Məhkəmə qərarları › İş №2-1(103)-1435/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1435/2023

26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1435/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlunun və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkil) X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5213/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, polis orqanlarında xidmət illərini nəzərə alaraq məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5213/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, DİN-nin əməkdaşı olaraq Vətən müharibəsi veteranıdır. xx.xx.1989-xx.xx.1997-ci illərdə Bakı Metropolitenində polis serjanti vəzifəsində işləmiş, 60 yaşı var. Azərbaycan Respubləkasinin DİN-nin Yanğından Mühafizə orqanında xidmət etmişdir. DİO-da xidmət zamanı peşə xəstəliyi ilə əlaqədar ikinci qrup əlilliklə işdən azad edilmişdir. Artıq uzun illərdir ikinci qrup əlillik üzrə ödənişləri kəsilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı düzgün sayıla bilməz. Belə ki, o vətənə xidmət zamanı xəstəlik tapmışdır. Qeyd edilən hal düzgün araşdırılmamışdır. Tərəflərin izahatları : Məhkəmə Kollegiyası iclasında iştirak edən iddiaçı izahatında apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin qanunsuz və əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı daxili işlər orqanlarında xidmət etmişdir, xidmətdən tərxis olunduğu xx.xx.2006-cı il tarixinə xidmət müddəti təqvim hesablama ilə 11 il 3 ay 9 gün, imtiyazlı hesablama ilə 17 il 2 ay 24 gün təşkil edir. İddiaçı xx.xx.2006-cı ildə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 6-cı bəndinə əsasən (səhhətinə görə) xidmətdən xaric olunmuşdur. Hazırda iddiaçı ona xidmət illərinə görə pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir : İş materiallarında olan : -Azərbaycan Respublikası DİN-in X5 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdada qeyd edilir: DİN-in X5 İdarəsinə ünvanlanmış müraciətinizə DİN-in Maliyyə-Plan İdarəsində baxılmışdır. Bildiririk ki, DİO-da xidmətdən tərxis olunduğunuz xx.xx.2006-cı il tarixinə xidmət müddətiniz təqvim hesablama ilə 11 il 3 ay 9 gün, imtiyazlı hesablama ilə 17 il 2 ay 24 gün təşkil etmişdir. «X3» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsində hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya almaq hüququna malikdirlər. Xidmət müddətinizin 20 ildən az olduğu baxımından Sizə xidmət illərinə görə pensiya təyin edilməsi mümkün deyildir. Məlumat üçün bildiririk ki, «X3» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin yaşa görə əmək pensiyası almaq hüququ vardır. Siz 65 yaşınıza çatdıqda Dövlət Sosial Müdafiə Fondu tərəfindən Sizə yaşa görə əmək pensiyası təyin ediləcəkdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İddiaçı işi ilə əlaqədar Daxili İşlər Nazirliyinə ünvanlanmış məktubunuza baxılmışdır. Bildiririk ki, İddiaçı xx.xx.2006-cı ildə DİN-in BDYTİ-nin Səbail rayon X1 İdarəsinin sürücüsü vəzifəsində xidmət edərkən «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 6-cı bəndinə əsasən (səhhətinə görə) xidmətdən xaric olunmuşdur. xx.xx.2006-cı il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilmiş İddiaçı sonuncu xidmət yeri DİN-in BDYTİ-nin Bakı şəhəri Səbail rayon X1 İdarəsinin sürücüsü vəzifəsi olduğundan onun şəxsi işi nomenklatura aidiyyəti üzrə həmin idarədə saxlanılırdı. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 1182 nömrəli Sərəncamı və xx.xx.2006- cı il tarixli 394 nömrəli Fərmanı ilə DİN-in Baş X1 İdarəsi tabeliyində olan bütün hissələri ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin tərkibinə verildiyindən bütün sənədlər, o cümlədən həmin idarədə və onun hissələrində saxlanılan arxiv şəxsi işlər Fövqəladə Hallar Nazirliyinin sərəncamına keçmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı arxiv şəxsi işi DİN-in arxivinə təhvil verilmədiyindən xidmətdən ehtiyata buraxılmasına dair əmrin və inzibati icraat materiallarının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi imkan xaricindədir. -Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-18-4/2-1368/2023 nömrəli məktuba qoşma kimi əlavə edilmiş arayışda qeyd edilmişdir : xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1989-cu il tarixdə Azərbaycan SSR DİN Daxili İşlər İdarəsi Bakı metropoliteninin mühafizəsi üzrə Daxili işlər şöbəsinin milis nəfəri vəzifəsinə təyin edilmişdir (BMMÜ DİŞ-nin əmri N° 10 ş/h xx.xx.1989-cu il). xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası daxili işlər orqanları sıravi və rəis heyətinin xidmətdən xaric edilmə qaydası barədə” Müvəqqəti Təlimatın 4-cü maddəsinin “e” bəndinə əsasən öz xahişi ilə Silahlı qüvvələrə ehtiyata buraxılmaqla DlO-dan xaric edilmişdir. xx.xx.1997- ci il tarixə xidmət müddəti: təqvimi-10 il 01 ay 24 gün, güzəştli-16 il 01 ay, 03 gün təşkil etmişdir (Bakı şəhəri Baş Polis İdarəsinin əmri N° 132 ş/h, xx.xx.1997-ci il). xx.xx.2004-cü il tarixdə yenidən xidmətə qəbul edilərək Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinin Səbail rayon X1 Xidmətinin Növbətçi yanğınsöndürmə xidmətinin sürücüsü vəzifəsinə təyin edilmişdir (Səbail rayon DYTX-nin əmri Nq 40 ş/h, xx.xx.2004-cü il). xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndinə əsasən (səhhətinə görə) “istefada olan daxili xidmət serjantı” sayılmaqla daxili işlər orqanlarından xaric edilmişdir. xx.xx.2006- cı il tarixə xidmət müddəti: təqvimi hesablama ilə -11 il 03 ay 09 gün, imtiyazlı hesablama ilə - 17 il 02 ay 24 gün təşkil etmişdir (DİN Baş X1 İdarəsinin əmri nömrə 40 ş/h, xx.xx.2006-cı il). «X3» Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin: 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. 145-ci maddəsinə əsasən daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı, pensiya təyin edilərkən xidmət müddətinin hesablanması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Lakin iş materiallarından isə iddiaçının xidmətdən tərxis olunanadək xidmət illərinin 20 təqvim ilindən az olduğu müəyyən eilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının xidmətdən buraxıldığı günə olan yaşı və ümumi iş stajı X3 Qanunun 9.5.3-cü maddəsinin də tələblərini qarşılamır. Belə ki, qeyd edilən Qanunun 9.5.3-cü maddəsinə əsasən hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır. Lakin, iş materiallarından isə iddiaçının xidmətdən buraxıldığı gün (xx.xx.1997-ci il tarixdə) yaşı 45-dən, ümumi iş stajı isə 25 təqvim ilindən az olmuşdur. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində mübahisələndirdiyi məhkəmə qərarının qanunsuz və ya əsassız olmasına dair hər hansı dəlill qeyd etməmiş, həmçinin apellyasiya baxışı zamanı da bu kimi hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5213/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar