Məhkəmə qərarları › İş №2-1(103)-1434/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1434/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1434/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1971-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, faktiki olaraq ünvan 2 ünvanında yaşayır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı plan-ölçü və çıxarışın verilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(82)-3893/2019 nömrəli qərarından cavabdeh tərəfindən apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 179 saylı sərəncamı əsasında verilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində qeyri-yaşayış binasının razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə M.Hadi küçəsində, 1 saylı evdə yaşayan X3 M.Hadi küçəsində (15x15)m ölçüdə mövsümü ticarətlə məşğul olduğu köşkün təqdim etdiyi layihəyə əsasən tam abadlaşdırılmasına və (3x5)m ölçüdə ticarət məntəqəsinin tikintisinə icazə verilmişdir. Daha sonra Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 179 saylı sərəncamı ilə, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 442 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmiş və M.Hadi küçəsində çizgidə göstərilən ərazidə yerləşən mövcud ölçüdə məntəqə iddiaçının adına sənədləşdirilmişdir. Həmçinin qeyri-yaşayış obyektinin eskiz layihəsi Xətai rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Daha sonra iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər toplanaraq cavabdeh idarəyə müraciət edilmiş, lakin onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə istinad edərək, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 179 saylı sərəncamı əsasında verilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində qeyri-yaşayış binasının razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3893/2019 nömrəli qərarı ilə (hakim Z.Tağıyev) iddia təmin edilmiş, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 179 saylı sərəncamı əsasında verilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən qeyri-yaşayış binasının razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3893/2019 nömrəli qərarının ləğv edilməsini, iddiaçının iddia tələbinin mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun olan hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Belə ki, ərizəyə məhkəmə qərarında istinad edilən sərəncamların surətləri əlavə edilmiş, lakin həmin sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir. Həmçinin, ərizəyə surəti əlavə edilmiş sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin sənədlər əsasında müvafiq qeyri-yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə ziddir.Bundan əlavə, müvafiq ünvanda yoxlama-ölçü işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Qeyd olunanlardan əlavə, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra yəni, xx.xx.2019-cu il tarixdə İdarəyə müvafiq qeyri-yaşayış binasına dair çıxarış almaq məqsədilə müraciət etmiş və “İnzibati icraat” haqqında qanunvericiliyin tələblərini pozmuşdur. Göründüyü kimi, müvafiq daşınmaz əmlaka dair İddiaçı tərəfindən İdarəyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, həmçinin bununla bağlı inzibati orqanın hər hansı hərəkət və ya hərəkətsizliyinin olması nə iddiaçı , nə də məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Lakin, qeyd olunan hallar, o cümlədən iddiaçının iddia tələbinin mümkünlüyü birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Sonuncu məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 və əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etdilər. Əlavə olaraq, cavabdehin nümayəndəsi X4 iddiaçının məhkəmədə iddia qaldırdıqdan sonra cavabdeh inzibati orqana müraciət etdiyini, cavabdehin imtinasının birinci instansiya məhkəməsinin qərarının qəbul edilməsindən sonra verildiyini bildirdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq, o, cavabdeh inzibati orqana sonradan müraciət etdiyini, hər bir halda müraciətinin olduğunu bildirdi.Eyni zamanda, sədrlik edənin sualına cavab olaraq, sərəncamla mövsümi köşkə icazə verildiyini, hal-hazırda mağaza və kafe kimi fəaliyyət göstərdiyini qeyd etdi. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarına əsasən: - Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 442 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə M.Hadi küçəsi 1 saylı evdə yaşayan X5 M.Hadi küçəsində (15x15)m ölçüdə mövsümü ticarətlə məşğul olduğu köşkün təqdim etdiyi layihəyə əsasən tam abadlaşdırılmasına və (3x5)m ölçüdə ticarət məntəqəsi tikintisinə icazə verilməyi qərara alınmışdır. - Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 179 saylı sərəncamdan çıxarışı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində, çizgidə göstərilən ərazidə yerləşən mövcud ölçüdə məntəqə İddiaçı adına sənədləşdirilməsi qərara alınmış, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 442 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. - Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən məntəqələrin və abadlaşdırılan ərazinin eskiz layihəsi tərtib edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində qoşma kimi imtina məktubunu göstərsə də, iş materiallarına belə bir imtina məktubu, həmçinin iddiaçının cavabdeh inzibati orqana müraciət ərizəsinin surəti əlavə edilməmişdir. Bununla əlaqədar olaraq, işin apellyasiya icraatı zamanı hər iki tərəfə bununla bağlı tapşırıq verilmiş, növbəti məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının cavabdeh inzibati orqana müraciət ərizəsinin surəti və müraciətə cavab olaraq, verilmiş xx.xx.2019-cu il tarixli imtina məktubunu məhkəməyə təqdim etmişdir. İddiaçı bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. İş materiallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, təqdim etdiyi ünvana texniki pasportun alınması və çıxarışın verilməsində köməklik edilməsini xahiş etmiş, iddiaçının müraciəti xx.xx.2019-cu il tarixdə ********** № daxil olma nömrəsi ilə qeydə alınmışdır. Eyni zamanda iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 179 saylı sərəncamı əsasında verilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində qeyri-yaşayış binasının razılaşdırılmış eskiz layihəsinin uyğun olaraq üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı xx.xx.2019-cu il tarixdə həm cavabdeh inzibati orqana müraciət ünvanlamış, həm də cavabdeh inzibati orqana qarşı məhkəmədə hazırkı iddia tələbini qaldırmışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı xx.xx.2019-cu il tarixdə qəbul edilmiş, cavabdehin **********92 №-li imtina məktubu xx.xx.2019-cu il tarixlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər arasında hər hansı hüquqi mübahisə mövcud olmamış, iddiaçının hüquqları və qanunla qorunan maraqları cavabdeh inzibati orqan tərəfindən pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl həmin iddia tələbinin predmeti ilə bağlı cavabdeh inzibati orqana müraciəti olmadığından, cavabdeh inzibati orqanın hər hansı imtinaedici cavabı və ya hərəkətsizliyi mövcud olmadığından, tərəflər arasında hüquqi mübahisə olmadığından hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş, iddiaçının iddia tələbi təmin edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3893/2019 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edisin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3893/2019 nömrəli ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 179 saylı sərəncamı əsasında verilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində qeyri-yaşayış binasının razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə” dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar