Məhkəmə qərarları › İş №2-1(103)-1436/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1436/2021

03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1436/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “övladının təhsil haqqından azad edilməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “övladının təhsil haqqından azad edilməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2247/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı öhdəliyin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X2 təhsil haqqından azad edilməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1986-cı ildən Göz İnstitutunun uçotunda olan xəstədir. Gözdən ömürlük İ dəəcəli əlilliyi olan şəxsdir. 20 ildən artıq Rabitə Qovşağında işləmişdir. 15 ildir ki, işləmir və dövlətdən təqaüd alır. X1 isə İİ dərəcəli əlilliyi olan şəxsdir. 23.02.2002-ci il təvəllüdlü övladı X5 2019-cu ildə Xəzər Universitetinin İngilis dili müəllimliyi fakultəsinə ödənişli əsaslarla (3400 AZN) qəbul olmuşdur. O, 19.08.2019-cu il tarixdə Bakıya Xəzər Universitetinə qeydiyyata düşmək üçün sənədlərini təqdim etməyə gəlmişlər. Bu zaman Xəzər Universitetinin 1-ci mərtəbəsində sənədləri qəbul edən şəxslər onlara məlumat vermişlər ki, ödənişli fakultəyə daxil olmuşlar. Həmin vaxt özünün İ dərəcəli və yoldaşının İİ dərəcəli əlilliyi haqqında sənədlərini onlara təqdim etmişdir. Sənədlərlə tanış olduqdan sonra onlara bildirmişlər ki, onlar ödənişdən azad olmuş imtiyazlı şəxslərdirlər. Bu sözləri onlara universitetin bir neçə məsul şəxsləri bildirmişdir. Lakin universitetin əməkdaşı İsaxan müəllim onlara bildirmişdi ki, onlar ödəniş etməlidirlər. Onlar həmin qanunun göstərilməsini xahiş etmişlər. Universitetin hüquqşünası ilə görüşməsinə baxmayaraq, onlara qanun göstərilməmişdir. Hüquqşünasın həmin sözündən sonra qızı çox pis hallar keçirtmişdir. Onun bu vəziyyətindən qorxaraq qohum-əqrabadan pul yığaraq məcburi yarımillik ödəniş (1700 m) etmişlər. Ancaq avqustun ilk həftəsində “Real” TV-də Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən səsləndirilən müsahibədə deyilirdi ki, valideynləri İ və İİ dərəcə əlilliyi olan bütün abuturiyentlər təhsil haqqı ödənişindən azad edilməlidirlər. Digər tərəfdən internetdə 2018-ci ildə ödənişdən azad olan imtiyazlı şəxslərin siyahısında valideynləri İ və İİ dərəcə əlilliyi olan şəxslər də var idi. Əgər qeyd edilən qanun mövcuddursa və onlar ödənişdən azad olan imtiyazlı şəxslərin siyahısında olduqları halda nəyə görə onları təhsil haqqı ödənişindən azad etmirlər. Onların maddi imkanları yoxdur ki, hər il 3400 AZN pul ödəsinlər. Digər tərəfdən qızının təhsil müddətində maddi təminatını ödəmək üçün əlavə çətinlik yaranacaqdır. Onlar qeyd edilən işin halları ilə bağlı cavabdeh orqana müraciət etmişlər, lakin bir nəticəsi olmamışdır. Cavabdeh orqan tərəfindən onların ərizəsinə cavab olaraq imtina məktubu gəlmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2247/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2247/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, qanunvericilikdə hər hansı tələbinin təhsil haqqından azad edilməsi ilə bağlı Təhsil Nazirliyinin səlahiyyəti müəyyən edilməmişdir. Belə ki, hansı kateqoriyaya aid olan şəxslərin təhsil haqqından azad olunması ölkə başçısının müxtəlif sərəncamlarında öz əksini tapsa da, Nazirlik təhsil haqqından azad edən orqan deyil. Ümumiyyətlə, Nazirliyin məktubundan da görünür ki, iddiaçının övladı belə kateqoriyaya aid olan şəxslər sırasına aid deyil, belə şəxs olsaydı belə, mövcud inzibati praktikaya əsasən qayda belədir ki, təhsil haqqından azad olunma yalnız ödənişli təhsil alan şəxsin (tələbənin) müraciəti və təqdim etdiyi müvafiq təsdiqedici sənədləri əsasında təhsil müəssisələri Təhsil Nazirliyinə müraciət edir və sonuncu Maliyyə Nazirliyinə siyahılar tərtib edib göndərir ki, bunun əsasında tədbirlər görülərək təhsil haqqından azad olunma mümkün sayılır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Həmin tarixdə iddiaçı tərəfindən məhkəməyə teleqram vurularaq üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi və bununla bağlı məhkəmə iclasının başqa vaxta təxirə salınması xahiş edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı tələbi “onun 2019-cu ildən Xəzər Universitetinin İngilis dili müəllimliyi fakultəsinə ödənişli əsaslarla təhsil alan 23.02.2002-ci il təvəllüdlü övladı X2 təhsil haqqından azad edilməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. İş materiallarından müəyyən olunur ki, iddiaçı övladının təhsil haqqının azaldılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçıya ünvanlanmış O-12820/10-24 saylı 14.10.2019-cu il tarixli məktubda onun tələbinin təmin olunmasından imtina edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki tələblə bağlı iddiasının iddiaya cavab verməli olan cavabdehə, yəni Xəzər Universtitetinə qarşı deyil, əsl olmayan cavabdehə-Təhsil Nazirliyinə qarşı irəli sürüldüyünə istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qeyrimümkün saymaqla bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki işdə iddiaçı özünün İ qrup, həyat yoldaşının isə İİ qrup əlilliyinin olmasına istinad edərək övladının təhsil haqqından azad olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası bu barədə qeyd etməyi zəruri hesab edir ki, hansı kateqoriya şəxslərin təhsil haqqından azad olunması ilə bağlı qanunvericilikdə dəqiq müddəalar öz əksini tapmasa da, bu sahədə Azərbaycan Respublikası Prezidenti tərəfindən müxtəlif məzmunlu sərəncamlar qəbul edilmişdir. İstər həmin sərəncamların (məsələn: “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1308 saylı 4 avqust 2003-cü il tarixli; “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 347 saylı 18 mart 2014-cü il tarixli Sərəncamı) məzmununa görə, istərsə də, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamədə Nazirliyin hansısa kateqoriyaya aid şəxsləri təhsil haqqından azad etmək kimi səlahiyyətinin olması və ya belə funksiyasının olduğu nəzərdə tutulmamışdır. O ki qaldı cavabdeh inzibati orqanın iddiaçının müraciətinə cavab olaraq verdiyi 14.10.2019-cu il tarixli məktubuna, qeyd olunmalıdır ki, Nazirlik həmin məktubda sadəcə hansı kateqoriyaya aid olan şəxslərin təhsil haqqını ödəməkdən azad olunmalarını göstərmişdir ki, bu azadetmənin də Nazirliyin səlahiyyətinə aid olması qanunvericiliklə müəyyən edilməmişdir. “İnzibati icraat” haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olubolmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qanunvericiliyin qeyd olunan normalarının məzmunundan da görünür ki, inzibati orqanlar yalnız qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmçinin inzibati orqan ona edilmiş müraciətlə bağlı mövcud inzibati praktikanı bilməli və ona uyğun hərəkət etməyə borcludur. Hazırki işdə iddiaçının tələb etdiyi hərəkətin edilməsinin cavabdeh inzibati orqanın qanunla müəyyən edilmiş səlahiyyətinə aid olmadığı müəyyən olunur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi mövcud inzibati praktikaya istinad edərək təhsil haqqından azad olunmanın yalnız təhsil alan şəxsin müraciəti və təqdim etdiyi müvafiq təsdiqedici sənədləri əsasında təhsil müəssisələrinin Təhsil Nazirliyinə etdiyi müraciət və sonuncunun Maliyyə Nazirliyinə göndərdiyi siyahılara əsasən görüləcək tədbirlər nəticəsində mümkün olduğunu bildirdi. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, təhsil haqqından azad edilməsi tələb olunan şəxs 18 yaşından yuxarı olan şəxs olduğu üçün onun müstəqil qaydada məhkəmədə müvafiq iddia qaldırmaq hüququ vardır. Belə olan halda məhkəmə kollegiyası hazırki iddianın təhsil haqqından azad edilməsi tələb olunan şəxsin atası tərəfindən qaldırıldığını, cavabdeh inzibati orqan tərəfindən məhz onun hüquqlarının pozulduğunun müəyyən edilmədiyini, bununla bağlı subyektiv hüququnun da mövcud olmadığını, tələb etdiyi hərəkətin edilməsi (təhsil haqqından azad olunma) isə cavabdeh inzibati orqanın qanunla müəyyən edilmiş səlahiyyətinə aid olmadığı üçün həmin inzibati orqanın iddiaya cavab verməli inzibati orqan olmadığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qeyri-mümkün sayılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 15.10.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2247/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar