Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1438/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12161/2022 saylı 02 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05 avqust 2022-ci il tarixli DMX İQ-09/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə onun 06 may 2022-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Əfqanıstan İslam Respublikasının vətəndaşıdır, etnik mənsubiyyətinə görə hazara, dim mənsubiyyətinə görə Şiədir. İddiaçının anası hazırda Əfqanıstanda yaşayır və atası isə vəfat etmişdir. İddiaçı subaydır, iki qardaşı və dörd bacısı var. Ailə üzvləri Herat şəhərində və Şindan rayonunda yaşayırlar. İddiaçı Taliban tərəfindən təqib ediləcəyi qorxusu ilə öz ölkəsini tərk etmişdir. İddiaçı 2021-ci ilin avqust ayında Əfqanıstan İslam Respublikasında hakimiyyət dəyişdiyinə görə Taliban tərəfindən dəfələrlə hədələnmişdir və həmin vaxtdan Taliban tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxmuşdur. İddiaçı 2022-cu ildən Əfqanıstanı tərk etmiş, Azərbaycana gəlmişdir. İddiaçı 6 may 2022-ci il tarixdə cavabdehə sığınacaq vəsatəti ilə müraciət etmiş, cavabdeh iddiaçının vəsatətini qeydiyyata almış və sonuncu ilə müsahibə aparmışdır. İddiaçı təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmədiyini bildirmişdir. Cavabdeh 05 avqust 2022-ci ildə DMX İQ-09/1 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatətini rədd etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, Əfqanıstan İslam Respublikası vətəndaşı İddiaçı 06 may 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. İddiaçının vəsatəti araşdırılması üçün cavabdeh tərəfindən qeydiyyata alınmış, adına 23-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı iddiaçı Əfqanıstanın Şindan rayonunun Qondiz kəndində anadan olduğunu, milliyyətcə tacik, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 12 illik orta təhsilini Şindan rayonunda “X3” adına liseydə aldığını, orta məktəbi bitirdikdən sonra 2016-cı ildə 1 il Herat Universitetinin riyaziyyat fakültəsində oxuduğunu, hərbi təhsil almaq üçün bu universitetdə təhsilini yarımçıq qoyduğunu, 2018-2019-cu illərdə “marşal X5” adına Əfqanıstan Milli Hərbi Akademiyasında, 2019-cu ildən 10 fevral 2022-ci il tarixədək Azərbaycanda H.Əliyev adına Ali Hərbi Məktəbdə təhsil aldığını, Əfqanıstanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycanda hərbi təhsil aldığına görə ölkəsində ailəsinin taliblər tərəfindən təhdid olunduğunu, bu səbəbdən də təhsilini yarımçıq saxlamağa qərar verdiyini bildirmişdir. İddiaçı həmçinin, ərizəçi subay olduğunu, atasının vəfat etdiyini, 2 qardaşı, 4 bacısının olduğunu, ailə üzvlərinin Herat şəhərində və Şindan rayonunda yaşadıqlarını qeyd etmişdir. İcraat zamanı inandırıcılığın qiymətləndirilməsi üzrə iddiaçının söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, iddiaçının ölkəsinə qayıdacağı təqdirdə əsaslı təqib qorxusunun olub-olmaması ilə bağlı aparılmış araşdırma zamanı isə bu qorxunun tam əsaslı olmadığı qənaətinə gəlinmişdir. İddiaçı müsahibə zamanı onun Əfqanıstanda heç vaxt, heç kim tərəfindən təhdid və ya təqib olunmadığı, ölkəsini Azərbaycanda təhsil almaq üçün tərk etdiyi, Əfqanıstanda hakimiyyət dəyişikliyindən sonra burada təhsil aldığı üçün böyük qardaşının taliblər tərəfindən saxlanıldığını, lakin ailənin ağsaqqalları tərəfindən taliban nümayəndələri ilə görüşdən sonra qardaşının buraxıldığını, hal-hazırda ailə üzvlərinin Şindan rayonunda yaşamaqda olduqlarını bildirmişdir. İddiaçı özünün şəxsən təhdid olunmadığını demiş, lakin Azərbaycanda yaşadığı dövrdə tanımadığı Əfqanıstan nömrələrindən ona zənglərin daxil olduğunu, nömrələri tanımadığı üçün zənglərə cavab vermədiyini bildirsə də bu nömrələri təqdim edə bilməmiş, onları sildiyini qeyd etmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra iddiaçının şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində qaçqına verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 12 saylı protokolu). İddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından cavabdeh tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12161/2022 saylı 02 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını, hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Dövlət Miqrasiya Xidmətinin İQ-09/1 nömrəli 05 avqust 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq da qeyd edilmişdir ki, iş materiallarında olan müsahibədən görünür ki, iddiaçı işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar iddiaçının işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, iddiaçının izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, iddiaçının izahatları müfəssəldir, spesifikdir və ziddiyyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi mərhələsində Cenevrə Konvensiyası (və Protokoluna) uyğun olaraq ərizəçinin əsaslı təqib qorxusunun olub-olmaması aydınlaşdırılmalıdır. İddiaçı öz ölkəsinin himayəsindən istifadə edə bilmir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının əsaslı təqib qorxusu mövcuddur. Əlavə olaraq MÖM əsasında müəyyən edilir ki, iddiaçının mənşə ölkəsinin rəsmi orqanları bu təqibə qarşı iddiaçını mühafizə etmək iqtidarında deyillər. Bundan əlavə, iddiaçının ölkədaxili yerdəyişmə imkanları mövcud deyil. Əfqanıstanda icma münasibətləri güclüdür və şəxslər öz yaşadıqları yerdən kənarda digər icmalar tərəfindən dəstəklənmirlər. Göstərilənlərə əsasən iddiaçı öz ölkəsinin himayəsindən istifadə edə bilmir və onun ölkədaxili alternativ yerdəyişmə imkanı yoxdur. Yuxarıda göstərilənlərə əsasən aşağıdakı nəticələr hasil olur: 1)İddiaçının işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir və buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir; 2) İddiaçı müəyyən sosial qrupa mənsubluğuna və dini əqidəsinə görə təqiblərə məruz qaldığı və buna görə də onun əsaslı təqib qorxusu olduğu üçün vətəndaşı olduğu ölkənin (Əfqanıstanın) himayəsindən istifadə edə bilməyən şəxsdir: 3) Göstərilənlərə əsasən iddiaçıya qaçqın statusu verilməsinin maddi-hüquqi əsaslan mövcuddur. Cavabdeh İİQ-in 21-ci maddəsini pozaraq iddiaçının dinlənilmə hüququnu təmin etməyib. İddiaçının müsahibəsi cavabdehin müvafiq əməkdaşı tərəfindən alınıb. Bundan sonra iş mahiyyəti üzrə Qaçqın statusu verilməsinə dair Komissiyada müzakirə edilib. Lakin iddiaçının həmin Komissiyada iştirakı və dinlənilməsi (o cümlədən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı) təmin edilməyib. Müsahibənin alınması sübut toplamaya aid müvafiq hərəkətdir. Dinlənilmə hüququ mahiyyət üzrə iclasda iddiaçının iştirakını nəzərdə tutur. Bu baxımdan iddiaçının mahiyyət üzrə iclasda təmin edilmədiyi və bunun səbəbləri cavabdeh tərəfindən izah edilmədiyi üçün İİQ-nin 24cü maddəsinin pozuntusu baş verib. Bundan əlavə, cavabdeh İİQ-in 19 və 45-ci maddələrinin pozuntusuna yol verib. Belə ki, cavabdeh iddiaçının izahatlarına qarşı ağlabatan əks-sübutlar təqdim etmədikləri halda onların izahatlarını mötəbərlik prezumpsiyasına uyğun qiymətləndirməyiblər. Bununla da İİQ-nin 19-cu maddəsinin pozuntusuna yol veriblər. Bundan əlavə iddiaçının izahatları İİQ-nin 45-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilməyib və araşdırılmayıb. Eləcə də cavabdeh iddiaçının müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakını təmin etməyib. Bununla da İİQ-nin 10 və 26-cı maddələrinin pozuntusuna yol verib. Həmçinin cavabdeh iddiaçıya lazımi hüquqi məsləhətləri verməyib. Həmçinin qeyd edilməlidir ki, cavabdehin qərarı yazılı akt olmasına baxmayaraq İİQ-nin 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmayıb. Belə ki, həmin qərarda əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməyib. Yuxarıdakılara əsasən bu nəticə hasil olur ki, cavabdeh iddiaçının dinlənilmək hüququnu, qərəzsiz tərcümə və hüquqi məsləhət almaq hüququnu, eləcə də mötəbərlik prezumpsiyası və sübutların qiymətləndirilməsi qaydalarını pozub, eləcə də cavabdehin qərarı əsaslandırılmayıb. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə haqqında) qaldırmışdır. İddiaçı cavabdeh inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həminölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən ş şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlərinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən, immiqrasıya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. İşdən görünür ki, İddiaçı Əfqanistan vətəndaşıdır, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı 06 may 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına 23-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Qaçqın statusunun verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı İddiaçı Əfqanıstanın Şindan rayonunun Qondiz kəndində anadan olduğunu, milliyyətcə tacik, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 12 illik orta təhsilini Şindan rayonunda “X3” adına liseydə aldığını, orta məktəbi bitirdikdən sonra 2016-cı ildə 1 il Herat Universitetinin riyaziyyat fakültəsində oxuduğunu, hərbi təhsil almaq üçün bu universitetdə təhsilini yarımçıq qoyduğunu, 2018-2019-cu illərdə “marşal X5” adına Əfqanıstan Milli Hərbi Akademiyasında, 2019-cu ildən 10 fevral 2022-ci il tarixədək Azərbaycanda H.Əliyev adına Ali Hərbi Məktəbdə təhsil aldığını, Əfqanıstanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycanda hərbi təhsil aldığına görə ölkəsində ailəsinin taliblər tərəfindən təhdid olunduğunu, bu səbəbdən də təhsilini yarımçıq saxlamağa qərar verdiyini bildirmişdir. Ərizəçi ailə üzvləri barədə məlumat verərkən subay olduğunu, atasının vəfat etdiyini, 2 qardaşı, 4 bacısının olduğunu, ailə üzvlərinin Herat şəhərində və Şindan rayonunda yaşadıqlarını qeyd etmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin dediklərindən onun Əfqanıstanda heç vaxt, heç kim tərəfindən təhdid və ya təqib olunmadığı, ölkəsini Azərbaycanda təhsil almaq üçün tərk etdiyi, Əfqanıstanda hakimiyyət dəyişikliyindən sonra burada təhsil aldığı üçün böyük qardaşının taliblər tərəfindən saxlanıldığını, lakin ailənin ağsaqqalları tərəfindən taliban nümayəndələri ilə görüşdən sonra qardaşının buraxıldığını, hal-hazırda ailə üzvlərinin Şindan rayonunda yaşamaqda olduqlarını bildirmişdir. Ərizəçi özünün şəxsən təhdid olunmadığını demiş, lakin Azərbaycanda yaşadığı dövrdə tanımadığı Əfqanıstan nömrələrindən ona zənglərin daxil olduğunu, nömrələri tanımadığı üçün zənglərə cavab vermədiyini bildirsə də bu nömrələri təqdim edə bilməmiş, onları sildiyini demişdir. İddiaçı müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə kollegiyası diqqətə çatdırırr ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətandaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12161/2022 saylı 02 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1438/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1438/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver