Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1433/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9863/2021 saylı 06 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 245 saylı 17 yanvar 1992-ci il tarixli sərəncamı ilə Yeni Suraxanı qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün İddiaçı 0,12 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün ona icazə verilmişdir. Milli Arxiv İdarəsinin Bakı filialının 14.09.2021-ci il tarixli məktubundan görünür ki, Suraxanı rayon İcra Hakimiyyətinin 245 saylı 17.01.1992-ci il tarixli sərəncamına eskiz və ayrıc aktı əlavə edilməmişdir. İddiaçı fərdi evin tikintisi üçün ona ayrılmış torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış İ-93-151 saylı 05 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, rayon İcra Hakimiyyətinin sənədəri 2015-ci il daxil olmaqla Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyi və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığı nəzərə alınaraq müraciətin müsbət həllinin səlahiyyətləri xaricində olduğu qeyd edilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Suraxanı rayon İcra Hakimiyyəti başçısının 245 saylı 17 yanvar 1992-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Yeni Suraxan qəsəbəsi, Ozernaya küçəsində ona ayrılmış 1200 kv.m torpaq sahəsinə cizginin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1991-cü il tarixdə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmasına görə Bakı şəhəri Suraxanı rayon icra Hakimiyyətinə müraciət etmiş, müraciəti əsasında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 245 saylı 17 yanvar 1992-cü il tarixli sərəncamına əsasən Yeni Suraxanı qəsəbəsi ərazisində ona fərdi yaşayış evi tikmək üçün 0,12 ha torpaq sahəsi ayrılmış və həmin sərəncamla ona göstərilən torpaq sahəsində fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Bundan sonra o, həmin torpaq sahəsində müxtəlif ağaclar əkmiş, həmin torpaq sahəsini hasarlayaraq torpaq sahəsindən faktiki olaraq istifadə etmişdir. Torpaq sahəsi həmin dövrdə faktiki olaraq ölçülüb ona verilsə də, bu barədə ona heç bir təhvil-təslim aktı verilməmişdir. Bununla bağlı o, Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək, torpaq sahəsinin ayrıc aktı və cizgi sənədlərinin verilməsini xahiş etsə də, müraciətinə cavab olaraq rayon İcra Hakimiyyətinin sənədlərinin 2006-cı il daxil olmaqla Dövlət Arxivinin Bakı filialına təhvil verilməsini və həmin Arxiv filialına müraciət etməsi tövsiyə edilmişdir. O, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 245 saylı 17 yanvar 1992-cü il tarixli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin ayrıc aktı və cizgi sənədlərinin arxivdən ona verilməsi üçün Dövlət Arxivinin Bakı Filialına müraciət etmiş, Arxiv Filialından ona 29 oktyabr 2019cu il tarixli məktub ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 17 yanvar 1992-ci il tarixli 245 saylı saylı sərəncamına ayrıc aktı və cizgi sənədlərinin əlavə edilməməsi bildirilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9863/2021 saylı 06 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 245 saylı 17 yanvar 1992-ci il tarixli sərəncamına əsasən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ozernaya küçəsində 1200 kv.m torpaq sahəsinə dair cizginin (ayrıc aktının) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə işə baxılarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin və Torpaq Məcəlləsinin tələblərinə və digər hüquq normalarına istinad edilmədən qərar qəbul edilmişdir. Belə ki, İddiaçı, o cümlədən digər vətəndaşlara Suraxanı rayon icra Hakimiyyəti tərəfindən həmin dövrdə torpaq sahələri ayrılarkən natura qaydada bölgülər aparılmış və torpaq sahəsinə dair cizgi (ayrıc aktı) RİHB-nin sərəncamları ilə birlikdə onun ayrılmaz hissəsi kimi vətəndaşlara təqdim edilmişdir. Vətəndaşlar isə təqdim olunmuş rayon İcra Hakimiyyəti başçısının sərəncamı və cizgi (ayrıc aktı) əsasında müvafiq layihəyə uyğun olaraq fərdi yaşayış evləri inşa etmişlər, iddiaçı Ramiz Hüseyn oğlu oğlunun isə 1992-ci ildə ona ayrılmış torpaq sahəsinə cizginin (ayrıc aktı) verilməsi ilə bağlı 29 il ötdükdən sonra RİH-ə müraciət etməsi və imtina aldıqdan sonra iddia qaldırması cavabdeh tərəfdə əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Məhkəmə qərarında qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, 1992-ci ildə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrlması ilə bağlı müraciət etmiş və müraciəti əsasında Suraxanı rayon İcra Hakimiyyəti başçısının 23.02.1992-ci il tarixli 245 saylı sərəncamı ilə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ozernaya küçəsi, Kommunist dalanı adlanan ərazidə ona 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Sözügedən sərəncamla ona ayrılan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin sərəncamla eyni zamanda mütəxəssisə sahənin ölçülərinin natura ilə təyin edilməsi və layihə smeta sənədlərinin hazırlanmasına tapşırıq verilmişdir. Həmin tapşırıq əsasına sərəncamda nəzərdə tutulan torpaq sahəsi ölçülərək, faktiki olaraq iddiaçının istifadəsinə verilmiş və torpaq sahəsinin hüdüdları təyin edilmişdir. Bundan sonra iddiaçı sözügedən torpaq sahəsində ağaclar əkmiş, həmin torpaq sahəsini hasarlayaraq istifadə etdiyini bildirmişdir. İddiaçının iddia ərzəsində qeyd etdikləri ilə həmin dövrdə sərəncamla birlikdə cizgini (ayrıc aktı) aldığını etiraf etmiş olur. Eyni zamanda şübhə yardan məqamlardan biri də bundan ibarətdir ki, torpaq sahəsi ayrılandan sonra qısa müddət ərzində deyil, uzun illər keçdikdən sonra (29 ildən sonra) Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ozernaya küçəsi, Kommunist dalanı adlanan ərazidə iddiaçıya ayrılmış 1200 kv.m. torpaq sahəsinə dair cizgi (ayrıc aktı) verilməsi ilə bağlı sənədləşmə qərarına gəlmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırırıq ki, birinci instansiya məhkəməsində bu inzibati işə baxılarkən Suraxanı rayon İcra Hakimiyyəti başçısının 245 saylı 17.01.1992-ci il tarixli sərəncamı ilə sözügedən ərazinin uyğun gəlibgəlməməsi, yəni sözügedən sahəyə aid olması araşdırılmamış və müvafiq qurumlara sorğular göndərilməmişdir. Hesab edilir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.2-ci maddəsinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “Suraxanı rayon İcra Hakimiyyəti başçısının 245 saylı 17 yanvar 1992-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Yeni Suraxan qəsəbəsi, Ozernaya küçəsində ona ayrılmış 1200 kv.m torpaq sahəsinin cizgisinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi nəzərə alınmasını və bu barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 27.04.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 05.07.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 27.08.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı tələbi “Suraxanı rayon İcra Hakimiyyəti başçısının 245 saylı 17 yanvar 1992-ci il tarixli sərəncamına əsasən ona Bakı şəhəri, Yeni Suraxan qəsəbəsi, Ozernaya küçəsində ayrılmış 1200 kv.m torpaq sahəsinin cizgisinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə torpaq sahəsinin iddiaçıya naturada təhvil verilməsinə baxmayaraq, hazırda torpaq sahəsinin hüdudlarını müəyyən edən cizginin mövcud olmamasına, cavabdeh orqan tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinə dair ayrıc aktı həmin dövrdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 17.01.1992-ci il tarixli sərəncamı ilə birlikdə vətəndaşa təqdim edildiyini bildirilsə də, həmin halın sübutunun məhkəməyə təqdim edilməməsinə, əksinə, məhkəmənin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən sərəncama eskiz və ayrıc aktının əlavə edilmədiyinin bildirilməsinə, iddiaçı tərəfindən müvafiq öhdəliyin qoyulmasını zəruri edən faktiki şərtlərin mövcudluğunun sübuta yetirilməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Hazırki iş üzrə aparılan məhkəmə araşdırmaları onu deməyə səas verir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsində adı çəkilən torpaq sahəsi ilə bağlı ayrıc aktının iddiaçıya verilməsinə istinad etsə də, bu halı təsdiq edə biləcək hər hansı sübutu nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etmişdir. Əksinə, məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən bildirilmişdir ki, sözügedən sərəncama eskiz və ya ayrıc aktı əlavə olunmamışdır. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassız olub, qəbul edilməməklə yanaşı, birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün də heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Bu səbəbdən də cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9863/2021 saylı 06 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9863/2021 saylı 06 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1433/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1433/2022
27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver