Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1434/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « torpaq sahəsinə çıxarışın verilməsi ») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs Geofizika və Geologiya İdarəsinin nümayəndələri X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4549/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Dövlət X9n “Yelkən” bağçılıq üzvlərinin təsdiq olunmuş 10 may 2005-ci il tarixli 08 nömrəli protokol-siyahısından çıxarışdan görünür ki, Hövsan ərazisində yerləşən X6 məxsus “Yelkən” bağçılıq cəmiyyətinin üzvü İddiaçı “V” sektorundan 331a saylı bağ sahəsi verilmiş, bağın sahəsi 644 kv.metr olmuşdur.
2. Azərbaycan Dövlət X9n “Yelkən” bağçılıq yoldaşlığın üzvlük biletindən görünür ki, iddiaçı bağçılığa 10 may 2005-ci ildə üzv qəbul edilmiş, sektor “V”, 331a saylı bağ ayrılmış, kitabça xx.xx.2005-ci il tarixdə verilmişdir.
3. 14.12.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Hövsan qəsəbəsi, “Yelkən” bağçılıq yoldaşlığının V sektorunda yerləşən 331a saylı bağ sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 644.0 kv.m, faktiki sahəsi 721.0 kv.m müəyyən olunmuşdur. Bağ sahəsinin sərhədləri şərtidir, döngə nöqtələrinin birinə altı, qalanlarına isə üç ədəd mişar daşı qoyulmuşdur. Tikili yoxdur.
4. İddiaçı hazırda yuxarıda qeyd edilən sənədlərə istinad edərək, “Yelkən” bağçılıq yoldaşlıq tərəfindən ona ayrılmış 331a saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən X6 məxsus 331a saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir.
6. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2022-ci il tarixli, **********28 nömrəli məktubla bildirmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “Yelkən” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında ərizəçinin adı aşkar olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir.
7. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən X6 məxsus “Yelkən” bağçılıq sahəsinin “V” sektorundakı 644 kv metr ölçüdə 331a saylı bağ sahəsinin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə “X4 Limited” Əməliyyat Şirkəti və Geofizika və Geologiya İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
9. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən X6 məxsus “Yelkən” bağçılıq sahəsinin “V” sektorundakı 644 kv.metr ölçüdə 331a saylı bağ sahəsi ona ayrılmışdır. Bu barədə Azərbaycan Dövlət X9n “Yelkən” bağçılıq üzvlərinin təsdiq olunmuş 10 may 2005-ci il tarixli 08 nömrəli protokoldan çıxarış tərtib olunmuşdur. Azərbaycan Dövlət X9n “Yelkən” bağçılıq yoldaşlığın sədrinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə verdiyi xx.xx.2005-ci il tarixli, 194/Y/BY nömrəli arayışından görünür ki, “V” sektorundakı, 331 a saylı 644 kv m bağ sahəsinə dair onun heç bir borcu yoxdur. 331 a saylı 644 kv metr bağ sahəsinin özəlləşdirilməsinə “Yelkən” bağçılıq cəmiyyətinin etirazı yoxdur. Azərbaycan Dövlət X9 “Yelkən” bağçılıq yoldaşlığı tərəfindən ona xx.xx.2005-ci il tarxidə 38/331a nömrəli üzvlük bileti də verilmişdir. X9 “Yelkən” bağçılıq yoldaşlığı “V” sektorunun tərtib edilmiş sxemindən də görünür ki, 331 a saylı bağ sahəsi ona ayrılmışdır. Sənədlərinin əlbəəl cavabdeh orqana təqdim edilməsi üçün cəhd edilsə də, cavabdeh orqanın əməkdaşları onun sənədlərini götürməkdən imtina etmişlər. O da məcbur qalıb yenidən sənədlərini poçt vasitəsi ilə cavbabdeh orqana göndərməli olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli ərizə ilə sözügedən bağ sahəsinə dair çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir.
10. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmiş və iddianın təmin edilməməsini xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4549/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı bu sənədlərdən bağ sahəsinin ona verilməsi ilə bağlı kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının protokolundan çıxarışı və üzvlü kitabçasını təqdim etsə də, bu sənəd Qanunun tələblərinə müvafiq olmamışdır.
13. İstinad olunan normadan da göründüyü kimi, qanunverici həmin sənədin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olmasını tələb edir. Lakin işdən görünür ki, iddiaçının adı “Yelkən” bağçılıq yoldaşlığın üzvlərinin siyahısında mövcud deyil.
14. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 331a saylı bağ sahəsinin ona ayrılmasını təsdiq edən sənədlərin 2005-ci ildə tərtib edildiyi qeyd olunsa da, “Yelkən” bağçılıq yoldaşlıq üzvlərinin fevral 2007-ci il tarixə olan siyahısından görünür ki, sektor “V”- də bağ sahəsi ayrılan şəxslərin siyahısında iddiaçının adı və ona ayrılmış 331a saylı bağ sahəsinin nömrəsi qeyd edilməmişdir (baxmayaraq ki, sektor “V”də olan bağların siyasında 331, 332, 332a saylı bağlar ardıcıllıqla qeyd edilmişdir).
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
15. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 4549/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi “V” sektoruna dair bağçılıqyoldaşlıq üzvlərinin 2005-ci il tarixləri üzrə Siyahısının məhkəməyə təqdim olunmasını tələb etməmişdir.Odur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən X6 məxsus “Yelkən” bağçılıq sahəsinin “V” sektoruna dair bağçılıq-yoldaşlıq üzvlərinin 2005-2007-ci il tarixləri üzrə Siyahısının məhkəməyə təqdim olunmasını məhkəmə təmin etməmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
18. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
19. Məhkəmə Kollegiyasının iclasında cavabdehin və 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirlər.
20. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş digər üçüncü şəxsin nümayəndəsi iclasda iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
22. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
23. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ....... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .....
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 695.1-ci maddəsinə əsasən kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam etdirilir. Növbəti kirayəçinin və ya vərəsənin qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin ləğvinə dair bildiriş vermək hüququ vardır.
25. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:
Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;
Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə;
Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
30. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
31. Belə ki, tətbiq edilən normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir.
32. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir.
33. Belə ki, tətbiq edilən hüquq normalarından göründüyü kimi, qanunverici vətəndaşlara ayrılmış bağ sahələri üzərində hüquqların qeydə alınması əsası kimi aşağıdakı sənədlərdən birinin təqdim edilməsini müəyyən etmişdir:əsasən də alınması əsası kimi aşağıdakı sənədlərdən birinin təqdim edilməsini müəyyən etmişdir: 1. bağ sahələrinə dair verilən icarə müqavilələri; 2. bağ sahələrinə dair verilən sərəncamlar; 3. bağ sahələrinə dair verilən orderlər; 4. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası; 5. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlərin iclasının protokolundan çıxarış;
34. İddiaçı bu sənədlərdən bağ sahəsinin ona verilməsi ilə bağlı kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının protokolundan çıxarışı və üzvlü kitabçasını təqdim etsə də, bu sənəd Qanunun tələblərinə müvafiq olmamışdır.
35. Belə ki, istinad olunan normadan da göründüyü kimi, qanunverici həmin sənədin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olmasını tələb edir. Lakin işdən görünür ki, iddiaçının adı “Yelkən” bağçılıq yoldaşlığın üzvlərinin siyahısında mövcud deyil.
36. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 331a saylı bağ sahəsinin ona ayrılmasını təsdiq edən sənədlərin 2005-ci ildə tərtib edildiyi qeyd olunsa da, “Yelkən” bağçılıq yoldaşlıq üzvlərinin fevral 2007-ci il tarixə olan siyahısından görünür ki, sektor “V”- də bağ sahəsi ayrılan şəxslərin siyahısında iddiaçının adı və ona ayrılmış 331a saylı bağ sahəsinin nömrəsi qeyd edilməmişdir (baxmayaraq ki, sektor “V”də olan bağların siyasında 331, 332, 332a saylı bağlar ardıcıllıqla qeyd edilmişdir).
37. Həmçinin həmin tarixə sektor “V”də yerləşən bağların yerləşmə sxemində iddiaçıya ayrılmış 331a saylı bağ sahəsinin nömrəsi mövcud deyil.
38. Məhkəmə Kollegiyası qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 saylı Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir.
39. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır.
40. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
41. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır.
42. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir.
43. Məhkəmə hesab edir ki, nə qədər ki, “Yelkən” bağçılıq yoldaşlıq tərəfindən cavabdehə təhvil verilmiş 2007-ci ilə mövcud olan bağçılıq yoldaşlığın üzvlərinin siyahısında iddiaçının adı və ona ayrılmış 331a saylı bağ sahəsinin nömrəsi qeyd edilməmişdir, belə olan halda iddiçıya mübahisəli bağ sahəsinin 2005-ci ildə ayrılması şübhə doğurur.
44. Bundan əlavə, cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sərhədləri şərtidir. Döngə nöqtələri üç-dörd əsəs mişar daşı ilə nişanlanmışdır. Üzərində tikili yoxdur. Sənəd üzrə sahəsi 644.0 kv.m, faktiki sahəsi 721.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Abşeron OC) kontrakt əraziləridir. Həmçinin bağçılıq yoldaşlığın bölgü sxemində qeyd olunan hissə Geodeziya (geofizika) idarəsinin ərazisi kimi qeyd olunmuşdur.
45. Həmçinin işdə olan “SOCAR”-ın 14-2/2-3647/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, WGS 84/UTM zona 39N koordinat sistemində X 423501.6071, Y 4468825.0476, X 423519.8966, Y 4468830.1947, X 423527.5017, Y 4468796.9433, X 423509.1173, Y 4468792.1534 koordinatlarda olan 644 m2 torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X4 Limited” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində olmaqla, Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 17/303 nömrəli qərarı ilə vahid mərkəzləşdirilmiş radiogeofiziki stansiyanın layihələndirilməsi və tikintisi üçün SOCARın Geofizika və Geologiya İdarəsinə (keçmiş Трест “Каспморнефтегазгеофизразведка”) ayrılmışdır.
46. İşdə olan “Yelkən” bağçılıq yoldaşlıq tərəfindən cavabdehə təqdim edilmiş bağçılığa ayrılmış torpaq sahəsinin yerləşmə sxemini, iddiaçının naturada iddia etdiyi torpaq sahəsinin ortofoto xəritəsindən çıxarışı müqayisə etdikdə də aydın olur ki, iddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi torpaq sahəsi “Yelkən” bağçılıq yoldaşlığa ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda, Geofizika və Geologiya İdarəsinin istifadəsinə verilmiş torpaq sahəsində yerləşir.
47. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına daxil edilmədiyindən və ona ayrılmış torpaq sahəsi bağçılıq yoldaşlığa ayrılmış sahənin ayrıc aktından kənarda yerləşdiyindən iddiaçının tələbi təmin edilə bilməz.
48. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.”
50. Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır.
51. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14- cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
52. İşdən görünür ki, iddiaçının hüquqların dövlət qeydiyyatı üçün təqdim etdiyi sənəd həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş sənədlərə uyğun olmamışdır. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur.
53. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur
54. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğundan və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.-cı maddəsinin tələbləri təmin edilmədiyindən, iddiaçının sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina qanuni və əsaslıdır.
55. Məhkəmə Kollegiyası iddia tələbinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür.
56. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi “V” sektoruna dair bağçılıq-yoldaşlıq üzvlərinin 2005-ci il tarixləri üzrə Siyahısının məhkəməyə təqdim olunmasını tələb etməmişdir.Odur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən X6 məxsus “Yelkən” bağçılıq sahəsinin “V” sektoruna dair bağçılıq-yoldaşlıq üzvlərinin 2005-2007-ci il tarixləri üzrə Siyahısının məhkəməyə təqdim olunmasını məhkəmə təmin etməmişdir.
57. Apellyasiya şikayətinin həmin dəlilləri baxımından məhkəmə Kollegiyası cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2025-ci il tarixli sorğu göndərərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən X6 məxsus “Yelkən” bağçılıq sahəsinin “V” sektoruna dair bağçılıq-yoldaşlıq üzvlərinin 2005-2007-ci il tarixləri üzrə Siyahısının məhkəməyə təqdim olunmasını xahiş etmişdir.
58. Həmin sorğuya cavab olaraq təqdim edilən edilən sənədlərdən də “Yelkən” bağçılıq yoldaşlıq tərəfindən cavabdehə təhvil verilmiş bağçılıq yoldaşlığın üzvlərinin siyahısında iddiaçının adı və ona ayrılmış 331a saylı bağ sahəsinin nömrəsi qeyd edilmədiyi müəyyən olunmuşdur.
59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
60. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4549/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4549/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.