Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1433/2024 19.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X6, Səbail rayon Bələdiyyəsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9156/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Səbail rayon Bələdiyyəsi tərəfindən 27 dekabr 2005-ci il tarixli 483 saylı qərarı ilə ona verilmiş Salyan Şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək iddia tələbində mübahisəli torpaq sahəsinin faktiki sahəsinin 1169,72 kv.m təşkil etdiyini bildirmiş və buna görə iddia tələbini həmin hissədə azaldaraq 1169,72 kv.m qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi “Səbail rayon Bələdiyyəsi tərəfindən 27 dekabr 2005-ci il tarixli 483 saylı qərarı ilə iddiaçıya verilmiş Salyan Şossesi 32 ünvanda yerləşən 1169,72 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9156/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Səbail Bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli, 483 saylı Qərarı əsasında ayrılmış Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 1169,72 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqısına dair Akt təqdim edilməmişdir. Həmçinin göstərilən əraziyə digər şəxsin (X6) müraciəti olmuşdur. Qeyd olunan torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında 2-1(102)-2638/2023 saylı məhkəmə mübahisəsi mövcuddur, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi ümumi ərazidə yerləşməklə dövlət mülkiyyətindədir. Belə ki, “Dövlət torpaq kadastrı, torpaların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 9-cu abzasına əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması, o cümlədən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olub-olmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edərək Səbail rayon Bələdiyyəsi tərəfindən 27 dekabr 2005-ci il tarixli 483 saylı qərarı ilə ona Salyan Şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh tərəfindən torpaq sahəsinə dair təsdiqlənmiş yerləşmə cizgisinın təqdim olunmaması, 1200 kvm torpaq sahəsinin faktiki olaraq 1169.72 kv.m olması və həmin torpaq sahəsi üzrə Bakı Apellyasiya Məhkəməsində məhkəmə mübahisəsinin mövcud olması əsası ilə imtina verilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;..... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “X7 Qanunun” 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları ... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli sahə Səbail rayon Bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli, 483 saylı qərarı ilə iddiaçıya ayrılmışdır. Torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aiddir və qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil, torpaq sahəsi “X7” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Qeyd olunanlara əsasən Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsilə düzgün nəticəyə gəlinmişdir. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili onunla bağlıdır ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqısına dair Akt təqdim edilməmişdir. Cavabdehin apelyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən hazırkı işin halları üzrə məhkəmə belə nəticəyə gəlir ki, Səbail rayon Bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli 483 saylı qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbləri baxımından sözügedən qərarı mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin qərar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə uyğun olaraq iddiaçının qərarla ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır. Apelyasiya şikayətinin digər dəlili isə mübahisəli torpaq sahəsinə digər bir şəxsin müraciətinin olması ilə bağlıdır. Həmin dəlil isə iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-248/2023 nömrəli qərarla təkzib olunur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq Qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1243 saylı 02 iyun 2023-cü il tarixli ekspert rəyinin tədqiqat hissəsində qeyd olunmuşdur ki, **********29 reyestr nömrəsi və **********90 reyestr nömrəsi ilə X2 adına müvafiq olaraq 133 kv.m. və 130 kv.m. daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına verilmiş **********0780 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş - 531 kv.m. torpaq sahəsinin koordinatları “kadastr.az" portalı vasitəsilə müəyyən edilmişdi. X3 məxsus torpaq sahəsinin cizgisində qeyd edilmiş koordinatlarla naturada arasında cüzi koordinat fərgi mövcuddur. Eyni zamanda həmin 0,12 ha torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşür. Belə ki, X3 ayrılmış 0.12 ha torpaq sahəsinin digər şəxslərlə üst-üstə düşən 260 kv.m hissəsi çıxdıqdan sonra sərbəst olaraq yerdə 940 kv.m torpaq sahəsi qalır. İş üzrə ekspert rəyini verən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Teymur Məmmədov məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının (X6) iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin koordinatları götürülmüş, 133 kv.m. və 130 kv.m. sahədən ibarət olmaqla ümumilikdə 236 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla X5, 532 kv.m. torpaq sahəsi isə İddiaçı məxsusdur, həmin torpaq sahələri iddiaçıya məxsus torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür, iddiaçıya məxsus 1200 kv.m. torpaq sahəsinin 260 kv.m hissəsi isə başqa fiziki şəxslərə məxsusdur ki, həmin şəxslərin də ad və soyadları ona məlum deyil, belə ki, bunu “kadastr.az" portalından müəyyən etmək mümkün deyildir. X5 və İddiaçı məxsus torpaq sahələri iddiaçınn torpaq sahəsindən aşağıda yerləşir. Beləliklə də, iddiaçıya ayrılmış 1200 kv.m. torpaq sahəsinin 940 kv.m. hissəsi hər hansı şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür, boş torpaq sahəsidir. Bununla da aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, iddiaçıya ayrılmış 1200 kv.m. torpaq sahəsinin 940 kv.m. hissəsi heç kimin torpağı, o cümlədən cavabdehin imtinasında adıçəkilən və 3-cü şəxs qismində işə cəlb olunan şəxslərin topraq sahələri ilə üst-üstə düşmür. Bu səbəbdən də həmin 3-cü şəxslərin statusu apellyasiya baxışı zamanı ləğv edilmişdir. Göründüyü kimi, İddiaçı məxsus torpaq sahəsinin koordinatları üçüncü şəxs X4 məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür və fərqli torpaq sahələridir. Həmçinin elektron məhkəmə informasıya sistemindən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2638/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərara nəzər yetirildikdə də müəyyən edilir ki, kassasiya instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən ekspert rəyi mötəbər hesab olunmuşdur. Cavabdeh apelyasiya şikayətində elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin ümumi ərazidə yerləşməklə dövlət mülkiyyətində olmasını bildirsədə, istinad etdiyi elektron baza məlumatlarına dair nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsinə sübut təqdim etmişdir. «İnsan hüquqlarının və əsasazadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi iləbağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən AzərbaycanRespublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9156/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1433/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1433/2024
19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver