Məhkəmə qərarları › İş №2-1(103)-1436/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1436/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1436/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1664/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.1959-cu il tarixdə Kəlbəcər rayonunda doğulmuşdur. xx.xx.1976-cı il tarixdən xx.xx.2010-cu il tarixədək əmək stajı vardır. Presləyici- vulkanlaşdırıcı, kəsici, presləyici-vərdənəçi vəzifələrində işləmişdir. Həmin vəzifə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (2110A00- A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: a) sexlərdə (sahələrdə): kalandr, yığım, qol, nəqliyyat lentləri, kəmərlər (qayış), avtokamer, qəlibləyən və qəlibləməyən texnika (rezin qəlibləyən və qəlibləməyən hissələrin emalını çıxmaq şərtilə), rezin ayaqqabı (çeşidləmə və qablaşdırma sahələrini çıxmaq şərtilə), biçmə-boyama, makan məmulatları, ebonit və ondan məmulatlar, havauçuşu və mühəndis malları, məsaməli məmulatlar, kimyəvi müdafiə vasitələri, rezinləşdirilmiş parçalar, qapalı tutumların və kimyəvi aparaturaların, vərdənə və digər məmulatların, regeneratın (köhnə rezin sahələri və hazırlama sexlərini çıxmaq şərtilə), quttaperçin yapışqanlaşdırılması) həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 8.3.1 A (Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin rəhbərləri, mütəxəssisləri və fəhlələri: a) sexlərdə (sahələrdə): kalandr, yığım, qol, nəqliyyat lentləri, kəmərlər (qayış), avtokamer qəlibləyən və qəlibləməyən texnika (rezin qəlibləyən və qəlibləməyən hissələrin emalını çıxmaq şərtilə), rezin ayaqqabı (çeşidləmə və qablaşdırma sahələrini çıxmaq şərtilə), biçməboyama makan məmulatları, ebonit və onun məmulatları, havauçuşu və mühəndis malları, məsaməli məmulatlar, kimyəvi müdafiə vasitələri, rezinləşdirilmiş parçalar, qapalı tutumların və kimyəvi aparaturaların, vərdənə və digər məmulatların, regeneratın (köhnə rezin sahələri və hazırlama sexlərini çıxmaq şərtilə) quttaperçin yapışqanlaşdırılması bəndində öz əksini tapmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 02 iyul 2021-ci il tarixli cavab məktubu ilə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 21.398,70 manat pensiya kapitalı olduğunu, əmək pensiyasının minimum məbləği nəzərə alınmaqla, tələb olunan pensiya kapitalının isə 36400,00 manat təşkil etdiyini bildirərək, pensiya təyinatı mümkün hesab olunmamışdır. Cavabdeh iddia ərizəsinə yazılı etirazında da eyni əsaslarla iddianın rədd olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1664/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və iddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni xx.xx.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti «Əmək pensiyaları haqqında» Qanunun 1.0.8 və 9.1-ci maddəsinə istinadən onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, iddiaçının hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 36.400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21.398,70 manat təşkil edir. Bundan əlavə, məhkəmənin qərarında Qanunun 32.1-1 və 37.7-ci maddələrinin tələbləri nəzərə aılnmaqla, iddiaçıya pensiya təyin olunarkən ən çoxu üç il üçün hesablanıb ödənilməsi qeyd olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əhmədov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Qanunun (xx.xx.2006-cı il tarixdən qüvvədə olan) 9.1ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (xx.xx.2006-cı il tarixə qədər) qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 nömrəli Siyahı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa - axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. (xx.xx.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən və dəyişikliyə görə qeyd olunan yaş hədləri hər il 6 ay artırılaraq, 1997-ci ilin avqustun 1-dən: “a” bəndi üzrə yaş həddi 52, “b” bəndi üzrə isə “57” yaş təşkil etmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahının: X. “Kimya istehsalatı” (kod 2100000) bölməsinin “A” (kod:2110A00) bəndi üzrə “Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri güzəştli işlərə aid edilmişdir: ”1. (kod 2110A00) “ Asfalt, pek materialları, asfaltpek kütlələri və onlardan məmulatlar; bitum və bitum materialları; “a” (kod:2110A010) sexlərdə (sahələrdə): kalandr, yığım, qol, nəqliyyat lentləri, kəmərlər (qayış), avtokamer, qəlibləyən və qəlibləməyən texnika (rezin qəlibləyən və qəlibləməyən hissələrin emalını çıxmaq şərtilə), rezin ayaqqabı (çeşidləmə və qablaşdırma sahələrini çıxmaq şərtilə), biçmə-boyama, makan məmulatları, ebonit və ondan məmulatlar, havauçuşu və mühəndis malları, məsaməli məmulatlar, kimyəvi müdafiə vasitələri, rezinləşdirilmiş parçalar, qapalı tutumların və kimyəvi aparaturaların, vərdənə və digər məmulatların, regeneratın (köhnə rezin sahələri və hazırlama sexlərini çıxmaq şərtilə), quttaperçin yapışqanlaşdırılması. İş materiallarına əsasən müəyyən olunur ki, xx.xx.2006-cı il tarixədək iddiaçının qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli - iş stajının mövcuddur. Belə ki, 2006-cı ilə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü, orta ixtisas və ali təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin 07 aprel 2021-ci il tarixli 432 nömrəli məktubuna əsasən xx.xx.1977-xx.xx.1979-cu illərdə keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət müddəti - 2 il 18 gün: İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli 68 №li “Kolxozçunun əmək kitabçası”nın surətinə əsasən İddiaçı aşağıdakı işlərdə işləmişdir: -xx.xx.1976-xx.xx.1980-ci illərdə Kəlbəcər rayon Puşkin adına kolxozda təsərrüfat fəhləsi kimi işlədiyi dövr üzrə – kitabçada qeyd edilən 120 a/g iş norması və nəzərə alınmaqla, hesablama aparıldıqda 1976-da: faktiki işlədiyi 84 a/günü üzrə-8 ay 4 gün (84x12:120); 1977-də işlədiyi 133 a/g üzrə illik norma 120 g olduğu üçün tam 1 il, 1979-da: 25 a/g üzrə - 2 ay 5 gün (25x12:120), 1979-da 135 a/günü üzrə tam 1 il, cəmi: kolxoz stajı - 2 il 10 ay 9 gün təşkil edir. -xx.xx.1981-xx.xx.1982-ci ilədək isə X1 işləmişdir ki, bu da 1 il 3 ay 21 gün. (AR X3 Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 117 saylı məktubuna əsasən filialda mühafizə olunan arxiv fondu X2 şəxsi heyət üzrə əmr kitablarında İddiaçı qeyd edilmiş, Kombinatın 20 yanvar 1981-ci il tarixli 28/k saylı əmrinə əsasən xx.xx.1981-ci il tarixdən əyrici sexinə trepalşik şagirdi qəbul edilmiş, 13 aprel 1982-ci il tarixli 157/k saylı əmrinə əsasən trepalşik, xx.xx.1982-ci il tarixdən işdən azad edilmişdir) Eyni zamanda, iddiaçı işdə olan xx.xx.1985-ci il tarixdə tərtib olunmuş əmək kitabçasının surətinə əsasən aşağıdakı işlərdə işləmişdir: xx.xx.1983-xx.xx.1983: “Azrezintexnika” zavoduna 2 saylı qəlib texnikası sexində vulkanizator-presləyici şagirdi; xx.xx.1983-xx.xx.1984 həmin sexdə 2-ci dərəcəli presləyici; xx.xx.1984-xx.xx.1985 həmin sexdə 3-cü dərəcəli pres kəsən ; xx.xx.1985-xx.xx.1986 həmin sexdə 2-ci dərəcəli vulkanizator-presləyici; xx.xx.1986-xx.xx.1987: həmin sexdə 6-cı dərəcəli usta köməkçisi; xx.xx.1987-xx.xx.1989: 6-cı dərəcəli vulkanizator-presləyici; xx.xx.1989-xx.xx.1989: həmin sexdə pres kəsən; xx.xx.1989- xx.xx.1999: pres kəsən briqadiri; xx.xx.1999-xx.xx.2000: istehsalat şöbəsinə 10-cu dərəcə ilə istehsalatın hazırlığı üzrə mühəndis; xx.xx.2000-xx.xx.2000: 2 saylı formalı rezin istehsal edən sexə 11-ci dərəcə ilə sahə ustası; xx.xx.2000-xx.xx.2001: sınaq sahəsinə 6-cı dərəcə ilə r/q vərdənçisi; xx.xx.2001-xx.xx.2001: sınaq sahəsinə 12-ci dərəcəli rəis xx.xx.2001-xx.xx.2002: 2 saylı formalı rezin istehsal edən sexə 6-cı dərəcə ilə presləyici; xx.xx.2002-xx.xx.2005: 8-ci dərəcəli presləyici . “X5” ASC-də işlədiyi qeyd olunan iş stajı toplandıqda, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2006-cı ilə qədər zaman kəsiyində 22 il 9 ay 27 gün iş stajı mövcud olur. “X5” ASC-nin işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli güzəştli arayışına, habelə, xx.xx.2022-ci il tarixi məktubuna əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.1983xx.xx.2010-cu ilədək presləyici-vulkanlaşdırıcı şagirdi, presləyici, presləyici-vulkanlaşdırıcı, kəsici, usta köməkçisi, briqadir presləyici-vulkanlaşdırıcı, kəsicilərin briqadiri briqadir istehsalatın hazırlığı üzrə mühəndis, vərdənəçi, presləyici- vərdənəçi, sınaq sahə rəisi peşə və vəzifləri üzrə əmək fəaliyyəti xüsusilə zərərli iş şəratində olmuş, öz hesabına məzuniyyətlər çıxılmaqla, onun 24 il 02 ay 15 gün çalışdığı həmin işlər xarakterinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən 1 № -li Siyahının Vİİİ bölməsinin 1 1080 АО 10 bəndində və 2 №-li siyahının X bölməsinin “a” 2110A010 bəndində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12№-li Qərarına əsasən 2 №-li Siyahının 8-ci bölməsinin 8.3.1.”a”və 8.3 bəndlərində nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verir. Qeyd olunmalıdır ki, sözügedən ASC-nin xx.xx.2022-ci il tarixi məktubunda qeyd olunan iddiaçının xx.xx.1997 - xx.xx.1997 (1 ay), xx.xx.2001 - xx.xx.2001 (1 ay), xx.xx.2001-xx.xx.2001 (1 ay 11 gün), xx.xx.2002 - xx.xx.2002 (29 gün), xx.xx.2002 xx.xx.2002 (3 ay 7 gün), xx.xx.2004-xx.xx.2004 (11 gün), xx.xx.2005-xx.xx.2005-ci (7 gün) illərdə öz hesabına məzuniyyət dövrləri (cəmi 8 ay 5 gün) çıxıldıqda, onun xx.xx.2006-cı il tarixinə qədər 2 nömrəli siyahı üzrə güzəşli iş stajı 22 il 9 ay 27 gün təşkil edir. Həmin staja da iddiaçının hərbi xidmət dövrü (2 il 18 gün), kolxoz stajı (2 il 10 ay 9 gün) və toxuculuq stajı (1 il 3 ay 21 gün) əlavə edildikdə, onun ümumi iş stajı – 29 il 15 gün təşkil edir. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etirazı və hazırkı apellyasiya şikayətinin dəlillərindən də görünür ki, iddiaçının azı 25 il ümumi, 12 il 6 ay güzəştli stajının mövcud olduğu mübahisələndirilmir. Belə olan halda, onun “Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «b» bəndində müvafiq olaraq iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2016cı il tarixindən güzəştli şərtlərələ pensiya hüququ yaranır (Şəxsiyyət vəsiqəsinin işdə olan surətinə əsasən (ASAN-Bərdə xx.xx.2017) əsasən xx.xx.1959-cu il tarixində doğulmuşdur). Lakin cavabdehin apellyasiya şikayətində «Əmək pensiyaları haqqında» Qanunun 1.0.8 və 9.1-ci maddələrinə istinadən, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmasının zəruri şərti kimi mübahisələndirir ki, onun əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 36.400,00 manat hesablandığı halda, fərdi hesabında qeydə alınan pensiya kapitalı cəmi, 21.398,70 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri iddiaçıya münasibətdə əsassızdır. Belə ki, qeyd olunanlardan göründüyü kimi, hazırkı mübahisənin qanuni əsasını «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin tələbi baxımından «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «b» bəndi təşkil edir. Qeyd olunan maddənin tələbindən isə göründüyü kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, şəxsin müvaiq yaş həddinə, ümumi və xüsüsi staja malik olunması tələb olunur və burada şəxsin hər hansı bir pensiya kapitalı yığması tələb olunmur. İstinad edilən halda, pensiya kapitalının zəruriliyi o zaman yarana bilər ki, “Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə minmiş redaksiyası nəzərə alınmaqla, həmin tarixdən sonra, şəxsin müvafiq pensiya iş stajı (ümümi və xüsüsi) və yaşı tamamlanmış olsun. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarını həmin hissədə mübahisələndirən dəlilləri ilə razılaşmır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin imtinası qanunsuz olmuş, bununla da iddianın hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi də məhz nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərlə yanaşı, cavabdeh apellyasiya şikayətinin dəlillərində onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya pensiya təyin olunması vəzifəsini cavabdehə həvalə edilərkən “Əmək pensiyaları haqqında» Qanunun 32.1-1 və 37.7-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Qərarda həqiqətən də 57 yaşdan, yəni, hüququnun yarandığı xx.xx.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyarkən, məhkəmə pensiyanın ödənilməsi qaydasını göstərməmişdir. Halbuki, ödənilmə qaydasının müəyyən olunması göstərilməsi qanunvericiliyin imperativ tələbidir. Çünki, “Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İşdən isə görünür ki, iddiaçının pensiya təyinatı üzrə ərizəsi cavabdeh orqana xx.xx.2021-ci il tarixində daxil olmuşdur. Belə olan halda, Qanunun sözügedən tələblərinə müvafiq olaraq, məhkəmənin qərarında buraxılan həmin səhv aradan qaldırılmalı və nəticə hissəsinə “müvafiq əlavələr edilməlidir. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1664/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarınının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Hər bir halda, birinci instansiya məhkəməsi tərəfindən pensiyanın ödənimə qaydasının qərarda göstərilmədiyini nəzərə alaraq məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, qərar, nəticə hissəsində «57 yaşdan, yəni xx.xx.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” sözlərindən sonra “pensiya təyin olunması üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3(üç) ilə görə (xx.xx.2018-ci il tarixdən) hesablanıb ödənilməsi» sözləri əlavə edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1664/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı, nəticə hissəsində - «57 yaşdan, yəni xx.xx.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” sözlərindən sonra “pensiya təyin olunması üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 (üç) il üçün (xx.xx.2018-ci il tarixdən) hesablanıb ödənilməsi» sözləri əlavə edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar