Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1433/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10539/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuş, onun 64 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur.
2. İddiaçıya məxsus Б-İ №005595 nömrəli xx.xx.1978-ci il tarixli diplomun surətindən görünür ki, iddiaçı 1971-ci il tarixdə S.M.Kirov adına X6 Ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1976-cı ildə tətbiqi riyaziyyat ixtisası üzrə tam kursu bitirmişdir.
3. И-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1976- xx.xx.1986-cı illərdə Bakı Aqreqat İstehsalı Konstruktor Birliyində mühəndis, xx.xx.1986- xx.xx.1988ci illərdə 55 nömrəli orta texniki peşə məktəbində istehsal təhsili üzrə usta, xx.xx.1988-xx.xx.1995-ci illərdə Bakı Aviasiya İstehsalat Birliyində mühəndis, xx.xx.1995- xx.xx.2002-ci illərdə 100 nömrəli Təmir-tikinti trestində mühəndis vəzifəsində işləmişdir.
4. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, onun təqdim etdiyi əmək kitabçasının və təhsil haqqında diplomun surətlərinə əsasən sığorta stajı (xx.xx.1971-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla) 23 il 9 ay 29 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq təqdim etdiyi əməkhaqqı arayışlarında qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən əməkhaqqı arayışlarında qeyd olunmuş xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Bakı şəhəri 100 saylı Təmir-Tikinti İdarəsində əməkhaqqı alıb-almadığı müəyyən etmək mümkün olmadığından həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlar nəzərə alınaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir və xx.xx.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən isə 220 manata çatdırılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir.
6. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və pensiyanın müraciət etdiyi tarixdən əvvəlki üç il də daxil olmaqla hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1954-cü ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darbaz kəndində anadan olmuşdur. Əmək kitabçasında göstərildiyi kimi xx.xx.1971-xx.xx.1976-cı il müddətində Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) əyani təhsili bitirdikdən sonra təyinat üzrə Bakı Aqreqat İstehsalı Konstruktor Birliyində xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilə qədər proqramçı mühəndis olaraq işləmişdir. xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilə qədər Buzovna qəsəbəsindəki 55 nömrəli Texniki Peşə məktəbində işləmişdir. xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək Bakı Aqreqat Birliyində çalışmışdır. xx.xx.1995-ci ildən xx.xx.2002-ci il tarixinədək Azərbaycan Respublikası 100 №-li təmir-tikinti idarəsində mühəndis vəzifəsində işləmiş, əmək kitabçasında göstərildiyi kimi ümumi iş stajı 30 il 6 ay olmasına baxmayaraq təqaüd almamışdır. Hazırda yaşa görə 220 manat müavinət alır. Ona yaşa görə pensiya təyini olunması barədə cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh təşkilatlar tərəfindən ona pensiya təyin edilməsi barədə qanunsuz və əsassız olaraq yaşa görə pensiya təyin olunmasından imtina edilmişdir.
8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, təqdim edilən əmək kitabçasının və təhsil haqqında diplomun surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1971-ci il tarixdən xx.xx.1976-cı il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla) 23 il 9 ay 29 gün təşkil edir. Belə ki, təqdim edilən əməkhaqqı arayışlarında qeyd olunmuş, mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlər mübahisələndirilmiş və sığorta stajına hesablanması mümkün olmamışdır. X4 xx.xx.2023-cü il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən əməkhaqqı arayışlarında qeyd olunmuş xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhəri 100 saylı Təmir-Tikinti İdarəsində iddiaçının əməkhaqqı alıbalmadığını müəyyən etmək mümkün olmamışdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona xx.xx.2020-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixdən isə 220 manata çatdırılmışdır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10539/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 64 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət etdiyi tarixdən əvvəlki üç il də daxil olmaqla hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçının mübahisələndirilən dövrdə əmək haqqı aldığını təsdiq edən sənədlərin aşkara çıxarılmamasında onun təqsirinin olmaması iddiaçının həmin dövrdə əməkhaqqı aldığına dəlalət etmir. Burada əsas məsələ kimin təqsirli olması deyil, iddiaçının əməkhaqqı aldığının sübut edilməsidir ki, bu da iş materialları ilə sübut edilmir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
13. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
16.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 19.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-17-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
22. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı X3 ona 64 yaşdan yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir.
23. Cavabdeh orqan isə imtina əsası kimi 2 hala istinad edir: - iddiaçının ümumi iş stajının 25 ildən az olması; - xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasıdır.
24. İş materiallarından göründüyü kimi, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır və topladığı əmək stajının kapitala çevrilməsi nəticəsində əldə edilən pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Odur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. 25.Cavabdeh orqan tərəfindən konkret mübahisələndirilən dövrlər iddiaçının əmək kitabçasında əks olunan xx.xx.1995-xx.xx.2002-ci il tarixinədək 100 nömrəli Təmir- Tikinti trestində işlədiyi dövrlərdir. 26.Belə ki, iş materiallarından göründüyü kimi cavabdehin qəbul etmədiyi xx.xx.1995xx.xx.2002-cı illər onun əmək kitabçasında öz əksini tapmış, həmin qeydlər müvafiq vəzifəli şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. Həmçinin işdə olan Azərbaycan Respublikası 100 saylı Təmir-Tikinti idarəsinin xx.xx.2022-ci il tarixli, 58 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1995-ci ildə 100 saylı Təmir-Tikinti idarəsində mühəndis vəzifəsində işə qəbul olunmuş, xx.xx.2002-ci ildə tutduğu vəzifədən öz xahişi ilə azad edilmişdir.
27. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
29. Belə ki, işin apellyasiya baxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilmiş 10 fevral 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ********** və ********** vergi ödəyicisinin eyniləşdirmə nömrələri “Rayonlararası İstehsalt Təmir-Tikinti Birliyi” və “10 nömrəli Rayonlararası İstehsalat Təmir Tikinti Tresti Nəzdində Bakı şəhəri 100 nömrəli Təmir Tikinti İdarəsi adlı qurumlara məxsusdur.
30. İş materiallarına əlavə edilmiş VÖEN ********** olan Azərbaycan Respublikası Rayonlararası İstehsalat Təmir Tikinti Birliyi tərəfindən 85/26 saylı 30 dekabr 2021-ci il tarxili arayışdan görünür ki, İddiaçı VÖEN nömrəsi ********** olan Bakı şəhəri 100 saylı Təmir Tikinti İdarəsində mühəndis vəzifəsində işləmiş, xx.xx.2002-ci ildə tutuduğu vəzifədən azad edilmişdir.
31. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, həmin müəssisənin 1995-2002-ci illər ərzində mövcud olmasını təsdiq edən arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçının iş stajı əmək kitabçası və müvafiq əmrlərlə və işlədiyi müəssisənin verdiyi 30 dekabr 2021-ci il tarixli arayışla təsdiqlənir. Bundan başqa o da nəzərə alınmalıdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir.
32. Eyni zamanda cavabdehin ikinci imtinasının əsası olan xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə bağlı kollegiya qeyd edir ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, X2 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. 33.Nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 34.Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 36.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 37.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10539/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 38.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10539/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.