Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1436/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-795/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və İstismarı Birliyinin 30125 saylı, xx.xx.2004-cü il tarixli müqaviləsinə əsasən Bakı şəhəri. Sabunçu rayonunun Ləhiş ərazisində sahəsi 0.12 ha olan 6777 nömrəli bağ onun istifadəsinə verilmiş və qanuni əsaslarla icarəsində olmuşdur. Sonradan Bakı şəhəri. Sabunçu rayonunun Ləhiş bağlar ərazisindəki onların (dörd qardaşa məxsus) 6776. 6777. 6795 və 6796 saylı bağ sahələrinin “Krokus” şirkəti tərəfindən alınması ilə əlaqədar digər əraziyə yəni, onun bağ sahəsi 6948 digərləri isə 6949 .6950 və 6951 nömrəli ərazilərə köçürülmüşdür. Qeyd olunan bağ sahələrinin həmin ərazilərə köçürülməsi bağ sahələrinin tərəflərindən hasarlanması və hazırda da istifadələrində olması Kürdəxanı qəsəbə Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 12 saylı məktubu ilə də təsdiq olunur. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri. Sabunçu rayonunun Ləhiş bağlar ərazisindəki ona məxsus 6948 nömrəli bağ sahəsinin onun adına hüquqların dövlət qeydiyyatına alınması üçün etdiyi müraciətə cavabdeh orqan tərəfindən imtina verilmişdir. Məhkəmənin qərardadları ilə “Krokus” şirkəti, X5, X10, X6 üçüncü şəxs qismində cəlb edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-795/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-795/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Kürdəxanı Bələdiyyəsinin məktubunda qeyd edilmişdir ki, iddiaçının bağ sahəsi 6948 nömrəli bağ sahəsinə köçürülmüşdür. - X4 və İstismarı Birliyinin məktubunda qeyd edilmişdir ki, iddiaçıya ayrılmış bağ sahəsində hasar tikilməsinə icazə verilmişdir. Müqavilədən görünür ki, iddiaçıya 12 sot ölçüdə 6777 nömrəli bağ sahəsi ayrılmışdır. -Cavabdehin məhkəmə sorğusuna dair təqdim etdiyi sənədlərdən görünür ki, iddia olunan bağ sahəsi X2 adına qeydiyyatdadır, bağ nömrəsi 3928/6889 V saylıdır. Həmin torpaq sahəsi ona Adil Hənifəyev tərəfindən satılmışdır. Həmin şəxsə isə torpaq sahəsi Solmaz Ağayeva adlı şəxs tərəfindən satılmışdır. 6796 saylı bağ sahəsi isə X8 adına 3928a/6890V saylı bağ sahəsidir. Həmin şəxsə də bağ sahəsi Adil Hənifəyev tərəfindən satılmışdır. Ona isə X3 tərəfindən satılmışdır. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin plan və ölçü sənədlərindən görünür ki, həmin torpaq sahələrinə dair plan və ölçü Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyanın 03 sentyabr 1993-cü il tarixli 1609 saylı protokoluna əsasən verilmişdir. - Ekspert rəyində qeyd edilmişdir ki, 6777 nömrəli bağ sahəsinin naturada yerini müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən iddia edilən sahə digər vətəndaşın adına qeydiyytdan keçmiş bağ sahəsi ilə üst-üstə düşür. Bağçılıq-yoldaşlıq birliyi üçün ayrılmış ərazidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və İstismarı Birliyinin 30125 saylı, xx.xx.2004-cü il tarixli müqaviləsi əsasında onun istifadəsinə ayrılmış 12 sot ölçüdə 6777 nömrəli bağ sahəsinin sonradan “Krokus” şirkəti tərəfindən alınması ilə əlaqədar olaraq digər əraziyə, köçürülməsini əsas gətirməklə, həmin sahənin qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsasını iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması təşkil etmişdir. İddiaçı sonradan hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan mötəbərliyi şübhə doğurmayan ekspert rəyi ilə də müəyyən edilir ki, iddiaçı tələbindən faktiki yerində göstərilməklə iddia olunan torpaq sahəsi üçüncü şəsin adına dövlət qeydiyyatından keçmiş sahə ilə üst-üstə düşür. Həmçinin işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və İstismarı Birliyinin 30125 saylı, xx.xx.2004-cü il tarixli müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 6777 nömrəli 0.12 ha bağ sahəsinin yerləşmə sxeminin təsdiq edilmiş surətinin, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 6948 nömrə ilə bağ sahəsinin reyestrdən qeydiyyatdan keçib-keçməməsi barədə məlumatların qısa müddət ərzində məhkəməyə təqdim olunması xahiş edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 6948 bağ nömrə ilə qeydiyyata alınmış torpaq sahəsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildirilir ki, X1 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli 30425 saylı icarə müqaviləsi əsasında ayrılmış Ləhiş bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 6777 saylı bağ sahəsinə aid cizgi arxiv qovluğunda aşkar edilməmişdir.” Məktuba əlavə edilmiş sxematik xəritədən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində 6948 nömrəli bağ sahəsinin mövcud olmadığı öz təsdiqini tapır. Digər tərəfdən qeyd olunmalıdır ki, iş materiallarından da göründüyü kimi həmin şəxsin adına dövlət qeydiyyatının aparılmasına dair alqı-satqı müqavilələri, plan və ölçü sənədi, eləcə də protokol hazırda qüvvədə olmaqla mübahisələndirilməmiş, ləğv, etibarsız və ya qüvvədən düşmüş hesab edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Göründüyü kimi mülkiyyət hüququna dair qeydin mübahisələndirilməsi mümkündür ki, həmin qeyd mübahisələndirilmədiyi müddədə həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 795/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-795/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1436/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1436/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver