Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1435/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi və vəkili Vəkil (fərdi qaydada fəaliyyət göstərən vəkil), Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ASC-nin (VÖEN **********, hüquqi ünvan-AZ1108, ünvan 1çi-X7, dövlət qeydiyyatına alındığı tarix-11.12.2002-ci il) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC ) “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-1230/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC 13.07.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanması barədə” 03 iyun 2020-ci il tarixli, **********358300 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanması barədə” 03 iyun 2020-ci il tarixli, **********358300 nömrəli və 09 iyul 2020-ci il tarixli, **********930900 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi və iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanması barədə” 03 iyun 2020-ci il tarixli, **********358300 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdikdən sonra cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanması barədə” 09 iyul 2020-ci il tarixli, **********930900 nömrəli qərarı ilə İddiaçı ASC-yə 54500.05 manat (beş min dörd yüz manat beş qəpik) əlavə vergi hesablanmışdır. Həmin qərarda göstərilmişdir ki, “tərəflərindən 2020-ci ilin aprel ayına "xxxx" MMC (VÖEN: **********) şirkətindən EBAJ 028126 saylı e-qaimə fakturası üzrə 30 000.00 manat əsas, 57400.0 manat ƏDV məbləği ilə mallar əldə edilmişdir. Lakin, "xxxx" MMC (VÖEN: **********) şirkəti tərəfindən həmin malların istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxslərdən alınmadığı, eyni zamanda mal qalığında da, olmadığı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən, tərəflərindən əmtəəsiz mal alışının həyata keçirildiyi müəyyən edilmişdir.” İddiaçı ASC müxtəlif avadanlıqların sifarişə əsasında istehsalını həyata keçirir. Müəssisə daha çox müxtəlif dövlət təşkilatlarının sifarişləri əsasında işləyir. "xxxx" QSC ilə bağlanmış 09.04.2019-cu il tarixli, BM/TD/SM-19-51 saylı müqavilənin və ona 30.12.2019-cu il tarixli Əlavə Razılaşmanın tələblərinə uyğun olaraq İddiaçı ASC tərəfindən elektrik avadanlıqlarının təmiri, çuqun və çuqunun fasonlu tökmələr və tunel tikintisində istifadə olunan ağır (6 tonluq) çuqun həlqələrin istehsalı həyata keçirilmişdir. Təbiidir ki, qeyd edilən çuqun həlqələr müvafiq xammaldan istifadə edilərək hazırlana bilər və bu xammalın, yəni çuqun kütləsinin əldə edilməsi üçün "xxxx" MMC şirkəti ilə 11.12.2019-cu il tarixli, 024/19 nömrəli müqavilə imzalanmış, 05.03.2020-ci il tarixli razılaşdırma protokolu imzalanmış, 05.03.2020-ci il tarixli təhvil-təslim aktında adları göstərilmiş əmtəələr təhvil alınmış və təqdim edilmiş EBAİ 267424 saylı e-qaimə əsasında 86.000.00 manat əsas, 15480.09 manat ƏDV məbləği həmin müəssisəyə ödənilmişdir. Eyni zamanda, İddiaçı ASC ilə "xxxx" QSC arasında bağlanmış 09.04.2019-cu il tarixli, BM/TD/SM-19-51 saylı müqavilənin və ona 30.12.2019-cu il tarixli Əlavə Razılaşmanın tələblərinə uyğun olaraq İddiaçı ASC, "xxxx" MMC Şirkəti ilə 11.12.2019-cu il tarixli, 024/19 nömrəli müqaviləyə əsasən, 01.04.2020-ci il tarixli razılaşdırma protokolu imzalanmış, 22.04.2020-ci il tarixli təhvil-təslim aktında adları göstərilmiş əmtəələr təhvil alınmış və təqdim edilmiş EBAJ 028126 saylı e-qaimə əsasında 30.000,00 manat əsas 5400.00 manat ƏDV məbləği həmin müəssisəyə ödənilmişdir. İddiaçı ASC real istehsalçıdır və istehsal prosesinə əsasən elektrik enerjisi istifadə edir, istehsal qaimələrinə və naryadlarına (sənədlərinə) əsasən əmək haqqı hesablanır, hazır məhsulun mexaniki emalı edilir, əsas və köməkçi xammal və materialları (texniki kalkulyasiyaya əsasən) istifadə edir. "xxxx" QSC üçün çuqun həlqələrin istehsalı üçün əldə edilən xammalın, yəni çuqun kütlənin alışı bütün zəruri sənədlərlə həyata keçirilmiş, bununla bağlı Vergi Məcəlləsinin 71-1.5.1-ci maddəsinin (malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə) təqdim edilmiş elektron qaimə-faktura əsasında ödənişlər aparılmışdır. İddiaçı ASC-nin "xxxx" MMC şirkəti ilə bağladığı əqd yalan əqd, yəni başqa bir əqdi pərdələmək niyyəti ilə bağlanan əqd olmamış, bu əqd tam real olmaqla, onun əsasında real mallar (xammal) alınmış, həmin mallar (xammal) əsasında yeni məhsul yaradılaraq "xxxx" QSC-yə satılmış, bu əməliyyatlar üzrə bütün vergilər ödənilmişdir. Hesab edirlər ki, bu əməliyyatın həqiqi olubolmadığının müəyyən edilməsi üçün vergi orqanının yalnız "xxxx" MMC şirkəti tərəfindən həmin malların istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxlərdən alınmadığı, eyni zamanda mal qalığında da, olmadığının əsas götürülməsi doğru olmamışdır və İddiaçı ASC qeyd edilən əmtəələri "xxxx" MMC şirkətindən alarkən hardan (qara bazardan, sənəd əsasında və ya sənədsiz almasını) yoxlamalı və ya araşdırmalı deyil. Onlar istehsalçı olaraq istehsal üçün zəruri olan malları mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq alırlar, həmin əmtəələr əsasında yeni məhsullar istehsal edərək satırlar. Bunun üçün vergi orqanı həm də, alınmış xammal əsasında yeni məhsulun həqiqətən istehsal edilib-edilmədiyini, həmin məhsulun real olub-olmadığını, yeni məhsulun həqiqətən "xxxx" QSC-yə satılıb-satılmadığını müəyyən etməli idi. Bunu isə yalnız "xxxx" QSC ilə bağlanış müqavilələrin və həmin müqavilələr üzrə əməliyyatların da araşdırılması yolu ilə müəyyən etmək olardı. Vergi orqanı isə araşdırmanı düzgün aparmamış, ümumi və birtərəfli mülahizələr əsasında, yəni "xxxx" MMC şirkətinin onlara satdığı məhsulların alınma mənbəyini göstərə bilmədiyinə görə qərar qəbul etmişdir ki, bu qərar yanlış olmuşdur. Belə ki, "xxxx" MMC-nin İddiaçı ASC-yə satdığı əmtəələrin özündə düzgün sənədləşdirməməsi İddiaçı ASC üçün hər-hansı məsuliyyət doğura bilməz, çünki İddiaçı ASC aldığı məhsulun (xammalın) satıcı təşkilatda hansı qaydada əldə edildiyini yoxlamaq səlahiyyətinə malik də deyildir və onun sənədləşdirmələri ilə bağlı məsuliyyət daşıya bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5405/2020 saylı, 07.10.2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-1230/2021 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanması barədə” 03 iyun 2020-ci il tarixli, **********358300 nömrəli və 09 iyul 2020-ci il tarixli, **********930900 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. 01.04.2021-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-1230/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2020-ci ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 15300,05 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 03.06.2020-ci il tarixli **********358300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə qərərında qeyd edir ki, "xxxx" MMC tərəfindən iddiaçıya satılmış malların mənbəyinin göstərilə bilməməsi səbəbindən "xxxx" MMC tərəfindən həmin malların istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxslərdən alınmadığı, eyni zamanda mal qalığında da olmamasının əsas götürülməsi iddiaçı üçün hər-hansı bir məsuliyyət doğura bilməz. Məhkəmə qeyd edilən dəlili ilə bağlı bildirilir ki, qeyd edilən dəlil iddia ərizəsinin əsaslarından biridir və göründüyü kimi məhkəmə iddiaçının dəlillərinin qərarda əks etdirməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Əlavə olaraq, o, üçüncü şəxslə bağlı vergi cinayətlərində araşdırma getdiyini, cinayət işi üzrə araşdırmanın müstəntiqin qərarı ilə iki aya daha uzadıldığını bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz etdiyini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03 iyun 2020-ci il tarixli, **********358300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının surətindən görünür ki, 2020-ci ilin mart ayı vergi dövrü üçün 15.300.05 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 09 iyul 2020-ci il tarixli, **********930900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının surətindən görünür ki, 2020-ci ilin aprel ayı vergi dövrü üçün 5400.05 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - "xxxx" QSC və İddiaçı ASC arasında bağlanmış BM/TD/SM19-51 saylı, 09.04.2019-cu il tarixli mallar (işlər və xidmətləri) üzrə satınalma müqaviləsinin surətindən görünür ki, müqaviləninin predmetinə əsasən tərəflər təsdiq etmişlər ki, sifarişçi "xxxx" QSC bu müqavilənin xüsusi şərtlərində “Spesifikasiya”-ya uyğun, “X1”-nda göstərilən qiymətlərlə tyubinqlərin satın alınmasına dair icraçı İddiaçı ASC-nin 2 721 443,39 (iki milyon yeddi yüz iyirmi bir min dörd yüz qırx üç manat 39 qəpik) manat ƏDV daxil məbləğində tender təklifini qəbul etmişdir. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə "X1”-nda göstərilən malların təhvil verilməsini öhdəsinə götürmüş, göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) İcraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat vermişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi – a) “Spesifikasiya”; b) “X1”-dur. - BM/TD/SM-19-51 saylı, 09.04.2019-cu il tarixli müqavilənin xüsusi şərtlərindən görünür ki, tərəflər təsdiq etmişlər ki, icraçı İddiaçı ASC aşağıda qeyd olunan “Spesifikasiya”-da və “X1”nda göstərilən nomenklaturaya, saya və qiymətə əsasən tyubinqləri satmağı, sifarişçi "xxxx" QSC isə onun dəyərini ödəməyi və Malı (Malları) qəbul etməyi öhdəsinə götürmüşdür. Malların hər vahidinin qiymətinə bütün daşınma xərcləri də daxildir. Müqavilədə göstərilən “Spesifikasiya”-da mexaniki emaldan sonra bir həlqə tyubinqin çəkisi, tonla 5443 müəyyən edilmişdir. “X1”na əsasən yekun 2 721 443.39 (iki milyon yeddi yüz iyirmi bir min dörd yüz qırx üç manat 39 qəpik) manat ƏDV daxil olmaqla məbləğ müəyyən edilmişdir. - İddiaçı ASC və "xxxx" MMC arasında bağlanmış 024/19 saylı, 11.12.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin predmetinə əsasən satıcı "xxxx" MMC, alıcı İddiaçı ASC-yə müqaviləyə əlavədə göstərilən malmaterialları satır, alıcı İddiaçı ASC həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. - İddiaçı ASC və "xxxx" MMC arasında bağlanmış 024/19 saylı, 11.12.2019-cu il tarixli müqaviləyə əlavə - 05.03.2020-ci il tarixli Razılaşdırma Protokolundan görünür ki, satıcı "xxxx" MMC, alıcı İddiaçı ASC-yə neft mənşəli koks (azkükürdlü), qəlib qumu 2KO2-2K315, qəlib qili DN-2, DN-3, qrafit, sancaq, çuqun (polad) qırma, kvarsit, bor turşusu, odadavamlı kərpiç, asbest vərəqəsi, dekstrik, əlif, çuqun elektrod, cila daşı Ø 180×6×22, KVS (əlaqəyaradıcı), bitum, yüksək gərginliyi kabel Ø 185 mm (6 kVt) satır. Həmin malların ümumi dəyəri 18 % ƏDV məbləği daxil olmaqla 101 480.59 manat təşkil edir. - 05.03.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MM, 11.12.2019-cu il tarixli, 024/19 saylı müqaviləyə əlavəyə əsasən İddiaçı ASC-yə malları təslim etmişlər. - EBAİ seriyalı, 267424 nömrəli, 31.03.2020-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü – malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, qaiməni təqdim edən "xxxx" MMC, alıcı İddiaçı ASC olmaqla, qaimədə əsas 86.000,00 manat, 15480.09 manat ƏDV, cəmi yekun məbləğ 101480.59 manat qeyd edilmişdir. - EBAİ seriyalı, 235362 nömrəli, 31.03.2020-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü – malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, qaiməni təqdim edən "xxxx" MMC, alıcı İddiaçı ASC olmaqla, qaimədə yekun məbləğ 148442.37 manat qeyd edilmişdir. - EBAİ seriyalı, 244959 nömrəli, 31.03.2020-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü – malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, qaiməni təqdim edən "xxxx" MMC, alıcı İddiaçı ASC olmaqla, qaimədə yekun məbləğ 37110.59 manat qeyd edilmişdir. - İddiaçı ASC və "xxxx" MMC arasında bağlanmış 024/19 saylı, 11.12.2019-cu il tarixli müqaviləyə əlavə - 01.04.2020-ci il tarixli Razılaşdırma Protokolundan görünür ki, satıcı "xxxx" MMC, alıcı İddiaçı ASC-yə qəlib gili DN-2, DN-3; qrafit; sancaq; çuqun (polad) qırma; bor turşusu; odadavamlı kərpiç; asbest vərəqəsi; dekstrik; əlif; cila daşı Ø 180×6×22; KVS (əlaqəyaradıcı); hava kompressorun porşen; əlcək qalın; əlcək oda davamlı; yastığ 3524; yastığ 6410; qaynaq çubuqları 0.5 mm; lampa DRL 500 v; polad ərsin; polad buraz Ø 18 mm, kipgəc satır. Həmin malların ümumi dəyəri 18 % ƏDV məbləği daxil olmaqla 35400 manat təşkil edir. - 22.04.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MM, 11.12.2019-cu il tarixli, 024/19 saylı müqaviləyə əlavəyə əsasən İddiaçı ASC-yə malları təslim etmişlər. - EBAİ seriyalı, 028126 nömrəli, 22.04.2020-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü – malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, qaiməni təqdim edən "xxxx" MMC, alıcı İddiaçı ASC olmaqla, qaimədə əsas 30000.00 manat, 5400.00 manat ƏDV, cəmi yekun məbləğ 35400.00 manat qeyd edilmişdir. - EBAİ seriyalı, 523606 nömrəli, 31.05.2020-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü – malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, qaiməni təqdim edən "xxxx" MMC, alıcı İddiaçı ASC olmaqla, qaimədə yekun məbləğ 160812.56 manat qeyd edilmişdir. - Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X3 Qeydiyyatı İdarəsi tərəfindən 26.09.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin Nizamnaməsinin surətindən görünür ki, Nizamnamənin 3-cü bəndinə əsasən Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. - "xxxx" MMC tərəfindən təsdiq edilmiş 31 mart 2020-ci il tarixli alış aktının surətindən görünür ki, "xxxx" MMC tərəfindən 600 kq sancaq, dəyəri 5220 manat, 20 ton qəlib gili DN-2, DN-3, dəyəri 11600 manat, 25 qəlib qumu, dəyəri 7000 manat; 3 neft mənşəli koks (azkükürdlü), dəyəri 585 manat olmaqla cəmi 24405 (iyirmi dörd min dörd yüz beş) manat məbləğində mallar alınmışdır. - "xxxx" MMC tərəfindən təsdiq edilmiş 31 mart 2020-ci il tarixli digər alış aktının surətindən görünür ki, "xxxx" MMC tərəfindən 101 metr yüksək gərginlikli kabel, dəyəri 2727 manat; 50 kq bitum, dəyəri 190 manat; 259 kq KVS (əlaqəyaradıcı), dəyəri 3496.50 manat; 2000 ədəd cila daşı Ø 180×6×22, dəyəri 9400 manat; 5 qutu çuqun elektrod, dəyəri 450 manat; 150 litr əlif, dəyəri 570 manat; 300 kq dekstrin, dəyəri 2910 manat; 110 ədəd asbest vərəqəsi, dəyəri 4807 manat; 1500 ədəd odadavamlı kərpiç, dəyəri 6450 manat; 99 kq bor turşusu, dəyəri 336.50 manat; 3 ton kvarsit, dəyəri 2040 manat; 4 ton çuqun (polad) qırma, dəyəri 17880 manat; 1000 kq qrafit, dəyəri 7800 manat olmaqla cəmi 59057 (əlli doqquz min əlli yeddi) manat məbləğində mallar alınmışdır. - "xxxx" MMC tərəfindən təsdiq edilmiş 22 aprel 2020-ci il tarixli alış aktının surətindən görünür ki, "xxxx" MMC tərəfindən 50 litr əlif, dəyəri 200 manat; 100 kq dekstrin, dəyəri 840 manat; 20 ədəd Asbest vərəqəsi, dəyəri 854 manat; 1100 odadavamlı kərpiç, dəyəri 4180 manat; 20 kq bor turşusu, dəyəri 58 manat; 2 ton çuqun (polad) qırma, dəyəri 9400 manat; 100 kq qrafit, dəyəri 730 manat; 6 ton qəlib gili DN-2, DN-3, dəyəri 34820 manat olmaqla cəmi 19742 (on doqquz min yeddi yüz qırx iki) manat məbləğində mallar alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 78-ci maddəsinin tələblərinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi öhdəliklərinin yerinə yetirilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirilir. Vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. Bu maddənin məqsədləri üçün faydalanan şəxs əmtəəsiz əməliyyat aparmaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, o cümlədən əmtəəsiz əməliyyat aparmaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya əmtəəsiz əməliyyat aparmaqla gəlir əldə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxsdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, İddiaçı ASC-nin əmtəəsiz mal alışının həyata keçirilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 2020-ci ilin mart ayında "xxxx" MMC şirkətindən EBAİ 267424 saylı e-qaiimə-fakturası üzrə 86000.00 manat əsas, 15480.09 manat ƏDV məbləği ilə mallar əldə edilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, "xxxx" MMC tərəfindən həmin malların istehsal edilməsi, həmçinin idxal olunması və digər şəxslərdən alınması, eyni zamanda malqalığında olması iş materialları ilə müəyyən olunmur. Göründüyü kimi iddiaçı tərəfindən əmtəəsiz mal alışının həyata keçirildiyi və təqdim edilmiş bəyannamə məlumatlarına əsasən EBAİ 267424 saylı e-qaimə-fakturası üzrə əvəzləşdirmə aparıldığı müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən göstərilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 05.05.2020-ci il tarixli, **********523200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2020-ci ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 15300.05 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 03.06.2020-ci il tarixli, **********358300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, "xxxx" MMC tərəfindən həmin malların istehsal edilməsi, həmçinin idxal olunması və digər şəxslərdən alınması, eyni zamanda mal-qalığında olması iş materialları ilə müəyyən edilmədiyindən vergi orqanı tərəfindən haqlı olaraq, İddiaçı ASC-nin əmtəəsiz mal alışının həyata keçirildiyi müəyyən edilmişdir. Həmçinin işin birinci instansiya icraatı materiallarında olan 12 noyabr 2020-ci il tarixli məhkəmə iclas protokoluna əsasən üçüncü şəxsin nümayəndəsi (baş mühasib) X6 izahatında qeyd olunan malları bazardan aldıqlarını, alış barəsində sənədlərinin olmadığını bildirmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən hal üçüncü şəxsin nümayəndəsinin izahatı ilə də öz təsdiqini tapmışdır. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan alış aktı və qaimə fakturalarda qiymətlər arasında uyğunsuzluq mövcuddur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-1230/2021 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-1230/2021 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanması barədə” 03 iyun 2020ci il tarixli, **********358300 nömrəli və 09 iyul 2020-ci il tarixli, **********930900 nömrəli qərarlarının ləğv edilməsi”nə dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1435/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1435/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver