qərarı ilə xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci ilə kimi 2-ci dərəcə əlilliyə görə 284,76 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Təkrar müayinədən keçməsi ilə əlaqədar ona xx.xx.2021-ci il tarixdən müddətsiz İİ dərəcəli əlillik təyin olunmuş və o, xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək əlillik dərəcəsi bərpa edildiyi üçün ona təyin edilmiş əmək pensiyasının davam etdirilməsini xahiş etmiş, lakin cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarından görünür ki, ona təyin edilmiş əmək pensiyası yenidən hesablanaraq, əvvəlkinə nisbətdə 662 manatdan 632,85 manata azaldılmışdır. Cavabdehin işə əlavə olunmuş, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə ünvanladığı cavab məktubunda, qeyd edilən azaldılma onunla əsaslandırılmışdır ki, iddiaçıya ödənilən pensiya səhv hesablanaraq xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasında 1193,11 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə 491,40 manat, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasında isə 670,45 manat, cəmi 2354,96 manat artıq pensiya ödənilmişdur. Ona xx.xx.2021-ci il tarixdən İİ dərəcəli əlillik müəyyən olunduqdan xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan ümumilikdə, 4429,95 manat pensiya məbləğindən artıq ödənilmiş həmin 2354,96 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir. İşin hazırkı mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı ondan artıq ödənilmiş vəsait adı altında tutulmuş həmin 2354,96 manat pensiya məbləğinin onun kart hesabına bərpa edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin tələbində haqlıdır. Çünki, artıq ödənilmiş əmək pensiyasının və ya ona əlavənin pensiyaçıdan tululması özbaşınalıqla deyil, inzibati icraat qaydlarına da riayət edilməklə, qanunla müəyyən edilən qaydalar çərçivəsində həyata keçirilməlidir. Belə ki, “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsi ilə artıq ödənilmiş pensiyanın tutulmasının aşağıdakı qaydasını nəzərdə tutur: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qanunun qeyd olunan imperativ tələblərindən aydın görünür ki, birincisi, artıq ödənilmiş vəsait iddiaçının razılığı əsasında qəbul olunmuş qərar əsasında, qeyd olunan faizlər həddində tutula bilər, belə razılıq olmadıqda isə məhkəmə qaydasında tutulmalıdır. Lakin, işin qeyd olunan faktiki hallarından göründüyü kimi, cavabdeh qanunvericiliyin qeyd olunan tələblərindən yan keçərək, pensiyaçının hüquqlarını pozmağı üstün tutmuş və hər əlillik mərhələsində yol verdiyi səhvi aradan qaldırmaq üçün, sanki maliyyə sanksiyası tətbiq edirmiş kimi, sonuncu əlillik mərhələsində məsələni öz mülahizəsinə əsasən həll etmişdir. Bu zaman cavabdeh inzibati orqan olaraq nəzərə almamışdır ki,”İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqan qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «… Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir… İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…» Beləliklə də, cavabdeh tərəfindən xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilməli olan ümumilikdə, 4429,95 manat pensiyasından artıq ödənilmiş vəsait adı altında 2354,96 manat çıxılaraq, büdcəyə bərpa edilməsinin maddi və inzibati icraat haqqında hüquq normalarına, Avropa Məhkəməsinin presedent qərarlarına zidd olduğu sübuta yetiriilir. “İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol verdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9789/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9789/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1432/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1432/2023
13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver