Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1437/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1830/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1958-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Onun xx.xx.1976-cı il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti, ümumilikdə 26 ildən çox sosial sığorta stajı vardır. Qeyd olunan sığorta stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. O, cavabdehə müraciət edərək ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən cavab məktubu ilə Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən 2006-cı il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da onun adının sığortaolunan kimi qeyd edilmədiyi əsas gətirilərək ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, xx.xx.1976-cı il tarixdən xx.xx.2006-ci il tarixədək 26 ildən artıq sosial sığorta stajının onun əmək kitabçasında qeyd olunmasına baxmayaraq, həmçinin Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən cavabdeh orqana ünvanlanmış məktubda Bələdiyyə tərəfindən öz texniki səhvlərinə görə 2006-cı ilin yanvar, fevral, mart, aprel aylarında ödənişlər edildiyi, lakin adının qeyd edilmədiyini, may və iyun aylarında isə ödənişlər olmadığını etiraf etməsinə, həmin ödənişlərin ödənilməməsinin məsuliyyətinin Bələdiyyədə olmasına, həmçinin 2006-cı ildə Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsində işlədiyi müddət nəzərə alınmadan kifayət qədər, yəni 25 il sosial sığorta stajı olmasına baxmayaraq, cavabdeh Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən 2006-cı il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da adının sığortaolunan kimi qeyd edilmədiyini əsas gətirərək imtina etməklə onun pensiya hüququnu pozmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Ağdam Kommunal Müəssisələri Kombinatında əmək fəaliyyətini araşdırmaq mümkün olmadığından həmin dövrlər sosial sığorta stajına daxil edilməmiş və müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Belə ki, iş materiallarına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ağdam rayon Vergilər şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubda Ağdam Kommunal Müəssisələri Kombinatının xx.xx.2000-ci ildə dövlət qeydiyyatından keçdiyi qeyd edilmişdir. İş materiallarına əsasən Ağdam Kommunal Müəssisələri Kombinatı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubda Kombinatın mövcud mühasibatlığında 1980-1999-cu illərə aid heç bir mühasibat sənədinin mövcud olmadığı, 2000-2006-cı illərə aid olan bütün mühasibat sənədlərinin isə xx.xx.2009-cu il tarixdə X4 filialına təhvil verildiyi qeyd edilmişdir. İş materiallarına əsasən X4 filialı tərəfindən təqdim edilmiş 23 sentyabr 2021-ci il tarixli 37 nömrəli məktubda 1998-2005 illərə dair əmək haqqı cədvəllərinin yoxlanıldığı, lakin iddiaçının adının aşkar olunmadığı qeyd edilmişdir. İş materiallarına əsasən 11 oktyabr 2021-ci il tarixli Ağdam şəhər Mənzil Kommunal İstismar İdarəsində tərtib edilmiş qarşılıqlı yoxlama aktının surətindən göründüyü kimi iddiaçının xx.xx.1993- cü il tarixdən xx.xx.2005-ci il tarixədək Ağdam Kommunal Müəssisələri Kombinatında iş stajı öz təsdiqini tapmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının 3 nömrəli qeydində xx.xx.1980-ci il tarixdə işə daxilolma, 4 nömrəli qeyddə xx.xx.1981-ci il tarixdə mənzil sahəsinə köçürülmə, daha sonra 5 nömrəli qeyddə xx.xx.2005-ci il tarixdə (düzəliş edilməklə) Suraxanı rayonu Əmircan Bələdiyyəsində işə daxil olduğu, 6 nömrəli qeyddə xx.xx.2006-cı il tarixdə həmin bələdiyyədən işdən azad edildiyi qeyd edilmişdir. Ağdam Kommunal Müəssisələri Kombinatında işdən çıxması barədə qeyd isə həmin Kombinatdan işdən çıxarıldığı gün deyil, Suraxanı rayonu Əmircan Bələdiyyəsindən işdən azad edildiyi tarixdən sonra 4a qeydi ilə sonradan əmək kitabçasına əlavə edilmişdir. Halbuki həmin müəssisələrdə iddiaçının işlədiyini iddia etdiyi müddətlər üst-üstə düşmür. Göründüyü kimi, iddiaçının Ağdam Kommunal Müəssisələri Kombinatında 1980-2005-ci il tarixlərdə işləməsi faktı öz təsdiqini tapmır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yaşla bağlı tələbinə cavab versə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1830/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin rədd olunması qərara alınmışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1830/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırmışdır. Məhkəmə Kollegiyasının iclasında iddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad etməklə apellyasiya şikayətlərini təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1830/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Mülki Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia tələbinin və apellyasiya şikayətinin mahiyyəti ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlili iddia tələbi ilə oxşar məzmunlu olduğunu vurğulayaraq, aşağıdakıları qeyd edir: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə tərəfimizdən baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz xx.xx.1976-cı il tarixdə tərtib olunmuş əmək kitabçasının surətinə əsasən Sizin ümumi sığorta stajınız 12 il 4 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Bildiririk ki, Fondun 5 saylı Regional Ərazi Filialının xx.xx.2021-ci il tarixli xidməti məktubuna əsasən Ağdam rayon "xxxx" üzümçülük, maldarlıq sovxozunun və Ağdam Kommunal müəssisələri kombinatının xx.xx.1993-cü il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri işğal zonasında qaldığı və Ağdam Kommunal müəssisələri kombinatının xx.xx.1993-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək rayon ərazisində heç bir yerdə fəaliyyət göstərmədiyi və hüquqi ünvanı məlum olmadığı üçün xx.xx.1992- ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövr ərzində əmək fəaliyyətinizi araşdırmaq mümkün olmadığından həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Eyni zamanda sığorta stajınıza uyğun pensiya kapitalı 9162,59 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən Sizə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, Sizə xx.xx.2020-ci il tarixindən yaşa görə müavinət təyin olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2021-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci il 1 iyul tarixindən qadınların pensiya yaş həddi 62 yaş müəyyən edilmişdir. Həmin Qanunun 22.1.1-ci maddəsinə əsasən 2019-cu ilin 1 yanvar tarixindən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin 1 yanvar tarixinədək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmçinin sözügedən Qanunun 22-1.2.1-ci maddəsinə əsasən 2019-2022-ci illərdə 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin 1 yanvar tarixinədək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Sığortaedən Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsi (SUN: **********5) tərəfindən 2006-ci il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (Forma B3) Sizin adınız sığortaolunan kimi qeyd edilməmişdir. Eyni zamanda bildiririk ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində qeyd edildiyi kimi dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 64 yaş 6 ayına çatmış kişilərin və 61 yaş 6 ayına çatmış qadınların xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olduqda sığorta stajından asılı olmayaraq, pensiya kapitalı olmadıqda isə azı 25 sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi Sizin ümumi iş stajınız 25 ildən az təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Qeyd olunanları nəzərə alaraq Sizə yaşa görə əmək pensiyası təyini mümkün hesab olunmur. Məlumat üçün bildiririk ki, yaşa görə sosial müavinətin təyin edilməsi üçün müvafiq rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə əmr № 03-ə əsasən Əmircan Bələdiyyəsinə baş mühasib vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə əmr № 16-ya əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı yanvar ayında 114.00 manat (3% tutulma-3.42), fevral ayında 94.00 manat (3% tutulma-2.82), mart ayında 94.00 manat (3% tutulma-2.82), aprel ayında 94.00 manat (3% tutulma-2.82), may ayında 94.00 manat (3% tutulma-2.82), iyun ayında 135,20 (3% tutulma-4.06) manat əmək haqqı hesablanmış və ödənilmişdir. Əmircan Bələdiyyəsi üzrə ümumi işçilərin əmək haqqından tutulmuş 3% və 22% tutulmadan yanvar, fevral və mart ayları üzrə xx.xx.2006cı ildə ödəniş tapşırığı №13-ə əsasən 695.25 manat, xx.xx.2006-cı ildə ödəniş tapşırığı №15-ə əsasən 322.50 manat, aprel ayı üzrə xx.xx.2006-cı ildə ödəniş tapşırığı №23-ə əsasən 286.00 manat ödənilmiş, may və iyun ayları uzrə ödəniş 2006-cı ildə olmamışdır. Qeyd olunan dövr üzrə verilmiş hesabatlarda texniki səhv olaraq İddiaçı adı qeyd edilməmişdir. İş materiallarında olan xx.xx.1979-cu ildə verilmiş VT seriyalı 020879 nömrəli diplomun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1977-ci ildə Bakı kooperativ texnikumuna daxil olmuş, 1979-cu ildə mühasibat uçotu ixtisası üzrə tam kursu bitirmiş, Dövlət İxtisas Komissiyasının xx.xx.1979-cu il tarixli qərarı ilə ona mühasib ixtisası verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, hüquqi şəxslərin dövlət reyestrində "xxxx" Üzümçülük, Maldarlıq Sovxozu və Ağdam Kommunal Müəssisələri Kombinatı adlı hüquqi şəxslərin qeydiyyatı barədə məlumat mövcud deyildir. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən təhvil götürülmüş kommersiya qurumlarının arxiv sənədləri arasında adları qeyd edilən hüquqi şəxslərə aid qovluqlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ağdam rayon Vergilər şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Ağdam Kommunal Müəssisələri Kombinatı (VÖEN:**********) xx.xx.2005-ci il tarixdə Ağdam rayon Vergilər Şöbəsindən dövlət qeydiyyatından keçmiş və hazırda fəaliyyət göstərir. Ağdam rayon "xxxx" üzümçülük, maldarlıq sovxozu adında sovxoz Ağdam rayon Vergilər Şöbəsindən dövlət qeydiyyatından keçməmişdir. İş materiallarında olan Ağdam şəhər Mənzil Kommunal İstismar idarəsinin rəisi A.Hacıyev tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: İdarənin böyük mühasibi işləmiş İddiaçı işğaldan əvvəl, yəni 23 iyul 1993-cü ildən əvvəl İdarəyə böyük mühasib qəbul edilmiş, lakin bütün sənədlər işğal zonasında qaldığı üçün ona yazılan arayış əmək kitabçasından götürülmüşdür. Mən 16 mart 1994-cü ildə İdarəni təhvil götürərkən vətəndaş İddiaçı böyük mühasib vəzifəsində iş yeri və iş stajı saxlanılmaqla işləyirdi. Lakin xx.xx.2005-ci ildə vətəndaş İdarəyə gələrək ərizəsinə əsasən çıxıb başqa işdə işləməsini xahiş etmiş, elə həmin gün yəni xx.xx.2005-ci ildən o, tutduğu vəzifəsindən azad edilmişdir. Vətəndaşın həmin müddətdə əmək haqqı almadığı yoxlama aktları ilə təsdiq edilmişdir. İş materiallarında olan Ağdam rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Ağdam Kommunal Müəssisələr Kombinatının mövcud mühasibatlığında 1980-1999-cu ilərə aid heç bir mühasibat sənədi yoxdur. Kombinatın 2000-2006-cı illərə aid olan bütün mühasibat sənədləri isə 05 iyun 2009-cu ildə X4 Filialına təhvil verilmişdir. Kombinatın mühasibatlığında 1980-2005-ci ilərə aid heç bir mühasibat sənədi mövcud deyildir və bu səbəbdən də İddiaçı Seyfula qızının həmin illərdə Ağdam Kommunal Müəsissələri Kombinatında işləməsini və ya işləməməsini müəyyən etmək mümkün olmadı. İş materiallarında olan DSMF-nin əməkdaşlarının və Ağdam şəhər Mənzil Kommunal İstismar İdarəsinin rəisinin iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı Seyfula qızının xx.xx.1993-cü ildən xx.xx.2005-ci ilədək işləyib aldığı əmək haqqı yerində qarşılıqlı yoxlanılmış və məlum olmuşdur ki, İddiaçı 1993-2005-ci illərdə əmək haqqı almamışdır. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1976-cı il tarixli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə Ağdam rayon 1 May üzümçülük, maldarlıq sovxozunda üzümçülük briqadasına fəhlə qəbul edilmiş, xx.xx.1977-ci ildə işdən azad edilmiş, xx.xx.1980-ci ildə Ağdam rayon Mənzil Kommunal İstismar idarəsində böyük mühasib vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci ildə mənzil sahəsi kombinatın tərkibindən ayrıldığı üçün mənzil sahəsinə köçürülmüş, xx.xx.2005-də işdən azad edilmiş, xx.xx.2005-ci ildə Suraxanı rayon Əmircan Bələdiyyəsində baş mühasib vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı ildə işdən azad edilmiş, xx.xx.2008-ci ildə işsizlik müavinəti təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006- cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur, 1977- 1979-cu illərdə Bakı kooperativ texnikumunda təhsil almışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı ildə Ağdam rayon 1 May üzümçülük, maldarlıq sovxozunda üzümçülük briqadasına fəhlə qəbul edilmiş, xx.xx.1977ci ildə işdən azad edilmiş, xx.xx.1980-ci ildə Ağdam rayon Mənzil Kommunal İstismar idarəsində böyük mühasib vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci ildə mənzil sahəsi kombinatın tərkibindən ayrıldığı üçün mənzil sahəsinə köçürülmüş, xx.xx.2005-də işdən azad edilmiş, xx.xx.2005-ci ildə Suraxanı rayon Əmircan Bələdiyyəsində baş mühasib vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı ildə işdən azad edilmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş əmək kitabçasında iddiaçının xx.xx.1980-ci ildən xx.xx.2005-ci ilədək Ağdam rayon Mənzil Kommunal İstismar idarəsində işləməsi qeyd olunsa da, iddiaçının 1993-2005-ci illərdə əmək haqqı almaması müəyyən edilmişdir. İddiaçı xx.xx.1980-ci ildən xx.xx.2005-ci ilədək Ağdam rayon Mənzil Kommunal İstismar idarəsində işləməsi barədə xx.xx.2022-ci il tarixli 167 nömrəli arayışı məhkəməyə təqdim etsə də, Ağdam şəhər Mənzil Kommunal İstismar idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, həmin məlumat əmək kitabçasından götürülmüşdür, iddiaçı xx.xx.1993-cü ildən xx.xx.2005-ci ilədək iş yeri və iş stajı saxlanılmaqla işləmişdir, həmin müddətdə əmək haqqı almadığı yoxlama aktları ilə təsdiq edilmişdir. Bundan başqa, iddiaçının əmək kitabçasından görünür ki, o, xx.xx.2006-cı ildə Suraxanı rayon Əmircan Bələdiyyəsində baş mühasib vəzifəsinə qəbul edilmiş, lakin kitabçada düzəliş edilərək qeyd olunan vəzifəyə qəbul tarixi xx.xx.2005-ci il göstərilmişdir, bundan sonra xx.xx.2006-cı ildə işdən azad edilməsi qeyd edilmişdir, iddiaçının Ağdam şəhər Mənzil Kommunal İstismar idarəsində tutduğu vəzifədən azad edilməsi tarixi isə (xx.xx.2005-ci il) bu qeydlərdən sonra əmək kitabçasına əlavə edilmişdir. İddiaçının əmək kitabçasındakı ziddiyyətlərin hüquqauyğun qiymətləndirmə aparılmaqla aradan qaldırılması mümkün deyildir. Qeyd olunan səbəblərə görə məhkəmə hesab edir ki, xx.xx.1993-cü ildən xx.xx.2005-ci ilədək olan dövr iddiaçının sığorta stajına daxil edilə bilməz. Belə olan halda iddiaçı 25 ildən az müddət sığorta stajına malikdir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün onun 28800 manat pensiya kapitalının olması tələb olunduğu halda, onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 9162,59 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabın sığorta hissəsində tələb olunan, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı mövcud deyildir. Məhkəmə həmçinin qeyd edir ki, əmək kitabçasında iddiaçının xx.xx.2005-ci ildən xx.xx.2006-ci ilədək Suraxanı rayon Əmircan Bələdiyyəsində baş mühasib işlədiyi qeyd olunmuşdur. Lakin Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə ünvanlanmış məktubdan və iş materiallarında olan digər sənədlərdən görünür ki, sığortaedən Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən 2006-ci il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (Forma B3) iddiaçının adı sığortaolunan kimi qeyd edilməmişdir. Belə olan halda xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən edilir. Göründüyü kimi, iddiaçı həm 25 ildən az müddət sığorta stajına malikdir, həm iddiaçının fərdi hesabın sığorta hissəsində tələb olunan, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı mövcud deyildir, həm də xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə Kollegiyası vurğulayır ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla həmin dəlillərə yuxarıda qiymət verilmişdir. Odur ki, məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə yenidən qiymətləndirmə aparmağa lüzum görmür. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1830/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1830/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1437/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1437/2023
11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver