Məhkəmə qərarları › İş №2-1(103)-1433/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1433/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1433/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-1(112)-3850/2017 saylı qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 02 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 avqust 2017-ci il tarixli, 2-1(81)- 3850/2017 nömrəli qərarı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" ASCyə və üçüncü şəxslər Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı ərzaq-market mağazasının sökülməsinə görə kompensasiyanın və əldən çıxmış faydanın ödənilməsi tələbləri barədə iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, Bakı – Şamaxı yolunun cənub hissəsində yerləşən ümumi sahəsi 98,2 kv.m olan qeyri-yaşayış sahəsinin (mağazanın) sökülməsinə görə 171.850 manat məbləğində kompensasiyanın cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-1753/2018 saylı qərarı ilə İddiaçı MMC-nin, cavabdeh "xxxx" ASC-nin və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 avqust dekabr 2017-ci il tarixli, 2-1(81)- 3850/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1336/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-1753/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3850/2017 nömrəli icra sənədi icra olunması üçün aidiyyəti üzrə icra qurumuna göndərilmişdir.Lakin Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 25 avqust 2017-ci il tarixli, 2-1(81)-3850/2017 nömrəli qərarının icra edilməsi üçün cavabdehə müddət təyin edilməsinə və cərimə olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qeyd edilən qərarı bugünədək icra etməmişdir. Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-1(112)-3850/2017 saylı qərardadı ilə cavabdehin 1000,0 (bir min) manat məbləğində cərimə olunması qərara alınmışdır. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-1(112)- 3850/2017 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişlər. Şikayəti onunla əsaslandırılmışdır ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət ehtiyacları üçün alınan əmlakın dəyərinə (kompensasiya) vəsait ayrılması səlahiyyəti Maliyyə Nazirliyinə aiddir. Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2006-cı il tarixli 1729 nömrəli Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Avtomobil yolları" X6 vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2007-ci il tarixli 13 nömrəli qərarı ilə "Avtomobil yolları” X6 vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları" təsdiq edilmişdir. Həmin qaydalara əsasən Fondun əsas məqsədi Azərbaycan Respublikasında ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları şəbəkəsinin səmərəli istismarını və qənaətbəxş vəziyyətdə saxlanılmasını təmin etməkdir. Fond dövlət büdcəsinin tərkibində yaradılır və onun vəsaitinin xərclənməsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa və Dövlət Xəzinədarlığının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir. Fondun vəsaiti Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarı ilə bağlı istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilir. Fondun vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onun başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Bununla əlaqədar, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məqsədilə Agentlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmişdir, ödənilməsi nəzərdə tutulan kompensasiya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldığı təqdirdə qərarın icrası təmin ediləcəkdir və bu barədə iddiaçıya məlumat verilmişdir. Göründüyü kimi, borclu olaraq üzərlərinə düşən vəzifələri yerinə yetirsələr də məhkəmə bu halları araşdırmamış və nəticədə haqsız olaraq cərimə təyin etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 25 avqust 2017-ci il tarixli, 2-1(81)-3850/2017 nömrəli qərarının icra edilməsi üçün cavabdehə müddət təyin edilməsinə və cərimə olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qeyd edilən qərarı bugünədək icra etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. Həmin qərarın 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İPM-in 87.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər,dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-1(112)-3850/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar